525.Az

COVID-19-un dolayı təsirləri: hədəfdə kurslardır!


 

PANDEMİYA KARANTİNİ HAZIRLIQ VƏ PEŞƏ-SƏNƏT KURSLARINA CİDDİ ZƏRBƏ VURUB

COVID-19-un dolayı təsirləri: <b style="color:red">hədəfdə kurslardır!</b>

Mart ayından etibarən ölkəmiizdə COVİD-19 pandemiyası səbəbindən karantin rejimi tətbiq olunur. Orta məktəblər və ondan sonra iaşə obyektləri fəaliyyətini müvəqqəti dayandırmalı oldu. Qısa müddət qadağalarda yumşalma olsa da, məcburən, ötən aydan yenə hər yer bağlandı.  

Maraqlıdır ki, bir müddət öncə yoluxma sayının azalması səbəbiylə iri ticarət mərkəzlərinin, bərbərxanaların, gözəllik salonlarının, restoran-kafelərin işləməsinə icazə verilmişdi. Amma bu siyahıda özəl tədris mərkəzləri, hazırlıq kursları yox idi. Qanunla bir məkanda 10 nəfərə qədər insanın toplaşmasına icazə var. Kurslarda isə bir qrupda 4-5 nəfər olmasına baxmayaraq, fəaliyyətləri dörd aydır ki, tamamilə dayandırılıb.

Ötən günlərdə rəssam, şair Nəvai Mətinlə müsahibəmiz zamanı o da bu mövzuya toxunmuşdu. "Sədət art" rəssamlıq kursunun da fəaliyyətini müvəqqəti dayandırdığını deyən həmsöhbətimiz narazılığını belə ifadə etmişdi: "Pandemiya bütün sahələrə öz zərbəsini vurdu. Hazırda karantin səbəbindən kursumuz fəaliyyətini müvəqqəti dayandırıb, uşaqlar kursa gələ bilmirlər. Bu, çox neqativ haldır. Uşaqların davamlı fəaliyyətinə ziyandır".

Kursların fəaliyyətinin bərpa olunmaması müəllimləri də, tələbələri də, kurs rəhbərlərini də çox çətin vəziyyətdə qoyub. Bununla bağlı redaksiyamıza daxil olan şikayətləri nəzərə alaraq, problemi işıqlandırmaq qərarına gəldik.

Pandemiya kursların işinə necə təsir göstərdi? Hansı çətinlikləriniz yaranıb? Onlayn dərslər gözlənilən effekti verirmi? Bütün bunları öyrənmək üçün respondetlərimizə suallarla müraciət etdik. 

"Onlayn dərslər aparmaq zənn edildiyi qədər asan deyil" 

Sürücülük kursunun müəllimi Tural Əhmədzadə dörd aydır ki, işləmədən icarə haqqını öz hesabına ödədiyini və heç bir yerdən yardım olmadığını deyir: "Mart ayının 14-dən sonra kursun fəaliyyətini dayandırmışıq. Artıq dörd aya yaxındır ki, kurs fəaliyyət göstərmir. Pandemiya dönəmində sürücülük imtahanlarına hazırlaşmaq istəyən çox sayda insan müraciət etsə də, "yox" cavabı vermək məcburiyyətində qalmışam. Bu dönəm ərzində isə maddi baxımdan çox ziyana düşdüm. Artıq iki aydır ki, bəzi fəaliyyət sahələrinə icazə verilsə də, kursların fəaliyyəti hələ də bərpa olunmayıb. Bununla bağlı dəfələrlə Operativ Qərargaha müraciətlər ünvanlasam da, bir faydası olmayıb. İki aydır ki, icarədar kursun icarə haqqını tələb edir. Deyir, ay tamam oldu, ya mənim icarə haqqımı ver, ya da çıx,  dövlət tərəfindən fəaliyyətinə rəsmi icazəsi olan müştəriyə verəcəyəm. Mən də obyekt əldən çıxmasın deyə məcburam, şəxsi büdcəmdən həmin məbləği ödəyim. Çünki bu dönəmdə münasib yerdə münasib qiymətə obyekt tapmaq da müşkül məsələdir. Dövlət mənə 250 manat yardım etdi, elə bir bu qədər də üstünü düzəldib aylıq icarə haqqını verdim. Hətta restoranların və iri ticarət mərkəzlərinin bir ara fəaliyyətinə icazə verildi, amma həmin vaxtda belə yenə kursların fəaliyyətinə icazə çıxmadı. Onlayn dərslər aparmaq zənn edildiyi qədər asan deyil. Çünki kursda real hazırlıqda elə nüanslar var ki, onu lövhədə çəkib başa salırsan, başa düşürlər, onlayn hazırlıqda bunu etmək çətin olur. Bundan əlavə onlayn dərslərin həm də sonradan sosial şəbəkədə yayılması kimi bir risk də mövcuddur ki, heç kəs peşə sirrinin yayılmasını istəməz".

Tural müəllim deyir ki, tələbələrin də bu vəziyyətə münasibətləri mənfidir. Onlar uzun müddətdir ki, təhsildən yarımçıq qalıblar. Yeni müraciət edənlər isə dərsə başlaya bilmirlər: "Təsəvvür edin, elə insan var ki, bir ayda 4-5 dəfə əlaqə saxlayıb kursla maraqlanır, nə vaxt başlayacağını soruşur. Hər dəfə də "yox" deməkdən, davam edən bu müəmmadan yoruluram. Demək olar ki, müraciət edənlərin hər biri tezliklə kursun fəaliyyətinin bərpa olunacağı günü gözləyir.

Karantin başlanan vaxtda elə qrup oldu ki, dərslərini tam bitirə bildim, bəzi qruplar isə yarımçıq qaldı. Təhsili yarımçıq qalanlardan çox az hissəsi sonradan qalan mövzuları özü oxuyub, hazırlaşıb imtahandan keçdi. Bəziləri var ki, hələ də hazırlaşırlar, amma çoxusu həvəsdən düşdü. Amma tam bitirdiyim qrupdakı tələbələrin 80-85 faizi artıq imtahandan keçib.

Çox istərdim ki, dövlətimiz bu məsələni də diqqətdə saxlasın. Sürücülük imtahanları keçirilir, amma kursların fəaliyyətinə icazə yoxdur. Hər kəs evində oturub, bir kitabla hazırlaşıb imtahandan keçmək potensialına sahib deyil axı".  

"Maliyyə problemi üzündən dərsləri dayandıranlar oldu" 

İngilis dili müəllimi dərsləri onlayn davam etdirdiyini, amma pandemiya səbəbindən bəzi tələbələrin kursun ödənişini edə bilmədiyi üçün təhsili yarımçıq qoyduğunu deyir: "Karantin səbəbilə dərslər, səhv etmirəmsə, mart ayının ikinci həftəsindən dayandırıldı. Artıq həmin müddətdən mən və bir çox müəllim həmkarlarım onlayn dərslərə başladıq. Onlayn dərsin keyfiyyəti tələbələrin öyrənmə vərdişlərinə görə dəyişir. Amma ümumi götürdükdə, onlayn dərslərin daha effektiv olduğunu düşünürəm. Belə ki, günün istənilən saatında dərs keçmək mümkündür. Tələbələr istənilən vaxtda suallarını yazıb soruşa bilirlər. Dərs kursda olduğu kimi bir saatla limitlənmir. Daha çox ünsiyyətdə oluruq. Üstəlik, kursda dərs keçərkən tələbələr müəyyən məsafədən yol gəldikləri üçün yorğun olurdular. Bu da onların fikirlərini, diqqətini cəmləməsinə mənfi təsir edirdi. İndi isə daha enerjili və həvəsli yanaşırlar.

İlk başlarda hər şey yaxşı idi, bir-iki tələbə istisna olmaqla, hər kəs onlayn dərslərdə fəal iştirak edirdi. Amma bununla yanaşı, başqa çətinliklər ortaya çıxmağa başladı. Belə ki, qısa müddət sonra maliyyə problemi üzündən dərsləri dayandıranlar oldu. Onlar hazırkı maddi vəziyyətlərinin kursa davam etməyə əl vermədiyini bildirdilər. Bu da başadüşüləndir.

Karantinin yüngülləşdirildiyi müddətdə bir çox xidmət sektoruna işləməyə icazə verildi. Lakin kurslar istisna olaraq qaldı. Qeyd edim ki, əksər kurslarda qrup dərsləri 5-6 nəfərlə keçilir. Yəni bu, digər xidmət sektorları ilə müqayisədə qat-qat aşağı bir rəqəmdir. Düşünürəm ki, sosial izolyasiya qaydalarına əməl etmək şərtilə kursların da fəaliyyətini bərpa etmək olardı".  

"12 illik "Hədəf" Kursları çox ciddi maliyyə sıxıntıları ilə qarşılaşdı" 

"Hədəf" Kurslarının icraçı direktoru Emin Sadıqov da işlədiyi müəssisənin zərərlərindən danışdı: "Məlum pandemiyanın (COVİD-19) dünya iqtisadiyyatına, o cümlədən, Azərbaycana verdiyi ziyan qaçılmazdır. Təbii ki, bütün sahələrlə bərabər, ən böyük ziyanı özəl sektor - hazırlıq kursları görmüşdü. Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın 03 mart 2020-ci il tarixində verdiyi qərara əsasən, bütün ölkədə təhsil və tədris prosesi dayandırılmasını nəzərə alaraq qərarın çıxdığı andan hazırlıq kursları da öz fəaliyyətini dayandırdı. İlk növbədə hazırlıq kurslarının fəaliyyətinin dayandırılmasında çoxlu müəllim və müəllimlik ixtisası olmayan digər işçilər çətinliklə üzləşdilər. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixində imzaladığı sərəncamla işsiz insanların, özəl sektorda işləyən işçilərin və sahibkarların ziyanlarının qarşısı müəyyən mənada alındı. Lakin 4 aylıq işsizlik prosesi əlbəttə ki, özəl təhsil sektoruna, xüsusən kurslara böyük zərərlər vurdu. 12 illik "Hədəf" Kursları çox ciddi maliyyə sıxıntıları ilə qarşılaşdı. İcarə məsələsi isə icarədara görə dəyişir. Bəzi yer sahibləri ilə müəyyən formada razılaşsaq da, bəziləri bizdən öncə özləri bu durumu anlayışla qarşılasalar da, bəziləri, xüsusən də böyük iş sahibləri var ki, anlayış göstərməyə belə cəhd etmək istəmir, icarə haqlarını tam şəkildə tələb edirlər. İqtisadiyyat nazirliyinin dəfələrlə icarə verənlərə səslənməsinə baxmayaraq, hələ də sahibkarlardan icarə tələbindən əl çəkməyən icarədarlar var. Bu da davam etməkdə olan pandemiyada zərər çəkmiş sahibkarların işlərini daha da çətinləşdirir. Arzu edərdik ki, bununla bağlı da müəyyən vahid qərar verilsin. Bəlkə bu zaman müəyyən razılaşmalar ola bilər. Başa düşürük ki, icarədarın da xərcləri var və o da maddi ziyandadır. Lakin iş yoxdursa, kurs sahibi ödənişi hardan əldə etməlidir?! Digər məsələ də rəsmi vergi verən kursların fəaliyyətinin tam dayandırılması evlərdə repetitorluqla məşğul olmanın sayını artırdı ki, bu da kursların şagird itirməsinə gətirib çıxardı”.  

"Karantinin bu qədər uzanması kursun tamam bağlanmasına səbəb oldu" 

Sağlamlıq imkanları məhdud insanlarla işləyən müəllim Turan Məmmədlinin işlədiyi kurs isə karantin səbəbindən fəaliyyətini tam dayandırmalı olub: "Biz fəaliyyətə sentyabr ayında başlamışdıq. Kiçik bir obyekti İnkluziv təhsil mərkəzi kimi işlədirdik. Bizim kursdakı dərnəklərə, psixoloji və loqopedik dərslərə həm sağlam, həm də sağlamlıq imkanları məhdud uşaqlar gəlirdilər. Ancaq mart ayından başlanan karantin rejiminə görə, qaydalara uyğun olaraq, biz də fəaliyyətimizi dayandırmalı olduq. Və karantinin bu qədər uzanması kursun tamam bağlanmasına səbəb oldu. Bizə hələ yeni-yeni tanınmağa başlayan kurs idik. Belə halda obyektin dörd aylıq icarə pulunu ödəməyə gücümüz çatmadı. İcarədar da güzəştə getmədi. Burda nə onun, nə də bizim günahımız var. Hər kəs bir yerdən maddiyyatını təmin edir. 

Sağlamlıq imkanları məhdud uşaqlara onlayn şəkildə dərs demək isə heç bir effektiv nəticə vermir. Düzdür, biz onlara və valideynlərinə maksimum şəkildə evdə kömək ola biləcək oyunlar, tapşırıqlar, pedaqoji və psixoloji məsləhətlər veririk, amma təbii ki, canlı dərsdə istifadə etdiyimiz metodları onlayn dərsdə tətbiq etmək olmur. Ən adi məsələlər - uşaqlarla göz kontaktı qurmaq, onların diqqətinin toplanması üçün işlər görmək onlayn dərsdə mümkün deyil. Bunlar isə məhdudiyyətli uşaqlar üçün ən əsas nüanslardır".

 





09.07.2020    çap et  çap et