525.Az

Səssizliyin hökmranlığı - Türkan Turan yazır


 

Səssizliyin hökmranlığı - <b style="color:red">Türkan Turan yazır</b>

Heç kim bu dünyanı canlı, diri tərk edə bilmir. Ölüm hamını iştahla, acgözlüklə udur. Hamımız bu həyatda küləyin sovurduğu yarpaqlara bənzəyirik. Hər dəfə əsdikcə topa-topa gah sağa gedir, gah sola sürünür, gah bir küncə topalanırıq.

Bəzən elə fırtına qopur ki, bütün yarpaqları sığındığı yerdən çıxarıb pərən-pərən salır, bəzilərini isə bir də heç vaxt yan-yana gətirə bilməyəcək qədər uzaqlara aparır. Həmin uzaqların adı ölümdür. Geridə qalanların ürəyindəki xəzanı onda başlayır, toxunanda tapdanmış quru yarpaq kimi min yerindən çatlayır.

Hə, ölüm qaçılmaz sondur. Təəssüf ki, çox vaxt bu sonun fərqində olmuruq. Qapımızı döyməyənə qədər onu altşüurumuza yaxın buraxmırıq. Bir az da buna görə onu kimlərəsə rahatlıqla arzulaya bilirik. Ölüm hər yaşda gözlənilməzdir. Məsələn, yeni doğulmuş körpənin ölümü nə qədər erkən sayılırsa, 80-90, hətta 100 yaşlı insanınkı da o qədər tezdir. Hə, tezdir. Xüsusən bizim kimi cəmiyyətlərdə hesab edilir ki, insan bəlli yaşa çatırsa, mütləq ölməlidir. Əslində, bu düşüncə empatiya əskikliyindən, eqoizm bolluğundan qaynaqlanan yanaşmadır. Yaşımız az olanda ən dəyərsiz əşya ömrümüz olur. Amma vaxt ötdükcə hiss edirik ki, uzun, çox uzun yaşamaq istəyirik. Zaman keçdikcə bu istək daha da şiddətlənir. Çünki insan yaşlandıqca uşaqlaşır, həyatın yaxasından ikiəlli yapışır, hər an kiçik bir küləyin onu çox uzaqlara aparacağından qorxur. Guya hansımız belə deyilik ki? Verdiyimiz analizlərin nəticəsi çıxana, xəstəliyimizin səbəbi bəlli olana qədər, çevrəmizdəki insanları, doğmalarımızı, yaxınlarımızı itirdiyimiz zaman ölümün vahiməsi sarmaşıq kimi bədənimizə az dolanıb? Bu günlərdə əlimə maraqlı kitab keçdi. Müəllifi isveçrəli psixiatr və yazıçı Elzabet Kübler Rossdur. Xanım Ross “Ölüm və ölmək” adlı kitabında deyirdi ki, “Bizim kültürümüzdə ölüm qorxusu çox güclüdür. Halbuki dünyada ölümə sakit yanaşan mədəniyyətlər var. Onlar hüzur, sükut, güvən dünyasına keçidi qavrayıblar. Ona görə də, ölümdən bizim qədər qorxmurlar”.

Yazıçı ölümlə bağlı 20 kitab yazıb. Ölümün düşünülən qədər dəhşətli bir hadisə olmadığından bəhs edir. Onu dünyada məşhur edən isə böyük səs-küyə və etirazlara səbəb olan Kübler Ross nəzəriyyəsidir. Nəzəriyyədə yasın beş mərhələli olduğundan bəhs edir. Yüzlərlə insan arasında apardığı sorğuya, araşdırmaya əsasən bu qənaətə gəlib. Ürəktutması, avtomobil qəzası və silahlı qətllərdə ölənlərdən savayı, digər bütün insanların eyni mərhələdən keçdiyini iddia edir.

Birinci mərhələ İNKARdır; “Yox, mən ölə bilmərəm, mümkün deyil”. Builk və şok halında verilən reaksiyadır. İnkar mərhələsi insanı yalqızlaşdırır, surətli şəkildə onu yaşayan ölüyə çevirir. Bu mərhələ şəxsin bütün enerjisini gəmirir. Əlini, ayağını dünyadan çəkməyinə səbəb olur. İnkar mərhələsi insanın özünü ölümdən müvəqqəti müdafiə etməsi deməkdir.

İkinci mərhələ HİRSdir; “Axı, niyə mən? Həyat nə üçün belə ədalətsizdir?” İnkar mərhələsinin işə yaramadığını görən insanın hirsli günləri başlayır. Əsəbləri tarıma çəkilir. Hiddəti hər gün bir az da alovlanır. Hər kəsə, hər şeyə nifrət etməyə başlayır və bütün gedişat nəzarətdən çıxır.

Üçüncü mərhələ BAZARLIQdır; “Qızım məktəbi bitirənə qədər möhlət ver. Oğlum doğuluna qədər canımı alma”. İnsan bu mərhələdə həyatında gözəl və məsum olan nə varsa yaradana xatırladaraq şans istəyir. Əslində, öz aləmində ölümü ertələməyə çalışır. Sərhəddin sonuna gəldiyini qəbul etmək istəməyərək yeni sədlər çəkməyə cəhd edir.

Dördüncü mərhələ DEPRESSİYAdır; Bura qədər elədiyi bütün cəhdlər fiaskoya uğradığından insan məğlub olur və depressiyaya düşür. Hər şey buradan başlayır. İnsan özünü yasına hazırlayır. Olan-qalan bütün güvəni məhv olur. Ondan sonra nələrin olacağını düşünür, yarımçıq qalan planlarını fikirləşir. Artıq ömrünün sonu olduğuna inanır. Bu, elə mərhələdir ki, hətta verilən bütün təsəllilər qulağına çatmadan buxarlanıb gedir və səssizliyin hökmranlığı başlayır. Bəzən sonuncu mərhələyə keçmədən insan dərddən, qəmdən elə bu bənddəcə canını tapşırır.

Beşinci mərhələ BARIŞMAQdır; “Pis-yaxşı bir həyat yaşadım. Artıq getməyə hazıram”. Bu mərhələdə insan nə hirslidir, nə də depressiyadadır, nə xoşbəxtdir, nə də bədbəxt. O, artıq hissizdir. Çünki öləcəyi gerçəyi ilə barışmaqla içindəki bütün hisslərin intiharı baş verir. Həyatda maraq duyduğu hər şeyin əhatəsi kiçilir. İnsanlardan və onu məşğul edən hər şeydən qaçaraq içinə qapanır.

Bu mərhələlərdən sadəcə, öz ölümünü gözləyənlər deyil, doğmalarını itirən və ya yaxında vəfat edəcəyini bilən insanlar da keçir. Rossun yazdıqlarını oxumaq asandır. Amma əməl etmək... Bax, əsl həngamə burada başlayır. Çünki ölümə sakit yanaşmaq, onu adi hal kimi qarşılamaq çətin məsələdir. Ölümün qoxusunu hiss edəndə insan az qalır dünyadan qaçıb çıxsın.

Bu bəndləri yazarkən qorxulu başqa bir nüansın da fərqinə vardım. İnsan ayrılanda da eyni mərhələlərdən keçir. Bir anlıq dayanın və keçmişi yada salın. Sevgilimiz bizi tərk edəndə öncə inanmır, qəbul etmirik. Hətta bunun mümkünsüz olduğunu düşünürük. Bir müddət keçir, hirsdən, əsəbdən zəncir çeynəyirik. Sonra yenidən münasibətlərin bərpasına cəhd etməyə başlayırıq. “Qayıt, hər şey sən istədiyin kimi olacaq” kimi bazarlığa girişirik. Bu işə yaramırsa, dərin depressiyaya düşürük. Ən axırda ayrılığı qəbul edirik. Ölmürük, amma duyğuların və hisslərin məhv olması ilə birlikdə qaxac kimi hissiz, qupquru, eybəcər həyat yaşamağa başlayırıq. Yox, əlbəttə, ayrılıq ölüm deyil, sadəcə, insan beyni bu prosesə ölüm kimi yanaşır. Düşünürəm ki, ölüm hər şeyin sonudur, yaşamaq isə fürsətlərlə doludur. Bacardığımız qədər bu fürsətləri dəyərləndirək.

 





11.07.2020    çap et  çap et