525.Az

Həsən bəy Zərdabinin heykəli harda olsun? - Sorğu


 

Həsən bəy Zərdabinin heykəli harda olsun? - <b style="color:red">Sorğu </b>

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov təklifi müsbət qarşıladığını, bunun həm Zərdabinin, həm də heykəlin yaradılmasında zəhməti olanların xatirəsinə bir sayğı nümunəsi olacağını dedi:

"Əziz dostumuz, dəyərli həmkarımız Əlirza müəllim Balayevin təklifi kifayət qədər aktualdır. Milli mətbuatımızın 145 illik yubileyi ərəfəsində belə bir təklifin meydana çıxmasını təqdirəlayiq hesab edirik. Həsən bəy Zərdabinin heykəlinin Azərbaycan Milli Ensiklopediyasının keçmiş binasının önündə olması o zaman üçün təbii idi. Ancaq ensiklopediya başqa binaya köçürülüb və əvvəlki bina isə başqa dövlət qurumuna verilib. Ümumən İçərişəhərdə çox şey dəyişib, müəyyən sıxlıq yaranıb. O ərazidə əsasən restoranlar və mehmanxanalar var. Əlbəttə, yaxşı olardı ki, heykəl şəhərin daha münasib, insanların daha çox gördüyü yerdə olsun. Bu, onun ruhuna ehtiramımız olar. Bu, eyni zamanda, Həsən bəy Zərdabini heykəlinin qoyulması təşəbbüsünü gündəmə gətirən Rəsul Rza şəxsiyyətinə və heykəli ərsəyə gətirən heykəltaraş Elmira Hüseynovanın ruhuna da sayğılı yanaşmamız olardı. Mətbuat Şurası məsələ ilə əlaqədar müvafiq qurumlar qarşısında təkliflə çıxış edəcək".

Əflatun Amaşov deputat olmayacaq - Günün Səsi- Namizədliyini vermədi

Professor Qulu Məhərrəmlinin də məsələyə münasibəti müsbətdir: "Bu təklifi çox xoş qarşıladım. Bizdə Həsən bəy Zərdabinin heykəllərinin hamısı nədənsə, namünasib, gözdən uzaq yerdədir. Akademiyanın bağında, Biologiya İnstututunun çevrəsindəki büstü də sanki ağacların arasında gizlənib. Ona görə mən hesab edirəm ki, Zərdabinin heykəli Ensiklopediyanın köhnə binasının qarşısından götürülməlidir. Həsən bəy Zərdabi Azərbaycanda ensiklopediya, yazı, çap sənəti, mətbəə yaradan, mətbuatımızın banisi, ilk xeyriyyə cəmiyyətinin yaradıcısıdır. Onun Azərbaycan ictimai məfkurəsindəki yeri, tarixi xidmətləri nəzərə alınaraq heykəli görünən yerdə, insanların nəzərini, diqqətini cəlb edəcək məkanda, elə indiki Ensiklopediya binasının qarşısında qoyulmalıdır. Çünki Ensiklopediyanın indiki binası önündən çoxlu insanlar, tələbələr keçirlər. Onlar görməli, tanımalı, onun haqqında düşünməli, bilgilər əldə etməlidirlər ki, Zərdabinin kimliyinə və bu millət qarşısındakı xidmətlərinə dərindən bələd olsunlar.

Qulu Məhərrəmli: "Orfoqrafiya lüğəti layihəsinin üç maddəsində ...

Əlirza Balayevin bu təşəbbüsünü dəstəkləyirəm və hesab edirəm ki, bu, o qədər də mürəkkəb bir iş deyil. Zərdabi elmə, elmi düşüncəyə yaxın insandır, Azərbaycanın ilk alimlərindən biridir. O, Moskva Dövlət Universitetini təbiət elmləri üzrə alim olaraq bitirib. Ona görə də hesab edirəm ki, bu, çox məntiqli, qanunauyğun və maraqlı bir təklifdir. Hər kəsin də bu təşəbbüsü dəstəkləməyini arzu edirəm".

"APA Group"un təsisçisi Vüsalə Mahirqızı isə başqa bir təkliflə çıxış edib: "Ümumiyyətlə, mənim heykəllərə münasibətim bir az fərqlidir. Düşünürəm ki, heykəllər turistlərin daha çox gəldiyi, insanların daha çox olduğu yerdə olmalıdır. Başqa ölkələrdə də belədir. İçərişəhər isə turistlərin ən çox olduğu məkanlardan biridir. İndi elə bir zamandır ki, hər kəsin yerindəcə internetə qoşulmaq və məlumat əldə etmək imkanı var. İstənilən şəxs yazıb öyrənə bilir ki, bu adam kimdir və ona niyə heykəl qoyulub? Hesab edirəm ki, Azərbaycanda hər kəs Zərdabinin kim olduğunu yaxşı bilir. Bunu daha çox xaricilərə, şəhərimizi ziyarətə gələn turistlərə tanıtmalıyıq. Məncə, heykəlin yeri o qədər də önəmli deyil. Əsas məsələ odur ki, o var, qalıb və tanınan bir yerdədir. Amma illah ki, Zərdabinin heykəlinin yeri dəyişməlidirsə, o zaman onun yeri gələcəkdə yaradılmalı olan milli mətbuat muzeyinin qarşısıdır. Təəssüf ki, bizim bu zamana qədər bir mətbuat muzeyimiz yoxdur, amma mütləq yaradılmalıdır. Əgər bir mətbuat muzeyimiz olsa, onun qarşısındakı parkda, bağda Zərdabinin heykəli qoyulsa, bu, daha çox məzmununa uyğun olar, nəinki Ensiklopediya binasının qarşısı".

Vüsalə Mahirqızı: “APA həyatımda bir imzadır” -

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyir ki, Həsən bəy Zərdabinin heykəli ən gözəl və ən uca yerlərdə olmalıdır: "Həsən bəy Zərdabi Azərbaycançılığın simvoludur. Onun heykəlinin bizim istənilən dövlət təsisatlarının, mədəni-ədəbi quruluşu olan binaların qarşısında olması məqbuldur. Onun bu xalq üçün gördüyü ən böyük, ən fövqəladə, ən əhəmiyyətli fəaliyyəti ana dilli mətbuatın əsasını qoymağıdır. Mən hesab edirəm ki, Həsən bəy Zərdabinin heykəlinin Azərbaycanda ən möhtəşəm yerlərdən birində ucaldılması daha məqbul olardı.

Akif Aşırlı: “Prezidentin atdığı addım dünya üçün örnək sayıla bilər"

Əlirza müəllimin yazısını oxumuşam, o, heykəlin Ensiklopediyanın binası qarşısında qoyulmasını təklif edir və bunu da əsaslandırır ki, vaxtilə bunu Rəsul Rza təklif eləmişdi, heykəlin hazırlanmasına da şəxsən nəzarət etmişdi. Bu da bir tarixi ənənədir. Tarixin yaşadılması üçün bunun özü də məqbul variantdır. Təklifi müsbət dəyərləndirirəm”.

Şahanə MÜŞFİQ

 





14.07.2020    çap et  çap et