525.Az

Ədəbiyyat adamlarının COVID-19-la imtahanı - Şahanə Müşfiqin yazısı


 

Ədəbiyyat adamlarının COVID-19-la imtahanı - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Ötən ilin dekabr ayında Çinin Uhan şəhərindən başlayıb bütün dünyanı öz cənginə alan və aylardan bəri bəşəriyyəti təlaş içərisində saxlayan COVİD-19 pandemiyasına yoluxanların sayı on iki milyonu ötüb.

Bu virusa yoluxanlar arasında məşhur adlar da az deyil. Bu aylar ərzində prezidentlərdən, nazirlərdən tutmuş idmançılara, musiqiçilərə, aktyorlara qədər çox tanınmışın koronavirus testinin pozitiv olduğu xəbərini aldıq. Təəssüf ki, onlar arasında həyatını itirənlər də oldu. Vaşinqton Universitetinin professoru Berqstrom bu qədər məşhurun virusa yoluxmasını onların çoxumuza nisbətən daha artıq ünsiyyət içərisində olmağı ilə əlaqələndirib: "Məşhurlar daha çox səyahət edir, daha çox insanla birbaşa ünsiyyətə girirlər. Xəstəlik bu cür yerlərdə daha da aktiv olur və sürətlə yayılır".

Dünya əhalisini qorxu və hürkü içərisində saxlayan bu taclı virus zaman-zaman ədəbiyyat adamlarının, söz əhlinin də "qonağı oldu". Dünyada və Azərbaycanda tanınan bir çox yazıçı, şair də bu yeni növ koronavirusa yoluxdu. Onlardan bir çoxu, şükürlər olsun ki, müalicə alaraq sağlamlıqlarına qovuşdu.  

Türkiyədə koronavirusa yoluxan ilk məşhurlardan biri də məhz yazıçı idi. Türkiyə telekanallarının birində apardığı "Gəzəyən" adlı səyahət proqramı ilə tanınan satirik yazıçı, "Çox gəzəyən" kitabının müəllifi Burak Akkulun COVİD-19 testinin pozitiv olduğu xəbəri yayılmışdı. Mart ayında həyat yoldaşı Seda Akkul ilə birlikdə virusa yoluxan yazıçı təcili sürətdə İstanbul Qartal Tədris və Araşdırma xəstəxanasına yerləşdirilmişdi. Martın 3-də çəkiliş üçün Londona gedən Akkul hava limanında çox qaldığını və oraya çatandan sonra xəstəliyin simptomlarını hiss etdiyini deyib. Əvvəldən də boğazında başqa bir xəstəliyi olan yazıçı 21 günlük davamlı müalicə prosesində 17 kilo arıqladığını, xəstəxanadan 32 gün sonra çıxa bildiyini əlavə edib və insanlara səslənib: "Koronavirus çox ciddi bir xəstəlikdir, bunu yaşamayan bilməz. İnsanların toplu şəkildə tətilə çıxmaqlarını anlamıram. Xəstəxanada 30 gün keçirməyi hələ demirəm, ordakı bir günə şahid olsanız, nəinki gəzməyə getmək, burnunuzu pəncərədən çölə çıxarmaq istəməzsiniz". Burak Akkul bu yay tətilini evdə "Çox gəzəyən-2" kitabını yazaraq keçirəcəyini deyib.

Koronavirüs tedavisi gören Burak Akkul'un sağlık durumuyla ilgili ...

Məşhur yazıçı, sənətçi və ictimai xadim Zülfü Livaneli də koronavirusa yoluxan ədəbiyyat adamlarındandır. O da virusa səfər əsnasında yoluxub. Mətbuata açıqlamasında Livaneli deyib: "Fevralın 25-də həyat yoldaşım və qızımla birgə üç ayrı tədbir üçün Nyu-Yorka getdik. Bunlar Rumi Suite konsertləri, "Serenad" kitabımın ingiliscə çapının təqdimatı və Kolumbiya Universitetində görüş idi. Kitab toplantısında təxminən yüz nəfər amerikalı və türk var idi. Kolumbiyada da zal tamamilə dolu idi. Bu iki tədbirdən birində koronavirusa yoluxmuş ola bilərik".

Yazıçı müalicəsi ilə bağlı bunları əlavə edib: "Həyat yoldaşım, mən və dostlarım müalicə aldıq, tamamilə sağaldıq, Türkiyəyə qayıtdıq. Test nəticələrimiz neqativ olsa da, evdən çıxmırıq. Kim hansı tədbirdə kimi yoluxdurdu, demək mümkün deyil. Dərman şirkətləri, onların təsir göstərdiyi lobbilər, həkimlər arasında böyük bir mübarizə var. Buna görə də müalicə prosesimizlə bağlı məlumat verməyəcəyəm, amma bu xəstəlik müalicə edilə bilir. Heç kim ümidsizliyə düşməsin, mümkünsə evdə otursun və bu bəlanı birlik olmaqla dəf etməyə çalışaq. Əhvalımızı da pozmayaq, çünki sağalmaq üçün yaxşı əhval-ruhiyyə önəmlidir".

Zülfü Livaneli Vakfı kuruldu - YeniDönem Gazetesi

Türkiyədən daha bir şair və yazar Özcan Ünlü də virusa yoluxduğunu aprel ayında sosial şəbəkə hesabından bildirmiş və yüksək hərarət səbəbindən təcili xəstəxanaya yerləşdirilmişdi. Bir aylıq müalicədən sonra sağalan şairin təkrar koronavirus testi neqativ çıxmışdı.

Qeyd edək ki, Özcan Ünlü bir neçə dəfə Azərbaycana da gəlib. Onun "Günəbaxan" kitabı ötən il Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" layihəsində çap olunmuşdu.



Tarixi dedektiv romanlarıyla dünyada məşhur olan rusiyalı yazıçı Boris Akunin də koronavirusa yoluxan ədəbiyyatçılar arasındadır. Bu barədə 63 yaşındakı yazıçı mart ayında özünün "Facebook" səhifəsində bildirmişdi: "Dəbli xəstəliklə mübarizə aparıram. Bir az güc qazananda müşahidələrimi sizinlə paylaşacağam. Koronavirus qorxusu koronavirusun özündən daha betər imiş. Diqqətli olun, amma əsla panikaya uymayın". Əsl adı Qriqori Şalvoviç Çxartişvili olan yazıçı Londonda karantinə alınmışdı.

File:MIBF2013 img 02 Boris Akunin.jpg - Wikimedia Commons

***

Təəssüf ki, virusa yoluxan hər kəs bu qədər şanslı olmadı. Məşhur Çili yazıçısı Luis Sepulveda ədəbiyyatın koronavirusa qurban verdiyi imzalardandır. Portuqaliyadakı bir ədəbi festivaldan sonra virusun simptomlarını hiss edən 70 yaşındakı yazıçı altı həftə İspaniyanın Oviedo xəstəxanasında müalicə alsa da, bunların bir müsbət nəticəsi olmadı və o, aprelin 16-da həyatını itirdi.

Luis Sepulveda 1988-ci ildə çap etdirdiyi "Sevgi hekayələrini oxuyan qoca" adlı romanından sonra beynəlxalq miqyasda məşhurlaşmışdı.

Luis Sepúlveda, Chilean writer, dies of coronavirus at 70

Aprel ayında yeni tip koronavirusa yoluxan türkiyəli ilahiyyatçı yazar Ömər Döngəloğlu Başakşehir xəstəxanasında müalicə alırdı. Müalicəsi nəticə verməyən yazıçı mayın 3-də vəfat etdi. Ədirnəqapı Şəhidliyində dəfn edilən Ö.Döngəloğlunun vəfatıyla bağlı Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan mərhumun oğlu Məhəmməd Döngəloğluna zəng edərək başsağlığı verdi, nazirlər və dövlət məmurları sosial şəbəkə hesablarında, eləcə də mediaya açıqlamalarında məyusluqlarını dilə gətirib, yazıçının ailəsinə və sevənlərinə başsağlığı mesajlarını verdilər.

Tanınmış ilahiyyatçı Ömər Döngəloğlu koronavirusdan vəfat edib

Afrikalı yazıçı Elza Jourbert 97 yaşında koronavirusa yoluxmuşdu. Cənubi Afrikanın məşhur xanım yazıçısı iyunun 14-də virus səbəbindən dünyasını dəyişib. Bu barədə onun oğlu Niko Steyler mətbuata məlumat verib.

Elsa Joubert (1922–2020) | LitNet

***

Koronavirus bəlası Azərbaycan ədəbiyyatından da yan ötmədi. Azərbaycanda iki tanınmış şair bu virusa yoluxdu. Əvvəlcə Şəhriyar Del Geranidən aldıq bu arzuolunmaz xəbəri. Ötən ay koronavirus testinin pozitiv olduğunu açıqlayan şair sosial şəbəkə hesabında yazmışdı: "Covid-19" testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin. Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Allah necə haqdı!"

Yüksək hərarət və sümüklərindəki ağrılardan əziyyət çəkdiyini bildirən şair "Yeni klinika"ya yerləşdirilmişdi. Onun müalicədən sonrakı COVİD-19 testi neqativ çıxdı və evə buraxılmışdı.

Şəhriyar del Gerani koronavirusa yoluxub? - Açıqlama

AYB bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu iyunun 18-də, koronavirusa yoluxmağın əsas simptomlarından olan yüksək hərarətlə, "Yeni klinika"ya yerləşdirilmişdi. Bu barədə şair özü mətbuata məlumat vermişdi: "Bir neçə gün öncə hərarətim qalxdı və enmədi. Hiss elədim ki, həkimə müraciət etməliyəm. Hamımızın dostu, millət vəkili Jalə Əliyevaya zəng etdim. Dedi, gözləyin sizinlə əlaqə saxlayacaqlar. Doğrudan da, bir saat ərzində mənimlə əlaqə saxladılar və təcili yardımla "Yeni klinika"ya gətirdilər. Gəldiyim gündən operativ müdaxilələr etdilər və artıq vəziyyətimdə irəliləyiş hiss etdim. Analizin nəticəsini mənə deməyiblər. Deyirlər, əgər pozitiv olsa, deyilərdi. Ancaq koronovirus şübhəsi və sətəlcəm var, müalicə də bu istiqamətdə gedir. Yaxşı da müalicə gedir. Millət vəkili, dostumuz Jalə Əliyevaya dərin təşəkkür edirəm. Sonra Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi - Anar müəllim, Rauf Aslanov öz dəstəklərini göstərdilər. Onlara təşəkkür edirəm".

S.Babulloğlu daha sonra əlavə edib: "Burdan tam məsuliyyəti ilə deyirəm: "Yeni klinika"nın həkimlərinin, tibb bacılarının, xidmət personalının fədakarlığı insanı mütəəssir edir. Bilmirəm ki, onların o xüsusi geyimlərdəki fəaliyyətini necə ifadə edə bilərəm, buna necə gücüm çatar? Səbr, həssaslıq və fədakarlıq göstərirlər. Mən TƏBİB-in rəhbərliyinə - Ramin Bayramlıya, Hikmət müəllimə, Vasif müəllimə təşəkkür edirəm. "Yeni klinika"nın rəhbərinə - Pərviz Həsənova təşəkkürümü bildirirəm. Çox peşəkar təəssürat yaratdı. Ünsiyyətdə olduğum hər bir həkimə - Dilman həkimə, Nərgiz həkimə, Aytən həkimə, Nəzakət həkimə, ünsiyyətdə olduğum bütün personala və hər bir insana - Adelinaya, Mayisəyə, Xatirəyə, Sevincə dərin təşəkkür edirəm. Yalnız özümə görə yox, bütün xəstələrə görə. Cəmiyyətdə bəzən həqiqətə uyğun gəlməyən, xof yaradan, yaxud laqeydlik aşılayan məlumatlar yayılır. İstərdim ki, bu sözlərimi hər kəsə çatdırasınız. Özünüzü qoruyun, tələb olunan qaydalara əməl edin. Bütün dostlara təşəkkür edirəm. Bir-birinə qarşı diqqətli olsunlar".

Təxminən 10 günlük müalicədən sonra klinikadan evə buraxılan S.Babullaoğlu bu barədə sosial şəbəkə hesabında yazmış, artıq evdə olduğunu bildirmişdi: "Səhhətim, şükür Allaha, normaldır. Analiz neqativdir. Bərpa prosesi keçilməlidir. Bütün dostlara, həkimlərə təşəkkürlər".

Şair Səlim Babullaoğlu koronavirusdan sağaldı - Qəzet

Koronavirus bəlası ilə üz-üzə qalan hər kəsə Allahdan şəfa diləyir, dünyasını dəyişənlərə "Allah rəhmət eləsin!" deyirik. İnamımızı və ümidimizi itirməyək, ehtiyatı əldən verməyək ki, bu ağır dönəmi mümkün qədər zərərsiz ötüşdürə bilək!

 





10.07.2020    çap et  çap et