525.Az

Bir nəğməlik əbədiyyət - Şahanə Müşfiqin araşdırması


 

Bir nəğməlik əbədiyyət - <b style="color:red">Şahanə Müşfiqin araşdırması </b>

Yəqin hər bir azərbaycanlıdan milli kinomuzu soruşsaq, ən tez xatırlananlar və ən çox sevilənlər sırasında "Ögey ana" filmi ön cərgədə olacaq. Rejissor Həbib İsmayılovun 1958-ci ildə çəkdiyi film elə ilk nümayişindən tamaşaçıların marağını, sevgisini qazanır. Prokata çıxdığı zaman filmə 21,8 milyon tamaşaçı baxır. 1959-cu ildə Kiyevdəki Ümumittifaq Kino Festivalında film Üçüncü mükafat alır.

Həbib İsmayılov, Anna Yanın ssenarisi əsasında çəkilən filmdə yeni ailə münasibətlərindən, tərbiyə məsələlərindən, ögey ananın (Nəcibə Məlikova) doğmalığından, onu ana kimi qəbul etmək istəməyən balaca İsmayılın (Ceyhun Mirzəyev) kövrək qəlbini məhəbbətlə, xeyirxahlıqla necə ələ ala bilməsindən söhbət açılır. Filmdəki hadisələr Azərbaycanın İsmayıllı rayonunun Buynuz kəndində cərəyan edir.

"Ögey ana" filmi həm də kadr arxası bir sıra maraqlı faktları ilə özəldir. Məsələn, film ölməz aktrisa, bir-birindən maraqlı və nadir rolların ifaçısı Nəsibə Zeynalovanın kinoda ilk işidir. Filmdə bir epizodda Cəmilə ilə İsmayıl çayı keçərkən ikisi də suya düşürlər. Bu səhnə oktyabr ayında çəkildiyindən və beş dublda təkrar olunduğundan hər iki aktyor soyuqlayıb qızdırmışdı. Cəmilənin otağına yarasa girməsi səhnəsinin çəkilişlərində həm oyuncaq, həm də həqiqi yarasadan istifadə etmişdilər. Cəmilə rolunun ifaçısı, balaca aktrisa Sevinc Axundova əslində, yarasadan qorxmasa da, Cəmilənin qorxu səhnəsini böyük ustalıqla canlandırıb.

İsmayıl rolunda Ceyhun Mirzəyevi bəzi səhnələrdə dublyor əvəz edib. Belə ki, aktyor təhlükəli epizodlarda yer almayıb. Rejissorun orta məktəbləri gəzərək Ceyhuna bənzədiyi üçün seçdiyi, İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev Ceyhun Mirzəyevin dublyoru olub.

Filmin kadrlarından 1993-cü ildə İsmayılın ekran həyatının davamı olan "Fəryad" filmində istifadə olunub.

Unudulmaz səsin sirli sahibi...

Ən azı "Ögey ana" filminin özü qədər məşhur olan bir mahnı var. Filmdə İsmayılın oxuduğu həmin mahnı bu günə kimi az qala hər kəsin dilinin əzbəridir. Bu, hamımızın sevərək dinlədiyi "Kəndimiz" mahnısıdır.

Yurdum, yuvam, ay əziz kəndimiz,
Azad, abad, a gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar...
Yaşıl meşəli, ömrüm nəşəli,
Sevirəm səni, gözəl kəndimiz... 

Səmimiliyi, yadda qalan sözləri, şux bəstəsi ilə Azərbaycan musiqi sənətində də özünün layiqli yerini tutan bu mahnını kiçikdən böyüyə kim bilmir ki?! Zeynal Cabbarzadənin sözlərinə Tofiq Quliyevin bəstələdiyi mahnının bizim gördüyümüz ifaçısı İsmayıl, yəni Ceyhun Mirzəyevdir. Bəs o səsin əsl sahibini tanıyırıqmı?

"Kəndimiz" mahnısının filmdəki ifaçısıyla bağlı hər zaman çox söz-söhbətlər olub. Kimisi bunu ölməz sənətkarlar Şövkət Ələkbərovanın, Nərminə Məmmədovanın oxuduğunu, kimisi isə səsin elə Ceyhun Mirzəyevə aid olduğunu idda edirdi. Həqiqət isə başqadır...

"Ögey ana" filmindəki məşhur "Kəndimiz" mahnısının əsl ifaçısı Məsumə Atamova olub. Düzü, bu mahnını Şövkət Ələkbərovanın oxuduğu haqdakı iddiaları eşidəndə də bu səsin bir xanıma aid olduğuna inanmamışdım. Əminəm ki, mənim kimi çoxları buna inanmırdı. Amma sən demə, həqiqətən də səs bir qızcığaca aid imiş.

"Ögey ana" filmi və "Kəndimiz" mahnısı bütün ömrü boyu oxumaq, müğənni olmaq arzusu ilə yaşayan bir qızcığazın ilk və son işi idi. Nə ona qədər müğənni idi, nə də ondan sonra müğənni oldu.

Qadağalar qurbanı...

Məsumə Atamova ilə bağlı həqiqət illərlə mətbuatdan, tamaşaçıdan gizli qalıb. Kimsə "Kəndimiz" mahnısı ilə bağlı o sirri bilməyib. Son illərdə mətbuata aydın olan bu həqiqətlə birgə həm media nümayəndələri, həm də tamaşaçılar Məsumə Atamovanı tanıdılar. O, həyatı, bu mahnını ifa etməsi və sonrakı fəaliyyəti haqqında illərdən sonra ilk dəfə danışdı.

Məsumə Atamova Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə, sənətə xüsusi sevgisi ilə seçilib. Ta kiçik yaşlarından qonşu uşaqlarını yığıb mahnılar oxuyar, onlar üçün kukla tamaşaları, kiçik səhnəciklər göstərərmiş. Onun özünəməxsus səsi də çoxlarının diqqətini özünə cəlb edib. Amma bu arzusu elə arzu, həvəs olaraq qalıb. Sərt xasiyyətli atası ona heç vaxt musiqi ilə məşğul olmağa imkan verməzdi. Vermir də. Çünki o dövrdə qız uşağının oxumağı ayıb sayılırdı. Zərif cinsin nümayəndələrinə qarşı daha çox basqı və qadağalar vardı. Məsumə Atamovanın istedadı da o qadağaların növbəti qurbanlarından biri idi.

"Kəndimiz"də başlayıb,
"Kəndimiz"lə bitən yol...

Amma görünür, istedadı həmişəlik gizləmək olmurmuş. Məsumə Atamovanın da musiqi sevgisi ömründə bircə dəfə onun önündə yaşıl işıq yandırır. Belə ki, o, yeddinci sinifdə oxuyarkən məktəbdəki rus dili müəllimi uşağın istedadını və həvəsini görüb atasından onu o vaxtkı "Pionerlər evi"nə yazdırmaq üçün xahiş edir. Atasının razılığından sonra "Pionerlər evi"nə yazılan Məsumə orda məşhur musiqiçi, bəstəkar Əfsər Cavanşirovdan dərs alır.

Məsumə xanım həmin günləri mətbuata müsahibəsində belə xatırlayırdı: "Hər şeylə maraqlanan, hər bir şeyi bilmək istəyən bir uşaq idim. Həmkarlarımdan bu xüsusiyyətimə görə seçilirdim. Filmin bəstəkarı Tofiq Quliyev Əfsər müəllimə zəng edib, film üçün uşaq səsi istəyib. Əfsər müəllim məni Tofiq Quliyevin studiyasına göndərdi. Studiyada mənə qulaq asan Tofiq Quliyev səsimə vuruldu. Həmin o mahnını mən böyük estrada orkestri ilə, mikrofonsuz oxudum. Hamı kənardan dayanıb, təəccüblə mənə baxırdı. "Kəndimiz" mahnısı uşaq üçün çox çətin mahnı idi. Orada elə boğazlar var idi ki, oxumaqda çətinlik çəkirdim. Amma nəticədə gözəl bir mahnı alındı".

Məsumə xanım filmin baş rol ifaçısı Ceyhunu da əvvəldən tanıyırmış, iki uşağın çox yaxşı ünsiyyəti olub. Ceyhun məktəbdə ondan bir neçə sinif aşağıda oxuyub. Hətta balaca qızcığaz Ceyhuna yaxşı mənada qibtəylə də baxarmış ki, o, kinoya çəkilir. Oğlan isə ona deyərmiş ki, mən kinoya çəkilirəm, sən də oxuyursan. Ceyhun onun səsini də çox bəyənərmiş, hər onu görəndə səsini tərifləyərmiş. Çünki özünün mükəmməl aktyorluq qabiliyyətinə baxmayaraq, səsi olmayıb. İllər sonra onlar qarşılaşanda da Ceyhun onu sənətə gətirmək istəyib: "Uzun illər sonra mən "Beşmərtəbə"də Ceyhunla rastlaşdım. O, məni filmlərində həm aktrisa, həm də müğənni kimi görmək istədiyini bildirdi. O zaman da qayınanalı-qayınatalı evdə idim. Qorxurdum ki, birdən razılıq verərəm, onlar etiraz edərlər".

Nəinki sonradan, heç həmin filmdə belə aktrisa kimi çəkilmək şansını dəyərləndirə bilməyib Məsumə xanım. Onu həmin vaxt "Ögey ana" filmindəki uşaq obrazlarından birinə çəkilmək üçün dəvət də ediblər. Ancaq ailəsinin etirazlarını bildiyindən qəbul etməyib.

Ömür boyu peşmanlıq

"Kəndimiz" mahnısı ilə Məsumə Atamovanın ifaçılıq karyerası başlamadan bitir. Sonradan ailə həyatı qurur, iki qızı, yeddi ildən sonra isə bir oğlu dünyaya gəlir.  Beləliklə, Məsumə xanım ömrünü ailəsinə, övladlarına həsr edir, başı onları böyütməyə qarışır, müğənnilik, musiqi yaddan çıxır. Amma atasından fərqli olaraq, həyat yoldaşı onu sənətdən qoparmaq fikrində olmur. Dəfələrlə ona əgər istəyirsə, oxuya biləcəyini deyir. Amma Məsumə xanım evdə özü üçün oxumaqla yetinir.

Bir müsahibəsində bu qərarından çox da peşman olmadığını deyir: "Xeyr, xanəndə olmağıma peşman deyiləm. O da bir həvəs idi. Müğənnilər bir-birlərinin yolunu bağlayırlar. Allah bilir ki, müğənni olsaydım, nə qədər düşmənim olardı. Müğənnilər var ki, 100 mahnı oxuyur, heç biri yadda qalmır, amma mən bir mahnı ilə tarixə düşmüşəm. Mənim gözəl ailəm var. Allah onları mənə çox görməsin. Amma bəzən də fikirləşirəm ki, cavan olsaydım, heç bir qadağaya baxmayıb, sənətin dalınca gedərdim. Həftədə 3 dəfə "Ögey ana" filmini efirdə göstərirlər. "Kəndimiz" mahnısını eşidib kövrəlirəm, yaşımı belə unuduram, hərdən bir zümzümə ilə özümü sakitləşdirirəm. Mən öləndən sonra da bu mahnı yaşayacaq".

Burda peşman olmadığını desə də, başqa bir müsahibəsində çox peşman olduğunu, sonralar dəfələrlə "kaş ki, oxuyaydım, kaş ki, bu sənəti davam etdirəydim" dediyini etiraf edir. Amma nə yazıq ki, o, özü də başa düşürdü sonrakı peşmanlığın fayda vermədiyini.

"Ögey ana" filminin ilk dəfə nümayiş olunandakı sevincini də xatırlayırdı Məsumə xanım: "Özüm özümə inanmırdım ki, mən studiyada olmuşam, mahnı ifa etmişəm və o mahnı filmdə səslənir".

Son akkordlar...

Dediyimiz kimi, Məsumə xanım ekranlara gəlmədən, ekrandan birdəfəlik uzaq düşmüşdü. Üç övlad, səkkiz nəvə sahibi olan xanım oğlunun ailəsi ilə yaşayırdı. Bir neçə il öncəyə qədər onun haqqında heç bir məlumat yox idi. Sonradan isə onun varlığı üzə çıxarıldı, telekanallar onunla müsahibə edib ictimaiyyətə tanıtdılar. Belə demək mümkündürsə, onun "efir həyatı" təxminən 60 ildən sonra başladı. Amma nə yazıq ki, çox qısa çəkdi. Çünki Məşhur "Ögey ana" filmindəki "Kəndimiz" mahnısının ifaçısı Məsumə Atamova iyulun 7-də uzun sürən ağır xəstəlikdən dünyasını dəyişdi, qəlbində yaşatdığı bir ömürlük musiqi həsrəti və peşmanlıqlarını da özüylə birgə aparıb köçünü sürdü bu dünyadan.

Yuxarıdakı sözlərində, əslində, çox haqlı idi mərhum xanım. İnsanlar var ki, illərlə bir sənətdə külüng döyərlər, amma özlərindən sonra bir nişanə, onları xatırladacaq bir iz qalmaz. Məsumə Atamova isə "Kəndimiz" mahnısındakı ifası ilə əbədi olaraq həm Azərbaycan milli kinosunun, həm də musiqi sənətinin tarixində yaşayacaq. "Ögey ana" filmi və "Kəndimiz" mahnısı durduqca, onun əsl ifaçısı da xatırlanacaq və rəhmətlə yad ediləcək!

 





14.07.2020    çap et  çap et