525.Az

Rusiya sürətlə silahlanmaya qoşulacaqmı? - Şərh


 

VAŞİNQTON MOSKVANI YENİDƏN BİR DƏFƏ SALDIĞI TƏLƏYƏ TƏRƏF ÇƏKİR

Rusiya sürətlə silahlanmaya qoşulacaqmı? - <b style="color:red">Şərh</b>

Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 10-da onlayn formatda keçirilən "Primakov oxunuşları" tədbirində ABŞ-ın strateji hücum silahlarının ixtisarını nəzərdə tutan SNV-3 müqaviləsini uzatmaq istəmədiyini bəyan etdi. Görünən budur ki, bununla bağlı artıq Vaşinqton son qərarını qəbul edib. Ağ evin SNV-3 müqaviləsi ilə bağlı mövqeyi əslində,  S.Lavrovun bu açıqlamasından əvvəl də təxminən məlum idi. Ötən ay Vyanada rusiyalı və amerikalı diplomatlar arasında keçirilən danışıqlar nəticəsiz başa çatdıqdan sonra Vaşinqtonun müqavilənin müddətini uzatmaq istəmədiyi qənaəti yaranmışdı. Ümumiyyətlə, ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtonun SNV-3 müqaviləsinə münasibəti dəyişmişdi. Rusiya prezidenti Vladimir Putin Trampla ilk telefon danışığında SNV-3 müqaviləsinin müddətini uzatmağı təklif etsə də, amerikalı həmkarından qaneedici cavab ala bilməmişdi. Ötən dörd il ərzində Vaşinqtonla Moskva arasında danışıqlar Vyana görüşünə kimi davam etdi və sonda heç bir nəticə əldə edilmədən yekunlaşdı.

Vyanada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla ABŞ prezidentinin xüsusi təmsilçisi Marşall Bellinqsli arasındakı danışıqlarda Moskva heç bir əlavə şərt olmadan müqavilənin müddətini uzatmağı təklif etsə, Vaşinqton bir sıra şərtlər irəli sürmüşdü. ABŞ ilk öncə Çinin də bu müqavildə yer almasını, eləcə də Rusiyanın yeni silahlarının müqavilənin təsir dairəsinə düşməsini təklif edirdi.

Moskva ilə Vaşinqton arasında təxminən 29 il əvvəl, 1991-ci ilin iyulun 31-də imzalanmış SNV-1 müqaviləsi bəşəriyyətin nüvə müharibəsi qorxusunu azaltdığı kimi, ABŞ-ın indi SNV-3 müqaviləsindən çıxması beynəlxalq ictimaiyyətin narahatlıqlarını haqlı olaraq artırır. Beynəlxalq ictimaiyyət silahlanmanın yeni, həm da daha böyük miqyaslı mərhələsinin başlayacağından narahatdır.

Vaşinqtonun Moskva ilə bütün hərbi müqavilələrdən çıxmasına səbəb ABŞ-ın Rusiyaya yönəlik siyasətinin gözlənilən nəticəni verməməsi, əksinə, xəyal qırıqlığı yaratması oldu. ABŞ Rusiyanın simasında etibarlı tərəfdaş arzulayırdı. Lakin Moskvanın Vaşinqtonun bu gözləntilərinin əksinə gedərək Suriyada hərbi qüvvə ilə diktator Bəşər Əsədin müdafiəsinə qalxması, Krımın ilhaqı və yeni hücum silahları istehsalını gücləndirməsi ABŞ-ı Rusiya ilə siyasətinə yenidən baxmağa vadar edirdi. Bu siyasətin yenilənməsi isə ABŞ-ın Rusiya ilə hərbi və təhlükəsizlik sahələri əhatə edən müqavilələrdən çıxmasını zərurətə çevirirdi. Buna görə də son dörd ildə ABŞ tədricən bütün müqavilələrdən çıxırdı. SNV-3 müqaviləsi sona qalmış yeganə anlaşma idi.

Bu müqavilədən də çıxmaq ABŞ-ın silahlanma sahəsində əl-qolunu tamamilə açacaq. Rusiya xarici işlər naziri S.Lavrovun SNV-3 müqaviləsinin müddətinin uzadılması ilə bağlı Vaşinqtonla anlaşmaya nail ola bilmədikləri haqqında verdiyi açıqlamadan bir gün sonra ABŞ prezidenti D.Tramp mövcud raketlərdən 17 dəfə sürətli olan yeni hipersəs sürətli raketin hazırlanma prosesində olduğu haqqında açıqlama ilə çıxış etdi. Prezident D.Tramp Florida ştatında, ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığının mənzil-qərargahında səsləndirdiyi bu açıqlamaya onu da əlavə edib ki, hazırda elə silahlar hazırlanır ki, başqaları onun haqqında hətta təsəvvürə belə malik deyil.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın hərbi büdcəsi yüksələn xətt üzrə artmaqda davam edir. Ağ ev sahibi son illər hərbi məqsədlə 2.5 trilyon dollar sərf etdiklərindən qürurla bəhs etməyi sevir.

Tramp bəyan edib ki, ABŞ-ın hərbi məqsədlər üçün böyük vəsaitlər ayırmasının səbəbi Rusiya və Çinin sürətlə silahlanmasıdır. Trampa görə, bütün dünyada sürətlə silahlanma gedir və Vaşinqton bu prosesin önündə olmaq niyyətindədir. Qeyd edək ki, ötən il Rusiya prezidenti V.Putin Federal Məclisə müraciətində 9 Max (Max-səs sürəti) sürətli "Xənçəl" adlı raketdən bəhs etmişdi. İndi isə Tramp 17 Max sürətli raketdən söz açır.

Bu silahlanma nə qədər davam edə bilər?

Məlum olduğu kimi, silahlanma çox bahalı bir sahədir və dövlətlərin bu sahədə imkanları sonsuz deyil. Xüsusilə də neftin ucuzlaşdığı bir zamanda büdcə gəlirlərinin əhəmiyyətli hissəsindən məhrum olmuş Rusiyanın ABŞ-la yeni sürətli silahlanma yarışına girmək gücü yoxdur. Rusiya iqtisadiyyatının hazırda sürətli silahlanmanı qaldıracaq gücdə olmadığını Ağ evdə yaxşı bilirlər və belə görünür ki, Moskvanı yenidən artıq bir dəfə düşdüyü tələyə doğru çəkmək istəyirlər. Sovet İttifaqının müflis olmasına səbəb olan sürətli silahlanma yarışına Moskvanın təkrar qoşulması Rusiya üçün fəlakətli olar. Heç şübhəsiz, Kremldə də bunun fərqindədirlər. Przident Putin ötən il Federal Məclisə çıxışını əsasən Rusiyanın silahlanması üzərində qurmuşdusa, builki çıxışında bu mövzunun üzərindən sükutla keçdi.

ABŞ-ın SNV-3 müqaviləsindən çıxması Moskvanı hərbi sahəyə daha çox pul ayırmaq məcburiyyətində qoya bilər. İstisna deyil ki, Ağ evin əsl niyyəti də budur. 

 





15.07.2020    çap et  çap et