525.Az

Azərbaycan dünya kosmik sənayesində mövqeyini möhkəmləndirir - Müsahibə


 

TƏKCƏ "AZERSPACE-2" ÖLKƏ İQTİSADİYYATINA 400 MİLYON DOLLAR GƏLİR GƏTİRƏCƏK

Azərbaycan dünya kosmik sənayesində mövqeyini möhkəmləndirir - <b style="color:red">Müsahibə </b>

Ekologiya və fövqəladə hallar məsələləri üzrə ekspert, Azərbaycanın ilk milli telekommunikasiya peyki olan "Azerspace-1"in buraxılışına hazırlıq üzrə İşçi qrupun üzvü, texnika elmləri doktoru, professor, Beynəlxalq Energetika Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının və Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvü, Əməkdar mühəndis Fuad Hacızadə "525ci qəzet"ə müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik.
 

- Fuad müəllim, məlum olduğu kimi, 2010-cu il mayın 3-də Prezident fərmanı ilə "Azərkosmos" ASC yaradılıb. Ötən illər ərzində bu strukturun fəaliyyətini necə qiymətləndirmək olar və Azərbaycan bu sahədə hansı uğurları əldə edib?

- Azərbaycanda yüksək texnologiyaların tətbiqinin əsasının qoyulması və ölkədə kosmos sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə göndərilməsi haqqında" sərəncamında 2009-2013-cü illərdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının işlənib hazırlanması nəzərdə tutulub. Bu istiqamətdə işlərin ardıcıl və sistemli aparılmasını təmin etmək, qarşıya qoyulan strateji məqsədlərə nail olmaq üçün müvafiq idarəetmə strukturunun yaradılması, kosmik sənayenin təşəkkülü və inkişafı, telekommunikasiya peyklərinin hazırlanması və orbitə göndərilməsi yolu ilə telekommunikasiya peykləri şəbəkəsinin yaradılması, kosmik informasiyanın qəbulu və işlənilməsi üzrə çoxfunksiyalı superkompyuter mərkəzinin formalaşdırılması, kadrların hazırlığı mühüm əhəmiyyət kəsb edir.

- Yəqin ki, kosmik sənayenin və informasiya texnologiyalarının inkişafı dövründə normativ-hüquqi aktların zəruriliyi də nəzərdə tutulub?

- Deyilənlərlə eyni zamanda, nanotexnologiyaların geniş tətbiqi vasitəsilə kosmik sənayenin və informasiya texnologiyalarının inkişafı da nəzərdə tutulurdu və bu sahədə ən mühüm amil yeni normativ-hüquqi aktların qəbulu ilə hüquqi bazanın təkmilləşdirilməsi idi. Artıq bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük işlər görülüb: "Azərkosmos" ASC-nin idarəetmə strukturu formalaşdırılıb, kosmik sənayenin əsasları yaradılıb, orbitə iki telekommunikasiya və bir aşağı orbitli peyk göndərilib, Bakıda və Naxçıvan Muxtar Respublikasında peyklərin istismarı və idarə edilməsi məqsədilə yerüstü infrastruktur yaradılıb və yenilənib. "Azərkosmos" ASC kosmik fəaliyyətin göstərilməsinə dair yerli və xarici subyektlərlə müqavilələr imzalayıb. Bu qurumun iqtisadi nailiyyətləri barədə məlumatlar onun rəsmi saytında, kütləvi informasiya vasitələrində və nəzarətedici idarələrin hesabatlarında əks olunub. Qeyd etmək lazımdır ki, bu məlumatlarda müsbət istiqamətdə inkişaf göstəriciləri yer alıb.

2018-ci ilin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-2022-ci illərdə yerli peyklərin xidmətlərinin inkişafı üzrə Dövlət Proqramını təsdiq edib. Bu sənəd yaxın 3 ildə müxtəlif dövlət strukturları və özəl şirkətlər tərəfindən peyklərin məlumatlarının istifadəsinin inkişafı sahəsində, xüsusən ətraf mühitin qorunması, ekologiya, kənd təsərrüfatı, fövqəladə hallar, şəhərsalma, nəqliyyat kommunikasiyalarının çəkilməsi və s. kimi bir sıra mühüm iqtisadi vəzifələrin həllinə yeni təkan verəcək. Yüksəkixtisaslı yerli kadrların hazırlanması və onların ixtisaslarının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məsələləri də böyük əhəmiyyət kəsb edir. Proqramda alınan informasiya imkanlarının genişləndirilməsi yolu ilə Yerin səthinin məsafədən müşahidəsi, təbii ehtiyatlardan istifadə və digər tətbiqi vəzifələrin yerinə yetirilməsi üzrə elmi-tədqiqat işlərinin aparılmasına da xüsusi yer ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində deyib: "Doğrudan da, ölkədə yeni sənaye istiqaməti, yeni elmi sahə yaradılmışdır. Əlbəttə ki, bu sahədə ilk növbədə beynəlxalq əməkdaşlıq daha da dərinləşməlidir. Çünki bu sahə bizim üçün yenidir. Xarici tərəfdaşlarla mütləq müxtəlif tədbirlər - seminarlar, konfranslar, elmi-praktik tədbirlər keçirilməlidir. Biz kadr potensialının hazırlanması işində daha da fəal olmalıyıq. Çünki bu yeni kosmik sənaye artıq yaradılıbdır. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olmuşdur. Bu, bizim siyasətimizi əks etdirir. Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa, biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var".

- 2018-ci ilin sentyabrında Azərbaycanın üçüncü peyki, bundan əvvəl isə daha iki peyk orbitə  buraxılıb. Bu peyklər, onların texniki parametrləri və gəlirləri haqqında nə söyləmək olar?

- Bəli, 2018-ci il sentyabrın 26-da Azərbaycanın sayca üçüncü və telekommunikasiya sahəsində xidmətlər göstərən ikinci peyki olan "Azerspace-2" Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən uğurla orbitə buraxılıb. Peykin kosmik fəzaya göndərilməsi Fransanın "Arianespace" şirkətinə məxsus "Ariane 5" daşıyıcı raketi ilə həyata keçirilib.  "Azerspace-2" ABŞ-ın "Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300" peyk platforması əsasında istehsal olunub. 2018-ci il dekabrın 18-də bu peyk özünün sınaq orbitinə çatıb və burada təxminən iki ay müddətində test istismarı keçdikdən sonra özünün artıq bir qədər fərqli orbital mövqeyi - 45 dərəcə şərq uzunluğu mövqeyində olan son geostasionar orbitində yerləşəcək. Peykin dəyəri 190 milyon dollara yaxındır. Onun fəaliyyət müddəti təxminən 20 il təşkil edəcək və ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək. İqtisadi aspekti ilə yanaşı, "Azerspace-2"nin orbitdə fəaliyyəti ölkənin informasiya təhlükəsizliyini və müstəqilliyini də təmin edəcək. Artıq məlumdur ki, "Azerspace-2"nin xidmət dairəsi genişlənəcək və bir sıra Avropa ölkələrini, həmçinin, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk "Azərkosmos"un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki - "Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində, "Azərkosmos"a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq. Bir sözlə, "Azerspace-2" "Azərkosmos" ASC-nin təbiətinə görə kifayət qədər mühafizəkar və yüksəkrəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini və mövqeyini gücləndirəcək.

- Dünyanın aparıcı şirkətləri "Azerspace-2"yə maraq göstərdilərmi?

- "Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "Intelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır. Beləliklə, Azərbaycan 2018-ci il sentyabrın 26-da üçüncü peykini kosmosa buraxmaqla dünya kosmik klubunda öz imicini xeyli möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı deyib: "Bu, ölkəmizin növbəti qələbəsi, dövlətimizin növbəti uğurudur. Son beş ildə Azərbaycan orbitə üç peyk çıxara bilib. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür və dünya kosmik sənayesində öz mövqeyini möhkəmləndirir. Orbitə peyklərin çıxarılması dövlətimizin gücünü, bizim siyasətimizi nümayiş etdirir".

- Bu uğurlara rəğmən ilk peykimizi xatırlamaq istəmirsiniz?

- "Azerspace-1" peykinə gəldikdə, demək lazımdır ki, bizim bu ilk peykimiz 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Mən ilk milli telekommunikasiya peykinin buraxılması üzrə İşçi qrupunun üzvü olmuşam və bununla fəxr edirəm. Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1" Fransız Qvianasının Kuru kosmodromundan orbitə buraxılıb. Bu peyk əlverişli 46° şərq uzunluğu orbital mövqeyində yerləşdirilib. "Azerspace-1" rəqəmsal televiziya xidmətlərinin göstərilməsi, "VSAT" multixidmət şəbəkələrinin yaradılması və hökumət rabitəsinin təmini üçün nəzərdə tutulub. Peykin xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

"Azərkosmos" ASC 2016-cı ildə "DCS Telecom" və "Don Telecom" kimi aparıcı beynəlxalq peyk operatorları ilə telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə kontrakt imzalayıb. Bu sənədə əsasən, həmin şirkətlər Yaxın Şərq və Afrika regionlarında səs və məlumatların ötürülməsi, video, mobil rabitə, şəbəkə və digər xidmətlər üzrə "Azerspace-1"in resurslarından istifadə edəcək. "Azərkosmos" ASC Türkiyənin bir sıra radiokanalları ilə də müqavilələr imzalayıb.

Rəsmi məlumatlara görə, "Azerspace-1"in ümumi dəyəri 233 milyon dollardır. "Azərkosmos" ASC bu peykin istismarından 420 milyon dollar təmiz gəlir əldə etməyi nəzərdə tutur.

- Amma ikinci peykimiz aşağı orbitli sayılır.

- Doğrudur, Azərbaycanın ikinci peyki aşağı orbitli (640 kilometr hündürlüyü olan orbit) "Azersky" ("Spot 7") peyki olsa da, özünəməxsus istismar istiqamətləri var. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb və 2014-cü il dekabrın 2-də "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə verilib. "Azersky" peykinin buraxılması Hindistanın kosmik mərkəzində həyata keçirilib. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulub. "Azərkosmos" ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kommersiya hüquqlarını qəbul edib. "Azersky" peykindən və Fransanın "Spot-6" peykindən təsvirlərin quraşdırılmış potensialının qəbulu gündəlik 6 milyon kvadrat kilometr təşkil edir. Bu o deməkdir ki, Yer kürəsindəki hər bir məntəqəni yüksək keyfiyyətli təsvirlərlə gündəlik izləmək mümkündür.

- Deməli, bizə lazım olan müdafiə və strateji əhəmiyyətinə görə vaxtında istehsal olunmuş qurğudur?

- Dediyiniz kimi də qiymətləndirmək olar. "Azersky" müdafiə və təhlükəsizlik, fövqəladə halların çevik aşkar olunması, təbii ehtiyatların tədqiqi, dənizin müşahidəsi, dəniz naviqasiyası, ətraf mühitin qorunması, geoloji və geofiziki tədqiqatların aparılması, şəhərsalmanın planlaşdırılması, xəritəçəkmə, kənd təsərrüfatı və turizm sahələri üzrə geniş imkanlar spektrinə malikdir. Yeri gəlmişkən deyim ki, ümumilikdə, orbitə 50 bu cür peyk buraxılıb. Azərbaycan aşağı orbitli peykin buraxılışını həyata keçirən iyirminci ölkədir. Bu peyk bizə 150 milyon avroya başa gəlib.

- Azərbaycan kosmik fəzanı fəth edir və şübhəsiz ki, bunun iqtisadi faydası da çox önəmlidir.

- Kosmosun fəthi iqtisadiyyatın səviyyəsinin və milli təhlükəsizliyin müəyyən olunmasının amilidir. Dövlətin iqtisadi inkişafının və hərbi gücünün artırılması kosmik tədqiqatlar sahəsində fundamental elmi biliklərin genişləndirilməsini tələb edir. Aerokosmik məkanda yerləşdirilən cihazlar və komplekslər tədqiq olunan obyektlər haqqında genişmiqyaslı və keyfiyyətcə yeni məlumatların alınmasına əlverişli imkanlar yaradır. Aerokosmik laboratoriyada Yerin, dünya okeanlarının təbii ehtiyatlarının, planetlərin və digər mühüm obyektlərin öyrənilməsi üçün böyük imkanlar mövcuddur. Bizim dövlətimiz dünya xəritəsində bir uğur nümunəsidir. Xarici və daxili siyasət, iqtisadiyyatla bağlı bütün nailiyyətlər onun müstəqilliyinin möhkəmlənməsinə xidmət edir. Dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir..."

- Azərbaycanın kosmik sahədəki elmi tədqiqatları barədə nə demək olar?

- Fundamental və tətbiqi elm sahələrində gündəlik vəzifələr həddindən çoxdur. Onların arasında kooperasiya və səylərin birləşdirilməsini, birgə texniki vasitələr və texnologiyaların istifadəsini tələb edən beynəlxalq məsələlər də var. 2019-2022-ci illər üçün Dövlət Proqramında bu sahədə beynəlxalq əməkdaşlıqdan, beynəlxalq elmi layihələrdə müştərək iştirak məsələlərindən də bəhs olunub. Hazırda Azərbaycan Respublikasında bir sıra dövlət strukturlarında, özəl şirkətlərdə, müştərək kommersiya təşkilatlarında peyk məlumatlarının istifadəsi məsələləri ilə məşğul olurlar. Lakin bunlar daimi tətbiqi və kommersiya xarakteri daşımır. Fundamental elmi tədqiqatlar isə çox az aparılır. Azərbaycanda 1975-ci ildən Aerokosmik Agentliyi fəaliyyət göstərir. Bu qurum Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Hələ Sovet İttifaqı dövründə və müstəqillik illərində bu agentlik uzun müddət fundamental elmi tədqiqatlar, kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub və bu işlər uğurla aparılıb. Belə ki, Azərbaycan alimləri və mütəxəssislərinin hazırladığı bir neçə cihaz "Mir" orbital stansiyasında quraşdırılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, elmi əsərlər və monoqrafiyalar dərc edilib. Burada indi də elmi jurnal nəşr olunur, agentliyin əməkdaşı olmayanların da elmi məqalələri dərc edilir. Agentlikdə doktorantura da fəaliyyət göstərir, habelə uzun illər burada dissertasiyaların müdafiəsi üzrə şura olub.

- Fuad müəllim, bu qabaqcıl elm sahəsində daha yeni yanaşmaya ehtiyac varmı?

- Açıq deyim ki, bəli, reallıq kosmik sahədə aparılan elmi tədqiqatlara daha rasional və perspektivli, vətənpərvər və dövlətçilik prizmasından yanaşma tələb edir. Bir neçə il əvvəl Azərbaycan Moskvada keçirilən kosmik sahədə fəaliyyətlə bağlı əməkdaşlıq məsələlərinə dair MDB ölkələri icra hakimiyyətləri orqanlarının nümayəndələrinin V iclasında iştirak edib. Tədbirdə Azərbaycan və Rusiya ilə yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan və Ukrayna nümayəndələri də təmsil olunublar. İclasın yekun protokolunda "GLONASS" siqnal sisteminin istifadə olunduğu yerüstü infrastrukturun inteqrasiyasının zəruriliyi, MDB dövlətlərinin kosmos və iri fəlakətlər üzrə Beynəlxalq Xartiyaya qoşulması, fövqəladə halların kosmik monitorinqinə dair dövlətlərarası sistemin və regionlararası peyk rabitəsi sisteminin yaradılmasının vacibliyi öz əksini tapıb. "Birləşmiş Kosmik Tədqiqatlar İnstitutu" adlı hökumətlərarası elmi-tədqiqat təşkilatının yaradılması haqqında Sazişin layihəsinin hazırlanması təklifinə də xüsusi diqqət yetirilib. Bu institutun yaradılması ideyasını hələ 2011-ci ildə MDB ölkələri kosmik agentliklərinin elmi-nəzəri konfransında çıxış edən Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun rəhbəri akademik Lev Zelyonı irəli sürüb. Onun sözlərinə görə, sözügedən institut MDB məkanında kosmos mövzusu ilə məşğul olan elmi-tədqiqat institutlarının səylərini özündə birləşdirə bilər. Birləşmiş Kosmik Tədqiqatlar İnstitutunun yaradılması qərarına Azərbaycan da qoşulub. Bu kontekstdə Milli Elmlər Akademiyasında aerokosmik tədqiqatlar üzrə müvafiq strukturun yaradılması məqsədəuyğun olardı.

Şirməmməd NƏZƏRLİ
Xüsusi olaraq "525-ci qəzet" üçün

 





10.07.2020    çap et  çap et