525.Az

Kəlağayı sənətinə dair videokonfrans keçirilib


 

Kəlağayı sənətinə dair videokonfrans keçirilib<b style="color:red"></b>

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə iyulun 13-də "Müasir mədəni brendinq: kəlağayı sənəti" adlı videokonfrans keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konfransda tədbirin həmtəşkilatçısı "Azəripək" MMC-nin nümayəndələri Elvira Məmmədova və Firuzə Bədəlova ilə yanaşı, marketinq mütəxəssisləri, o cümlədən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, tarix üzrə fəlsəfə doktoru Rəna Rəcəbli, tarix üzrə elmlər doktoru İlhamə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin Strateji İnkişaf şöbəsinin direktoru Turan Süleymanov, Bakı Mühəndislik Universitetinin mütəxəssisi Tahirə Salayeva və bir sıra digər alim-mütəxəssislər öz məruzələri ilə çıxış ediblər.

Qeyd edilib ki, müasir mədəni məkanların daha çox ictimai marağa səbəb olması və daha çox auditoriya əldə edə bilməsi üçün mədəni marketinqin bəxş etdiyi imkanlardan geniş istifadə olunmalıdır. Məhz bu səbəbdən tədbir çərçivəsində mütəxəssislər tərəfindən marketinq və marketinqin tərkib hissəsi olan brendinq fəaliyyətinin müasir xüsusiyyətlərindən geniş şəkildə bəhs olunub.

Mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə müzakirələr zamanı milli mədəni brend, mədəni marketinq, təbliğat strategiyaları, müasir mədəni xidmətlər və digər mövzular ətrafında fikir mübadilələri də aparıblar.

Aparılan fikir mübadilələri çərçivəsində çıxış etmiş Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev milli mədəni brendlərin yaradılması mövzusunun mədəniyyətlə iqtisadiyyatın qovuşduğu nöqtə olduğunu bildirib. Mədəniyyət sahəsinin iqtisadiyyatı bir o qədər də inkişaf etmədiyi səbəbindən mövcud istiqamətdə mütəxəssis defisitinin mövcudluğunu bildirən A.Usubəliyev, mövzunun perspektivliyini xüsusi olaraq vurğulayıb.

Xatırladaq ki, mərkəz tərəfindən keçən ilin iyul ayında Gədəbəydə "Milli Yaylaq Festivalı" çərçivəsində Türkiyə, Rusiya və Qazaxıstan alim və mütəxəssislərinin iştirakı ilə sözügedən mövzuya həsr olunmuş "Milli mədəni brend - müasir tendensiyalar" adlı beynəlxalq konfrans, habelə təlim xarakterli layihələr reallaşıb.

 





14.07.2020    çap et  çap et