525.Az

Tələbə qəbulunda güzəştlər: mütəxəssis təklifləri və reallıq


 

Tələbə qəbulunda güzəştlər: <b style="color:red">mütəxəssis təklifləri və reallıq</b>

Koronavirus pandemiyası ilə əlaqədar olaraq təhsil prosesində yaranan fasilə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarına dəyişikliyi zərurətə çevirdi. Nazirlər Kabinetinin qərarı ilə IX sinif buraxılış imtahanı qaydaları,  IX və XI sinif təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul və  ali məktəblərə qəbul qaydalarında müvəqqəti dəyişikliklər edildi. 

Dəyişikliklərə əsasən, şagirdlər bir mərhələdə - imtahanın ikinci mərhələsinin modeli əsasında imtahan verirlər. Buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilib. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. Şagirdlərin imtahan verdikləri fənlərin siyahısına gəlincə, tam orta təhsil səviyyəsi üzrə ümumtəhsil müəssisələrində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması məqsədilə keçirilən buraxılış imtahanları 2020-ci ildə də, 2019-cu ildə olduğu kimi, Azərbaycan (rus, gürcü) dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. İmtahanda şagirdlərə ötən il olduğu kimi, Azərbaycan (rus, gürcü) dili fənnindən 30, riyaziyyat fənnindən 25 və xarici dil fənnindən 30 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunur. Lakin buraxılış imtahanlarının imtahan fənləri üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılaraq yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb. Belə ki, imtahanda təqdim olunan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı Azərbaycan (rus, gürcü) dili fənni üzrə 10-dan 4-ə, riyaziyyat və xarici dil fənləri üzrə isə 7-dən 4-ə azaldılmaqla ümumilikdə 24-dən 12-yə endirilib.

2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları ləğv edilib. Müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində toplanılan yekun bal əsasında aparılacaq.

Dövlət İmtahan Mərkəzi isə (DİM) edilən dəyişiklik əsasında xüsusi karantin rejiminin tələblərinə əməl etməklə iyunun 10-dan başlayaraq bütün şəhər və rayonlarda (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə hər həftə 2 dəfə olmaqla buraxılış (qəbul) imtahanları təşkil edib. İyulun 10-da isə DİM karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, həmçinin, V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçirib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar buraxılış və qəbul imtahanlarında abituriyentlərə test tapşırıqları ilə bağlı müəyyən güzəştlərin ediləcəyi, tapşırıqlarının asanlıq dərəcəsinə daha çox üstünlük veriləcəyi və açıq tipli test tapşırıqlarının sayının daha da azaldılması gözlənilirdi. Ancaq DİM abituriyentlərə test tapşırıqlarının asanlaşdırılması ilə bağlı heç bir güzəşt etmədi. Yalnız buraxılış imtahanlarında yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayını azaltdı.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, pandemiya səbəbindən abituriyentlər bu il buraxılış və qəbul imtahanlarına çox gərgin və ağır bir şəraitdə hazırlaşıblar. Bu məqamı nəzərə alıb DİM test imtahanı tapşırıqlarını asanlaşdırımaqla onlara müəyyən güzəştlər edə bilərdi: "Əhalini oxutmağa çalışmalıyıq. 17-18 yaşlı gənclərimiz 3-4 dəfə imtahan prosesindən keçir. Hər dəfə də əsəb və stress keçirir, sağlamlıqlarını itirirlər. Buna nə ehtiyac var? Bu il qəbul imtahanlarının pandemiya dövrünə düşməsi test tapşırıqlarının çətinliyi ucbatından gərginlik yaşayan abituriyentlərin stressini ikiqat artırıb. Heç olmasa pandemiya səbəbindən kifayət qədər stress keçirən abituriyentlərə güzəştlər edilməliydi. Ancaq təəssüflər olsun ki, belə olmadı".

Ş.Əsgərov dünya ölkələrində ali məktəbə qəbul prosesinə də toxunub: "Ölkələr 3 yerə bölünür - çox inkişaf etmiş ölkələr, ikinci dünya ölkələri və zəif inkişaf etmiş ölkələr. Çox inkişaf etmiş ölkələrdə orta məktəbi bitirən 100 şagirdin hamısı ali təhsilli olmaq istəyir. Universitetdə yer olmadığına görə qəbul imtahanı verirlər. Bizim kimi ölkələrdə heç qəbula ehtiyac yoxdur. Bilirsiz niyə? Çünki bizim orta məktəbi bitirən hər 100 uşağın 16-17-i ali məktəbə qəbul olur. Halbuki 100 nəfərdən 50-i ali məktəbə qəbul olmalıdır. Belə olan təqdirdə heç qəbul imtahanına ehtiyac yoxdur. Olsa da, həddindən artıq nominal bir şey olmalıdır. Bunu mən 20 ildir ki deyirəm. Cənubi Koreyada orta məktəbi bitirən hər 100 uşağın 95-i ali məktəbə qəbul olur. Orada test imtahanına ehtiyac var? Bütün inkişaf etmiş ölkələrdə belədir. Hindistanda orta məktəbi birtəhər bitirənləri instituta götürür, həm də işlədirlər".

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, pandemiya ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi ilə Nazirlər Kabinet razılaşaraq iyunun 10-dan yeni prosesə başlayıb. Bir ay ərzində həm 9-cu, həm də 10-cu sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı veriblər: "Amma keçən illə müqayisədə imtahanda kifayət qədər dəyişikliklər edildi. İlk dəyişiklik 9-cu sinifdə oxuyan şagirdlərlə bağlı idi. Bu şagirdlər 2019-cu ilə qədər imtahanı 2 mərhələli verirdilərsə, onlar builki imtahanı 1 mərhələli olaraq verdilər. Onlar hər fənn üzrə toplayacaqları bal 100, yekun olaraq isə 300 bal toplaya bilərdilər. Şagirdlər bu balla orta ixtisas təhsil müəssisələrinə, kolleclərə seçim etmək hüququna malikdirlər. 11-ci sinif şagirdləri üçün isə imtahanların ümumi məzmununda yox, formatında dəyişiklik olundu. Açıq tipli test tapşırıqlarının sayı azaldı. Ancaq sadələşdirilmədi. Əsasən imtahanda iştirakla bağlı dəyişiklik edildi. Artıq imtahan binalarında 15-dən artıq şagirdin buraxılmasına icazə verilmədi. Şagirdlər binaya daxil olanda onların istilikləri yoxlanılırdı. Temperatur olduqda isə imtahana girişi məhdudlaşdırılırdı".

K.Əsədovun sözlərinə görə, mart ayından etibarən tədris prosesinin dayanması şagirdlərin hazırlıq kursları və repetitora getməməsi onların buraxılış və qəbul imtahanı nəticələrinə də müəyyən qədər təsir göstərir: "Pandemiya vəziyyəti, eyni zamanda, hazırlıq kurslarının və repetitorluq fəaliyyətinin mövcud olmaması şagirdlərin imtahanlara daha yaxşı hazırlaşmasına maneə yaradıb. Bütün bunları nəzərə alıb abituriyentlərə müəyyən güzəştlər olunmalı idi".

K.Əsədov vurğulayıb ki, bu ildən etibarən ali təhsil müəssisələrinə, o cümlədən, kolleclərə qəbul qaydalarında yeni yanaşma tətbiq olunur. Bəzi ixtisaslara qəbulda qabiliyyət imtahanı ləğv olunub: "Bəzi ixtisaslara qəbulda qabiliyyət imtahanının ləğv olunması həmin ixtisaslar üzrə keçid ballarının artması ilə nəticələnəcək. Beləliklə, müsabiqə şərtləri də gərginləşəcək. Abituriyentlərdən müvafiq ixtisaslar üzrə daha çox hazırlıq, bilik, intellekt tələb olunacaq. Bir çox hallarda gənclər ixtisas seçimi edərkən əvvəlki illərin keçid ballarını nəzərə alırlar. Nəticədə yanlışlıqlar olur. Dediyim kimi, bu il də qəbul balları dəyişəcək. Ona görə də abituriyentlər, necə deyərlər, min dəfə ölçüb, bir dəfə biçməlidirlər".

Təhsil eksperti Məlahət Mürşüdlünün fikrincə, pandemiya vəziyyəti ilə əlaqədar mart ayından ölkədə tədris prosesi tamam dayandırılıb. Tədrisdə qeyri-standart bir vəziyyət yaranıb: "Biz bu vəziyyətə hazır deyildik. Baxmayaraq ki, qısa fasilədən sonra dərslərin onlayn tədrisinə başlanıldı. Təhsil Nazirliyi tərəfindən televiziyalar vasitəsilə teledərs, internet vasitəsilə "Virtual məktəb" onlayn dərslər  həyata  keçirildi. Ancaq biz deyə bilmərik ki, bütün şagirdlər fənlər üzrə proqram materialları tam olaraq mənimsəyib. Bəzi şagirdlər tam olaraq bu dərslərdə iştirak edə bilməyib. Xüsusən də Bakıətrafı və kənd rayonlarından yüzlərlə şagird texniki imkanların olmaması ucbatından bu dərslərdə iştirak etməyib. Çoxlu sayda müəllim belə dərslərin verməyə hazır deyildi. Məktəblərin kitabxana resurslarından istifadə imkansız idi. Eyni zamanda, internetin surətinin aşağı olması da, 20-30 dəqiqə aparılan dərsin keyfiyyətinə mənfi təsir göstərdi. XI sinif şagirdlərinin özəl və kurslarda dərs alma imkanlarının olmaması da pandemiyanın yaratdığı problemlərdəndir. Bütün bunları nəzərə alaraq DİM tərəfindən imtahanlarda yüngülləşdirici xarakter daşıyan dəyişikliklər edilməli idi. Bununla bağlı ekspertlər tərəfindən müəyyən təkliflər də verilmişdi. Amma nəzərə alınmadı".

Təhsil eksperti Elçin Əfəndi bu fikirdədir ki, abituriyentlərin imtahan nəticələri qənaətbəxş olmazsa, o zaman qrupların müsabiqəsində keçid ballarına aşağıdakı kimi güzəşt tətbiq olunmalıdır. I ixtisas qrupu üzrə: 200 deyil, 150 bal. II ixtisas qrupu üzrə: 200 deyil, 150 bal. III ixtisas qrupu üzrə: 200 deyil, 150 bal. IV ixtisas qrupu üzrə: 200 deyil, 150 bal. 150 ballıq ixtisaslar isə müvafiq olaraq 100 bala qədər endirilməlidir: "İxtisaslar üzrə formalaşacaq ballar haqqında qabaqcadan dəqiq məlumat vermək düzgün deyil. Qəbul imtahandan sonra keçid balının formalaşmasına 3 əsas amil - abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir. Ona görə də keçid balları hər il dəyişərək fərqli olur. Bu il də elə olacaq. Ancaq  pandemiya vəziyyətini nəzərə alıb bu il ballarla bağlı müəyyən güzətlər tətbiq edilməlidir".

DİM-in Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqları sadələşdirilib. Açıq tipli tapşırıqlarının sayı da azaldılıb. Başqa hansı güzəştlərin olması gözlənilirdi? Məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar. Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər: "Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Kimə güzəşt edilməlidir? Hamı eyni vəziyyətdədir. Bu şərait bütün dünyada belədir. Qaydalar hamı üçün eynidir və heç kəsə güzəşt olunmayacaq. Qəbul imtahanlarında asan, orta və çətin tipli tapşırıqlardan istifadə olunur. Ona görə də imtahan suallarının  asan  və çətinlik dərəcəsində hər hansı bir dəyişiklik nəzərdə tutulmur. Buraxılış imtahanlarında üzürlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar keçiriləcək. Ancaq qəbul imtahanları üçün belə hal yoxdur".

Keçid ballarının aşağı salınması məsələsinə gəlincə M.Abbaszadə qeyd edib ki, bunu  DİM müəyyən etmir: "Keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır".

M.Abbaszadə əlavə edib ki, 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələr 3 həftə ərzində elan olunub: "Məlumat üçün bildirim ki, işlər DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, markerlər tərəfindən yoxlanılır. İmtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır. İmtahanda istifadə olunan yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb edir və bu səbəbdən də nəticələr bir az gec elan olunub".

Sevinc QARAYEVA
Gunel ABBAS

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub

 





14.07.2020    çap et  çap et