525.Az

Dəniz quldurluğu və onun tarixçəsi - Telman Orucov yazır


 

Dəniz quldurluğu və onun tarixçəsi - <b style="color:red">Telman Orucov yazır </b>

Beynəlxalq aləm: ziddiyyətlər, münaqişələr, müharibələr

(Əvvəli ötən şənbə sayımızda)

Daxili siyasət də, cəza sistemi də humanist məqsədlərə, insanın aliliyinə xələl gətirməməyə, cəmiyyətdəki atmosferin daha da saflaşmasına xidmət etməlidir. Daxili siyasət pozğunluğa, korrupsiyaya, rüşvətxorluğa əsaslanmamalı, onların ləğv edilməsinə həsr olunan mübarizəyə arxalanmalı, bunu əsl bir hədəf kimi seçməlidir. Dövlət öz prinsiplərində böyük filosof Volterin (1694-1778-ci illər) dediyi “Allahın altında bütün insanlar qardaşdır” şüarını rəhbər tutmalı və onun mahiyyətinin bərqərar olmasına çalışmalıdır. Onun təkrarən bəyan etdiyi “İyrənc şeyləri məhv et!” çağırışı bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. O, bu gün də bizim rastlaşdığımız dini fanatizmi, başqasına qarşı dözümsüzlüyü və xurafatı iyrənc şeylər hesab edirdi. Əsrlər keçsə də, insanlar hələ də radikal dindarlıqdan, xurafatdan uzaqlaşa bilmir, başqalarına qarşı eybəcər dözümsüzlük nümayiş etdirirlər. İqtisadi inkişafa nail olmaq mümkündür, lakin mənəviyyat ona dəyən zərbələrdən əziyyət çəkirsə, sağalmırsa, bu, bütünlükdə cəmiyyətin xəstə olmasından xəbər verir. 

Dəniz quldurluğu və onun tarixçəsi 

Dəniz quldurluğundan ən azı XIII əsrdən başlayaraq istifadə edilməyə başlanmışdır. Bu məqsəd dənizdə həm adamların, həm də gəmilərin bilavasitə tətbiqi ilə həyata keçirilirdi. Dövlət hakimiyyəti isə müəyyən dənizçilərə kapyor şəhadətnaməsi - “cavab zərbəsi” vurmaq barədə rəsmi sənəd verirdi. Bu da dəniz quldurluğuna leqal fəaliyyət qiyafəsi geyindirirdi. Ölkələr bəzi vaxtlarda iqtisadi cəhətdən zəifləyən öz düşmənlərinə bu strategiyadan istifadə etməklə, onları məcbur edirdi ki, dəniz yollarında üzən gəmilərini himayə etmək üçün eskadralardan istifadə etsinlər. XVII və XVIII əsrlərdə dəniz quldurlarının gəmiləri başlıca dövlətlərin donanmalarının bir hissəsini təşkil edirdi. Əsir götürülən gəmilərdən alınan qənimətin mənfəəti kapitan, gəmi komandası, gəminin sahibi və kontrakt bağlayan ölkənin hökuməti arasında bölünürdü.

Dəniz quldurlarının yarısından çoxu Britaniya tacının himayəsi altında əməliyyat aparırdı, həm də İspaniya, Fransa, Niderland və bəzi Latın Amerikası ölkələri bu praktikadan istifadə edirdi. İngilis Frensis Dreyk nümunəvi dəniz qulduru olmaqla, bəlkə də, tarixdə dəniz quldurluğunun simvolu idi. O, hərtərəfli bir şəxsiyyət idi, müxtəlif vaxtlarda coğrafi tədqiqatla məşğul olmuş, Magellandan sonra dünya ətrafına səyahət etmiş, həmçinin, qul da olmuş, şöhrəti təriflənən bir adam, gur səslənən dənizçi, siyasətçi və ingilis hərbi-dəniz qüvvələrinin admiralı kimi tanınmışdı. O, Britaniya taxt-tacına əvəzsiz xidmət göstərmişdi. İspaniya onun başçılığı altındakı hücumlardan böyük ziyan görmüş, o, Kadis limanını yandırmışdı. İspanlar Dreyki dəhşətli dəniz qulduru kimi tanıyırdı, İngiltərədə isə bu adam qəhrəman hesab olunurdu, İspan Məğlubedilməz Armadasının darmadağın edilməsində də, xüsusi xidmətləri olmuşdu. Bundan əvvəl isə  məhz kraliçanın icazəsi ilə ispan donanmasına, Kadis limanına ağır zərbə vurmasına görə İspaniya kralı II Filipp İngiltərə ilə müharibəni başlamağı xeyli ləngitmişdi. Kraliça I Elizabet daim ona xüsusi hörmətlə yanaşır, onun barəsində İspaniya diplomatlarının şikayətinə əhəmiyyət vermirdi. Kraliça onun Britaniya qarşısında xidmətlərinin yüksək qiymətləndirərək, onu cəngavərliklə mükafatlandırmışdı. Dəniz qulduru olan bu adam ser Frensis Dreyk adlanırdı.

Dəniz quldurlarına ən tutarlı cavabı ABŞ-ın üçüncü prezidenti Tomas Cefferson (1801-1809-cu illərdə bu vəzifədə olmuşdu) vermişdi. Dəniz quldurları Əlcəzair yaxınlığında Amerika gəmisini tutaraq, böyük məbləğdə pul tələb etmişdi. Cefferson buna cavab olaraq, Əlcəzair sahillərinə ABŞ hərbi donanmasını göndərmiş, dəniz quldurları darmadağın edilmişdi. Ondan sonra artıq amerikan gəmilərinə heç bir yerdə hücum edilmədi.

Müharibədəki əlavə qüvvələr və özünə düşmən yaratmaq ehtiyacı 

Müharibə kampaniyalarında əlavə qüvvə sayılan üçüncü partiyalar bəzi daha ağır və xoşa gəlməyən tapşırıqları yerinə yetirirlər. SSRİ-də alman nasistlərinin müdaxiləsinə qarşı Böyük Vətən müharibəsi başlayanda ilk partizan dəstələri artıq təşkil edilmişdi və sonralar onlar düşmənə ağır zərbələr vurdular

Partizanların ilk aktivliyi Serbiyada başlamışdı və bunu SSRİ hərbi qərargahı koordinasiya edirdi. Britaniya isə Yuqoslaviya partizanlarına silah və sursatla kömək edirdi. Məqsəd isə almanları çökdürmək və onları məcbur etmək idi ki, Balkanlara nəzarəti qoruyub saxlamaq üçün daha çox ehtiyatlarını və qoşunlarını ora cəlb etsin. Yuqoslaviyanın gələcək prezidenti İosip Broz Tito başlıca partizan qruplarından birinə rəhbərlik etmək üçün Moskvadan göndərilmişdi. Müttəfiqlər nasistlərin işğal etdiyi ərazilərdə əsl partizan müharibəsi aparırdılar. 1941-ci ilin dekabrın əvvəlində Hitler ordusu Moskvanın 27 kilometrliyində olanda, partizanlar Yuqoslaviya ərazisinin xeyli hissəsini alman işğalçılarından azad etmişdilər.

Partizanların döyüş taktikasında müxtəlif sxemlərdən, tələ qurmaqdan və yalandan istifadə olunurdu. Uinston Çörçillin dediyi kimi, “Müharibə dövründə həqiqət o qədər qiymətlidir ki, o, daim yalanlar cangüdəninə yaxınlaşacaqdır”. Qüdrətli dövlətlər tərəfindən çox vaxt vahid bir taktikadan istifadə olunur. Belə gizli hərəkətlər “saxta bayraq əməliyyatları” kimi tanınır. Bu termin hərbi praktikadan götürülmüşdür. Saxta bayraq əməliyyatı bir çox formalarda - terrorist hücumlarında, hərbi hücumlarda, diversiya və ya sabotaj hərəkətlərində ola bilər.

Tarixi nümunələr göstərir ki, saxta bayraq əməliyyatında onda iştirak edən kiçik azlıq üstünlük qazanır, ona görə də həmin azlıqlara qarşı sərt tədbirlər görülür, hər cür bəhanələrə əl atılır. İmperator Neron ölümündən 4 il əvvəl, 64-cü ildə Romada yanğın törətmişdi, ancaq günahı təqib etdiyi xristian icmasının üzərinə yaxmışdı və bundan onlara qarşı daha qəddar təqiblər görmək üçün istifadə etmişdi. Bu dalğada apostol Pavel 67-ci ildə Romada edam edilmişdi.

1979-1989-cu illərdə Sovet-Əfqan müharibəsində sovet qoşunları məğlubiyyətə düçar olub, ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Pakistanın köməyi ilə əfqan döyüşçülərindən və minlərlə ərəb könüllülərindən qorxulu döyüş birlikləri yaradılmışdı. ABŞ bu müharibəyə birbaşa girməsə də, əfqanlara ildə 600 milyon dollar məbləğində pul xərcləyirdi. Amerikanlar “Stinger” silahını əfqanlara verdikdən sonra rusların hava üstünlüyü yoxa çıxmış, çox sayda təyyarə və helikopterləri məhv edilmişdi. Birinci Dünya müharibəsində pulemyotun canlı qüvvəyə vurduğu zərbəni, indi əfqanların sərəncamında olan “Stinger” silahı isə rusların hərbi-hava qüvvələrinə yönəltmişdi.

Böyük filosof Volter deyirdi ki, əgər Allah olmasaydı, insanlar onu yaradardı. Dövlətlər də daxili problemlərlə üzləşdikdə, böhran vəziyyətinə düşdükdə daim hansısa xarici ölkənin, əsasən, qonşusunun timsalında özünə düşmən tapır və xalqın şüurunu həmin düşmənə qarşı yönəltməklə, daxili problemlərin bütünlüklə, ya qismən yaddan çıxarılmasına nail olur. Xarici düşmən daxildə qruplara bölünmüş, hakimiyyətdən narazı qalanları bir-birləri ilə barışdırır, onların arasında əvvəllər mövcud olmayan qəribə bir həmrəylik ruhu, atmosferi yaranır.

SSRİ rəhbərliyi daxili problemləri unutdurmaq üçün xarici təhlükə ehtimalını daim şişirdirdi və xalqın əksəriyyəti də bu təbliğata inanır, çətinliklərə izah olunmayan bir mərdliklə dözürdü. Ümumiyyətlə, düşməni yaratmağın başlıca səbəbi cəmiyyətin diqqətini daxili problemlərdən yayındırmaqdır. Əgər düşmən yoxdursa, o, hökmən icad edilməlidir. Hətta sülhsevər insanların çoxunu doğma millətini müdafiə etmək naminə müharibəni dəstəkləməyə döndərmək olur. Ermənistan bu qaydada əhalisinə qonşularına qarşı düşmənçilik və nifrət hissləri aşılayır, uşaqlarını da türklərə, azərbaycanlılara qarşı belə nifrət ruhunda tərbiyə edir. Ona görə də hakimiyyətə müxalif olan qüvvələr də onun təcavüzkar siyasətinə nəinki qarşı çıxmır, hətta ona gur dəstək verdiyini bildirir.

 Vaşinqton Reyqanın SSRİ-nin şər imperiyası olması barədəki bədnam bəyanatının indi bir qədər şəklini dəyişdirmişdir və Avropa dövlətlərini Rusiyanın şər mənbəyi olduğuna inandırmağa çalışır ki, onlar hökmən antirusiya siyasəti aparsınlar. Polşa və Pribaltika respublikaları bu məsələdə özlərini ekstaza düşmüş şamanlar kimi aparır, Rusiyanı günahlandırmaq üçün İkinci Dünya müharibəsinin başlanması əhvalatını və nəticələrini təftiş edir, tarixi saxtalaşdırmağı özləri üçün fəaliyyət sahəsi sayırlar. Biabırçılıq o yerə çatmışdır ki, 2019-cu ilin sentyabrında Latviyada keçirilən tədbirdə SS (alman dilində CC kimi yazılır) qüvvələrində xidmət edən latışlar milli qəhrəman kimi xatırlanmışlar.

Düşmənçilik, şişirdilən qorxu militarizmin geniş vüsət almasına şərait yaradır. Səudiyyə Ərəbistanı İrandan qorxduğundan dünyanın silah idxalında ikinci yeri tutur. Birinci yeri isə Hindistan tutur, bu ölkənin əhalisi Səudiyyə Ərəbistanınkından 40 dəfə çoxdur. 10 milyondan az əhalisi olan Birləşmiş Ərəb Əmirlikləri isə ən iri silah satın alanlar arasında dördüncü yerdədir.  

Böyük yalan və həqiqət        

İctimai rəy həmişə mühüm əhəmiyyət kəsb etmişdir. XX əsrdə isə təbliğat ictimai rəyi formalaşdırmağa yönəlmiş və bu sahədə ağılasığmayan nəticələr qazanmışdır. Mussolini və Hitler təkcə qara və ya qəhvəyi köynəklilər, hücumçu dəstələrinin köməyi ilə hakimiyyətə gələ bilməzdilər, onlar güclü təbliğat maşını yarada bilmişdilər, populist iddialar adamların şüuruna hakim kəsilirdi. SSRİ totalitar cəmiyyət kimi xalqı tam qapalı şəraitdə saxlayırdı, hətta elmin yenilikləri barədədə informasiyanın yoxluğundan sovet adamında heç bir məlumat olmurdu. Adamlarda elə təsəvvür yaranırdı ki, guya mədəniyyətin, incəsənətin etalonu öz ölkəsidir, sovet xalqı dünyanın ən xoşbəxt xalqıdır. Kinofilmlərdə adamların kasıb həyatına elə bəzək-düzək verilirdi ki, tamaşaçı reallıqdan tam xəbəri olsa da, vəziyyətdən razı qalmağa başlayırdı.

Müasir dövrdə də ürəklərin və ağılın fəth edilməsi artan dərəcədə həlledici amilə çevrilir. Demokratiya populizmin və demaqogiyanın geniş yayılmasına şərait yaratdı, seçkiqabağı kampaniyada iştirak edən partiyalar və onların hər cür fırıldaqdan baş çıxaran liderləri xalqa yalan vədlər verməklə, seçkidə uğur qazanmağa çalışır və buna müvəffəq də olurdular. 1992-ci ildə Azərbaycandakı prezident seçkilərində namizəd olan, əvvəlki prezidentin guya elm adamı kimi populyarlıq qazandırdığı bir adam  televiziya ilə çıxışlarında yağı və şəkəri, total qıtlıq və ehtiyac içərisində olan bir ölkədə su qiymətinə satdıracağını vəd edirdi. Və kütlə də belə sərsəm bəyanatlara inanıb, ona səs verirdi və onun seçkilərdə qalib gəlməsi ehtimalı heç də az deyildi. 

(Ardı var)

 





13.07.2020    çap et  çap et