525.Az

Azərbaycan ordusu: generallarımız əsgərlərimizlə ön sırada


 

Azərbaycan ordusu: <b style="color:red">generallarımız əsgərlərimizlə ön sırada</b>

Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq işğalçı tərəfin təxribatları təəssüf ki, ordumuzun itki verməsi ilə nəticələnib.

İyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub. Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir cərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq edir. Bir daha sübut olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, doğma torpağını müdafiə etmək üçün öz canını hər  an qurban verməyə hazırdır.

Məhz Ermənistan ordusunun generallarıdır ki, sıravi əsgərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir. 

Müdafiə nazirinin müavini Kərim Vəliyev jurnalistlərə açıqlamasında "bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər", deyib. Onun sözlərinə görə, düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib.

Hələ ki, işğalçı tərəf öz itkilərini gizlədir, məlumdur ki, bunu sonadək edə bilməyəcək. Və artıq itkilər yavaş-yavaş açıqlanmağa başlayır. Belə ki, Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan ölüb.  Q.Ambartsumyan mühəndis-istehkam bölüyünün komandiri olub.

Son gərginliyin hərbi təhlili də onu göstərir ki, təxribat Ermənistan tərəfindən başlanıb. Ermənistan məqsədyönlü şəkildə bu təxribata hazırlaşıb. Ermənistan tərəfi qəflətən artilleriya qurğularından istifadə edib və nəticədə Azərbaycan hərbçiləri şəhid olublar. İşğalçının itkiləri daha sonrakı vaxtda, Azərbaycan ordusunun cavab atəşi nəticəsində baş verib.

Ermənistan iddia edir ki, guya Azərbaycan UAZ maşını ilə erməni mövqelərinə hücuma keçib. Bu, həqiqətən də olduqca gülünc və ağlasığmaz bir iddiadır. Çünki Azərbaycan tərəfi hücuma keçmək istəsəydi, onda UAZ-dan deyil, öz ordusunun arsenalında olan güclü, dağıdıcı vasitələrdən istifadə edərdi.

İkincisi, Ermənistanın bu təxribatı törətməkdə məqsədi təkcə diqqəti ölkədə olan ağır sosial-iqtisadi vəziyyətdən və COVİD-19 ilə bağlı acınacaqlı durumdan yayındırmaq deyildi. Məqsəd həm də sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və təşkilatın arxasında daldalanmağa çalışır.

Lakin onların bu ümidləri də puç oldu. KTMT daxilində sağlam məntiq qalib gəldi və sözügedən məsələ ilə bağlı təşkilatın planlaşdırılan növbədənkənar Daimi Şura görüşü ləğv olundu. Bu barədə xəbər KTMT internet ünvanından silindi. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşür.

Deputat Elman Məmmədov hesab edir ki, Ermənistanda son dərəcə gərgin olan sosial-iqtisadi vəziyyət, pandemiya ilə bağlı rəqəmlərin rekord həddə olması, səhiyyə sahəsindəki uğursuzluqlar Tovuz istiqamətində təxribatla unudulmağa çalışılır.

Onun sözlərinə görə, ermənilər uzun müddətdir ki, Azərbaycan-Ermənistan dövlət sərhəd zonasında, Qazax-Tovuz, Naxçıvan istiqamətində təxribatlar törətməklə məşğuldur: "Onların birinci məqsədi diqqəti işğal altında olan Qarabağ zonasından yayındırmaq, sərhədə cəlb etməkdir. İkinci tərəfdən isə üzvü olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının diqqətini çəkmək və onlardan kömək istəyib, beynəlxalq təşkilatlar qarşısında haray-həşir qaldırmaqdır. Guya Azərbaycan bunların ərazisinə təhlükə törədir və onlar Ermənistana kömək etməlidirlər. Burada başqa məqam da var. Paşinyanın yarıtmaz siyasi rəhbər kimi fəaliyyətinə qarşı Ermənistanda və ölkədən kənarda xaricdəki erməni təşkilatlarında güclənən etirazlar da burada rol oynayır. Paşinyanın istefası tələb olunur, çünki hakimiyyətə qanuni yolla gəlməyib, küçə etirazları ilə zəbt edib, verdiyi vədlərin heç birini yerini yetirməyib. O, gələnə qədər Ermənistanda onsuz da pis vəziyyətdə olan iqtisadiyyat getdikcə daha pis vəziyyətə düşür. Bunların hamısı ondan soruşulur".

E.Məmmədov qeyd edib ki, ermənilərin törətdikləri təxribatların son nəticələri öz başlarında partlayır, layiqli cavablarını alırlar: "Azərbaycan Ordusu torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanıb. İyul döyüşləri də bunu göstərir. Bizim ordumuzda həmişə ruh yüksəkliyi olub. Genralımızın həlak olmasından hamımız dərindən təəssüflənirik. Lakin bu, bir daha onu göstərir ki, Azərbaycan generalı əsgərinin önündədir, döyüşdə birinci özü sinəsini irəli verir. Belə oğullarımızla fəxr edirik. Və belə hərbçiləri olan dövlət heç vaxt məğlub ola bilməz. Amma düşmən həmişə olduğu kimi, bu dəfə də güclü, dağıdıcı zərbələri aldı, yerinə otuzduruldu".

Deputat əlavə edib ki, Tovuz istiqamətində gedən döyüşlərdə ermənilərin çoxsaylı itkiləri olsa da, düşmən tərəfi ölü və yaralıların sayını gizlədir: "Erməni mediasından, sosial şəbəkələrdən məlumat sızır ki, onlardan ölənlər nə qədərdir. Say həddindən artıq çoxdur. Azərbaycan Ordusu başa saldı ki, bizim qarşımızda siz həddindən artıq zəif və gücsüzsünüz".

PƏRVANƏ

 





15.07.2020    çap et  çap et