525.Az

Cəbhədə növbəti təxribat nəyə hesablanıb?


 

Cəbhədə növbəti təxribat nəyə hesablanıb? <b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

Görünən budur ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən, ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Bakının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.

Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda hazırkı hakimiyyətə böyük etimadsızlıq hökm sürür. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan düşünür ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadır. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.

Digər tərəfdən, Azərbaycan Ordusu dünyanın ən güclülərindən biridir və Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır, buna qadirdir.

Politoloq Elxan Şahinoğlu deyib ki, Azərbaycanla Ermənistan sərhəddindəki son insident 2016-cı ilin 4 günlük aprel savaşından sonra tərəflər arasında ilk ciddi toqquşma sayıla bilər. 4 ildən sonra Azərbaycanın pilotsuz uçuş aparatları yenə erməni hərbi məntəqələrini hədəf seçdi və Azərbaycan Müdafiə Nazirliyi bu görüntüləri 4 il bundan əvvəl olduğu kimi internetdən yaydı. Bu, sərhəddəki insidentin miqyasını göstərdi.

Onun sözlərinə görə, 2016-cı ilin aprel savaşı münaqişədə dönüş nöqtəsi sayıla bilər: "Bunu Ermənistanda anlamırlar. Ermənistan hakimiyyəti və erməni cəmiyyəti yanlış olaraq düşünür ki, Azərbaycan əbədiyyətə qədər mənasız danışıqlarda iştirak edəcək, Şuşa, Kəlbəcər və Laçının məskunlaşdırılmasına, o cümlədən, Ermənistanın baş nazirinin Şuşada "andiçmə" mərasiminin təşkilinə səbrli yanaşacaq. Əgər bunu düşünürlərsə, demək, Azərbaycan cəmiyyətini yaxşı tanımırlar. Bu təxribatlara dünyanın heç bir xalqı səbrli yanaşmaz, o cümlədən, azərbaycanlılar da. Azərbaycan Minsk Qrupu həmsədrlərinin mənasız vasitəçilyindən sonra 2016-cı ilin aprelində düyməyə basıb. Mexanizm hərəkətə gəlib və geriyə yol yoxdur".

Politoloq vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyi toqquşma zamanı itkiləri açıqlayıb: "Bu, beynəlxalq aləmə göstərdi ki, birinci atəşi Ermənistan ordusu açıb və sonrakı hadisələrə görə məsuliyyət İrəvanın üzərindədir. Ermənistanın Müdafiə Nazirliyi isə itkilər barədə hələ ki, məlumat vermir. Halbuki Ermənistanın sosial şəbəkələrindən itkilərlə bağlı müzakirələr gedir. Ermənistan hakimiyyətinin itkilərin miqyasını gizlətməkdə məqsədi indiki ağır iqtisadi və pandemiya şəratində erməni cəmiyyətinin narazılığının daha da artmasının qarşısını almaqdır. Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sərkisyanı istefaya məcbur edən səbəblər məhz 2016-cı ilin aprelində Ermənistan ordusunun uğursuzluğu və itkiləriylə əlaqəli idi. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaq istəmədiyindən itkilərin açıqlanmasına hazır deyil.

Azərbaycan işğalla barışmayacaq. Ermənistanda bir-birini dəyişən hakimiyyətlər münaqişənin həlli üçün "mərhələli həll" planını qəbul etmirlər. Demək, lokal toqquşmalar və genişmiqyaslı müharibə ehtimalı hər zaman yüksək qalacaq. Bunun qarşısını nə Rusiyadan edilən telefon zəngləri, nə də həmsədrlərin ortamı yumşaltmaq üçün yaydıqları və yayacaqları bəyanatlar ala bilər. Düyməyə basılan mexanizm hərəkətdədir".

PƏRVANƏ

 





14.07.2020    çap et  çap et