525.Az

Elitar, yoxsa kütləvi? - Aytac Sahəd yazır


 

Elitar, yoxsa kütləvi? - <b style="color:red">Aytac Sahəd yazır </b>

"Ən çox satılan malımızdır". Mağazalarda ən çox və tez-tez eşitdiyimiz sözlərdir. Bəlkə, doğrudan, bəlkə də, yalandan deyilir, amma istənilən halda bu "ən çox" ifadəsi bizim nəyi alacağımıza müəyyən qədər təsir edir. Bəzən buna qulaq vermək yaxşı da nəticələnə bilər. Bizim alacağım şey çox istehlak olunursa, bəlkə, həqiqətən də yaxşıdır. Bunu sizə ütü satan deyirsə, yoxlamağa dəyər. Yox, ancaq kitab satan deyirsə, bax, buna aldanmaq olmaz. Niyə? Niyəsini indi izah və izhar etməyə çalışacam.

Kulturologiyada elitar və kütləvi mədəniyyət anlayışı var.  Adından da göründüyü kimi, elitar mədəniyyət elitanın, kütləvi mədəniyyət isə kütlənin yanaşmasını özündə əks etdirir. Bu anlayışlar təkcə kulturologiyada deyil, bir çox digər sahələrdə oz əksini tapır - musiqidə, ədəbiyyatda, incəsənətdə və s. Son dövrlər məşhurluğu şərtləndirən bayağılıq çalarları da məhz bu nəzəriyyənin təzahürüdür. İlk növbədə onu qeyd edim ki, bunu təkcə zamanla əlaqələndirmək düzgün deyil. Həmişə müxtəlif zövqlərə malik insanlar olub. Müasir dövrdə bu müxtəlifliyin özünü bu qədər aydın göstərməsinin səbəbi informasiyanın əlçatanlığıdır. Təkcə gündəlik trendləri izləmək kifayətdir ki, cəmiyyətin seçimindən xəbərdar olasan. Bəs, cəmiyyətimiz düzgün seçim edə bilirmi? Təəssüflə qeyd etməliyəm ki, bircə dəfə Yutub trendlərinin siyahısına baxmaq kifayətdir ki, acınaqlı mənzərəni görəsən. Mən hələ ən çox satılan kitabların siyahısından danışmıram. Ancaq o siyahıları görəndə kütləvi mədəniyyətin xarakterik xüsusiyyətlərini xatırlayıb təskinlik tapıram. Kütləvi mədəniyyətlə elitar mədəniyyəti fərqləndirən əsas cəhətlərdən biri də məhz elitanın miqyasındadır.

Nəzəriyyəçilər elitar mədəniyyət konsepsiyasının mahiyyətini "sənət sənət üçündür" tezisi ilə ifadə etməyə çalışırlar. Bu konsepsiyanın müəlliflərinin fikirlərinə görə, mədəniyyəti yaradan da, istiqamətləndirən də elitar təbəqə nümayəndələridir. Elitizm haqda müəyyən təhlillər aparmış alman romantiki A.Şopenhauer özünün 1844-cü ildə tamamladığı "Dünya azadlıq və tamaşa kimi" əsərində bəşəriyyəti sosioloji planda iki hissəyə bölür: Dahi insanlar" (yəni estetik təcəssümə və bədii yaradıcılıq fəaliyyətinə mənsub olanlar) və Faydalı insanlar (sırf praktiki və utilitar fəaliyyətə yönəlmiş insanlar). Şopenhauer hesab edir ki, dahi əsərlər publika, kütlə tərəfindən dərk edilə bilməz və dahilərin yaratdıqları çoxluq üçün deyil. Lakin bu o demək deyil ki, bilənlər hər zaman azlıq təşkil edirlər. Elə toplum var ki, orada bilənlərin sayı bilməyənlərdən daha çoxdur. Bu da sənətin dəyərini azaltmır. Ümumiyyətlə, elitar mədəniyyət nümayəndəsini kütlənin onu qəbul edib-etməyəcəyi düşündürmür. 

Kütləvi mədəniyyət isə çox vaxt kütlənin istəyi ilə hesablaşmalı olur. Ola bilər ki, kütlə həqiqətən savadlı fərdlərdən ibarətdir. Bu zaman onunla uzlaşan mədəniyyətin dəyərinin də yüksək olmaq ehtimalı artır. Yox, əgər kütlə savadsızdırsa, bax, onda problemlər başlayır. Sənət sanki istehlak məhsuluna çevrilir. Kütlənin tələbatını ödəmək üçün bazara da tələbata uyğun təklif çıxarılır. Sanki sənət kapitalizm qanunları ilə  idarə olunur. Ümumiyyətlə, kapitalizm sənətə təsirsiz ötüşmür. Birincisi ona görə ki, sənətkar da başqa insanlar kimi kapitalist sistemində yaşayır. Yaşamaq üçün ona pul lazımdır. O, bu pulu sənətdən qazanır. Dolayı yolla sənətini satdığı adamlardan asılı hala düşür. İkinci məsələ asılı olduğu kütlə də kapitalizmin bir parçasıdır. Bu kütlənin nümayəndəsi də yaşamaq üçün mübarizə aparır. Bu mübarizədə onu ən çox instinktiv olaraq ac mədəni, daha sonra ac ruhu doyurmaq düşündürür. Amerikalı sosioloq C.Barzan qeyd edir ki, kapitalizm kütlələri elə hala salıb ki, insanların sənətlə maraqlanmağa nə həvəsləri, nə də vaxtları var. Barzanın fikri ilə müəyyən mənada razılaşsam da, kütləvi mədəniyyətin bütün çatışmazlıqlarını iqtisadi sistemə bağlamağın tərəfdarı deyiləm. Məsələn, kommunist ideologiyasında mədəniyyətin elitar və kütləvi mədəniyyətə ayrılması inkar edilir, vahid proletar mədəniyyəti irəli sürülürdü. Elitanın "sənət sənət üçündür" tezisinə "sənət xalq üçündür" tezisi ilə cavab verilirdi. Lakin bu yanaşma da ziddiyyətləri tam şəkildə aradan qaldıra bilmədi. Deməli, məsələ yalnız iqtisadi-siyasi amillərlə bağlı deyil. Kütləvi mədəniyyətin auditoriyası da genişdir. O, təkcə müəyyən qrup intellektuala deyil, hər yaş qrupundan insana xitab edə, hər sinifdən olan insanla mehribanlaşa bilər. Lakin kütlənin sevgisi həmişə etibarlı və güvənli deyil. Fikir versəniz görərsiniz ki, qısa zamanda dillər əzbəri olan bayağı mahnılar uzağı iki ilə unudulur, ancaq əsl musiqi nümunələri, nə qədər zaman keçsə də, unudulmur. Heç bir bədii dəyəri olmayan mətn müəyyən dövr üçün oxunma sayı ilə rekord qırsa da, o da bayağı mahnının taleyini yaşamağa məhkumdur. Məhz bu səbəbdən kitab mağazasındakı satıcıdan ən çox oxunan kitabın hansı olduğunu soruşmaqla düzgün seçim etmək olmur. Bəlkə də, istisnalar var. Ancaq ədəbiyyatı, incəsənəti bəlkələrin ümidinə buraxmaq olmaz.

Gələk əsas sualımıza: elitar, yoxsa kütləvi mədəniyyət? Məncə, bəşəriyyət mövcud olduğu müddətdə həm elitar, həm də kütləvi mədəniyyət mövcud olacaq. Bu iki anlayış ziddiyyət təşkil etməklə bərabər, həm də vəhdət təşkil edir. Sanki təbiət də bu prinsip üzərində qurulub. Məsələn, biz addımbaşı çınqıla, adi daşlara rast gələ biliriksə, qiymətli daşları torpağın dərin qatlarında axtarmalı oluruq. Qiymətli olan nə varsa, ya nadirdir, ya ağır zəhmətin ağuşunda. Ancaq həm çınqılın, həm də almazın təbiətdə öz funksiyası var. Çay daşından ev, almazdan sənət yaranır. Əsas məsələ odur ki, biz çay daşını almazın, almazı çay daşının yerinə qoymayaq...

 





15.07.2020    çap et  çap et