525.Az

"Dialoqun əsas hədəfi sağlam müzakirə mühitinin formalaşmasıdır" - Müsahibə


 

FAZİL MUSTAFA: "ATILAN ADDIMLAR ƏVVƏLKİLƏRDƏN FƏRQLİ OLARAQ BU DİALOQUN DAHA ƏSASLI VƏ CİDDİ MƏQSƏDLƏRLƏ APARILDIĞINI GÖSTƏRİR"

"Dialoqun əsas hədəfi sağlam müzakirə mühitinin formalaşmasıdır" - <b style="color:red">Müsahibə </b>

Siyasi dialoq

Son dövrlər dövlət və hökumət orqanlarında aparılan struktur və kadr dəyişiklikləri ilə ən müxtəlif fəaliyyət sahələrinə daha proqressiv baxışın ortaya qoyulması ölkənin ictimai-siyası sferasında Azərbaycan dövlətinin və xalqın ümumi mənafeyini ifadə edən prioritet məsələlərlə bağlı konsolidasiyaya nail olunması, fərqli siyasi qüvvələri arasında münasibətlərə yeni rakursdan baxılmasının vacibliyini xeyli aktuallaşdırdı.

Ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında aparılan struktur dəyişiklikləri zamanı yaranan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi formalaşandan az sonra həmin şöbənin müdiri Ədalət Vəliyev ölkədə fəaliyyət göstərən müxtəlif təmayüllü ictimai-siyasi partiyaların liderləri ilə ardıcıl görüşlərə başladı.

Artıq bu görüşlər müntəzəm xarakter alıb, vaxtaşırı fərqli siyasi mövqeyə malik partiyaların təmsilçilərilə görüşlər keçirilir, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılır.

Məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq "525-ci qəzet" "Siyasi dialoq" adlı yeni rubrika açır.

Bu rubrika vasitəsilə müntəzəm olaraq hakimiyyətlə çoxpalitralı siyasi partiyalar arasındakı münasibətlərlə bağlı ictimaiyyətə ətraflı bilgilər verməyə çalışacağıq.

Rubrikamızın növbəti qonağı parlamentdə təmsil olunan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır.
 

***

- Fazil bəy, Azərbaycanda başladılan islahatlar siyasi sahəni də əhatə edir. Bu, özünü, həm də iqtidarla digər siyasi qüvvələr arasında vaxtaşırı keçirilən görüşlərdə göstərir. Sizcə, bu formatda görüşlər yeni siyasi konfiqurasiyanın yaradılmasında nə kimi rol oynaya bilər?

- Ölkə Prezidentinin başlatdığı islahatlar prosesində əsas istiqamətlərdən biri də siyasi islahatların həyata keçirilməsidir. Bu da ilk növbədə ölkədə partiya demokratiyasının inkişafına indekslənib. Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin bu missiyanı öz üzərinə götürməsi və demək olar ki, ölkədəki bütün partiya rəhbərləri ilə görüş keçirməsi, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri, nümayəndələri ilə ikinci dəfə geniş formatda dialoq aparması onu göstərir ki, bu, qalıcı bir proses olaraq nəzərdə tutulur. Birinci növbədə siyasi partiyaların ağırlığını cəmiyyətdə həm qəbul etmək, həm də onların inkişafı ilə ölkədə siyasi elitanın daha da keyfiyyətli səviyyəyə gəlməsini təmin etmək məqsədi güdülür. Diqqət yetirsək, bu parlamentdə ilk dəfə olaraq parlament azlığı, siyasi müxalifəti təmsil edən bütün siyasi partiyaların təmsilçiləri, həm parlament rəhbərliyində, həm parlament komitələrində sədrin müavini səviyyəsində təmsil olundular. Bu da onların aktivlik əmsalını daha da artırmağa başladı.

Qeyd etdiyiniz videokonfrans formatında keçirilən görüşdə səsləndirilən məsələlərin nəzərə alınacağı və bir çox hallarda bunların elə siyasi islahatların ən vacib elementi kimi qəbul olunacağı indidən proqnozlaşdırıla bilər. Ümid edirəm ki, bu proses bir qədər də irəliləsə, Azərbaycanda siyasi partiyaların ölkə həyatında daha vacib institutlar kimi möhkəm və sağlam bir mövqeyə sahib olması təmin olunacaq. Bu da ölkədə fikir plüralizminin inkişafına xeyli kömək göstərəcək.

- Bu dialoqdan əsas çıxarışlar nədən ibarətdir?

- Dialoqun ilkin nəticələri barədə danışmaq tezdir. Çünki burda ilk növbədə siyasi iradədən söhbət gedir. Həm iqtidarın, həm də müxalifət partiyalarının siyasi iradəsindən. Təəssüf ki, AXCP adlanan bir qurum öz marjinal mahiyyətinə uyğun olaraq dialoq mühitindən imtina etdi, ondan kənarda qaldı və hər hansı bir şəkildə ölkədə bir uzlaşma mühitinin olmasına maraq göstərmədi. Bu da onların özləri üçün problem yaradacaq. Çünki siyasi sistemin fəal iştirakçısı olmaq istəyən hər hansı qüvvə bu sistemdə aparıcı bir mövqeyə sahib olan iqtidarla, hakim partiya ilə münasibətlərini normal tənzimləməlidir və müəyyən dərəcədə siyasi etika çərçivəsində rəqabətin aparılmasını təmin etməlidir. İndi rəqabət daha çox təhqir, söyüş kampaniyaları üzərində aparılmağa yönəldilirsə və buna ümid edərək hansısa bir şəkildə hakimiyyəti sarsıtmağı düşünürlərsə, bu, boşuna çalışmalardır. Çünki həmin qeyri-hüquqi yol birinci növbədə özünü müxalifət hesab edən partiyaların ziyanına olur. Ona görə də bir uzlaşma yolunu keçmək lazımdır. Burda söhbət kiminsə siyasi düşüncəsini, əqidəsini, mövqeyini dəyişməsindən yox, amma müəyyən dərəcədə siyasətin kübarlaşması, etik çərçivəsinin cızılması üçün müzakirə mühitinin yaradılmasından gedir. Ona görə də bu dialoqun əsas hədəfi məhz belə sağlam, etimadlı müzakirə mühitinin olmasıdır. Hər kəs öz siyasi mövqeyində, öz proqramında sərbəst olaraq qalır, öz fikirlərini, öz tənqidini yenə də səsləndirir, amma müəyyən etik çərçivənin tanınması cəmiyyətdə aqressiyanın azalmasına səbəb olur və bütün məsələlərin siyasi yolla, müzakirə yolu ilə həllinə imkan yaradır. Əslində, dialoqun əsas hədəfi bu olmalıdır. Çünki dialoq özü bir vasitədir, nəticə deyil.

- Bu gün Azərbaycan cəmiyyətini narahat edən bir sıra problemlər var. Belə formatda müzakirələrlə problemlərin həllinə nail olmaq mümkündürmü?

- Dialoq şəraitində Azərbaycan cəmiyyətinin bütün spektrlərinin fəaliyyət keyfiyyəti məsələsi müzakirə olundu. Xüsusilə də siyasi partiyaların, parlament partiyalarının bu istiqamətdə verdiyi töhfə, gördüyü işlər, cəmiyyətlə bu problemlərin həlli istiqamətində, müəyyən problemlərin izah olunması və dövlətin yükünün azaldılmasına yönəlik çalışmalara prioritet məsələ olaraq baxıldı. Digər tərəfdən, həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı müzakirələr aktuallıq kəsb etdi. Münaqişənin həlli yolları üzərində siyasi partiyaların mövqeyinin də dinlənilməsinin zəruriliyinə toxunuldu. Həmçinin, əhalinin sosial tələblərinin həyata keçirilməsi, problemlərinin həll olunması istiqamətində bir sıra təkliflər səsləndirildi. Eyni zamanda, həm də siyasi müxalifətin çərçivəsinin müəyyən olunması üçün xüsusi qanunun qəbul olunması təklifi səsləndirildi.  Demək olar ki, ölkə həyatının elə bir aktual məsələsi olmadı ki, bu, müzakirə predmetindən kənarda qalsın.

- Bayaq vurğuladığınız kimi, müxalifətin müəyyən bir qanadı dialoqdan ümumiyyətlə imtina edib. Həmin qüvvələrlə yenidən dialoq aparmaq təşəbbüsü irəli sürülə bilərmi?

- Müxalifətin müəyyən qanadı yox, marjinal bir qrupu - AXCP adlanan bir qrup bu dialoqda iştirak etməkdən imtina etdi. Bu da hesab edirəm ki, cığallıq prosesinin davamıdır. Çünki həm seçkilərdən imtina edirsən, həm aktiv siyasi fəaliyyətin bütün növlərindən kənarda dayanırsan, ancaq sosial şəbəkə üzərindən böhtan, şantaj kampaniyası ilə, aldadılmış insanların duyğuları ilə müəyyən dərəcədə manipulyasiya edərək, ölkədə bir etimadsızlıq mühiti yaratmaq istəyirsən. Dialoqun bütövlükdə açıq bir proses olduğunu hər kəs anlamalıdır. Birdəfəlik bağlı qapı deyilən anlayış yoxdur. Kimsə bir ildən sonra da bu prosesə qoşula bilər. Amma vaxtında qoşulmaq o deməkdir ki, cəmiyyətdə olan siyasi münasibətlərin sağlamlaşmasına vaxtında xidmət etmiş olurlar. Məncə, siyasi qüvvələrin əksəriyyəti artıq bu istiqamətdə reallığı dərk etdiyinə görə öz siyasi iradələrini ortaya qoyublar və aktiv şəkildə prosesdə iştirak edirlər. Bir nümunəni də deyim, sonuncu dəfə 2011-ci ildə siyasi partiyalar qeydə alınıb. 7 siyasi partiyanın da son 3 ayda qeydə alınması faktı onu göstərir ki, hakimiyyət də öz vədlərində kifayət qədər səmimidir və bu prosesin davamlı olmasını hamıdan çox arzulayır. Ona görə də hamı bu fürsəti dəyərləndirib ölkənin gələcəyi üçün müəyyən qarşılıqlı addım atmağa hazır olmalıdır.

- İqtidarla müxalifər arasında sağlam, konstruktiv dialoqun, əməkdaşlığın qurulmasının cəmiyyətə faydası nədən ibarətdir?

- Biz katakilizmlərə immuniteti müəyyən dərəcədə zəif olan cəmiyyətlərdənik. Həm də bizim erməni kimi bir düşmənimiz var.  Müəyyən təhlükələr var və dövlətimizin hər hansı təlatüm, qarşılıqlıq içində olması çox ciddi ərazi və insan itkilərilə yekunlaşa bilər. Ona görə də biz mütləq cəmiyyətdaxili konsensusun yolunu tapmalıyıq. Burda da hər kəs  öz kaprizindən, öz inadından bir addım geri çəkilməyi bacarmalıdır. Əgər iqtidar bir addım atırsa, düşünürəm ki, müxalifət iki addım atmağa hazır olmalıdr. Çünki əslində, müxalifətin bugünkü fəaliyyəti iqtidarın hər hansı şəkildə mövcudluğuna və ya hakimiyyəti davam etdirməsinə mane olacaq gücdə deyil. Belə vəziyyətdə ən yaxşı olanı konkret  qaydaların,  etik çərçivənin müəyyən olumasıdır. Müxalifətin fəaliyyət çərçivəsinin hüquqi cəhətdən təmin olunması həm də o partiyaların inkişafı üçün ciddi zəmin hazırlaya bilər.

- Biz əvvəllər də iqtidar-müxalifət dialoqlarına şahid olmuşuq. Həmin müzakirələrdə hətta radikal kəsim də iştirak edib. Bu gün başladılan dialoq əvvəlkindən nə ilə fərqlənir?

- Əvvələr də dialoq adı ilə belə tədbirlər keçirilirdi. 10-15, hətta 20 partiya yığılıb fikirlərini səsləndirirdi, amma real nəticələr ortaya qoyulmurdu. Partiyalar qərargah məsələsini qaldırırdılar, bir nəticə əldə olunmurdu. Partiyalar qeydiyyat məsələsini qaldırırdılar, yenə də bir nəticə olmurdu. Sadəcə, müəyyən dərəcədə statistika xatirinə keçirilən tədbirlər idi. Amma artıq 2020-ci ildə Prezident Administrasiyasında xüsusi şöbənin yaradılması və siyasi partiyalarla bilavasitə əlaqə səlahiyyətinin konkret bir təsisata verilməsilə situasiyanı dəyişdi. Burada böyük-kiçik, yaxud da əhəmiyyətli-əhəmiyyətsiz partiya anlayışı ortadan qalxdı, hər kəsə, siyasi subyektlərin hamısına dəyər verilməyə başladı və hər birinin aktivləşməsi üçün imkan yaradıldı. Söhbətlərdə ortaya çıxan problemlərin həlli istiqamətində konkret addımlar atıldı. Məsələn, müxalifət partiyalarından birinin sədrinin səhhətində problem var idi, onu dövlət yardımı ilə müəyyən dərəcədə təmin etdilər. Sonra REAL partiyası rəhbərinin bəraət alması ilə bağlı problem var idi, məhkəmə orqanları bununla bağlı addım atdı. Müsbət nəticə oldu, müəyyən kompensasiyanın ödənməsi təmin edildi. Eləcə də partiyaların qeydə alınması məsələsi və onların təmsilçilərinin İctimai TV-də çıxış etmələri, "Azərbaycan" qəzetində mövqelərinin verilməsi, bir çox informasiya məkanlarında partiyaların dinamizminin üzə çıxması üçün imkanlar yaradılması - bunlar hamısı dialoqun daha əsaslı və ciddi məqsədlə aparıldığını ortaya qoyur. Ona görə də budəfəki situasiya tamamilə fərqlidir və ümid edirəm ki, yekunda bu, siyasi qüvvələrin konsialdasiyasına, müəyyən dərəcədə bir-birilə uzlaşmasına gətirib çıxaracaq, ölkədə sağlam siyasi rəqabət mühiti formalaşacaq ki, bu da partiya demokratiyasının inkişafı üçün ən vacib şərtlərdən biridir. Nəhayət, gələcək seçkilərdə biz daha çox partiyanın seçki prosesinə qatılmasının və növbəti parlamentlərin daha çoxpartiyalı və rəngarəng olmasının şahidi ola biləcəyik.

PƏRVANƏ

 





15.07.2020    çap et  çap et