525.Az

"Bütün güzgülərdən acığım gəlir..." - Adil Cəmilin şeirləri


 

"Bütün güzgülərdən acığım gəlir..." - <b style="color:red">Adil Cəmilin şeirləri </b>

Tanrı qəzəbinə gəldi yer üzü

Bir bəla yetişib bəşəriyyətə
Nə elmə bəllidir, nə şəriətə,
Nə şaha rəhm edir, nə rəiyyətə -
Tanrı qəzəbinə gəldi yer üzü.

Qaldı su altında kiçik adalar,
Tufanda boğuldu səslər, sədalar.
Elə çoxaldı ki, haramzadalar
Tanrı qəzəbinə gəldi yer üzü.

Xeyir öz yerini şərə verəndə,
İblisin əkdiyi bəhrə verəndə,
Avropa oğlunu ərə verəndə
Tanrı qəzəbinə gəldi yer üzü.

Allahı yadına salmayan bəndə
«Ayətül-kürsü»nü oxuyur gündə.
Bu hansı millətdir və hansı dində?!
Tanrı qəzəbinə gəldi yer üzü.

Adam bu azardan qoruna bilmir,
Düşünmə: hardasan korona bilmir...
Bu dünya başqa cür darana bilmir,
Tanrı qəzəbinə gəldi yer üzü.

Bu azar sarımsaq, soğana baxmır,
Qocaya, uşağa, cavana baxmır.
Ona yazıq-yazıq baxana baxmır,
Tanrı qəzəbinə gəldi yer üzü.

Subaylar əlindən tutandan qorxur,
Evlilər yanında yatandan qorxur,
Ay Adil, adamlar adamdan qorxur,
Tanrı qəzəbinə gəldi yer üzü.

Hamısı yuxu

Havayı yağmayıb saçıma bu qar,
Gələn yaş dərd verir, sər verir mənə.
Bir zaman qəlbində yer verən qızlar
İndi də metroda yer verir mənə.

Qulağın qidası yaxşı musiqi,
Gözün də qidası gözəllikdədir.
Təzədən görəndə köhnə aşiqi
Görərsən baharı xəzəllikdədir.

Ay ömür, nə yaman tez gəlib-getdin,
Sən demə bu ömrün yarısı yuxu.
Cavanlıq deyilən ilğımda itdim,
Sonra nə yaşadım - hamısı yuxu.

Əsa

Satışda əsa gördüm,
Beynimdə nəsə gördüm.
Gördüm ki, qocalmışam
Haya gəlib bu çəlik.
Onun «ayağı» ilə
Gedişim bir küçəlik.
Sonra da düşündüm ki,
Bu da bir şərəf olar -
Qocalıb büdrəyəndə
Əsayla tapışasan,
Ögey ayağın ilə
Torpaqdan yapışasan...

Bu payız

Saralıb, sozalır yamyaşıl dağlar,
Cığırda payız var, çəhlimdə payız.
Dəymiş yarpaqlara dəysə barmağım
Ovulur, sovulur əlimdə payız.

Durna qatarında qatarım gedir,
Məni ayrılığa atanım gedir.
Solur - bağım gedir, bostanım gedir,
Həsrət nəğməsidir dilimdə payız.

Fəsil dəyişəndə ayrısı gəldi,
Uçdu kəpənəyi, arısı gəldi.
Bu payız ömrümün payızı gəldi -
İçimdə payızdır, çölümdə payız.

Yaşamaq

Vallah yaşamaq deyil
Elə-belə yaşamaq.
Ağırdan ağır olur
Beldə şələ yaşamaq.

Olum müvəqqətidir,
Ölüm isə qətidir.
Məcnunluq xislətidir
Düşüb çölə yaşamaq.

Ağı boza döndərər,
Çoxu aza döndərər,
Səni buza döndərər
Yayda çilə yaşamaq.

Yıxılsan sağ, solundan
Kimsə tutmaz qolundan.
Səni eylər yolundan
Yolda tələ - yaşamaq.

Nə qiymət var nə qədir,
İllər ömürdən gedir.
Pərvanə bilər nədir
Dönüb külə yaşamaq.

Yatan bir gün ayılır -
Günlər qalıb sayılı.
Olmur ki, əzrayılı
Tutub dilə yaşamaq.

Qürurlu qapı döyməz,
Kimsəyə boyun əyməz.
«Bir azad günə dəyməz
Yüz il kölə yaşamaq».

Ər olanlar ərimiş,
Xislət qana yerimiş.
Ölməkdən çətin imiş
Ölə-ölə yaşamaq.

Qismətin olmasa

Həyatdır, qatıldım çox oyunlara,
Oyunbaz görmədim bu fələk kimi.
Məni dönə-dönə çəkərək dara
Fırlatdı əlində çərpələng kimi.

İnsan rəzalətlə razılaşanda,
Yumşalıb, yuxalıb quzulaşanda
Elə o məqamda, elə o anda
Dərd gələr üstünə şir-pələng kimi.

Qismətin olmasa əl boşa çıxar,
Naxışı tutanlar tez başa çıxar.
Ömür-gün ələnər, çıxdaşa çıxar,
Qalar nəzərində boş ələk kimi.

Bağlı qapılara ümiddir açar,
Ay, Adil, bir kimsə qalmasın naçar.
Yaralı sinədə dərd çiçək açar
Yağışdan sonrakı göbələk kimi.

Məni qınamayın

Bütün güzgülərdən acığım gəlir -
Təpir gözlərimə qocalığımı.
Yaralı qəlbimdən aça bilmirəm
Yaşın bağladığı qəm sarığımı.

Bütün küləklərdən xoşum gəlməyir -
Ya Cənubdan əssin, ya da Şimaldan.
Onun əsiminə meh necə deyim -
Bu külək adamı salırsa haldan.

Bütün sevənlərə yazığım gəlir -
Keçirlər ürəyin imtahanından.
Amma ki, dünyamız sevilərdimi
İnsan doğulmasa sevgi qanından?!

Bütün ayrılıqlar ölümdən betər
Adamı şam kimi əridəsidir.
Göy üzü yavadır uçan ruhlara,
Yer üzü ayrılıq xəritəsidir.

 





13.07.2020    çap et  çap et