525.Az

Jurnalist həmkarlarından Mir Şahin Ağayevə dəstək - Mövqe


 

Jurnalist həmkarlarından Mir Şahin Ağayevə dəstək - <b style="color:red">Mövqe</b>

Xəbər verildiyi kimi, "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, tanınmış telejurnalist Mir Şahin Ağayev koronavirus (COVİD-19) infeksiyasına yoluxub. Həkimlər xüsusi rejimli xəstəxanaya yerləşdirən telejurnalistin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Bir insan cəmiyyətdə tanınıb populyarlıq qazananda, öz işi ilə bir çox uğurlarla imza atanda onun nailiyyətlərinə sevinənlərlə yanaşı, bu uğurlara qısqanclıqla yanaşan bədxahları da tapılır. Belə xəbis adamlar hər addımda, fürsət tapdıqca həsəd apardıqları insanların ünvanına hədyanlar yağdırır, onu nüfuzdan salmağa çalışırlar. Bir insan hamı tərəfindən sevilə, qəbul oluna bilməz. Bu, təbiidir. Amma hətta ən qatı rəqibləri də səhhətində yaranmış hansısa problemə görə hədəfə götürmək, haqqında xoşagəlməz, insani dəyərlərə zidd ifadələr işlətmək qəbulolunmazdır. Elə buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin istedadlı jurnalist, Azərbaycan telejurnalistikasının ən parlaq simalarından olan Mir Şahin Ağayev haqqında işlətdikləri etikadankənar fikir və ifadələrə kəskin etirazlarını bildirən bir çox tanınmış jurnalistlər ayrı-ayrı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çıxışlar edərək xəstəxanada müalicə alan həmkarlarına dəstək verdilər. Onlar Mir Şahin Ağayevin koronovirusa yoluxmasından narahatlıaqlarını ifadə edərək, jurnalist həmkarlarına şəfalar dilədilər, tezliklə sağalaraq öz işinin başına dönməsini arzuladılar.

AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı
"Koronovirusun həmkarları jurnalistikamızın Qalileyinə qarşı" adlı geniş yazı yazaraq qeyd edib ki, Mir Şahin onun kimi fitri istedadı olmayanlar, istedadın ehtiyac duyduğu professional relsə düşə bilməyənlər, mütaliə etməyənlər, öz üzərində çalışmayanlar, ən başlıcası, xalqı və dövləti Mir Şahin qədər sevməyə özündə ürək tapmayanlar üçün bir kompleksə çevrilib: "Mir Şahin Qalileydir, Azərbaycan jurnalistikasının Qalileyi. Müasir fizika Qalileydən başladığı kimi, modern Azərbaycan jurnalistikası da Mir Şahindən başlayır. O, həmişə iti, sürətlə danışıb efirdə, sanki harasa tələsib. Amma hədəflərinə tələsib, ölümə deyil. Odur ki, əminəm, Mir Şahin - mənim tanıdığım o güclü, təpərli, inadkar adam koronovirusa yenilməyəcək. Heç koronovirusun həmkarlarına və məsləkdaşlarına da!"

Məsələyə "Bakıda koronadan daha dəhşətli virus" yazısı ilə reaksiya verən "Gündəlik Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal Sosial şəbəkələrdəki bugünkü mənzərənin iyrənc olduğunu vurğulayıb: "Çox iyrəncdir... Bir jurnalistin koronavirusa yoluxmasına sevinmək.., nəinki sevinmək, "toy-bayram" eləmək... İfadənin ən yüngülünü, ən yumşağını axtarıram, tapa bilmirəm... Tərbiyəsizlikdir...
Əxlaqsızlıqdır...

Mənəviyyatsızlıqdır... Mənəvi terrordur...

Mir Şahini müdafiə etmək fikrindən uzağam, onun müdafiəyə ehtiyacı yoxdur. Mir Şahin mahiyyətcə, xaraktercə hücumçudur. Peşəkar hücumçudur. Hələ onun uduzduğunu görmək kiməsə nəsib olmayıb.
Koronavirusa da qalib gələcək. Zərrə qədər şübhəm yoxdur. Sağalacaq və bugünkü sevincəklərin "tərif"ini verəcək... Buna da şübhəm yoxdur.

... Mir Şahin heç vaxt sizə arxasını çevirməyib, həmişə sinəsini qabağa verib!

Sinəsini qabağa verənin kürəyini baltalamazlar!

Günün günorta çağı adamın kölgəsini qılınclamazlar!..

İsanı çarmıxa aparanlara bənzəyirsiniz, fərqindəsinizmi?

Allah və bu xalq sizi bağışlasın, "siz özünüz də nə etdiyinizi bilmirsiniz..."

Həmkarının koronovirusa yoluxması məsələsinə toxunan jurnalist Kəbutər Haqverdi öz Feysbuk səhifəsində bəzilərinin bu xəbərdən yaşadığı sevincin daha üzücü hal olduğunu bildirib: "Bu adam Azərbaycan jurnalistikasını ətalətdən qurtardı və TV mədəniyətini yenidən formalaşdırdı. Ən çox tənqid etdiyim həmkarımdır və həm də ən çox qibtə etdiyim jurnalistdir. Amma öncə insandır. Sizdən biriniz yoluxsa, o, sizə komək edərdi. Kimsə kimsənin qarğışı ilə xəstələnmir, amma bir olaya münasibət sizin daxilinizi açığa çıxarır. Allah şəfa versin".

Jurnalist Rüstəm Əbülfətoğlu də məslələyə sosial şəbəkədə münasibət bildirib: "Ağ və Qara" verilişində özünün də dediyi kimi, "Mir Şahin Ağayev yeddi dəfə yıxılıb səkkiz dəfə ayağa duran İNSANDIR!"
Sən bütün sınaqlardan güclənərək çıxmısan. Bu dəfə də belə olacağına əminəm. Sağlıq xəbərini gözləyirik dəyərli, ustad!"

Tanınmış jurnalist Aydın Can öz Feysbuk səhifəsində Mir Şahin Ağayevlə bağlı geniş yazı paylaşıb. Yazıdan bəzi məqamları təqdim edirik: "Mir Shahin Ağayev - Sözün, Sözünün, Sözümüzün Ağası! Sən seyid nəslindənsən: seyidlər sonuncu peyğəmbərin nəslindən - Allah bütün xəstəliklərlə, məhrumiyyətlərlə, zindanlarla sınağa çəkib!..

... Bizim tarixin... İÇ XƏBƏRi "Mir Şahinin vaxtı"ndan olacaq, xalqın NƏZƏR NÖQTƏSİ Sənin dediklərindən bəhrələnəcək, DAHİLƏRİN DİVANIna Səndən icazə alınmaqla imza atacaqlar, bu REALlıqla hamı barışacaq...

... Sən hamıya qalib gəldin... koronavirusa da qalib gələcəksən!

Sənin qalib gəldiklərinin içində koronadan beşbetərləri olub: mutantlar, buqələmunlar...

... Əzizim Miri, mən unutqanlara bir misal da gətirə bilərdim, amma ikisini, hətta üçünü gətirəcəm:

1. Vaqif Səmədoğlu ilə müsahibən - yatağında!

2. Aqşin Yenisey ilə müsahibən - yatağında!

3. Heydər Əliyevin Klivlenddən ancaq və ancaq Səninlə danışmağa razı olması - yataqda olanda!

Səni kim haçan, harda istədi, oldun... yanında, yastığının başında, dərdinin böyründə, çiyninin tinində, məzarının üstündə, şəklinin altında... amma və lakin... bir kişi istəyirəm gəlib yastığının başında dursun və desin: "necəsən, əzizim?" Lap elə...sarkazmla! Səni Yaradan Sənə kimsənin bu sarkazmı belə sərgiləməyə heç kimə imkan verməyib!"

AZAD

Redaksiyadan: Tanınmış telejurnalist Mir Şahin Ağayevə şəfalar diləyir, həmkarımızın koronovirusa qalib gələcəyinə inamımızı bildirir və tezliklə sağalıb öz işinin başına qayıtmasını arzulayırıq.
Allah şəfa versin!..

 





09.07.2020    çap et  çap et