525.Az

COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin müəllifi - Azərbaycan


 

COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin müəllifi - <b style="color:red">Azərbaycan</b>

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, dövlətimizin daxili və xarici siyasət məsələləri ilə bağlı ətraflı danışaraq, bir sıra prinsipial məsələlərə dair qəti mövqeyini ifadə edib.

Dövlət başçısının fikirləri ictimaiyyətdə böyük maraqla qarşılandı və vətəndaşlarımız bir daha əmin oldu ki, ölkə rəhbəri üçün ilk sırada onların sağlamlığı, təhlükəsizliyi, sosial təminatı və rifahı dayanır.

Prezident bu gün bütün dünya üçün əsas problemə çevrilmiş koronavirusla mübarizə tədbirlərinə toxunaraq, Azərbaycanda ilk günlərdən qabaqlayıcı tədbirlər görülməsinə, vəziyyətin nəzarətdə saxlanılmasına diqqət çəkib bildirib ki, heç bir ölkə pandemiyadan tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün koronavirusdan ən çox əziyyət çəkən elə inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş dövlətlərdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 mindir.

Rəqəmlərə nəzər saldıqda, ölkəmizdə bu təhlükəli bəla ilə necə mübarizə aparıldığına bir daha əmin oluruq. Bu günə qədər Azərbaycanda 500 mindən çox test aparılıb, adambaşına düşən testlərin sayına görə ölkəmiz dünyada təqribən 40-cı yerdədir. Hazırda Azərbaycanda 29 laboratoriya var, daha 15 yeni laboratoriya sifariş edilib.

Yeni yaradılmış modul tipli xəstəxanada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Yaxın günlərdə istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq. Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur.

Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçüün potensial mövcuddur.

Məhdudlaşdırıcı tədbirlərə gəlincə, dövlət başçısı vəziyyətə uyğun şəkildə addımlar atılacağını bəyan edib.

Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyi ilə bağlı olması da heç kimə sirr deyil. Ona görə də bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Dövlət başçısı polis orqanları tərəfindən bütün pozuntulara adekvat reaksiya verilməli olduğunu deyərək, heç kimin qanundan üstün olmadığını əlavə edib.

Belə çətin məqamda ölkəmizdə heç bir sosial layihə təxirə salınmayıb, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.

Pandemiya iqtisadi vəziyyətə mənfi təsir göstərsə də, bəzi sahələrdə inkişaf müşahidə olunur. Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox, qeyri-neft sənayesi sahəsində 16 faiz artım olub. Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb.

Neftin qiymətinin düşməsindən danışan Prezident deyib ki, buna sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və ölkə böyük problemlərlə üzləşəcək. Neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq.

Bu çətin günlərdə Azərbaycan həm də növbəti dəfə dünya ilə həmrəyliyi sözdə yox, məhz əməldə göstərdi. Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Bundan əlavə, Azərbaycanın daha bir həmrəylik təşəbbüsü, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri olan Ermənistan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsində maraqlı olmalıydı. Təşəbbüsün əleyhinə səs verən Ermənistanın mövqeyi bu şübhəsiz ki, ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, xalqına nifrətin təzahürüdür.

Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir ki, hələ pandemiyanın ilk günlərindən 10 modul tipli xəstəxananın tikilməsi, digər sosial tədbirlərin həyata keçirilməsi, tibbi avadanlıqların alınması, tibbi ehtiyatların yaradılması, tibbi maska və əlcəklər istehsal edən müəssisənin fəaliyyətə başlaması cənab Prezidentimizin bu məsələlələrə ciddi şəkildə qiymət verməsinin bariz nümunələridir. Deputatın sözlərinə görə, bütün görülən bu tədbirlərin nəticəsində bu gün prosesləri idarə edə bilirik: "Əgər önləyici tədbirlər həyata keçirilməsəydi, sadaladığımız işlər görülməsəydi, biz situasiyanı idarə edə bilməzdik. Baxmayaraq ki, bir müddət neftin qiyməti 17 dollara qədər endi, lakin ölkə iqtisadiyyatı dayanıqlılığını saxladı: "Sosial tədbirlərin hər biri həyata keçirildi və bu proses davam etməkdədir. Ən əsası ölkədə gərginlik hiss olunmadı. Bu isə öz növbəsində bir daha onu göstərir ki, Prezident bütün ssenarilər üzrə mükəmməl bir fəaliyyət planına malikdir. Hesab edirəm ki, həm pandemiya, həm də post-pandemiya dövrlərində də ölkə iqtisadiyyatı öz dayanıqlılığını saxlayacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi bütün sosial layihələr həyata keçiriləcək".

Deputat Kamran Bayramov isə deyib ki, koronavirus pandemiyasının ilk günlərindən Azərbaycan həm ölkə ərazisində, həm də regional və beynəlxalq səviyyədə səmərəli və məhsuldar fəaliyyət göstərib, 30-dan artıq ölkəyə yardım edib. Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə edib, bu əməllərlə dünyanın rəğbətini qazanıb.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində koronavirus pandemiyası ilə mübarizə mövzusunda yüksək səviyyəli onlayn tədbirlər keçirilib və bu qlobal bəla ilə mübarizədə, həm də onun təsirlərinin azaldılmasında dövlətlərarası əməkdaşlığın, koordinasiyanın və həmrəyliyin rolu və əhəmiyyəti müzakirə olunub.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə 130-dan çox ölkə tərəfindən verilən dəstək həm xarici dövlətlərin, həm də beynəlxalq təşkilatların ölkəmizə olan ən böyük etimadının göstəricisidir: "Böyük ümidlər və əminlik var ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə dünya birliyində həmrəyliyin tam bərqərar olunmasına, beynəlxalq çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhlükənin geri çəkilməsi üçün ən səmərəli və düzgün yolun tapılmasına xidmət edəcəkdir"

PƏRVANƏ

 





10.07.2020    çap et  çap et