525.Az

Botanika İnstitutunun ekspedisiyaları və əldə olunan nəticələr - Fotolar


 

Botanika İnstitutunun ekspedisiyaları və əldə olunan nəticələr - <b style="color:red">Fotolar</b>

Respublikamızın botanika mərkəzi olaraq fəaliyyət göstərən AMEA Botanika İnstitutu iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi ilə bağlı müasir çağırışların həlli istiqamətində beynəlxalq elmi cəmiyyətə inteqrasiya edərək dünyadakı aparıcı xarici tərəfdaşları ilə birlikdə elmi tədqiqatlar aparır.

Təhlükə altında olan, faydalı bitki növlərinin mühafizəsi məqsədilə İngiltərənin Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birlikdə həyata keçirilən "Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı" layihəsi də bu fəalliyətin bir nümünəsidir.

Son illər qlobal miqyasda müşahidə edilən ətraf mühit dəyişiklikləri Azərbaycanda  unikal bitkilərin mövcudluğu üçün dönməz bir şəkildə təhdid hesab edilə bilər. İntensiv antropogen fəaliyyət (neft hasilatı, rekreasiya, infrastrukturun genişləndirilməsi) bitki örtüyündə "qırmızı" kritik zonaların yaranmasına gətirib çıxarıb ki, bu da öz növbəsində bəzi bitki növləri üçün itmə təhlükəsi yaradıb. Ölkəmizin florası qiymətli dərman, qida və dekorativ kimi faydalı, eləcə də endem və relikt bitki növləri ilə zəngindir. Bu kimi növlərin gələcək nəsillər üçün qorunub saxlanılması, çoxaldılması və elmi-tədqiqat işlərinin aparılması məqsədilə onların toxumlarının toplanılması ilə ex situ mühafizəsinin təşkilindən əvvəl çoxsaylı monitorinq işlərinin aparılması zəruridir.

Cari ilin yaz-yay aylarında AMEA Botanika İnstitutunun əməkdaşları - Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru N.Mehdiyeva, Herbari şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru P.Qaraxani, Toxum Bankı sektorun müdiri A.İbrahimova, biologiya üzrə fəlsəfə doktoru R.Abdıyeva, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru K.Əsədova, elmi işçi Nigar Mürsəl gənc magistrant və doktorantlardan ibarət qruplarda məqsədli toxum kolleksiyalarının toplanılması  üzrə ölkənin müxtəlif rayonlarında çöl şəraitində aparılan ekspedisiyalarda iştirak ediblər. Böyük Qafqaz dağ silsiləsinin dağlıq və dağətəyi ərazilərini əhatə edən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, Kür-Araz ovalığında yerləşən Kürdəmir rayonu və Abşeron rayonu ərazisində vaxtaşırı monitorinq və araşdırmalar aparılıb.

Təhlükə altında olan, faydalı nadir bitki növlərinin mühafizəsi məqsədilə həyata keçirilən, yuxarıda adıçəkilən beynəlxalq layihə çərçivəsində cari dövr üçün hədəf siyahı hazırlanıb. Daha sonra bitki növlərinin çiçəkləmə və meyvəvermə dövrü, yayılma əraziləri, endemizm və təhlükə altında olması, faydalı xüsusiyyətləri və s. bilgiləri əhatə edən məlumat bazası tərtib edilib. Beləliklə, cari ildə layihə üzrə mart-iyul aylarında Azərbaycanın yuxarıda qeyd edilən rayonlarında aparılan çöl işləri zamanı 21 bitki növünün toxum, herbari və çöl məlumatları toplanıb, onlara şəkil və  digər materiallar əlavə olunub.

Bununla yanaşı, olkəmizin 5 rayonu üzrə 26 nadir bitki növünün 40 senopopulyasiyası tədqiq edilib, onların müasir vəziyyəti və mühafizə statusu qiymətləndirilib. Tədqiqatlar müxtəlif meşə massivlərində müəyyən edilmiş pilot sahələrində aparılıb. Bu zaman 300-ə qədər herbari nümunəsi yığılaraq təyin olunub və İnstitutun mövcud herbari kolleksiyasının zənginləşdirilməsi və gələcək tədqiqatların aparılmasında istifadə olunması məqsədilə xüsusi şəraitdə saxlanılıb.

Ekspedisiyalarda müşahidə olunan karantinin təbiətə təsirinin mühüm fenomenini xüsusilə qeyd etmək lazımdır: antropogen yüklənmənin azalması (əhali tərəfindən dərman və qida bitkilərin toplanması, taptalanma və s.) əvvəlki illərdə az qala yoxa çıxan bəzi nadir növlərin çoxalmasına səbəb olub. Məsələn, Limodorum abortivum  (L.) Sw., Phelypaea coccinea (M. Bieb.) Poir. və digər bu kimi təhlükə altında olan növlərin əvvəlki illərə nisbətən fərdlərinin sayının artımı müşahidə edilib.
Lakin bəzi bitki növlərinin sayına təbii mühitdə hələ də az sayda rast gəlinir. Layihə çərçivəsində Azərbaycanın bir endem bitki növünün (Calligonum bakuense Litr.) və Qafqazın üç endem bitki növlərinin (Galanthus caucasicus (Baker) Grossh., Tulipa eichleri Regel və Iris carthaliniae Fomin) toxumları toplanılıb. Digər toplanılmış bitki növləri isə təhlükə altında olaraq,  Azərbaycanın Qırmızı Kitabının 2-ci nəşrinə daxil edilib. Bəzi növlərin yeni yayılma arealları monitorinqlər və müşahidələr zamanı müəyyənləşdirilib.

COVID-19 həyatımızın bütün aspektlərinə ciddi mənfi təsirinə baxmayaraq, insanların həyatının əsasını təşkil edən bitki örtüyünün mühafizəsi üzrə Botanika İnstitutunun alimləri bu mühüm işi davam etdirirlər. Eyni zamanda, bu səylər dövlətimizin dəstəyi olmadan mümkün olmazdı. Dövlətimiz bizə bu qeyri-müəyyən vaxtlarda missiyamızı davam etdirməyə, maddi cəhətdən təmin etməyə və mənəvi cəhətdən bizi dəstəkləməyə daim kömək edir.

Qeyd edək ki, alınan nəticələrlə bağlı AMEA Botanika İnstitutu tərəfindən həmin beynalxalq proqram üzrə tərtib edilən tərəfdaşlıq hesabatı uğurla qəbul olunub.

Validə ƏLİZADƏ
AMEA Botanika İnstitutunun direktoru, akademik

 





13.07.2020    çap et  çap et