525.Az

Hüseyn Cavidin Ev Muzeyi: AMEA nəzdində fəaliyyətin 25 ili


 

Hüseyn Cavidin Ev Muzeyi: <b style="color:red">AMEA nəzdində fəaliyyətin 25 ili</b>

Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə rəhbərliyə gəldiyi dövrdən, digər klassiklər kimi, Hüseyn Cavidin yaradıcılığına da dərin maraq göstərir, öz çıxışlarında onun da adını Azərbaycan ədəbiyyatı tarixində xüsusilə böyük xidmət göstərmiş sənətkarların sırasında fəxrlə çəkirdi. Səksəninci illərin əvvəllərindən isə Ümummilli liderimiz hər zaman Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərib, kommunist rejimi tərəfindən repressiya edilmiş şairə layiqli qiymətin verilməsi işinə nəzarəti gücləndirib. O illərdə şairin nəşinin vətənə gətirilməsi, əsərlərinin yenidən nəşri, səhnəyə qoyulması, adının əbədiləşdirilməsi sahəsində dahi rəhbərin xidmətləri danılmazdır.

Ulu öndərin təşəbbüsü ilə Azərbaycan KP MK-nın 21 iyul 1981-ci ildə "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, Bakı şəhərinin Kommunist (indiki İstiqlaliyyət) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət Nazirliyinin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən, adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin Ev Muzeyi üçün ayrılıb.

Heydər Əliyevin və şairin yeganə yadigarı Turan Cavidin müştərək işlərindən biri, bəlkə də, ən möhtəşəmi elə Hüseyn Cavidin Ev Muzeyinin yaradılması oldu. Turan xanımın illər boyu üzərində zəhmət çəkdiyi və yüksək səviyyədə araya-ərsəyə gətirdiyi muzey Cavid irsinin böyük himayəçisi olan Ümummilli liderimiz Heydər Əliyevin yaxından köməyi və bir rəhbər kimi qayğısı nəticəsində yaradılaraq cavidsevərlərin ixtiyarına verildi. Muzeyin hər eksponatında, hər bir guşəsində Turan Cavidin ailəsinə məhəbbəti, Cavid ocağının qorunu qorumağa yönəlmiş övladlıq qeyrəti duyulur. Bu muzey kamil bir sistem olub, Turan Cavidin muzeyşünaslıq fəaliyyətinin mükəmməl örnəyi, forma və məzmun vəhdətinin klassik nümunəsidir.

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdan Heydər Əliyev həmin ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının ziyalıları ilə tarixi görüşündə Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı ilə bağlı görüləsi işlərdən danışaraq demişdi: "İndi Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər lazımi səviyyədə nəşr olunmuşdurmu?"

Bu sözlər Hüseyn Cavidin irsinin tədqiq və təbliği ilə bağlı Azərbaycan elminə ünvanlanmış bir çağırış idi.

10 iyun 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevin yanında tarixi müşavirə keçirildi. Həmin müşavirədə Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər 14 illik fasilədən sonra yenidən müzakirə olundu və dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, onun Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verilməklə ədibin yaşadığı binanın: Kommunist küçəsi, 8 (hazırda İstiqlaliyyət küçəsi, 26) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin Ev Muzeyi adlandırılması məsələsi həllini tapdı. Cavid ocağının yeganə yadigarı Turan Cavid muzeyin tərtibatını həyata keçirdi, bir çox eksponatları muzeyə hədiyyə etdi. Məhz onun sayəsində muzey Hüseyn Cavidin və Cavidlər ailəsinin ruhlarının əbədi qərar tutduğu evə çevrildi.

Bu gün də Hüseyn Cavidin Ev Muzeyi onun qurucusu Turan Cavidin məqsəd, məram və arzularını uca tutur, rəhbərlik üçün başlıca istiqamət götürür, müəssisənin çiçəklənməsi, müasir informasiya əsri ilə ayaqlaşması, təkcə respublikamızda deyil, uzaq-uzaq ölkələrdə də Cavid irsinin tanıtdırılması və  təbliği işini genişləndirmək yolunda yorulmadan fəaliyyət göstərir. Turan xanımın arzuları əməkdaşların əməlləri ilə çiçəklənir, o, gündən-günə inkişaf edən muzeyin əbədi rəhbəri kimi xatirələrdə yaşayır.

H.Cavidin Ev Muzeyi 245 kvadratmetr sahəni əhatə edir və onun 130 kvadratmetrində ekspozisiya yerləşir. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır. Ekspozisiyada 1000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, vallar, müxtəlif sənədlər, məktublar vardır. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Onların sırasında bu müəssisənin ilk direktoru, muzeyin binagüzarı Turan Cavidin fəaliyyəti ilə bağlı materiallar da qayğıkeşliklə qorunur və nümayiş etdirilir.

Hazırda muzeyin əsas fondunda 13265 eksponat mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fondunda H.Cavidə məxsus əlyazmaları, əsərləri, tədqiqat əsərləri, tarixi sənədlər, fonoteka, videoteka, multimedia, xatirə əşyaları, Ə.Cavidin və T.Cavidin şəxsi arxivləri kimi bölmələr yaradılıb. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi. Muzeyin ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu mümkün oldu.

23 oktyabr 2002-ci ildə Prezident Heydər Əliyev "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" Sərəncam imzaladı. 24 oktyabr 2002-ci ildə, Hüseyn Cavidin 120 illik yubileyi günündə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Hüseyn Cavidin Ev Muzeyinin açılış lentini kəsərək, ekspozisiya ilə tanış oldu, muzeyin rəy kitabına ürək sözlərini yazdı və gələcək fəaliyyətinə xeyir-dua verdi. Beləliklə, 24 oktyabr 2002-ci il tarixdən Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı.

Heydər Əliyev kimi onun ən layiqli ardıcılı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dövlətimizə rəhbərlik etdiyi bu 17 ildə Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının təbliğinin ən yüksək səviyyədə aparılması naminə bir çox işlər görüb, rəsmi sənədlər imzalayıb. AMEA H.Cavidin Ev Muzeyi də son illərdə öz fəaliyyətini məhz cənab Prezidentin bu cür diqqət və qayğısından, imzaladığı rəsmi sənədlərdən çıxış edərək qurub və bir çox mühüm nailiyyətlər əldə edib.

Hazırda Hüseyn Cavidin Ev Muzeyi tam hüquqla tərkibinə daxil olduğu Azərbaycan Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. Muzeydə Elmi Şura və 6 elmi tədqiqat şöbəsi ("Cavidşünaslıq", "Elmi-kütləvi işlər şöbəsi", "Elmi fondlar şöbəsi", "Elmi və bədii tərtibat şöbəsi", "Elmi ekspozisiya şöbəsi", "Elmi informasiya və kitabxana şöbəsi") fəaliyyət göstərir. Şöbələrdə H.Cavid və ümumiyyətlə, cavidlər irsinə aid materialların tədqiqi, ekspozisiya və səyyar sərgilərin hazırlanması və təkmilləşdirilməsi, H.Cavid və Cavidlər irsinin təbliği, sərgilərin nümayişi və tədbirlərin təşkili, müəllif və ailəyə aid materialların toplanması, qeydiyyata salınması, elmi təsvirinin verilməsi və mühafizəsi, dahi şairin irsinə aid kitabların toplanması, saxlanması və oxuculara xidmət, materialların qorunması və təqdimi, ekspozisiyanın və səyyar sərgilərin bədii tərtibatı, Hüseyn Cavidin Ev Muzeyinin veb-saytının dizayn tərtibat işləri icra olunmaqdadır.

Muzeydə Cavidlər ailəsinin də yaradıcılığı tədqiq olunmaqla yanaşı, təbliğ edilir. Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət CD və DVD disklər, "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" adlı 10 cilddən ibarət çoxcildliyi, (2011), "Turan Cavid. Ömür salnaməsi" (2014) kitabları bu qəbildəndir.

Ədibin ev muzeyində hər il respublika və beynəlxalq əhəmiyyətli tədbirlər, konfrans və simpoziumlar keçirilir. Bu konfransların materialları dərc edilərək elmi ictimaiyyətə çatdırılır.

Muzey digər elm və mədəniyyət ocaqları ilə də müştərək tədbirlər həyata keçirir. Onların sırasında 2017-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyinin AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə təşkil etdiyi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə "Hüseyn Cavid və müasir gənclik" adlı beynəlxalq, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin Abdulla Şaiqin Ev Muzeyi ilə birgə təşkil etdiyi "Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti" mövzusunda respublika elmi konfransını göstərmək olar.

Muzey Hüseyn Cavid irsini təqdiq edən alimlərin də əsərlərini latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrə hazırlayaraq çap etdirib. Belə əsərlərə Timuçin Əfəndiyevin "Hüseyn Cavid: ideal həqiqət axtarışı" (2013), akademik Məmməd Cəfərin "Hüseyn Cavid" (2019) monoqrafiyaları nümunə ola bilər.

Biz də öz növbəmizdə ədibin həyat və yaradıcılığını, ölməz ədəbi irsini araşdıraraq, tədqiqatlar şəklində elmi ictimaiyyətin diqqətinə çatdırmışıq. Müəllifi olduğumuz "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" I kitab (2010), "Heydər Əliyev və Hüseyn Cavid" (2013), "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" II kitab (2017) monoqrafiyaları dahi şair və dramaturqun şəxsiyyətinə, yaradıcılığına münasibətin bir salnaməsidir. Bu monoqrafik araşdırmalar sübut edir ki, cavidşünaslıq artıq ədəbiyyatşünaslığımızın mühüm bir qoluna çevrilib.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri" elmi tədqiqat proqramı çərçivəsində Hüseyn Cavidin Ev Muzeyi tərəfindən 30 cilddə nəşri nəzərdə tutulmuş "Cavidşünaslıq" araşdırmalar toplusu da bunun bariz nümunəsidir. Qeyd etməliyik ki, artıq çoxcildliyin 20 cildi nəfis şəkildə nəşr olunub, 21-25-ci cildləri də son altı ayda nəşrə hazırlanıb. Hazırda "Cavidşünaslıq" toplusuna daxil edilmiş materiallar 1912-ci ildən 2016-cı ilədək olan mövcud sənəd resursunu əhatə edən möhtəşəm tədqiqat mənbəyidir.

Hüseyn Cavidin Ev Muzeyi ədibin Naxçıvanda yerləşən Ev Muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir.

Bu gün AMEA-nın nəzdində fəaliyyətə başlamasının 25-ci ildönümünü qeyd edən muzey Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində ölkənin ixtisaslaşmış mühüm elmi mərkəzlərindən biridir.

 





15.07.2020    çap et  çap et