525.Az

Yazarlarda etiraz doğuran sıxıntılar - Sahilədən yeni yazı


 

Yazarlarda etiraz doğuran sıxıntılar - <b style="color:red">Sahilədən yeni yazı</b>

Ötən həftə məşhur Harri Poterin müəllifi Joan K.Roulinq dünyada azad sözün üzləşdiyi məhdudiyyətlərlə bağlı yazılan ictimai məktuba imza atdı.

Məktubda qeyd olunanlarla razılaşan 150 məşhur arasında başqa yazarlar, məsələn, Salman Rüşdi, Naom Xomski, Nobel mükafatçısı Marqaret Etvud da var. Hətta bizim yaxşı tanıdığımız şahmatçı Kasparov da adını məktuba salıb. "Harpers Magazin"də dərc olunan məktuba imza atanlar hazırda dünya gündəmini tutan irqi və sosial ayrı-seçkiliyi pisləsələr də, azad sözün təbliği vasitəsilə alternativ fikirlərin qısnanmasını tənqid edirlər: "Bizim sosial institutlarımız sınaq dövrünü yaşayır. İrqi və sosial ədalət naminə başlayan güclü etirazlarımız bizi çoxdan gerçəkləşməli olan polis islahatı tələbinə, eləcə də cəmiyyətin müxtəlif sahələrində, təhsildə, incəsənətdə, xeyriyyəçilikdə, jurnalistikada daha çox bərabərlik və inklüzivlik çağırışlarına aparır. Lakin bəzi lazımi tələblər bir yerdən sonra həm də sərbəst müzakirəni və alternativ ideoloji baxışları sıxışdırmağa başlayır". 

Mən Roulinqin bu hərəkata qoşulduğunu görən kimi məsələnin nə yerdə olduğunu anladım. Bir müddət əvvəl o, Tvitterdə paylaşılan bir məqaləyə özünəməxsus şəkildə münasibət bildirərək bəzi qrupları qəzəbləndirmişdi. Məqalədə qadınları menstruasiya olan cins kimi təqdim etmişdilər. Rollinq kinayə ilə: "Mən dəqiq bilirəm ki, menstruasiya olan cins nümayəndələrinin adı var: qadın, qadın..." - yazmışdı.

Məqalədə hər vəcdlə qadın cinsinin adını çəkmək istəməyənlərə əks mövqe sərgiləyən Roulinq transgenderlərin və onların hüquqlarını müdafiə edən sosial qrupların hücumu ilə qarşılaşmışdı. Nəticədə, Roulinq təbii ki, bunu azad sözünün, fərqli mövqeyinin qısnanması kimi qəbul etmişdi.

Müasir kinemotoqrafiyada, mükafat almış poeziya və incəsənət nümunələrində eyni cinsdən olan nikahdan, qaradərili və milli azlıqların hüquqlarından bəhs edən mövzularla tez-tez rastlaşırıq. Artıq hər bir müəllif beynəlxalq müsabiqəyə iş göndərməyə hazırlaşanda məsələlərə hansı yöndən baxmalı olduğunu bilir. Son dövrlərin əksər mükafat almış incəsənət nümunələrində media tərəfindən müdafiə olunan hansısa dəyərin önə çıxarıldığını sezmək olur. Bu, yaxşı deyilmi? Əladır. Zəifin də səsi eşidilir! Amma...

Hazırda dünyada təkmərkəzli media yoxdur. Əvvəlki kimi, bir mətbu orqandan, deyək ki, dövlətin görünən və görünməyən senzurası vasitəsilə formalaşan bir ünvandan nəsə tələb etmək çətindir. Sosial media milyonlarla fərdə özəl kanal, canlı yayımlar açmaq imkanı verib. Məqsəd dövlətlərin və ya ayrı-ayrı imkanlı şəxslərin əlində cəmləşən media vasitəsilə informasiya monopoliyasının qarşısını almaq, hər kəsə danışmaq, paylaşmaq imkanı yaratmaqdı. Belə olan halda artıq ideyaları cəmiyyətə məhz ayrı-ayrı institutlar, fərdlər daşıyır. Və cəmiyyəti maarifləndirmək hər bir kommersiya, yaxud qeyri-kommersiya təşkilatının, hər bir şəxsin boynuna düşən borca çevrilir. Və təəssüf ki, mövcud durumda bəzi hallarda fərdlər öz aqressiyaları ilə xüsusən yazarlara azad şəkildə düşünməyə imkan vermirlər. Müxtəlif yollarla kütlələrə aşılanan "ölçülər" yazarların düşüncələrini məhdudlaşdırır. Kəskin tənqiddən, aşırı aqressiyadan maddi və mənəvi əziyyət çəkməmək üçün yazarlar cəmiyyətin dediyini təkrarlamaq məcburiyyətində qalırlar, yeni dəyərlər yarada bilmirlər. Təzada baxın: belə çıxır ki, azad söz üçün yaradılan imkanlar azad sözü sıxışdırır.

Məktubdan belə nəticə çıxardım ki, yazarlar insanlara daha dözümlü davranmağı tövsiyə edirlər: İstənilən sözə qarşı dözümlü olun. Sizin sözünüzü deməyənləri də eşidin. Nəticə çıxarmağa tələsməyin. Bir qədim məsələdə deyildiyi kimi, həqiqət almaza bənzəyir. Əvvəlcə parıldamır. Yalnız cilalayandan sonra bərq vurur. Bütün fikirləri hesaba almağa çalışaq. Daha ədalətli, daha xoşbəxt dünya naminə bütün düşüncə almazlarını cilalayaq.

 





15.07.2020    çap et  çap et