525.Az

Prezidentin Qarabağ mesajları


 

BEYNƏLXALQ QURUMLAR DA, DÜŞMƏN DƏ ÖZ PAYINI ALDI

Prezidentin Qarabağ mesajları<b style="color:red"></b>

Ermənistanda 1998-ci ildən 2018-ci ilədək mövcud olmuş xunta, cinayətkar rejim hakimiyyətdən getsə də, indi də ölkədə diktatura hökm sürür.

Baş nazir Nikol Paşinyan birmənalı şəkildə son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşdırıb. Bu ölkədə söz azadlığı, insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur, məhkəmə orqanlarına açıq təzyiq ortadadır. Konstitusiya dəyişiklikləri bunun daha bir nümunəsidir. Paşinyan diktatura rejimi yaradıb ki, bu da artıq digər siyasi qüvvələr, erməni fəallar tərəfindən sərt tənqid olunur.

Azərbaycan Prezidenti İlham Əliyev yerli kanallara müsahibəsində işğalçı ölkədəki vəziyyətə də toxunub və qeyd edib ki, son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb, xunta getdi, diktatura gəldi. Ermənistanın indiki rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana quldurlar rəhbərlik ediblər. Əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Məlum olan budur ki, Ermənistanda hakimiyyət bölgüsü yoxdur - baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir.

Dövlət başçısı deyib ki, Azərbaycan ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır: "Buna adekvat cavab verilir? Verilmir! Həmsədrlər Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər".

Prezident bir daha Azərbaycanın danışıqlar formatına sadiq olduğunu, "formatı dəyişmək lazımdır" fikrinin danışıqları əhəmiyyətsiz etdiyini vurğulayıb.

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşmanı bu gün də aparır, Minsk qrupunun həmsədrləri isə səssizliyi davam etdirir.

Azərbaycan hər zaman bəyan edib ki, danışıqları imitasiya üçün aparmaq niyyətində deyil və ona görə də Minsk qrupu nəhayət, əməli addımlar atmalı, Ermənistan beynəlxalq təzyiqlə üzləşməlidir.

Mövzunu şərh edən "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib ki, 1998-ci ildən 2018-ci ilə qədərki dövr üçün Ermənistanda siyasi rejim dinamikasının hərbi-kriminal xuntadan diktaturaya keçid kimi xarakterizə olunur və bu dövlətin son 22 ildə daxili siyasətinin ən klassik ifadə formasıdır. Bütün bunların fonunda Prezidentin "Ermənistanda siyası məhbuslar üzrə məruzəçi niyə təyin edilmir" sualı Avropa strukturlarında kök atmış ikili standart iş üsuluna ağır ittiham kimi də qəbul oluna bilər.

Onun sözlərinə görə, Prezident Minsk qrupunun fəaliyyət imitasiyasının əsl mahiyyətini bütün dünyaya göstərdi: "Ümumi ifadələrlə kifayətlənmək və Ermənistanın konkret təxribat əməllərinin cavabsız buraxıldığına dair Prezidentin dedikləri tam reallığı ifadə edir və Minsk qrupunun sadəcə prosesləri "yola vermək" siyasətinə layiq olduğu qiymətin verilməsidir. Prezident Minsk qrupunun bu vaxta qədərki və bundan sonrakı tarixində qaçılmaz bir keçid nöqtəsində olduğunu əsaslandırdı. Azərbaycan Prezidenti göstərdi ki, Minsk qrupu ya fəaliyyətində ciddi dönüşlər yaradaraq Ermənistanın danışıqlara qarşı təxribat əməllərinə ünvanlı qiymət verməli, ya da 28 il nəticəsiz şəkildə "yola verdiyi" vasitəçilik missiyasını rüsvayçılıqla başa vurmalıdır.

Azərbaycan prezidentinin son illərdə ilk dəfə Azərbaycanın öz hərb haqqını beynəlxalq hüququn konkret maddələri ilə əsaslandırması əlaqədar dünya dairələri üçün ciddi siqnal olmalıdır. Beynəlxalq dairələr Prezident Əliyevin fikirlərini nəticəsiz danışıqlara bu qədər dözüm göstərməyin son kompromis həddi kimi qəbul etməlidir".

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə deyib ki, Azərbaycan Prezidenti bütün çıxışlarında Dağlıq Qarabağ probleminə toxunur, münaqişənin həlli ilə bağlı fikirlərini cəmiyyətlə bölüşür. Onun sözlərinə görə, cəmiyyəti narahat edən, maraqlandıran əsas məsələlərdən biri işğal olunmuş torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpasıdır: "Bu gün Azərbaycan cəmiyyətində bir nəfər də olsun bu məsələyə biganə qalmır. Azərbaycan xalqı tam şəkildə Ali Baş Komandana dəstək nümayiş etdirir. Minsk qrupu yarananda bu qrupun nə qədər iflic, səriştəsiz, Azərbaycanın mənafeyinə biganə yanaşan olacağını bilsəydik, Azərbaycan buna getməzdi. Azərbaycan burada təmsil olunan dövlətlərin nüfuzunu, beynəlxalq geosiyasi arenada özünəməxsus mövqeyini nəzərə alaraq, problemin tezliklə, sülh yolu ilə, ərazi bütövlüyümüz çərçivəsində həll olunacağını gözləyirdi. Ölkəmizin ərazi bütövlüyünü bütün dövlətlər qəbul edir. Böyük və kiçik dövlət olmasından asılı olmayaraq, Minsk qrupunun üzvü olan ölkələr də ərazi bütövlüyümüzü qəbul edir". Hərbi ekspert bildirib ki, Minsk qrupunun hazırkı və indiyə qədər olan fəaliyyətinin qiyməti qeyri-kafidir. Əlavə edib ki, Azərbaycan beynəlxalq hüquq normalarına hörmət edərək münaqişəni güc variantına keçirmir: "Əgər deyirsinizsə, güc variantı yoxdur, onda digər variantı bizə göstərin. BMT-nin qərarları əsasında özünü müdafiə etmək hüququ heç kimdən alınmayıb. Cənab Prezident aprel döyüşlərini elə-belə demədi. Aprel hadisələri də beynəlxalq qurumların yatmış mövqeyindən irəli gəldi. Ermənilər həyasızcasına bizim kəndləri atəşə tutmağa başladılar, evlər dağıdıldı, mülki insanlarımız arasında ölənlər oldu. Azərbaycan Ordusu düşmənə öz gücünü göstərdi. Dövlət başçısı dünənki çıxışında Azərbaycanın mövqeyini bir daha ortaya qoydu və bunun dəyişməz olduğunu göstərdi".

"Prezident çıxışında beynəlxalq qurumlara bəyan etdi ki, Azərbaycanın səbri tükənmək üzrədir və sizdən söz yox, konkret olaraq hərəkət, nəticə gözləyirəm. Nəticə olmasa, Azərbaycan öz torpaqlarını azad etmək və beynəlxalq hüquq normaları çərçivəsində güc yolu ilə ərazi bütövlüyünü bərpa etmək hüququndan istifadə etməli olacaq. Dövlət başçısının bu çıxışı digər çıxışları kimi Azərbaycan dövlətinin, Ali Baş Komandanın Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı qətiyyətli mövqeyini göstərdi. Bu fikirlərdən beynəlxalq qurumlar da, düşmən də öz payını aldı. Cəmiyyət bildi ki, Azərbaycan dövləti və cənab Prezident torpaqlarımızın işğal olunması ilə heç vaxt barışmayacaq, ərazi bötüvlüyümüzün bərpası haqqında daim düşünür".

PƏRVANƏ

 





09.07.2020    çap et  çap et