525.Az

Dərsliklərin məzmun keyfiyyəti: təhsilin inkişafında mühüm amil kimi


 

Dərsliklərin məzmun keyfiyyəti: <b style="color:red">təhsilin inkişafında mühüm amil kimi </b>

Təhsil sahəsində islahatların əsas istiqamətlərindən biri də dərslik siyasəti ilə bağlıdır. Dərslik siyasətinin başlıca məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Bu baxımdan dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi mühüm amillərdir. Son illərdə ölkədə yeni dərsliklərin hazırlanması, onların məzmun və keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülüb. Mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir. 

Bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir 

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva deyir ki, Nazirlik ölkədə dərslik siyasətini icra edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu siyasətin uğurla həyata keçirilməsi üçün Nazirlik tərəfindən daim dərsliklərin məzmun keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür.

Onun sözlərinə əsasən, mövcud qaydalara görə, orta məktəblərdə istifadə olunan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir. Sonra isə keyfiyyəti təmin olunan dərsliklərə dair www.trims.edu.az saytı vasitəsilə ictimai rəyin öyrənilməsinə başlanılır. Bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır. Bütün bu proseslər Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, müxtəlif təhsil qurumları, elmi -tədqiqat institutları, aidiyyatı dövlət qurumları və ictimai təşkilatlar, eləcə də bir sıra xarici, beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq

çərçivəsində həyata keçirilir. Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur: "Nəşriyyatlar hazırladıqları dərsliklər üçün müəllif seçməkdə sərbəstdir. Amma burada Təhsil Nazirliyinin diqqətlə yanaşdığı bəzi məsələlər var. Nazirlik keyfiyyətin təminatı prosedurundan keçə bilməyən dərsliklərlə qarşılaşmamaq üçün Təhsil İnstitutuna da ehtiyat dərsliklərin hazırlanması sifarişini verir. Bu zaman müəllif komandası müxtəlif mərhələli seçimlər əsasında yüksək səviyyəli mütəxəssislər əsasında formalaşır". 

Dərslik və metodik vəsait layihələrinə dair ictimai rəy öyrənilir 

V.Əliyeva vurğulayıb ki, 2016-cı ildən etibarən Təhsil Nazirliyi dərslik və metodik vəsait layihələrinə dair ictimai rəyin öyrənilməsinə başlayıb. Artıq 5 ildir ki, bu proses uğurla həyata keçirilir: "İctimai rəyin öyrənilməsi həyata keçirilməzdən əvvəl, cəmiyyət dərsliklərlə tədris ili başladıqdan sonra tanış olurdu. Qəbul olunmayan bəzi məqamlarla bağlı fikirlər səsləndirilir, müzakirələr aparılırdı. Bu zaman hətta haqlı fikirlərlə rastlaşsaq belə, onun nəzərə alınması mümkün olmurdu. Dərslər başlanıldığından, dərsliklər şagirdlər tərəfindən istifadə edildiyindən dərslikləri geri alıb, nələrisə dəyişib və yenidən paylamaq mümkün olmurdu. Bu problemlərlə üzləşməmək üçün növbəti tədris ilində istifadə ediləcək yeni və ya təkmilləşdirilən dərsliklərə dair ictimai rəyin öyrənilməsi prosesi həyata keçirilir. Bunun nəticəsində də cəmiyyətdə dərsliklərə dair irad və təkliflərin verilməsinə marağın artdığını görürük". O bildirib ki, ictimai rəy öyrənilən zamanı dərsliklər çapa getməzdən öncə cəmiyyət tərəfindən qəbul edilməyən, müzakirəyə səbəb ola biləcək məsələlər barədə məlumat əldə etmək imkanı qazanırıq. Təbii ki, bütün bunların əsasında məzmunun daha da təkmilləşdirilməsi üzərində çalışılır. 

Köhnələn dərsliklərin aqibəti 

Baş məsləhətçinin dediyinə görə, dərsliklər hökumət tərəfindən verilən müvafiq qərara uyğun olaraq bir neçə il müddətinə istifadə üçün çap edilir. Bu müddətdən sonra onlar istifadəyə yararlılıq müddətini başa vurur. Həmçinin, məzmun baxımından müəyyən qədər köhnəlməyə məruz qalır. Bu zaman isə dərsliklər məzmun üzərində görülən işlərdən asılı olaraq ya təkmilləşdirilir, ya da yeniləri ilə əvəz olunur. Yəni bu müddətdə dərsliyin əhatə etdiyi elm sahəsindəki yeniliklər, təhsili tənzimləyən hüquqi-normativ sənədlərin yeni tələbləri, yeni yanaşmalar, həmçinin, müəllif və ekspertlərin mülahizələrinə əsasən nəzərə alınmalı olan məqamlar əks olunmaqla aparılan işlər dərsliyin təkmilləşdirilməsi çərçivəsindən kənara çıxırsa, belə olan halda yeni dərslik hazırlanır. Qaydalara əsasən, dərsliklər hər tədris ilinin sonunda şagirdlərdən geri yığılır. Yalnız bundan sonra istifadə üçün yararsız olan dərsliklərin sayı dəqiq müəyyən edilir. Daha sonra bu dərsliklər mövcud qaydalara uyğun olaraq kitabxana fondundan çıxarılır və verilmiş sifariş əsasında dövlət tərəfindən yeniləri ilə əvəz olunurlar. Qeyd edim ki, hər tədris ilində yararsız vəziyyətə düşən dərsliklərin orta sayı istifadədə olan dərsliklərin 15 faizini aşmır". 

Növbəti tədris ilinin dərslikləri 

V.Əliyeva bildirib ki, 2020-2021-ci tədris ili üçün isə ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsaitin çap olunması nəzərdə tutulub: "Ümumi təhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün bəzi dərsliklər yenidən tərtib edilib, bəziləri isə təkmilləşdirilib. Həmçinin, növbəti tədris ilində birinci siniflər üçün "Azərbaycan dili (tədris dili)" və "Riyaziyyat" fənləri üzrə dərsliklər iki hissəli nəşr ediləcək. Dərsliyin I hissəsi tədris ilinin birinci, II hissəsi isə ikinci yarısını əhatə edəcək. I siniflər üçün "Musiqi" və "Texnologiya", V siniflər üçün "Fiziki tərbiyə", "Rus dili (ikinci xarici dil)" və "İngilis dili (ikinci xarici dil)" dərslikləri ilk dəfədir ki, tərtib olunub. Əvvəllər bu dərsliklər mövcud deyildi və fənnin tədrisi müəllim üçün hazırlanan metodik vəsaitlər vasitəsilə həyata keçirilirdi. I, V və IX siniflər üçün xarici dil fənni üzrə dərsliklərə müvafiq audio fayllar əlavə edilib. Audio fayllar həmçinin, I sinif "Musiqi", V sinif "Azərbaycan dili (dövlət dili)" dərslikləri üçün də hazırlanıb.

Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti də dəyişdirilir. Belə ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq. Bu, həm də mövzuların mənimsənilməsinin, eləcə də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq. 

Ehtiyac duyulan ehtiyat dərsliklər 

2019-2020-ci tədris ilindən etibarən ölkədə 1-ci siniflər üzrə ehtiyat dərsliklərin tətbiqinə başlanılıb. Dövlət ümumi təhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq edilib. 2020-2021-ci tədris ilində isə dərsliklərin sınağına cəlb ediləcək birinci sinif şagirdlərinin sayı artırılacaq. Yeni dərsliklər 5000-6000 birinci sinif şagirdi ilə təkrar sınaqdan keçiriləcək. Hazırda 2-ci sinif üçün dərsliklərin hazırlanması prosesi davam etdirilir. Növbəti tədris ilində həmin dərsliklər sınaqdan keçiriləcək.

Qeyd edək ki, ibtidai siniflər üçün ehtiyat dərsliklər Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan bu dərsliklər beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Bu dərsliklər hazırda istifadədə olan ənənəvi dərsliklərdən məzmun və metodologiya baxımından çox fərqlənir. Ancaq bu müasir dərsliklər hazırkı dərslikləri inkar etmir. Yeni dərsliklərin oxunaqlılığı, görünüş və dizaynı digərlərindən fərqlənir. Ənənəvi dərsliklər dərslik, müəllim üçün vəsait və iş dəftərindən ibarət olurdusa, yeni dərslik komplektlərinin məzmunundu valideynlərin başa düşməsi, şagirdlərin evdə dərsə hazırlığına kömək etmələri, uşaqların gündəlik həyat tərzi ilə bağlı tövsiyələr də hazırlanıb. 

Valideynləri maarifləndirən valideyn bələdçisi 

Təhsil İnstitutunun direktoru Emin Əmrullayev deyir ki, bu, bu dərsliklərin məzmununun valideynlər tərəfindən başa düşülməsi övladlarının evdə dərs hazırlığı prosesində onlara kömək etməsinə imkan yaradacaq. Həmçinin, dərslik komplektinə daxil olan valideyn bələdçisi valideynlərin pedaqoji maarifləndirilməsində böyük rol oynayacaq və onları tədris prosesinə cəlb edəcək: "Hesab edirəm ki, ehtiyat dərsliklər müəllim-pedaqoji kontingentin inkişafına da ciddi təkan vermiş olacaq. Şagirdlərin beynəlxalq qiymətləndirmələrdə nəticələrinin yüksəlməsinə imkan yaradacaq". 

Elektron dərsliklər 

Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) 2014-cü ildə istifadəyə verilib. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, məktəblilər istənilən vaxt və istənilən məkanda dərsliklərə müraciət edə bilirlər. Təhsil Nazirliyinin www.e-derslik.edu.az portalında 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 256 elektron vəsait mövcuddur.

Zənginləşdirmə məqsədilə portaldakı dərsliklərə ümumilikdə 55 mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı video dərs, mövzulara uyğun 176 video material, 594 şəkil, 302 səsli və 163 digər növ materiallar əlavə edilib. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb.

Ötən tədris ilində portala 5, 6, 7, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 4 dərsliyə isə (Azərbaycan tarixi 5, 6 və 9-cu sinif, ədəbiyyat 6-cı sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilib.

2019-2020-ci ildə Təhsil Nazirliyinin  www.e-derslik.edu.az portalından unikal istifadəçı sayı 1 103 257, portala ümumi daxilolma sayı 3 102 531, səhifələrə ümumi baxış sayı isə 22 466 350 olub.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə əsasən, www.e-derslik.edu.az portalı şagirdlərdə dərslikləri elektron formatda oxumaq bacarığı formalaşdırır: "Şagirdlər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da, öz növbəsində, təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Bu sahədə aparılan işlər təqdirəlayiqdir və mərhələlər üzrə davam etdirilməlidir".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





10.07.2020    çap et  çap et