525.Az

Xoş niyyətli aksiyada təxribat törədənlərin məqsədi nə idi?


 

Xoş niyyətli aksiyada təxribat törədənlərin məqsədi nə idi?<b style="color:red"></b>

2020-ci il iyulun 14-15- də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.


Lakin təəssüf ki, bəzi qüvvələr bu məqamdan da istifadə etməyə cəhd göstərdilər. Belə ki, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.


Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib.


Bu gün isə Azərbaycan güclü bir dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız bu uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.


Digər tərəfdən, COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insnların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı.

İyulun 14-də keçirilən aksiyada məsafənin gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. Vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır. Şübhəsiz ki, bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşıyacağıq. Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq.
İnsanların kütləvi şəkildə dəfn mərasimlərinsə iştirakı və həmin yerlərdə hərbçilərlə zabitləri ilə sıx təmasları  ordu üçün də ciddi təhlükə yaradır. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini  vermiş olacaqlar.


Deputat Musa Quliyev mövzu ilə bağlı deyib ki, Ordumuza dəstək nümayişini xoş niyyətli, vətənpərvər aksiya hesab edir. İştirakçıların səsləndirdikləri Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları, əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı:

“Çox təəssüf ki, bu, təxribatsız ötüşmədi, 5- ci kalon yenə də fürsətdən istifadə edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər, binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında idilər? Bu sualın cavabını istintaq təbii ki, araşdıracaq və xalqa məlumat verəcək. Amma bu təxribat bir daha göstərdi ki, biz düşmənlə yalnız səngərdə döyüşmürük, düşmən hər yerdədir, sosial şəbəkələrdə xaricdən gələn çağırışlar da düşmən səsidir, xoş niyyətli nümayişi təxribatçı sonluğa yönəldən də, gərəksiz şüarlar qışqırıb milli mübarizəmizə başqa yön vermək istəyənlər də. Müharibə içindəyik, gərək içimizdə düşmən olmasın. Başqa bir vacib nüansı da unutmamalıyıq, koronavirus pandemiyası davam edir, karantin götürülməyib, bu şəraitdə kütləvi şəkildə bir yerə toplaşmağımız əlavə bəlalar gətirə bilər. Sanksiyalaşdırılmamış heç bir nümayiş, mitinq çağırışı olmamalıdır. Cəbhə ilə bağlı bütün informasiyalar yalnız rəsmi mənbələrə əsaslanmalıdır”.


Deputat Kamal Cəfərov isə deyib ki, iyulun 14-də bütün dünyaya göstərdik ki, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsdə, hər vətəndaşda müstəqil Azərbaycan dövlətini qorumaq, müdafiə etmək hissi hər şeydən güclüdür: “Bütün dünya iqtidar-xalq birliyinin gücünü, xalqın orduya etimadını, dəstəyini gördü. Şübhəsiz ki, biz bununla fəxr etməliyik. Lakin həmin vaxt bir qrup provakator xüsusi mühafizə olunan dövlət obyektinə qanunsuz olaraq daxil oldu, dövlət qurumunun inzibati binasını zəbt etməyə çalışdılar. Düşündülər ki, Qarabağa gedən yol Milli Məclisdən keçir. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini aşırıb, zərər yetirdilər. Jurnalistləri döydülər. Bununla da həmin şəxslər bizləri müdafiə edərkən şəhid olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik etdilər. Eyni zamanda dünən bəzi şəxslər də sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar və şərhlər paylaşırdılar. Məlum oldu ki, diviziya ilə bağlı saxta məlumat paylaşan erməni imiş. Fitnə yayan və valideynləri erməni olanların cavabını isə elə həmin şəxslərin statusların altında Azərbaycan gəncləri verib.


Sosial şəbəkələrdə yekun ictimai rəy ondan ibarətdir ki, dünənki provakatorların fəaliyyəti birmənalı pislənir, polisin fəaliyyəti dəstəklənir və ölkəmizdə xalq-iqtidar birliyi, orduya dəstək hissiyatı çox güclüdür".


Pərvanə

 

 





15.07.2020    çap et  çap et