525.Az

“Bu dialoq ciddi proseslərin başlanğıcıdır” - Fəzail Ağamalı ilə müsahibə


 

ANA VƏTƏN PARTİYASININ SƏDRİ, MİLLƏT VƏKİLİ FƏZAİL AĞAMALI: “İQTİDAR-MÜXALİFƏT MÜNASİBƏTLƏRİ ÇƏKİŞMƏ, DÖYÜŞMƏ MƏRHƏLƏSİNDƏN ÇIXMAQDADIR”

“Bu dialoq ciddi proseslərin başlanğıcıdır” - <b style="color:red">Fəzail Ağamalı ilə müsahibə </b>

Siyasi dialoq

Son dövrlər dövlət və hökumət orqanlarında aparılan struktur və kadr dəyişiklikləri ilə ən müxtəlif fəaliyyət sahələrinə daha proqessiv baxışın ortaya qoyulması ölkənin ictimai-siyası sferasında Azərbaycan dövlətinin və xalqın ümumi mənafeyini ifadə edən prioritet məsələlərlə bağlı konsolidasiyaya nail olunması, fərqli siyasi qüvvələr arasında münasibətlərə yeni rakursdan baxılmasının vacibliyini xeyli aktuallaşdırdı.

Ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparılan struktur dəyişiklikləri zamanı yaranan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşandan az sonra həmin şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən müxtəlif təmayüllü ictimai-siyasi patiyaların liderləri ilə ardıcıl görüşlərə başladı. Artıq bu görüşlər müntəzəm xarakter alıb, vaxtaşırı fərqli siyasi mövqeyə malik partiyaların təmsilçilərilə görüşlər keçirilir, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırlar. Məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq "525-ci qəzet" "Siyasi dialoq" adlı yeni rubrika açır. Bu rubrika vasitəsilə müntəzəm olaraq hakimiyyətlə çoxpalitralı siyasi partiyalar arasındakı münasibətlərlə bağlı ictimaiyyətə ətraflı bilgilər verməyə çalışacağıq.

Rubrikamızın növbəti qonağı parlamentdə təmsil olunan Ana Vətən Partiyasının başqanı, millət vəkili Fəzail Ağamalıdır. 

***

- Fəzali müəllim, bir neçə gün əvvəl Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə parlamentdə təmsil olunan partiya sədrlərinin videokonfrans vasitəsilə görüşü oldu. Görüşdə Milli Məclisin sədri Sahibə xanım Qafarova da iştirak edirdi. Bu görüşün əsas məqsədi nə idi və hansı məsələlər prioritet təşkil edirdi?

- 2018-ci ildə İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra  ölkəmizdə başlatdığı islahatların geniş xarakter alması və bütün sahələri əhatə etməsi, həm də bu islahatların sistemli mahiyyəti ilə bağlı iradəsini ortaya qoyması artıq cəmiyyətin bütün sahələrində özünün müsbət nəticələrini göstərməkdədir. Bu islahatların içərisində siyasi islahatlar xüsusi önəm kəsb edir. Heç kimə sirr deyil ki, demokratik ölkələrdə siyasi sistemin həm formalaşmasında, həm də onun inkişafında siyasi partiyaların rolu danılmazdır. Dünya praktikasına söykənərək Azərbaycanda da siyasi partiyaların yerinin və rolunun daha da artırılmasına ehtiyac duyulurdu. Beləliklə, yeni siyasi konfiqurasiyanın formalaşması yolunda parlament seçkilərindən sonra ciddi addımlar atıldı. Parlamentdə təmsil olunan 9 partiya - onun biri iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası və 8 iqtidarda olmayan konstruktiv xarakterli müxalifət partiyaları Milli Məclisin rəhbərliyində və komitələrdə təmsil olundular. Eyni zamanda, siyasi partiyaların cəmiyyətimizdə yerinin və rolunun artırılması üçün Prezident Administrasiyasında həyata keçirilən struktur dəyişiklikləri zamanı ayrıca br şöbə - Siyasi partiyalarla və qanunverici hakimiyyəti ilə əlaqələr üzrə şöbə yaradıldı və ora cəmiyyətimizdə kifayət qədər tanınan Ədalət Vəliyev rəhbər təyin edildi. Bundan sonra siyasi partiyalarla fərdi görüşlər başladı. Həm parlamentdə təmsil olunan, həm də parlamentdən  kənar partiyalar görüşlərdə yer aldı. Atılan addımlar tədricən özünün cəmiyyətdə müsbət nəticələrini verməyə başladı. İqtidarla siyasi partiyalar arasında sistemli xarakter daşıyan açıq, şəffaf mahiyyət kəsb edən danışıqlar nəhayət, iyulun 7-də videokonfrans şəklində, dialoq formasında özünün yeni bir mərhələsinə qədəm qoydu. Bu təşəbbüs Ədalər Vəliyevdən gəldi, Milli Məclisin rəhbərliyi və siyasi partiyalar bu təşəbbüsü birmənalı şəkildə dəstəklədilər. Görüşdə əsas məqsəd Azərbaycanda yeni siyasi konfiqurasiyanın pandemiya dövrü və yeni çağırışlar mövzusu ətrafında müzakirələr idi. Parlamentin sədri Sahibə Qafarova giriş nitqi ilə çıxış etdi və mövzunun əhəmiyyətini xüsusi vurğuladı. Sonra PA-nın şöbə müdiri Ədalət Vəliyev görüşün əsas məqsədləri üzərində dayandı, ölkə Prezideninin həyata keçirdiyi siyasətin və islahatların içərisində siyasi partiyaların yerinin və rolunun artırılmasının zəruriliyi və yeni siyasi konfiqurasiyanın formalaşmasında atılan addımlar, onun konkret nəticələri, siyasi partiyalarla münasibətlərin daha yüksək səviyyədə qurulmasının, dialoqun təşkilinin vacibliyi önə çəkdi. Daha sonra partiya rəhbərlərinin ayrı-ayrı məsələlər ətrafında fikirləri, rəyləri müzakirə olundu. Mən böyük məmuniyyətlə etiraf edirəm ki, dialoq çox yüksək səviyyədə baş tutdu. Yüksək siyasi mədəniyyət, bir-birlərinin fikirlərinə hörmət, konstruktiv təkliflər və bütün bunları özündə ehtiva edən bəyanatın qəbul olunması yeni bir zaman kəsiyində  iqtidarla siyasi partiyalar arasında aparılmış olan danışıqların yeni mərhələsinin əsasını qoydu. Bundan sonra əminəm ki, Ə.Vəliyevin də dediyi kimi, vaxtaşırı belə dialoqlar təşkil olunacaq. Belə dialoqlar təkcə parlamentdə təmsil olunan siyasi partiyalarla deyil, həm də parlamentdən kənar partiyalarla da aparılacaq.

- Qeyd etdiyiniz kimi, Azərbaycanda siyasi islahatların yeni mərhələsi başlayıb. Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar-müxalifət əməkdaşlığı nə dərəcədə rol onayır?

- Azərbaycan cəmiyyətində, dövlətçiliyində, siyasi sistemində ciddi töhfələr verə biləcək iki qanad var. Bunun biri xalq tərəfindən iqtidara gətirlən hakim partiya, digəri müxalifət mövqeyində olan partiyalardır. Bunların hər birinin cəmiyyətdə öz  məsuliyyəti var. Əlbəttə, ən böyük məsuliyyət iqtidarın üzərinə düşür və Azərbaycan iqtidarı 1993-cü ildən başlayaraq Ulu öndər Heydər Əliyevin yaratmış olduğu siyasi sistem və onun təməl prinsipləri üzərində öz fəaliyyətini qurub, bugünkü inkişaf səviyyəsinə qalxıb. Bu gün ölkə Prezidenti Azərbaycanı çox yüksək səviyyədə idarə etməkdə, onu nəinki Cənubi Qafqazın liderinə çevirməkdə, eyni zamanda, dünya miqyasında söz sahibi etməkdə, özünün son dərəcədə əhəmiyyətli töhfələrini verməkdədir. Xalqımızın mütləq əksəriyyəti Prezidentin siyasi xəttini müdafiə edir, dəstəkləyir, onunla bərabərdir. 

Bununla bərabər, müxalifətin də cəmiyyətdə öz məsuliyyəti var. O da dövlətçilik və xalqın milli maraqları üçün öz cinahında fəaliyyətini yüksək səviyyədə qurmalı, iqtidarın siyasətinin çatışmayan tərəflərini, yol verilən nöqsan və səhvləri daha şirşirdilmiş formada deyil, konstruktiv şəkildə önə çəkməli, onların aradan qaldırılması üçün konkret təkliflərlə çıxış etməlidir. Bu baxımdan, məhz indi münasibətlərin daha sivil, daha məhsuldar şəkildə qurulması prosesi gedir. Düşünürəm ki, yeni konfiqurasiyanın formalaşmasında iqtidar-müxalifər əməkdaşlığı son dərəcədə ciddi və əhəmiyyəti rol oynayır. Əlbəttə ki, yeni konfiqurasiyanın formalaşmasına qısqanclıqla yanaşan, ona mane olmağa cəhd göstərən ayrı-ayrı dağıdıcı qüvvələr də var. Xüsusi olaraq bu, AXCP və onun sədri Əli Kərimli, onun çətiri altında fəaliyyət göstərən “Milli Şura”dır. Bunlar Azərbaycanda gedən proseslərə düşmənçilik mövqeyində duran antiazərbaycan qüvvələrin yanında yer alıblar və onların sifarişlərini yerinə yetirməkdədirlər. Buna baxmayaraq, həm parlamentdə təmsil olunan, həm qeyri-parlament partiyalarla iqtidarın birgə əməkdaşlığı yeni konfiqurasiyanın formalaşmasına özünün əhəmiyyətli töhfələrini verməkdədir. Bu proses inkişaf etdikcə, təbii ki, daha əhəmiyyətli, daha ciddi nəticələri ortada olacaq.

- Sizcə, iqtidarla-müxalifət arasında sağlam, konstruktiv dialoqun qurulmasının cəmiyyətə faydası nədən ibarət olacaq?

- Son islahatlara qədər Azərbaycanda iqtidarla müxalifət arasında əməkdaşlığın bir sistemi, formatı yox idi. Sadəcə, hər iki tərəfdə birinin digərinə qarşı kəskin mövqeyi mövcud idi. Bundan istifadə edən dağıdıcı qüvvələr daha böyük fəallıq göstərərək əməkdaşlığın yaranmasına imkan vermirdilər, kəskin fikirlərlə, milli mənəvi dəyərlərimizə zidd yanaşmalarla iqtidarın üzərinə gedirdilər. Bunun da başlıca səbəbi özünü barışmaz radikal müxalifət adlandıran dağıdıcı, anarxist qüvvələrdir ki, onlar artıq cəmiyyətdən getdikcə təcrid olunmağa başlayırlar və beləliklə, normal şəkildə iqtidar-müxalifət əməkdaşlığ formalaşır ki, bundan da cəmiyyət faydalanır. Ölkədə siyasi partiyalar arasında sağlam rəqabət mühiti əlbəttə, bütövlükdə cəmiyyətin xeyrinədir.

- Müxalifətin müəyyən bir qanadı dialoqdan ümumiyyətlə imtina edib. Həmin qüvvələrlə yenidən dialoq aparmaq təşəbbüsü irəli sürülə bilərmi?

- Müxalifət siyasi sistemin ciddi vacib bir qoludur, bunu inkar etmək mümkün deyil, beləliklə, dialoqun mövcudluğu həm iqtidar, həm müxalifət üçün olduqca vacibdir. Lakin bu dialoqdan imtina edən qüvvələr var, onlar da ən müxtəlif bəhanələr irəli sürürlər. Bizim qəbul etdiyimiz bəyanatda təməl prinsiplər var: Dövlətçilik və mili maraqlar ətrafında əməkdaşlıq, dövlətimizin və Azərbaycan xalqının milli maraqları, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə dövlətimizin nüfuzunun qorunması, möhkəmlənməsi üçün fərqli siyasi baxışları bir tərəfə qoyub, birgə fəaliyyət göstərmək başlıca şərtlərdir. Bu, olduqca vacib təməl prinsiplərdir. Milli birlik və vətəndaş həmrəyliyi də siyasi partiyaların fəaliyyətində prioritet təşkil etməlidir.

- Fəzail müəllim, son olaraq parlament partiyaları ilə baş tutan bu görüşdən çıxarılan nəticələr hansılardır?

- Görüş son dərəcə əhəmiyyətli idi. Əvvəldə də söylədiyim kimi, yeni siyasi konfiqurasiyanın vacib elementi kimi siyasi partiyalarla keçirilən ayrı-ayrı görüşlər ikinci mərhələdə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndə və rəhbərlərinin iştirakı ilə dialoq şəklini  aldı. Çox səmərəli müzkirələr aparıldı. Hər bir partiya nəinki pandemiyanın, ümumilikdə problemlərin üzərində dayandı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi, korrupsiya və rüşvətxorluqla mübarizədə həmfikir olduqlarını birmənalı ifadə etdilər. Bu, təkcə ifadə etməklə kifayətlənmədi. Bu fikirlər qəbil edilmiş olan bəyanatda da öz əksini tapdı. Mənə belə gəlir ki, bu dialoq ciddi proseslərin başlanğıcıdır. Ə.Vəliyevin  də söylədiyi kimi, vaxtaşırı keçiriləcək belə dialoqlar təkcə parlamentdə təmsil olunan siyasi partiyalarla deyil, ola bilsin ki, başqa formatda daha geniş şəkildə reallaşacaq. Beləliklə, cəmiyyətdə sağlam mühitin  formalaşmasında, iqtidar-müxalifət münasibətlərinin çəkişmə, döyüşmə, bir-birinə qarşı kəskin notlarla ifadə olunan münasibətlərdən çıxaraq, daha yeni, daha  yüksək əməkdaşlıq mərhələsinə qədəm qoymasında bu dialoq mühüm bir körpü, nümunə oldu.

PƏRVANƏ

 





11.07.2020    çap et  çap et