525.Az

Özünü qoru, çevrəni xilas et - Müsahibə


 

YÜZDƏN ÇOX JURNALİST BU ADDA YARADILAN MEDİA HƏRƏKATINDA BİRLƏŞİB

Özünü qoru, çevrəni xilas et - <b style="color:red">Müsahibə </b>

Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün media təmsilçiləri və jurnalistlərin təmsil olunduğu "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb.

Bu hərəkatın yaradılması təşəbbüsünün müəllifi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovadır. İ.İbrahimova jurnalistlərə, həmçinin, ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən həmkarlarına müraciət edərək, koronavirus pandemiyasının artan təhlükəsini cəmiyyətə daha böyük səylə çatdırmağa çağırış edib. Onun bu çağırışına media təmsilçiləri, jurnalistlər də dəstək verib və nəticədə "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatı yaradılıb. Artıq 100-dən çox media təmsilçisi və jurnalist bu hərəkata qoşulub.

Virusdan qorunaq və başqalarını da qoruyaq!

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova deyir ki, sözügedən Media Hərəkatı yaşadığımız bu günün tələbi ilə yaranıb: "Yəni koronavirus pandemiyasının təsirlərinin şahidi olduqca, yoluxanların sayı artdıqca, instinktiv olaraq məndə doğmalarımı, yaxınlarımı, dostlarımı qorumaq hissi yarandı. Ətrafımdan, çevrəmdən narahat olmağa başladım, onları qorumaq və bu bəladan uzaq qalmaları üçün nə edə biləcəklərimi düşündüm... Yəqin ki, bu təbii hisslərdir və hər kəs bu barədə fikirləşir, narahatlıq keçirir. Ona görə də "Özünü qoru, çevrəni xilas et" deyə səslənmək və nəticəsinin olması üçün bu çağırışı ictimailəşdirmək istədim. Məntiqi də belədir, əgər özümü qoruyuramsa, yaxınlarımı da qoruyuram və bu zəncirvari çoxalmanı qırmaqla ətrafımdakıları, çevrəmi xilas etmiş oluram. Hərəmiz bu çoxalma zəncirindən bir halqanı sındırsaq, görün yoluxmanı nə qədər yavaşıtmış olarıq.

Özünü qoru, çevrəni xilas et" Media Hərəkatının üzvləri ...

Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə, qoyulan tələblərə ciddi riayət edin. Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq, bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk".

Bu çətin məqamda verilən dəstək, söylənən hər kəlmə çox vacibdir

İradə İbrahimovanın sözlərinə görə, bu xeyirxah və hamımız üçün gərəkli, cəmiyyətimizin, insanlarımızın sağlamlığına azacıq da olsa töhfə verə biləcək bu Hərəkata, yəni təbliğat kampaniyasına dəstək göstərənlər çoxdur: "Hər kəsə minnətdarlığımı bildirirəm. Qeyd etdiyim kimi bu, bir təbliğatdır, maarifləndirmədir. Ölkədə bu işlər çoxtərəfli istiqamətdə həyata keçirilir. Görünən isə odur ki, hələ də qoruyucu vasitələrdən istifadə etməyənlər, biganələr, etinasızlar və bu virusun nə qədər təhlükəli olduğunu başa düşməyənlər var. Nüfuzu, sözünün çəkisi olan dostlarımızın hərəkata qoşulub çağırış etməsi olduqca dəyərlidir. Odur ki, verilən dəstək, söylənən hər maarifləndirici kəlmə hər birimiz üçün vacibdir, az yoluxma hamımızın fəaliyyətindən asılıdır".

Media nümayəndələrinin maarifləndirici və təsiredici rolu böyükdür

Mətbuat Xidmətinin rəhbəri vurğulayıb ki, bu məsələdə media nümayəndələrinin maarifləndirici və təsiredici rolu çox böyükdür: "Bu hərəkata qoşulanların missiyası, məqsədi təkcə özümüzü qorumaq deyil, biz həm də çevrəmizi qorumağa çalışırıq. Ona görə də bütün təlimatlara, qoyulan qaydalara əməl olunması vacibdir. Biz maska taxmaqla, sosial məsafəni gözləməklə, gigiyenik qaydalara əməl etməklə və çevrəmizdən də bunları tələb etməklə bu bəlanı daha az itkilərlə dəf edə bilərik. Biz yaxınlarımızı, ətrafımızı maarifləndirməliyik ki, onlar da bütün qaydaları gözləməklə çevrələrindəki insanların həyatını xilas edə bilsinlər. Bir daha bütün media nümayəndələrini bu hərəkata qoşulmağa çağırıram! İnanıram ki, cəmiyyətin maariflənməsində yüksək təsiredici gücə malik olan media işçilərinin, koronavirus pandemiyasına qalib gəlməyimiz üçün bu və ya digər mənada birlik, həmrəylik nümayiş etdirməsi təqdirəlayiqdir və müsbət nəticələr verəcək".

Fəaliyyətimizi belə davam etdirsək, ümumi işə xeyir verəcəyik

Media Hərəkatının üzvləri maarifləndirici aksiya keçiriblər ...

İ.İbrahimovanın söylədiyinə görə, indiki zamanda edə biləcəyimiz vacib məsələ maska taxmaq, sosial məsafə saxlamaqdır: "Karantin rejiminə əməl etməmək xəstələrin sayının artmasına səbəb olur. Hər bir vətəndaş karantin qaydalarına əməl etməli, özünü və çevrəsini qorumalıdır. Əsas önəmli məsələ odur ki, vətəndaşlarımız dövlətimizə dəstək olsun, karantin qaydaları da yavaş-yavaş yumşaldılsın və xəstələrin sayı azalsın. Biz təkcə özümüzü qorumuruq, həm də çevrəmizi qorumağa çalışırıq. Bu baxımdan, qoyulan qaydalara əməl olunması vacibdir və ancaq ictimai təpki olduğu halda bu bəlanı daha az itki ilə dəf edə bilərik. Hər kəsin ətrafında qaydalara riayət etməyənlər ola bilər. Bunun fəsadları barədə məlumat vermək, qoruyucu vasitələrin onların və ətrafındakıların həyatını xilas edə biləcəyinə inandırmaq lazımdır.

"Bacarmıram, qəbul etmirəm" deyimlərinə yer yoxdur. Laqeydlik, səhlənkarlıq sonumuz ola bilər. Yaxınlarımızın, əzizlərimizin xətri üçün bütün qaydalara vaxtında əməl etməliyik, digərləri ilə sıx təmaslardan maksimum dərəcədə qorunmalıyıq ki, bu qlobal bəlaya çevrilən koronavirus pandemiyası onları bizdən ayırmasın".

İradə İbrahimova qeyd edib ki, bu şəraitdə xalq, millət olaraq hamımızın məsuliyyəti eynidir: "Hərəmiz, çox demirəm, bir nəfəri belə qoruyucu vasitələrdən istifadə vərdişlərinə sövq edə bildiksə, çevrəmizin sağlamlığına azacıq töhfə vermiş, çox böyük iş görmüş olarıq.

Vəziyyətin ciddiliyini anladan maarifləndirici aksiya

İnsanları virusdan qorumaq missiyası Media Hərəkatının üzvləri tərəfindən virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan ilk maarifləndirici aksiya bu günlərdə baş tutub.

İ.İbrahimovanın dediyinə görə, "Özünü qoru, çevrəni xilas et" Media Hərəkatının üzvlərinin iştirakı ilə COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ilk maarifləndirici aksiya artıq keçirilib: Hərəkatının üzvləri maarifləndirici aksiya zamanı yaşadıqları ərazidə, çevrələrində qoruyucu vasitədən istifadə etməyərək gəzən insanlara maska paylayıb. "Həm maskasız gəzmə deyə irad bildirdik, həm qoruyucu vasitə təqdim etdik. İnsanlara qoruyucu vasitələrdən istifadənin, sosial məsafə saxlamağın, gigiyenik qaydalara əməl etməyin zəruri olduğunu bildiridik. Yəni sözdən əmələ keçdik. Maarifləndirmə tədbirləri Media Hərəkatı üzvləri tərəfindən bundan sonra da davam etdiriləcək. "525-ci qəzet" olaraq, rəhbərliyinizlə birgə, siz də bu yazı ilə əməli iş görmüş oldunuz. Birlikdə yenə üzümüzü ətrafımıza, çevrəmizə tutaq və deyək ki, hər gün üzücü xəbərlər, tükürpədici səslər eşitməmək üçün ehtiyatımızı əldən verməyək, gündəlik həyatımızı qoruyucu vərdişlərə öyrədək. O vaxtadək ki, bu bəla bizdən də ötsün, qonşumuzdan, dostumuzdan, həmkarlarımızdan da... Mən inanıram ki, birliyimiz, səbrimiz və örnək davranışlarımız nəticəsində inşallah biz bu virusun öhdəsindən gələcəyik".

Sevinc QARAYEVA

 





08.07.2020    çap et  çap et