525.Az

Lider ola bilməyən rəhbərlər - Məhsəti Musanın yazısı


 

Lider ola bilməyən rəhbərlər - <b style="color:red">Məhsəti Musanın yazısı</b>

Rəhbər vəzifədə olanların əksəriyyətində bu inam var ki, işçi ilə sərt rəftar etməli, arada kəskin məsafə saxlamalı, daim qaşqabaqlı, acıqlı, ciddi görünməlidir. Hətta bəzən insanlar hansısa direktor, müdir, idarə rəisi  haqqında  ağızdolusu danışırlar: "Filankəs əsl rəhbərdir. İşçiləri əsgər kimi sıraya düzür. Hamısı ondan qorxur".

Qorxutmaq yaxşı idarəçi, rəhbər olmaq deyil. Kimsə balasını, ailəsinin dolanışığını göz önünə alıb  hansısa haqsızlığa, təhqirə, kobudluğa susursa, tabe olursa, bu,  həmin rəhbər üçün başucalığı yox, başıaşağılıq gətirər.

Qazancı isə nifrət olar. Tələbkar idarəçi ola bilərsən, işlər hamısı qaydasında  gedə bilər, amma insan olmağı da unutmamalısan. Ümumiyyətlə, bu həyatdakı  əksər  problemlərin, çatışmazlıqların kökündə sevgisizlik dayanır. İşçi candərdi, evinə pul aparmaq üçün işləməməlidir. Kollektiv yaxşıdırsa, rəhbər  səmimi, sevilən insandırsa, işçi də o kollektivin fəaliyyətinin  yaxşı olmasına can atır. Müəssisədə ilk öncə bu, bizik, bura bizimdir fikrini aşılamaq lazımdır. İşçilər arasında ayrı-seçkilik qoyub ədavət yaratmamaq, birinin uğuruna hamının  sevinməsi üçün qazanılan hər uğuru kollektiv şəkildə qeyd etmək, müəssisənin saytında, sosial şəbəkə səhifələrində işıqlandırmaq gərəkdir. Əgər onlar arasında  paxıllıq, qısqanclıq hiss edirsinizsə, o insanlarla təklikdə söhbət aparın, onlarda yoldaşlıq, kollektivçilik fikirlərini aşılayın. Sevgi hissləri yaradın. Bəli, bu, zəhmət tələb edir. Bəli, bu, rəhbəri yorur. Bəli, bu, dərhal effekt vermir. Sən bunun üçün dəfələrlə cəhd etməlisən, ümumi  görüşləriniz zamanı  guya sadəcə yoldaş olaraq söhbət edirmiş kimi  yavaş-yavaş onun şüuraltına təsir etməlisən. Rəhbərin işi əmr verib kağız möhürləməkdən ibarət deyil. Rəhbər həm də kadr yetişdirməlidir. Onun cəmiyyət üçün, dövlət üçün  faydaylı insan olmağını qarşıya məqsəd qoymalıdır. Bilmirəm, aşağıdakıları etiraf etməyim düzgündürmü, düzgün deyilmi, amma həmişə həyatımdakı səhvləri düzəltməyimə səbəb öz gördüklərim, öz müşahidələrim olub  və bu təcrübələrimi  başqaları ilə bölüşməkdən heç vaxt çəkinməmişəm. Mən də kiçik bir müəssisədə çalışıram və düzünü deyim ki, bir ara çox yoruldum. Nə qədər olar axı... Nə vaxtadək bunların üzərində çalışacağam, yol göstərəcəyəm deyə düşündüm. "Hər kəs öz işini bilməli, vaxtında icra etməli, ətrafı ilə münasibət qurmağı  özü bacarmalıdır" fikri ilə  artıq əməkdaşlarla arada müəyyən məsafə yaratdım. Tapşırdığım işin icrasını  dərhal, heç nəyə güzəştə getmədən tələb etdim, sərt davrandım. Nəticə nə oldu? İşlər hamısı qaydasında getdi. Amma əməkdaşlarda ruh düşkünlüyü, özünəqapanma hiss etdim. Keçirdiyimiz tədbirlərdə əvvəlki əhval-ruhiyyə, şuxluq, görülən işin nəticəsi yaxşı olanda  birliyimizdən doğan sevinc hissi yox idi. Sadəcə vəzifə borcu olaraq icra edilirdi. Və biz mehriban ailədən yad  qonşulara çevrildik. Baxmayaraq ki, bəzi əməkdaşlarla yaş fərqimiz o qədər də çox  deyil, amma məni ana  kimi sevən, hər dərdini mənimlə bölüşən, məsləhət alan əməkdaşların sevgisinin azaldığını və belə davam etsə, ümumiyyətlə yox olacağını hiss etdim. Hamı mənim kimi qaşqabaqlı, qaradinməz oldu. Və mən anladım ki, kiçik bir müəssisədə yaxşı idarəçiliyin yalnız bir yolu var, o da səmimiyyətdir. Saxta rəhbər obrazını çıxarıb atdım və əvvəlki kimi  kollektivimi başıma toplayıb səhvlərini  düzəldərək, düzlərini dəyərləndirərək  yola davam etdim. Yəni özüm oldum, öz təcrübəm, öz üsulumdan istifadə etdiyim üçün  yenə də həmin xoş əhval-ruhiyyə, həmin səmimiyyət, həmin ana-bala münasibəti bərpa oldu. Müəllifini unutmuşam, amma dəftərimin küncündə nə vaxtsa qeyd etmişəm bu fikirləri: "Kim ki, hər şeyi qanun gücünə nizama salmaq istəyir - qüsurları düzəltməkdən daha çox qüsur doğurur".  Xüsusən də qeyd etdiyim kimi, kiçik kollektivlərdə  kresloya yayxanıb əmrlər vermədən, kömək edərək, istiqamət verərək, öyrədərək, birlik yaradaraq işlədikdə nəticə daha uğurlu olur. Və bu gün əməkdaşlarımız yenə də problemləri olduqda  mənə  ana, bəzən lap şirin səslənsin deyə "anne" deyə müraciət  etdikdə sanıram ki, dünya mənimdir.

Rəhbərin böyüklüyü ondadır ki, işini tərk etdikdə də rəhbər kimi sayılsın, hörmət edilsin, məsləhət alınsın, əvvəllər tabeçiliyində çalışmış insanlar onu gördükdə üzünü çevirib yolu dəyişməsin. Təəssüf ki, bəzən ta uşaqlıqdan bəri  ailədə, məktəbdə,  universitetdə əzilmişlik zədələri alan insanların əlinə kiçik, lap kiçik bir müəssisə rəhbərliyi keçəndə sanki, o illərin acısını, heyfini almağa çalışırlar. Hər addımda rəhbər olduqlarını xatırlatmaqdan, tabeçiliyində olanları əzməkdən, aşağılamaqdan zövq alırlar ki, bu da yuxarıda qeyd etdiyim kimi, keçmişdəki psixoloji zədələrin nəticəsində yarana bilir. Bu insanlar sadəcə  ya zəlzələdən, ya vəlvələdən rəhbər olurlar, amma lider olmağı bacarmırlar. Yaradıcılıqları yoxdur, gələcəyə hesablanaraq iş görə bilmirlər, onlar üçün nəticənin yaxşı olması önəmli deyil. Əsas olan odur ki, hal-hazırda o, rəhbərdir, filan qədər işçisi var, onun əmrinə tabedirlər, tabe olmayanı  qanuni və ya qeyri-qanuni şəkildə cəzalandıra, töhmət verə bilir. Əməkdaşın yaradıcı fikri, təklifi, təşəbbüsü  ilə razılaşmırlar, haqqını bilən və tələb edənlərlə prinsip aparırlar (əsas iş qalır kənarda), "Şah qanundur"  düşüncəsi  ilə iş görürlər. Belə desək, müəssisəni dədə mülkü, işçiləri isə qul-qaravaşları hesab edirlər. Öz şəxsi işlərində onların əməyindən istifadədən nəinki çəkinmir, hətta bunu işçinin  borcu kimi başa düşürlər ki, bu da özbaşınalığa, harınlığa gətirib çıxarır. Və ən qorxulusu odur ki, bu insanlar hansısa yollarla daha böyük vəzifələri tutanda 5-6 insanın yox, artıq böyük kütlənin, toplumun  qanını sümürən yırtıcıya çevrilirlər.

Bir də bəzi həssas məqamlar var ki, onları ən azından iş  təcrübəmə əsaslanaraq tövsiyə edərdim.

İstedadlı, yaradıcı işçilərin başından basmayın, onların özəlliyini dəyərləndirin, həvəsləndirin, onlarla fəxr etdiyinizi söyləyin və həqiqətən də fəxr edin. Unutmayın, yaradıcı insanın istədiyi sizin kreslonuz yox, dəstəyiniz, meydan verməyinizdir. Siz onları gizləməyə çalışdıqca, onlar da başqa yollar tapıb özlərini sübut etməyə çalışacaqlar və münasibətləriniz getdikcə gərginləşəcək.

Kollektivinizdəki insanları  başqalarına "işçim"  kimi təqdim etməyin. Əməkdaşımızdır desəniz, daha uyğundur. Amma təəssüf ki, çox rəhbərlər bu ifadəni işlətməkdən həzz alır və bilin ki, heç bir əməkdaş o sözdən xoşlanmır.

İşiniz başınızdan aşsa da, onların problemini dinləyin ki, gedib çarə üçün uyğun olmayan adamlardan məsləhət alıb uyğun olmayan işlərdən yapışmasınlar.

Kollektivdə birimiz hamımız üçün, hamımız birimiz üçün prinsipi ilə çalışmağı öyrədin.

Özünəinamsızlığı, yaxud ərincəkliyi ucbatından bacarmaram deyən əməkdaşları  əmr etmədən, sərt davranmadan, bu, sənin işindir, etməlisən demədən  işə cəlb edə bilmək üçün həmin müəssisədə özünüz üçün bir şüar seçin. Məsələn, bizim seçdiyimiz şüar budur: "Yetər ki, istə!"  Əməkdaşlardan hansısa həqiqətən bacarmayacağını dilə gətirəndə şüarı xatırladıram və köməkli şəkildə işin öhdəsindən gəlirik.Və beləliklə, bacarmaram sözü getdikcə unudulur.

Əsəbi olduğunuz zaman, yaxud bilməyərəkdən hansısa əməkdaşın qəlbini qırmısınızsa, həmən olmasa da, bir gün sonra onunla söhbət edin, mövzunu çox qabartmadan  könlünü alın, onun üzündə təbəssüm yaratmağa nail olun.  Bəzən üzr istəməyi də bacarın. Bu, sizi kiçiltməyəcək, əksinə, böyüdəcək və onun içindəki kin çəkiləcək.

Konkret heç kimə aid olmayan, amma kollektivin görməli olduğu işə əl vurulmayıb? Məsələn, təşkil etdiyiniz hansısa görüş, konfrans bitib, iki gün keçib,  amma orada işlənən avadanlıqlar yerinə qaytarılmayıb? Dərhal əsəbiləşməyin. Çünki bu, vəzifə olaraq onların heç birinin işi deyil. Özünüz əməkdaşların görə biləcəyi şəkildə o avadanlıqlardan birini götürüb lazımi  yerə aparın. İnanın, ən eqoist  işçi də buna dərhal reaksiya verəcəkdir və iş heç bir danlaq olmadan həyata keçiriləcəkdir.

Əməkdaşlarla tez-tez üz-üzə gəlib danlamamaq üçün iradlarınızı yarızarafat şəklində yazıb kiçik kağızlarda onların görəcəyi yerdə divara vurun. Yazarkən diqqətli olun. Əmr kimi yazsanız, onlar öz aralarında bunu lağlağıya çevirəcək, hətta sizi parodiya edəcəklər. Amma yarızarafat olan yazılar onların əhvalını korlamadan səhvlərini düzəltməyə imkan yaradacaq.

Unutmayın, bu gün sizin rəhbərlik etdiyiniz biri sabah özü də haradasa rəhbər ola bilər və o zaman  sizdən topladığı təcrübədən istər-istəməz istifadə edəcək. O zaman  yaxşı nümunə olun ki, sonra kadrlarınızla öyünə biləsiniz.

 





15.07.2020    çap et  çap et