525.Az

Ən çətin vəziyyətdə də Jurnalist kimi davranmaq... - Şahanə Müşfiqin yazısı


 

Ən çətin vəziyyətdə də Jurnalist kimi davranmaq... - <b style="color:red">Şahanə Müşfiqin yazısı</b>

Biz-1990-ların uşaqları gözümüzü müharibə şəraitində olan bir ölkədə açmışıq. Elan olunmamış Qarabağ müharibəsinin ən qızğın zamanında doğulan məndən 2-3 il sonra atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanla sərhədlərimiz, cəbhə bölgələrimiz hər zaman qaynar zona olub. Çünki məkrli düşmən hər fürsətdə atəşkəsi pozub.  

Ötən ilin dekabr ayında Çindən başlayıb, dünyaya yayılan və bu ilin martından etibarən ölkəmizi də cənginə alan COVID-19 pandemiyası ilə aramsız mübarizəmiz azmış kimi, iyulun 12-də Tovuz rayonundan xoş olmayan xəbərlər almağa başladıq. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, əlaqədar beynəxalq təşkilatların pandemiya zamanında ölkələri sakitliyə riayət etməyə, silahı yerə qoyub öz xalqını və dünyanı qorumağa səslədiyi vaxtda azğın Ermənistan bu çağırışları da heçə saydı. Pandemiyanın yaratdığı xaosu və məhrumiyyətləri öz xeyrinə dəyişmək üçün Azərbaycanla atəşkəsi yenidən pozdu. Bu dəfə daha kəskin, daha qərarlı...

Güllə səsləri iyulun 12-də Tovuz rayonunun Ağdam kəndindən yüksəldi. Amma azğınlaşmış düşmən onu hesaba qatmayıb ki, bu dəfə qarşısında 1992-ci ilin Azərbaycanı deyil, güclü, müzəffər orduya sahib bir dövlət var. İki gündür cəbhədə gedən şiddətli döyüşlər və Azərbaycan ordusunun qarşı tərəfə layiqli cavabı hər iki ölkənin əsas mövzusudur.

Vətənin müdafiəsi, xalqın ürəyinin ən dərinində cücərməyə fürsət gəzən 30 illik Qarabağ həsrətinin bitəcəyinə dair ümidlər yadımızdan pandemiyanı da çıxarıb, karantini də, deyə bilərik. İndi hər birimizin qəlbi cəbhədəki əsgərlərimiz və sərhəd kəndlərindəki sakinlərimizlə bir döyünür...

***

Dediyim kimi, 30 ildir ki, düşmənin atəşkəsi pozmağına, cəbhədəki qaynar vəziyyətlərə alışmışıq artıq. Ta uşaqlıqdan televiziyada bu xəbərləri oxuyan jurnalistlərin səsləri ilə böyüdük. Amma hələ o zamandan diqqətimi çəkən bir nüans vardı: həmin jurnalistlərin soyuqluğu, üzdə görünən laqeydliyi. Döyüşlərin getdiyi ən odlu məkanlardan reportajlar hazırlayan, şəhid xəbərini, yaralı sorağını, döyüş məlumatlarını oxuyan jurnalistlər o qədər soyuq, o qədər təmkinli davranırdılar ki, sanki gündəlik adi bir xəbərdən bəhs edirlər. Hələ jurnalistikanın nə olduğunu bilməyən mən isə onların buzu xatırladan bu soyuqluqlarına gah hirslənir, gah heyrət edir, gah da nümunə bilirdim. Bu baxımdan özümə nümunə seçərək böyüdüyüm, sayəsində jurnalistikanı sevdiyim müxbirlər də var.

İki gündür həm mətbuatı, həm də sosial şəbəkələri izləyirəm. Etiraf edək ki, hazırda sosial şəbəkələrin mətbuatdan daha çox söz sahibi olduğu dövrdə yaşayırıq. Ona görə də hər kəsin gözü, qulağı, fikri məhz sosial şəbəkələrdə yayılacaq xəbərlərdədir.

Onu da bilməliyik ki, müharibə təkcə cəbhə zonasında getmir. Müharibə həm də məhz burda- mediada, sosial şəbəkələrdə gedir. Ara-sıra ermənilərin profillərinə də baxır, hər iki xalqın sosial şəbəkədəki fəaliyyətini izləyirəm. Bəzi məqamları doğru hesab etməsəm də, bu, başqa bir söhbətin mövzusudur. Bu yazıda diqqət çəkmək istədiyim məhz jurnalistlərin sosial şəbəkədəki fəaliyyətidir.

***

Öncə onu qeyd edim ki, fikrimcə, belə ölkə əhəmiyyətli hadisələr zamanı jurnalist hər yerdə jurnalistdir: işdə də, evdə də, sosial şəbəkədə də, küçədə də... Çünki evində oturan, yeni məlumatlar, xəbərlər gözləyən adi insanların tək çıxış qapısı jurnalistlərdir. Bu məqamda jurnalistlər həm də cəmiyyəti yönləndirməyi bacaran əsas istiqamətverici qüvvə, bir növ nümunə olmalıdırlar.

Təəssüf ki, bu günlərdə bu imtahandan sinifdə qalan jurnalistlər heç də az olmadı. Düzü, gözüm o təmkinli, dürüst davranışlı jurnalistləri axtardı. Amma qarşıma öz profilində qeyri-dəqiq məlumatları paylaşan, döyüş zonasında olmayıb sanki ordaymış və hər şeyi bilirmiş kimi pafoslu görüntü yaradan, xalqı yanlış istiqamətləndirən, emosiyalarına yenilib yalan-yalnış çağırışlar edən, yolverilməz səhvləriylə onları izləyən, oxuyan və inanan insanları da səhv yönləndirən "jurnalistlərlə" qarşılaşdım.

Bu vəziyyətin ən gülüncü, həm də ən ağrıdıcı məqamı jurnalist adını daşıyan insanların sadəcə bəyənmə sayını artırmaqdan ötrü guya hansısa dəhşətli dövlət sirrini bilir, amma demir kimi mənzərə yaratması, dəhşət saçan, təlaş yaradan iki söz, dalıyca sonsuz nöqtələr və üzgün emojilərlə onsuz da qorxu içərisində olan insanların ürəklərini bir az üzmələridir.

Jurnalist robotdur demirəm. Ola bilər ki, onun də maraqları olar və ya vətənpərvərlik hisslərinə yenilər. Amma bu, heç bir jurnalistə peşə etikasını pozmağa haqq qazandırmaz.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Məlumat Proqramları Bürosunun "Media hüququ" adlı məlumat kitabçasında jurnalistin Feysbuk və digər sosial şəbəkələrdəki fəaliyyətiylə bağlı belə bir abzas var: "Bəzi KİV-lər işçilərinin sosial mediadan istifadə qaydalarını tərtib ediblər. "Uol Strit Cornal" qəzetini nəşr edən Dou Cons müxbirlərini şəxsi və ya partizan fikirlərini Feysbuk səhifələrində ifadə etməməyi və ya qəzetdə hələ dərc edilməmiş mövzuları müzakirəyə çıxarmamağı tövsiyə edir.

Nəticə etibarilə, Feysbuk və ya oxşar səhifələrdə heç nə həqiqətən də şəxsi deyil. Nə isə bir dəfə sosial mediada yerləşdirildikdə, artıq onu geri qaytarmaq və ya başqalarının ondan istədikləri formada istifadəsinin qarşısını almaq mümkün olmayacaqdır".

Əziz həmkarlar, biz jurnalistik! Məncə, jurnalistlik insanın şəxsi duyğularından öncə gəlməlidir. Xüsusən, bu cür məsələlərdə! Unutmayın ki, hamının gözü sizin "ağzınızda"dır (profilinizdə). Ondan da əlavə, biz dünyanın ən mənfur millətiylə düşmənik! O millət ki, saxta profillərlə hamımızı izləyir, məlumat toplayır və adicə "nöqtə"ni belə öz xalqını motivasiya etmək üçün istifadə edir! Fikrimcə, bizim bu gün zarımağa, ah-vay eləməyə haqqımız yoxdur! Hələ-hələ özünə jurnalist deyən şəxsin ah-vay nidaları ilə dolu, natamam, heç bir informasiya ehtiva etməyən, qırıq söz yığını, qeyri-müəyyən statuslar yazıb saatlarla itməyə, rəylərdə "nə olub?" deyə ürəyi ağzında gözləyən insanları təlaşlı qoymağa haqqı yoxdur. Bunu heç kəs etməsə, daha yaxşı olar. Amma jurnalistikadan kənar insanı yenə "emosiyasına yenildi" deyə anlamaq olar, jurnalisti isə əsla!

Bu gün bizdən tələb olunan əsas şey təmkinli olmaq, bizə inanan insanları yalnız rəsmi məlumatlarla bilgiləndirmək, ordumuza və dövlətimizə güvənməkdir. Bəlkə cəbhədən gələn şəhid xəbərləri bizə hisslərimizi cilovlamağa mane olur, bəli, amma vətənimiz, dövlətimiz, düşmənlə döyüşən əsgərlərimiz və o zonada yaşayan sakinlərimizin xatirinə əlimiz silaha çatmırsa da belə, biz də informasiya müharibəsində düşməni məğlub etməliyik.

Bu gün ağlamaq, zarımaq deyil, xalqı daha da motivasiya etmək, inanmaq və inandırmaq zamanı, düşmənə gücümüzü sübut etmək vaxtıdır!

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar versin!

Tanrı haqq davamızda yardımçımız olsun!

 





15.07.2020    çap et  çap et