525.Az

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti iclası onlayn keçirilib


 

Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbəti iclası onlayn keçirilib <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası onlayn keçirilib. Universitetin rektoru, akademik Kamal Abdulla iclası açaraq bildirib ki, son üç gündə işğalçı Ermənistan Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, xaincəsinə təxribat törədib. Ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə zərbə endirilib və qarşı tərəf ağır itki verib: “Azərbaycan əsgəri qanı bahasına, canı bahasına ölkəmizi düşməndən qoruyur.Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi altında qüdrətli ordumuz bundan sonra da düşmənin layiqli cəzasını verəcək və ölkəmiz tezliklə öz ərazi bütövlüyünü təmin edəcək. Biz ordumuzun yanındayıq. Allah ordumuzu, əsgər və zabitlərimizi qorusun”.

Elmi Şuranın iclasında şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət dilənib, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ADU-nun builki məzunlarına uğurlar arzulayan rektor əmin olduğunu bildirib ki, onlar Azərbaycan cəmiyyətinə fayda gətirən işlərlə məşğul olacaqlar: “Universitetin qapıları məzunlar üçün həmişə açıqdır. İnanıram ki, harda olmağından asılı olmayaraq, onlar özlərini bu universitetin övladı kimi hiss edəcəklər. Biz hər zaman olduğu kimi yenə də Azərbaycan müəllimi adını bu məzunlarımızla birgə uca tutacağıq”.

İclasın növbəti məsələsinə keçməmişdən əvvəl Tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdiyi təxribatlara ordumuz tərəfindən layiqli cavabın verildiyini diqqətə çatdırıb. O, deyib ki, bu təxribat və təcavüz nəticəsində xalqımızın igid oğulları canlarından  keçərək şəhidlik zirvəsinə ucalıblar: “Bir vətəndaş kimi, millətin övladı kimi və nəhayət bir ana kimi şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan cəsur, vətənpərvər oğullarımıza rəhmət diləyirik”.

Sevinc Zeynalova əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib: “Son illərdə Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas prioritetlərindən biri kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsidir. Məlumat üçün bildirim ki, hazırda Təhsil naziri cənab Ceyhun Bayramovun 13 may 2020-ci il tarixli F-226 saylı əmri ilə Ali təhsilin bakalavriat səviyyəsinin Təhsil ixtisasları Xarici dil müəllimliyi (dillər üzrə) və Humanitar və sosial ixtisasları üzrə Təhsil proqramları hazırlanmaqdadır. Buna görə də, hazırlanan Ali Təhsil pilləsinin dövlət standartı tələbəyönümlü olmasını, müasir tələblərə və əmək bazarının ehtiyaclarına cavab verməsini qarşısımıza məqsəd qoyur.Tələbələrin bu istiqamətdə hazırlığını və mobilliyini təmin etmək üçün ixtisas fənn blokunda bu tələblərə cavab verən fənlərin tədrisi zərurəti yaranır”.

2020-ci ilin Təhsil proqramında Xarici dil müəllimliyi (dillər üzrə) ixtisasında köklü dəyişiklik müşahidə olunur: “Bu da Azərbaycanda təhsilin keyfiyyət göstəricisinin artması üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvininq layihəsinin uğur qazanmasının nəticəsidir”.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov isə çıxışında qeyd edib ki, ADU-nun magistratura pilləsinə daxil olan bakalavrların sayı bu il əvvəlki illərlə müqayisədə daha artıqdır: “Bu, əlbəttə ki, Azərbaycan Dillər Universitetinin müsbət imici, təhsildəki keyfiyyət göstəricisi, magistratura ilə bağlı həyata keçirilən uğurlu prosesdir. Şübhəsiz ki, bu universitetin gələcək fəaliyyətinə də müsbət təsir edəcək”.

N. Məmmədov əlavə edib ki, 201819-cu tədris ilində ADU-da magistr səviyyəsi üzrə qəbul 71%, 201920 –ci tədris ilində 74% təşkil etmişdisə, 202021-ci tədris ilində 84,2% təşkil edib.

Onlayn Elmi şurada Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin müdiri Fatma Qurbanzadə ADU-da 2019-2020 ci tədris ilinin yay imtahan sessiyasının ilkin yekunları haqqında, Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova isə Dövlət Аttеstаsiyа kоmissiyаlаrının işi hаqqındа məlumаt verib.

Daha sonra Təhsil 2 fakültəsi nəzdində Xarici dil kafedrasının professoru Fikrət Aslanovun və Filologiya fakültəsi nəzdində Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Qorxmaz Quliyevin məsləhətçi professor vəzifəsinə təyin olması haqqında qərar qəbul olunub.

 

 

 

 

 





15.07.2020    çap et  çap et