525.Az

Düşüncə döngələrində... - Şəfa Vəlinin yazısı


 

Düşüncə döngələrində... - <b style="color:red">Şəfa Vəlinin yazısı </b>

Yaşadığım şəhərin hüznündə əriyirəm. Bu gecə şəhərlərin ən kədərlisinin ən məhzun sakiniyəm. Açmışam pəncərəmi yay axşamına, çökmüşəm şəhərin "gözlərinə qara eynək taxmış" binalarının yuxularına.

Əvvəlcə, Alber Kamyunun "Taun"undakı o məşhur cümləni xatırlayıram: "Hər hansı bir şəhərin həyatı ilə maraqlananda gərək orada adamların necə işləməsini, necə sevməsini və necə ölməsini öyrənəsən".

Sonra "Deception" serialından bir məqam düşür yadıma, gülümsəyirəm: "Hər şəhərin öz xüsusiyyəti var. Sanki konsert zalıdır, bir-birini tanımayan insanları bir yerə yığıblar. Və burada hər birimizin öz rolumuz var".

Başqa vaxtı demirəm, görəsən, elə bu an, gecənin arzusuna sığal çəkdiyi bu şəhərdə rolum nədir? Mən bu şəhərin nəyiyəm, kimiyəm? Və niyə bu şəhərdə "bilet satan yoxdur üzü günəşə?" 

Gecənin qara donunun qırçınları pəncərəmin çərçivəsinin kənarlarından içəri təpilməyə çalışır, işığı yanılı qoymuşam... Ürəyimdə iki misra var, işığın başına dönən pərvanə misalı dönürəm o iki misranın başına; ümidim var ki, dan üzü - günəşin ilk təbəssümündə o misralar dilimin ucuna gələcək...

Günəş ən gözəl hansı şəhərdə gülümsəyib üzümə? Bakıda, İstanbulda, Tbilisidə, yoxsa "İrəm bağım" olan Gəncə(m)də?

Şahanə Müşfiqin "Bakı vaxtı ilə Allaha bir addım qalanda" "damarlarının bəkarətini pozmaq istəyi"ni düşünürəm... İnanmıram, Allaha qovuşmağın yolunun ölümdən keçdiyinə. Neçə dəfə ölümlə üz-üzə dayanmışam, o, əlini mənə uzadıb, mən gülümsəmişəm, küsdürmüşəm ölümü. Onda anlamışam ki, Allaha qovuşmaq ölümə əl uzatmaq yox, ölümün üzünə gülümsəyib həyata sarılmaqmış... Bir yay gecəsində  qara eynəkli binaların yaratdığı həzin duyğulardan keçir Allaha qovuşmağın yolu... Onun yaratdığı hər gözəlliyin batilini idrak etməkdir, göndərdiyi gün işığının əməlinə görə ayırmadan bütün insanların pəncərəsinə narıncı boya çəkməsidir Allahla bəndəsinin qovuşmaq anı... Məsələn, Bakını küləyilə sevməkdir; Şahanə Müşfiq "Nağıl şəhər" şeirində yazır: "Nə zaman kəsmişdi ki, Bakıda külək?" İstanbulu ona yazılan şeirlərdən tanımaqdır; Şahanə "İstanbulu anarkən" şeirində bunu etiraf edir: "Bir İstanbul tanıdım illərin ardından, Orhan Vəlini andım onu görər-görməz..." (Orhan Vəli yazırdı: İstanbulda, Boğaziçində bir kasıb Orhan Vəliyəm..."), "özün uzaqda olsan da, şeirinin qəhrəmanını sevdiyin şəhərə göndərməkdir; Gülnar Səmanın "Tovuz" şeirindəki kimi...

... Və qaçıb əlin çatdığı qədər "şəhərli şeirlər"dən oxumaqdır...

Necip Fazil Kısakürəyin "Canım İstanbul" şeirində: "Ay və günəş əzəldən iki istanbulludur..." misrasını oxuyanda qeyri-ixtiyari Sədnik Paşa Pirsultanlının türk folklorundakı əksər dastanların qaynağının "Ay və Gün" əfsanəsi olduğu fikrinin  İstanbul (Bosfor) boğazında yansımasını görürəm.

... Bütün bunların düşüncəmdəki dolaşıqlar, yaxud əksinə, neçə aydır düşüncəmdə ucunu axtardığım düyünün açılması olduğundan əmin deyiləm... Bu gecə... Bu şəhər və mən...  Mənmi şəhəri oxşamaq, sığallamaq istədim düşüncə döngələrində, yoxsa, bu elə şəhərin məharətiydi? Ancela Karterin "Öpüş" hekayəsində yazdığı kimidir yoxsa: "hər şəhərin özünəməxsus daxili məntiqi var?!"  Bilmirəm...

Elə bu bilməzliyimlə də keçib otururam kompyuterimin qarşısında, "gəncəli misralar"ımı düzürəm bir-bir yeni açdığım A4-ə... "Gəncə mənim İrəm bağım...", "Gəncəylə sevgiliyəm...", "qıymaz sevənə Gəncə..."

Darıxıram Gəncə üçün... Darıxmağımın üstünə su səpirəm pəncərəmdən görünən şəhərin  gecə yuxusuna layla deməklə...

... Necati Cumalıgil İzmirə ithaf etdiyi şeirdə yazırdı: "Eşqi şəhərlər yaradır..."

***

Yaydır, hər il yay gələndə elə sevinirdim ki... Hələ doğulduğum iyul ayını qarşılamaq, ona qucaq açmaq ayrıca bir sevincdir mənimçün. Bu il də sevindim, di gəl, il başlayandan olduğu kimi, iyula da pəncərədən baxmağa məhkumam...

Özümü iyulun qorabişirən istisinə atmaqdan yox, yollara atmaqdan qorxuram. Dünyamız xəstələnib, onun bir parçası kimi bu xəstəliyə yenilə bilməkdən qorxuram. Dan Braunun "Mələklər və iblislər" romanında təkcə indi - can xofuyla deyil, bütün zamanlarda yaddaş güzgümüzün kənarına qeyd edə biləcəyimiz bir cümlə var: "Bizim planetimiz orqanizmdir, bizim hər birimiz isə onun yalnız özümüzəxas funksiyaları olan hüceyrəsiyik". Özümü xəstələndirmək istəmirəm, Dan Braunun məntiqincə, dünyamızın nə qədər hüceyrəsi sağlam qalsa, o qədər tez sağalar deyə, ümid edirəm...

... Təsəlli edirəm özümü, inanmayanları qınamaram... Can xofu var həyatımızın hər anında... Elə bu yazını da o qorxunun kölgəsində yazıram. Akira Kurosava öz xatirələrində yazır: "İnsan qəribə varlıqdır. Çox qorxduğu zaman beyni hər nə qədər o olayı düşünsə də, bir qismi tamamən ayrı şeylərlə maraqlanır". Bu yazı da mənim beynimin maraqlandığı o "ayrı şeylər" siyahısındadır...

Psixoloqlar  "koronalı günlər"də qorxunu "kütləvi depressiya" adlandırır. Onlar insanları qorxmamağa çağırır, əksinə, cəsur olmağı, sağlamlığımız naminə virusla mübarizədə aktiv olmağı məsləhət görürlər. Fikirlərin əsasında o durur ki: "Qorxu immuniteti zəiflədir və orqanizm koronavirusa təslim olur". Demək asandır ey, bəs, güzgü qarşısında durub "qorxmuram... qorxmuram..." deməklə qorxmamaq olurmu?

... Aprelin 4-də 525.az saytında Fidan Malikin "Qorxmaqdan qorxmaq" essesini oxumuşdum. Esse belə başlayır: "Son zamanlar elə hey nədənsə qorxuram. Hətta, qorxuram deməkdən də qorxuram. Çünki, qorxumu etiraf etsəm, daha da çox qorxudulmaqdan qorxuram..." Düşünürəm ki, yəqin, çıxış yolu elə qorxmaqdan qorxmaqdır...

Yoxsa, Alber Kamyunun "Taun"da təsvir etdiyi mənzərə ilə üzləşməmiz an məsələsi olar. Kamyu təsvir edir ki, şəhərin qapıları bağlanandan sonra "xəstəliyin belə qəfil hücumu ilk növbədə şəhər əhalisini şəxsi hisslərdən təcrid olmağa məcbur etmişdi". Bir insan düşünün, şəxsi hisslərini özündən təcrid edib: yəni o, daha sevgini, mərhəməti, sevinci, heç kədəri də tanımır... Yadıma ABŞ-da aparılan bir tədqiqat düşdü: şiddətə meylli və asosial insanların hansı duyğulardan məhrum olduğunu  araşdırmışdılar. Məlum olmuşdu ki, həmin insanların əksəriyyəti sevgi və mərhəmət duyğularından təcrid olunub...

... Qorxuram,  "qorxmaqdan qorxmağı" məhz bu cür insanların yarada biləcəyindən qorxuram...

Qorxuram... Amma bu qorxumu yenmək üçün də pəncərəmin qabağından oturub dünyamızın sağalmağını gözləməliyəm. Yoxsa...

... Dan Braun "Mələklər və iblislər"də yazır: "Qorxu istənilən silahdan güclü şikəst edir".

iyul 2020

 





15.07.2020    çap et  çap et