525.Az

Biz nəyə gülürük?.. - Aytac Aslanın yazısı


 

Biz nəyə gülürük?.. - <b style="color:red">Aytac Aslanın yazısı </b>

"İnsanın necə gülməsindən onun tərbiyəsi, nəyə gülməsindən isə zəkası və səviyyəsi aydın olar".

Mövlana

Bir insanın, bir toplumun səviyyəsini, dünyagörüşünü müəyyənləşdirən cizgilərdən biri də onun nəyə gülməsidir. Yaşadığımız cəmiyyətdə böyük əksəriyyətin daha çox nələrə baxıb güldüyünü, nələrdən zövq aldığını təsəvvür edəndə, təəssüf ki, qəribi ağlamaq tutur. Bəli, "oxuyub güldüyünü" yox, "baxıb güldüyünü". Yəqin oxumaq tənbəli olduğumuzu bildiklərindəndir, "gülüş pərgarları" öz məhsullarını bizə mətn, əsər, kitab halında yox, məhz video halında ərmağan eləyirlər.

"Vine" ("vayn") qısa videopaylaşmalar hazırlamağa imkan verən mobil tətbiqetmə idi. Tvitterdə üstünlük təşkil edən bu xidmət bir müddət sonra rəqabətə davam gətirməyib fəaliyyətinə xitam verdi. Amma vayn özü dayanmadı,  janr kimi sosial şəbəkələrdə daha da məşhurlaşdı. Artıq bu gün vayn peşə hesab olunur. İndi qısa videogörüntülərlə, sözdən az istifadə etməklə hansısa fikri izləyiciyə çatdıran yeni peşənin adını daşıyır vayn. Bu peşə sahibləri cəmiyyətdəki mənfilikləri ironiya, gülüş hədəfinə çevirərək öz fikirlərini ictimaiyyətə çatdırmaq üçün obrazlar yaradırlar. Bu işə meyl göstərənləri "faydalı", yaxud "faydasız" olaraq iki qrupa da ayıra bilərik.

Məişətdə rastlaşdıqları əskikləri gülüş hədəfinə çevirib dərin yumorla topluma çatdıran, işinə peşəkarlıqla yanaşan videobloqerlərin də olduğu, əlbəttə, danılmazdır. Lakin əfsuslar ki, "faydasız"lar  da var və öz zövqünü onların şit, bayağı paylaşımları ilə doyuzduran izləyicilər çoxluq təşkil edirlər, həm də belələrinin sayı hər gün bir az da artır. Acınacaqlısı odur ki,  insanların mizah zövqünü, yumor hissini korşaldan bu videobloqerlər gördükləri işin komediya olduğunu düşünürlər. Halbuki ortaya çıxardıqları  videomateriallar öz bəsitliyi ilə, orta statistik izləyicini belə,  diksindirir.

Komediya - ədəbi janrdır. Onun əsasını ictimai həyatdakı və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması təşkil edir. Yəni komediya bizə rişxənd edilən hadisənin yalnız gülməli yox, həm də yanlış olduğunu çatdırır. Komediyanın qısaca tərifini verməli olsaq, ona güzgü də deyə bilərik. İstehza edilən eybəcərliyə güləndə sanki güzgüdə öz əksimizə baxıb onu məsxərəyə qoyuruq. Çünki komediya bizdən kənarda yox, öz içimizdə yaranır, bizə özümüzdə, yaşadığımız cəmiyyətdə olan çirkinlikləri göstərir. Ancaq bu gün bizə gülüş adı altında aşağı səviyyəli "zarafatlar" çatdırılır, cəmiyyətdə olan mənfilikləri lağ hədəfinə çevirib yanlış olduğunu öyrətmək əvəzinə, bu eybəcərliklər normalmış, elə belə də olmalıymış kimi təbliğ edilir.  Nə islahedici gülüş var, nə də öldürücü. Bütün çılpaqlığı ilə danışdıqları hadisənin adını "satira" qoyurlar. Bir şey ki şəffaf şüşənin içindəki su kimi bizə aydın görünür,  daha ondan nə satira oldu?

"Mən bu obrazı cəmiyyətin tələbinə görə yaratmışam", "biz insanların zövqünə görə iş görürük"  - bu cümlələr faydasız vayn çəkənlərin ən çox istifadə etdiyi bəhanələrdir. Dediklərindən belə çıxır ki, bu videolarda bir toplumu cəhalət yuxusundan ayıltmaq üçün, insanların zövqünə toxunub yaxşılaşdırmaq üçün heç bir addım atılmır. Əksinə, daha həzin səslə lay-lay deyib izləyiciləri zövqsüzlük yuxusunda yatızdırırlar. Deyəsən, elə bizim gülüşümüz Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində qaldı. Maraqlıdır, cəmiyyətin tələbinə görə bir obraz yaradırlar, amma kənarda həmin obraza islahedici və ya öldürücü gülüşlə gülən ikinci bir obraz yoxdur. Bu ikinci obraz olmadığı üçün insanlara sadəcə, bunun yanlış olduğunu yox, "gülməli" olduğunu çatdırırlar. Nəticədə, bu mənasız zarafatlara gülən insanlar məsxərəyə qoyulan predmetin heç də qeyri-etik olmadığını düşünüb, hər gün bir səviyyə daha aşağı düşürlər. Necə ki, "Ölülər" əsərində Kefli İskəndər olmasa, Şeyx Nəsrullahın xalqı cəhalətə sürüklədiyinin fərqinə varmarıq, bunu normal qəbul edərik.

Dostoyevski yazırdı ki, "gülüş, ruhun heç zaman çaşmayan aynasıdır". Lakin bu gün  komediyamızın "küçə zarafatlarına" çevrilməyinin nəticəsində mizah anlayışımızın yox olduğunun, nəyə güldüyümüzün fərqinə varmırıq. Necə deyərlər, ruhumuzun heç zaman çaşmayan aynası çoxdan çaşıb.

 





14.07.2020    çap et  çap et