525.Az

Həmişə işıqlıqda, Mingəçevir! - Bir xəbərin xatirəsi


 

Həmişə işıqlıqda, Mingəçevir! - <b style="color:red">Bir xəbərin xatirəsi</b>

Əyalətlərdə, paytaxtdan kənar şəhər və rayonlarda yaşayanların yadındadır; 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədə qəribə bir energetika sıxıntısı, süni enerji çatışmazlığı yaşanırdı, bütün şəhər, rayonlara işıq qrafiklə, 3-4 saatlıq fasilələrlə verilirdi, kəndlərdə bəzən günlərlə işıq olmurdu. Mətbuat yazırdı ki, elektrik enerjisi Ermənistana, Gürcüstana ötürülür.

Mingəçevir Cənubi Qafqazda istehsal olunan elektrik enejisinin 70 faizinə qədərini verirdi. Həm SES, həm DRES rəhbərliyi ilə mehriban münasibətlərim vardı, məndən heç nə gizlətmirdilər, fakt odur ki, enerji istehsalında azalma yox idi, rayonların bir hissəsi də işğalda, müəssisələrin böyük bir qismi SSRİ-nin digər regionları ilə əlaqələrin pozulması ucbatından dayanmışdı, enerji sərfiyyatı da təbii ki azalmışdı. Bəs işıq başqa hara gedə bilərdi ki? Bu da elə məhsul deyil ki, istehsal edib anbara yığasan. Hələ ən yaxşı gündə olan Mingəçevir idi. Qışın soyuğu, istilik-qızdırıcı sistemi yox, hamı əzbər bilir ki, şəhərin hansı hissəsində işıqlar saat neçədən neçəyə qədər sönülü olacaq, başının çarəsin qılırdı, kişilər utandığından evə gedə bilmir, arvad-uşağın üzünə baxmaq da olmurdu, qohum-əqrəba da yox ki, qrafikə uyğun qonaq gedəsən. İşıq yanan kimi böyük-kiçiyin sevinc səsi qalxırdı, hərə əlinə düşəni taxırdı, bir də gördün hardasa transformator od tutub yanır. Pis cəhətin biri də o idi ki, "Azərenerji"də səfeh sistem qurulmuşdu, işığı verən, yanan mazutun hisini, tüstüsünü udan Mingəçevir, şəhər, rayonlara işığı bölüşdürən, satan Gəncədəki hansısa MMC. Son illər Azərbaycanın energetika sistemində bir neçə dəfə təkrar olunan, ağır iqtisadi, mənəvi zərərlərə yol açan qəzaların əsası 90-cı illərə gedib çıxırdı, SES və Azərbaycan DRES-dəki "yenidənqurma" adı altında gedən işlərin nəticəsi idi.

Yanvarın 31-i səhərdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının qəbul otağından Rumiyənin şirin, mehriban səsi gəlir:

- Hardasınız?

- Otağımda.

- Ramiz gəlir (İcra başçısı Məhəbbət müəllimin xidməti maşınının sürücüsüdür, nə vaxt lazım olsam, öz maşınını arxamca göndərərdi).

Kabinetə girməmiş qəbul otağında Rumiyənin canıyananlıqla "qardaşını yaman hirsləndiriblər səhərdən, nə isə səninlə bağlıdır" - sözün eşidirəm. Həmişəki görüşmək, otururuq, ancaq qarayanız sifətində qanqaraçılığı, əsəbiliyi aydın görünür, çayımız da gəlir, əlindəki "Azərbaycan" qəzetini mənə uzadır, dünən verdiyim xəbərin işarələmiş son abzasını göstərir:

- Qardaşını dara çəkiblər səhər tezdən...

Anlayıram məsələni, hiss edirəm ki, zərbəm ağır olub, yəni barıtı bir az artıq olub, təbii, mən də çəkdiyimi çəkirəm... Yavaşca onu da deyir ki, dünənki o müşavirədə deyilən hər şey qərara, protokola salınmır ki, söz idi dedik, orda qaldı. Sən də bilirsən ki, nə qədər əziyyət çəkirik işıq məsələsindən ötrü, aylıq yox, artıq həftəlik hesab istəyirlər limitimizi artırmaq üçün, yuxarıdakılara neçə vaxtdır anlada bilmirdim ki, qışın bu soyuq, sazağında Mingəçevir kimi şəhəri elektriklə belə sıxmaq olmaz, burda o pul yoxdur, bura fəhlə, qaçqın şəhəridir... Dərhal da qoyublar ovcuna ki, Mingəçevirdə sosial partlayış gözlənilir, müşavirənin müzakirəsinə çıxarılıb, nə bilim nə... Bilmirsən bunlar sözdən söz çəkirlər?

Təzədən könlümü almaq istəyir:

- Sən öz işini görmüsən e, görüb eşitdiyini, faktı vermisən, istədiyindən yazmısan, nə biləsən ki, belə həngamə qoparacaqlar. Tərs kimi bütün qəzetlər də verib, hamısı da gözə görünən yerdə.

Dünən verdiyim informasiyanı necə vermişəmsə, AzərTAc da o cür buraxıb, dövlət qəzetlərinin də hamısı verib. O iki cümləlik son abzası nöqtə-vergülünüə dəymədən köçürürəm bura: "Ölkəmizdə istehsal olunan elektrik enerjisinin 65%-ni verən, 30 mindən çox məcburi köçkün, şəhid ailəsi, əlilin yaşadığı energetiklər şəhərində elektrik cərəyanının fasilələrlə, məhdud cədvəllə verilməsi təəssüflə xatırladıldı. Müşavirə iştirakçılarının təkidli tələbi ilə qərar layhəsinə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatında Gəncədə yerləşən "BAYVA" Qərb-Enerji MMC-nin yaratdığı süni problemlər barədə Nazirlər Kabinetinə təcili məlumat verilməsi barədə ayrıca bənd daxil edildi. AzərTAc. "Azərbaycan" qəzeti, 31 yanvar 2003-cü il".

Qəzet əlimdə, nə deyəcəyimi bilmirəm. Bu dəm Başçının sosial-iqtisadi məsələlərə baxan müavini Əli Qəniyev içəri girir, üzü gülür:

- "Azərenerji"nin baş dispetçeri, dalınca da Gəncə BAYVA-dan zəng elədilər ki, Mingəçevirin limiti ikiqat artırılır bu gündən... Sifətinə təbəssüm gəlsə də, hələ də acığı soyumayıb Məhəbbət müəllimin. Həmişəki kimi otaqdan çıxmağa hazırlaşanda özü qalxır yola salmağa, hökumət telefonu ilə zəng gəlir.

- Dayan, görək bu kimdir?.. Bu da Baş nazirin müavinin köməkçisidir, o da Mingəverirlə bağlı xüsusi tapşırığın verildiyini Başçıya bildirir.

Bir az qanqaraçılıq yaransa da, hər şey ümumi işin xeyrinə olur. Mənə Qubadlıdan sonra ən doğma, əziz olan Mingəçevir sakinlərinin qış mövsümündə işıq sarıdan problemləri xeyli azalır.

Mən 12 il yaşadığım bu şəhərə mənəvi borcumu vicdanla ödəməyə çalışdım; Çoxlu şəhidlər vermiş şəhərin 100 nəfərdən çox yetirməsi haqqında qələm dostlarımla birlikdə 4 kitab, silsilə foto-plakatlar hazırlayıb nəşr etdirdik, Mingəçevirin tarixi ilə bağlı 10-dan çox elmi-tarixi araşdırmalarım yayıldı.

 





08.07.2020    çap et  çap et