525.Az

Qardaşı qızından Donald Trampa ağır ittihamlar


 

MERİ TRAMPIN YAZDIĞI KİTABDA ABŞ LİDERİ BARƏDƏ SENSASİYALI İDDİALAR YER ALIB

Qardaşı qızından Donald Trampa ağır ittihamlar<b style="color:red"></b>

Avqustda ABŞ prezidenti Donald Trampın qardaşı qızı, psixoloq Meri Trampın kitabı işıq üzü görəcək.
 
Böyük Britaniyanın "The Sun" nəşri bununla bağlı hazırladığı yazıda qeyd edir ki, kitab hazırda dünyada ən çox maraqla gözlənilən nəşrlər sırasındadır. Çünki orada dünyanın ən qüdrətli ölkələrdən birinin lideri - Donald Tramp barədə indiyədək deyilməyən sensasiyalı ittihamlar yer alıb.

Kitab işıq üzü görməsə də, orada yer alacaq bəzi məlumatlar artıq xarici mətbuatda yayımlanıb və böyük ajiotaja səbəb olub. Ona görə ki, ABŞ Prezidenti ilə qohumluq əlaqəsinə baxmayaraq, Meri Trampı kəskin şəkildə tənqid edir, hətta onun dövlət başçısı olmasını "axmaqlıq" adlandır.

Bəs, psixoloq bunu birdən-birə gündəmə gəlmək üçünmü, yoxsa həqiqətən Trampla bağlı narahatlıqlarına görəmi edir? Bunlar cavablarını gözləyən suallardır. İngilis jurnalistlər iddia edir ki, bu nəşr ABŞ Prezidentinin olan-qalan nüfuzunu da sarsıdacaq.

Kitabın "Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı" adlanacağı bildirilir. Meri burada əmisinin psixoloji vəziyyəti ilə bağlı məqamlara toxunur. O, ABŞ Prezidentinə narsist və sosiopat kimi diaqnozlar qoyur.

"The Sun" onu da yazır ki, kitabda ABŞ Prezidentinin universitet diplomu da şübhə altına alınır. Onun ali məktəbə öz biliyi ilə daxil olmadığı iddia edilir. Meri iddia edir ki, Donald rüşvət verərək öz yerinə başqa birisinin imtahana girməsini təmin edib.

Qeyd edək ki, Donald Tramp Qərbi Pensilvaniya əyalətindəki Uorton Uiversitetinin biznes fakültəsini bitirib.

Kitabda diqqətçəkən məqamlardan biri də Donald Trampın necə bir ailədə böyüməsi və ailə üzvləri arasındakı soyuq münasibətlərdir.

Meri Donaldın anasının bir müddət evi tərk etdiyini, atasının isə onun tərbiyəsində və psixoloji inkişafında mənfi rol oynadığını yazıb. O qeyd edir ki, düzgün ailə münasibətlərindən və valideyn qayğısından məhrum qalan Tramp bu səbəbdən psixoloji problemlər yaşayıb, daim eqo yarışına girən, zoru və göstəriş verməyi sevən biri olub. O, həm də qeyd edir ki, Donald Tramp atasının ucbatından dağıdıcı xarakterə sahib olub.

Meri Tramp ailəsinin korrupsiyaya necə qarışdığından da bəhs edir.

Qeyd edək ki, Meri Tramp ABŞ Prezidentinin 1981-ci ildə, 42 yaşında spirtli içkidən ölən qardaşı Fred Trampın qızıdır. Bu günə qədər gözlərdən uzaqda sakit bir həyat yaşayan Meri indi əmisinin bütün pis əməllərini ifşa edəcəyini bildirib. O, ilk dəfə 2016-cı ildə Donald Tramp ABŞ Prezidenti seçilən zaman "Twitter"dəki hesabından "Bu, həyatımın ən pis gecələrindən biridir" - tvitini paylaşmaqla diqqət mərkəzinə düşüb.

Kitabın avqustun 11-də satışa çıxarılacağı gözlənilir. Merinin bu addımının Tramplar ailəsində yeni daxili problemlər yaratdığı iddia edilir.

Natavan ABDULLAYEVA

 





14.07.2020    çap et  çap et