525.Az

Azərbaycan BMT-nin "davamlı inkişaf məqsədləri indeksi"ndə liderdir


 

Azərbaycan BMT-nin "davamlı inkişaf məqsədləri indeksi"ndə liderdir <b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020" sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü pillədə qərarlaşıb.

Ölkəmiz 54-cü yerdə qərarlaşmaqla, bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci, Türkmənistan isə 114-cü mövqedədir. 

Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib.

Ölkəmiz "davamlı inkişaf məqsədləri indeksi"nin mümkün 100 balından 72,6-nı toplayıb.  Məlumat üçün bildirək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi" üzrə orta göstərici 70,9-dur. Hesabata əsasən, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Ölkəmizdə hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.

Bundan əlavə, bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir.

Bütün bunlar əlbəttə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılmasının ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabətqabiliyyətinin yüksəlməsini təmin etdiyini göstərir.  Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarkter daşıyır.

2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərib. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması,  əhalinin kommunal problemlərinin, o cümlədən, içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

Mövzunu şərh edən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, BMT-nin "Davamlı inkişaf hesabatı" dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur. Həm iqtisadi, həm sosial, həm də bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi, sosial göstəricilərdə baş verən dəyişikliklər hesabatda öz əksini tapır. Sevindirici haldır ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı-2020"də regionun lider ölkəsidir.

O əlavə edib ki, Azərbaycanın orta balı region üzrə və Mərkəzi-Şərqi Avropa, Orta Asiya regionu üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda Mərkəzi-Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsidir. Bu, eyni zamanda, beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır.

İqtisadçı deputat qeyd edib ki, həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişaf etdirilməsi, eləcə də dayanıqlılığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır:

"2019-cu ildə Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. O paketlər həm minimum əmək haqqı, həm də orta aylıq əmək haqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Orta aylıq əmək haqqı və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı ki, bu da xüsusən sosial indekslərin yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri və qlobal bazarlarda, o cümlədən, neft bazarında dəyişmələrin olmasına baxmayaraq, sosial layihələr icra olunmaqdadır. Sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə onu göstərir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetidir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafını davam etdirməsi üçün zəmin yaradır. İslahatlar, həmçinin, yoxsulluq səviyyəsinin kəskin azalmasına, vətəndaşlarımız üçün sosial təminat mexanizminin gücləndirilməsinə gətirib çıxarıb".

V.Bayramov əlavə edib ki, Azərbaycanın davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

PƏRVANƏ

 





14.07.2020    çap et  çap et