525.Az

Səngərlərin bir addımlığında gözləyən dostumuz - Azərbaycan mətbuatı-145


 

Səngərlərin bir addımlığında gözləyən dostumuz - <b style="color:red">Azərbaycan mətbuatı-145</b>

Azərbaycan mətbuatının 145 yaşının tamam olmasına sayılı günlər qalır. İldönümü ərəfəsində dövlət müstəqilliyimizin bərpasından sonra yeni dövr mətbuatının formalaşmasında az da olsa əməyi keçən, bu prosesə töhfə verməyə çalışmış, vaxtlı, yaxud vaxtsız sıralarımızdan getmiş jurnalist dostlarımızı xatırlamaq hər birimizin vicdan borcudur. Mən belə jurnalistlərimizdən birini - yeni dövr hərbi jurnalistikamızın ilk və sanballı nümunələrini yaradanlardan olmuş Söhbət Səfərlini yada salmaq istərdim.

Söhbət Səfərlini Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsi olduğum 1979-cu ildən tanıyırdım. Bizi tanış edən qrup yoldaşım Ədalət Teymurovun dedikləri tam yadımda qalmasa da, "tühafın biridir, dərsə gəldiyi 3 gün deyil, artıq bir qıza vurulub" buna bənzər nələrsə demişdi. Söhbət deyilənlərə yalnız xəfif təbəssümlə cavab verdi. Bu incə gülüşü onun çöhrəsində sonralar çox gördüm. Bir az utancaqlıq sezilən bu özünəməxsus gülüş onun onsuz da aydın olan çöhrəsini bir az da nurlandırırdı. Ancaq o zaman adını çəkməsək də, o qızla taleyində bir oxşarlıq yaşadı. Hər ikisi dünyadan nakam getdi, arzuları yarımçıq qaldı.

Söhbət Jurnalistika fakültəsinin qiyabi bölməsində oxuyurdu və onların dərsləri adətən 1-2 ay sonra başlayırdı. "Tühaf" sözünə gəlincə, Ə.Haqverdiyevin və başqa klassiklərimizin əsərlərindən mənimsədiyimiz bu adı adətən özümüzə yaxın, doğma bildiyimiz, səmimiyyətinə və etibarına şübhə etmədiyimiz şəxslərə verirdik. Bu ad öz aramızda bizim üçün bir koda çevrilmişdi. Beləcə, yeni Tühafı ilk tanışlıqdan çəkinmədən dostlar sırasına daxil etdik. Tələbəliyin sonrakı illərində bu bağlar daha da möhkəmləndi. Ədalətlə qaldığı yataqxanada tez-tez görüşür, tarixdən, ədəbiyyatdan, siyasətdən danışır, düşüncələrimizi, qayğılarımızı, cavanlıq sirlərimizi bölüşürdük. Beş il, 1984-cü ilədək belə davam etdi. Sonra təyinatla göndərildiyimiz qəzetlərdə, televiziya və radioda ixtisasımız üzrə iş həyatımız başladı. Söhbət Xalq Təsərrüfatı İnstitutunun qəzetində müxbir işləyirdi. Onunla burulğanlı hadisələrin başlanmasından 2 il sonra, 1990-cı ilədək görüşməsək də, bir-birimizdən həmişə xəbər tuturduq. "Vətən səsi" qəzetində işlədiyim həmin ildən isə biz yenidən müntəzəm surətdə görüşdük. Onda Söhbət yeni dalğanın qaranquşlarından olan "Açıq söz" qəzetində işləyirdi.

S.Səfərlinin jurnalist kimi yaradıcılığını fərqləndirən başlıca cəhətlərdən biri səmimiliyi idi. Nədən və necə yazmasından asılı olmayaraq o, həmişə oxucusunu inandıra bilirdi. Dostumuzun jurnalist kimi ikinci müsbət cəhəti bacardıqca obyektiv olmağa, sələflərindən öyrəndiyi kimi, düzü düz, əyrini əyri yazmağa çalışması idi. Bir də bizləri birləşdirən və bu gün Azərbaycanımıza hər şeydən daha vacib olan yerliçilik hissinin az qala yoxluğu idi. İnsanın doğulduğu kəndi, rayonu, böyüdüyü eli-obanı sevməsi çox doğal və müqəddəs bir hissdir. Ancaq Vətənin ən şoran, ilan mələyən, kol-kos da bitməyən torpağı belə bizim üçün ən dilbər guşələr qədər doğma, əziz deyilsə, deməli, Vətən sevgimiz ötəri, hansı məqsədləsə  uydurduğumuz nağıldır, quru sözdən başqa bir şey deyil. Bəlkə də bu sevginin azalması, çoxlarının qəlbində, şüurunda yerliçilik mərəzinin kök salmasının nəticəsi idi ki, 20 faiz torpaqlarımız hələ babalarımızın düşmən kimi tanıdığı, ancaq biryolluq susdura bilmədiyimiz yağılar tərəfindən işğal olundu...

Tale elə gətirdi ki, eyni qəzetdə, Azərbaycanın ilk hərbi nəşri olan Müdafiə Nazirliyinin orqanı "Xalq Ordusu"nda bir yerdə işləməli olduq. Hərbi jurnalist Üzeyir Cəfərovun baş redaktoru olduğu bu qəzetin qələmin qədrini bilən, onun şərəfini uca tutan yaxşı kollektivi vardı. İndi ölkədə tanınanlardan filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, tarix elmləri doktoru Mehman Süleymanov, artıq rəhmətə getmiş yazıçı-tərcüməçi Vladimir Qafarov, bu gün "Azərbaycan Ordusu" adıyla çıxan doğma qəzetin məsul katibi, şair Rəşid Faxralı, taleyini sonradan sərhədlə bağlamış Mehman Hüseynov, bir neçə ölkədə hərbi atteşe işləmiş Samir Musayev və başqaları vardı.

Şəxsi xarakterindən irəli gələn həmin keyfiyyətləri Söhbətə həyatda olduğu kimi, oxucular arasında da inam, etibar qazandırmışdı. Onunla həm "Xalq Ordusu"nda, həm də başqa mətbu orqanlarda işlədiyimiz 1991-1992-ci illərdə Azərbaycanın əksər cəbhə zonalarında olmuş, bir çox əraziləri az qala səngər-səngər addımlamışdıq. Bu cəhətdən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin hərbi operatoru Seyidağa Mövsümlü və ilk hərbi jurnalistlərimizdən olan Ədalət Teymurov tandeminə çatmasaq da, hərbi qəzetin əməkdaşları kimi mütəmadi döyüş bölgələrində olurduq. Mətləbi çox da uzatmadan belə gedişlərimizdən yalnız biri ilə bağlı təəssüratımı bölüşməklə dostumuz haqqında təsəvvürləri bir qədər də konkretləşdirmək istəyirəm. Onu da qeyd edim ki, həmin vaxt "Yazıçı" nəşriyyatında işləyən jurnalist dostumuz Nəsiman Yaqublu da bizimlə idi.

1992-ci il may ayının 11-də Şuşa-Laçın bölgəsinə, Zarıslı kəndinin yaxınlığında Turşsu deyilən ərazidə mövqe tutmuş hərbi hissələrimizin yanında idik. Şuşa artıq 3 gün idi ermənilər tərəfindən işğal edilmişdi. Zarıslıda və ətrafında kiçikmiqyaslı döyüşlər gedirdi. Oradakı əsas qüvvələr - Azərbaycan Ordusunun hissələri (Şuşanın o zamankı komendantı Elbrus Orucovun komandanlığı altında), Xüsusi Təyinatlı Polis Dəstəsinin və Xüsusi Təyinatlıların döyüşçüləri Şuşanın itirilməsinin yaratdığı son dərəcədə gərgin, həm də əsəbi şəraitdə növbəti addımların nə olacağını planlaşdırmağa çalışırdılar. Öyrənə bildiklərimizə görə, ümumi rəy belə idi ki, onlar hücum edib çoxsaylı itkilər hesabına olsa da, Şuşanı geri qaytara bilərlər, amma bu mühüm mövqeni, Azərbaycanın alınmaz qalasını (təəssüf ki, bu adı doğrultmadıq) əldə saxlamaq üçün təcili və güclü dəstək lazımdır. Bu dəstəyə ümid o qədər də böyük olmadığına görə həmin qüvvələr gərgin gözləmə mövqeyində qalmaqda davam edirdilər. Düşmən isə Şuşada günbəgün deyil, saatbasaat möhkəmlənirdi. Eşitdiyimiz bu məlumat Söhbəti bir anda hövsələdən çıxardı, yaxınlıqdakıların eşidəcəyi səslə "necə yəni ala bilərik, ancaq saxlamaq mümkün deyil. Əsgərin borcu düşməni həyatı bahasına da olsa geri oturtmaq, heç olmasa, ona ağır, sarsıdıcı zərbə vurmaqdır. Şuşanı qaytarmaq olarsa, onda kimi gözləyirik?" dedi.

Əlbəttə, cavab gəlmədi. Çünki cavab verməyə borclu olanların bəlkə də ritorik saydıqları bu sualın yeganə cavabı Şuşa üzərinə hərəkət etmək, düşmənlə ölüm-qalım savaşına girmək olmalıydı. Obyektivlik naminə deyək ki, bu zaman böyük itkilər hesabına döyüş əməliyyatı gözlənilən sonluqla nəticələnməyəcəyi halda məğlubiyyəti üzərinə götürmək kimi ağır bir məsuliyyət də var idi.

Gecəni hamı kimi, dirigözlü açdıq. Növbəti gün bütün hissələrin tədricən Laçın ərazisinə geri çəkilməyə başlayacaqları məlum oldu. Bu vaxt Laçın ərazisində də döyüşlər gedirdi. Biz may ayının 13-də Laçına qayıtmalı olduq. Şəhərə çatmamış əraziləri tərk edərək Qubadlı istiqamətinə gedən onlarla maşınlar, mal-qarasını piyada aparan insanlar, hətta cəbhə xəttindən çıxarılmış hərbi texnikalar gördük. Bizi Laçından uzaqlaşdıran Qalaaltından Laçının Turşuyuna dikələn yol tam dolmuşdu. Bu dəhşətlər içində gördüyümüz bir mənzərə isə ürəyimizi neçə yerdən parçaladı. Bir qarı əlində ağac, çiynində dünyanın dərd yükü tək-tənha yol gedirdi. O, sadəcə, kimsəsiz qalmış, viran olacaq yurd dərdindən qəddi əyilmiş bir ağbirçək deyildi, müdafiəsiz buraxılmış, tərk edilmiş köksü yaralı Azərbaycan idi. Əlindəki ağaca dayaqlana-dayaqlana üzü ümidə doğru aramla addımlayan ağbirçək Ana - kürəynə saplanmış xəyanət və laqeydlik xəncərindən yaralı düşmüş Azərbaycan idi. Üzü Qubadlıya başladığı yol onu daha sonra haralara aparacaqdı, hələ neçə-neçə yurdlarımız viran qalacaqdı, yaxşı ki, bunu hələ nə o ağbirçək Ana, nə də biz bilirdik...

Laçına çatıb, bir neçə dövlət idarəsinə baş çəkdik, yerində olanlar vardısa da, sonra hansı addımlar atacaqlarını kəsdirə bilmirdilər. Laçın alayının yerləşdiyi qərargahda bir neçə əli silahlı qalmışdı. Əksəriyyət səngərlərdə idi. İki il ərzində düşmənə nəinki müqavimət göstərmiş, ona qan uddurmuş Laçın alayının həqiqətən igid, mərd əsgər və zabitləri alayları Müdafiə Nazirliyi tərəfindən kimlərinsə məqsədli planları nəticəsində ləğv edilsə də, səngərləri tərk etməmiş, ərazinin müxtəlif istiqamətlərində düşmənə müqavimət göstərməkdə idilər. Onlar sonra döyüşə-döyüşə geri çəkildikləri Kəlbəcər və Qubadlı istiqamətlərində parçalanmış şəkildə qalsalar da, döyüşləri dayandırmamışdılar. Ancaq artıq gec idi. Laçın iki tərəfdən ermənilərin (həm də rus hərbçilərinin) hücumuna məruz qalmışdı, daxildən isə təxribat və xəyanətlər onu düşmən qarşısında zəif salmışdı.

... Mayın 14-də ezamiyyədən qayıdan kimi, Azərbaycan Televiziyasına gedib vəziyyəti anlatdıq və təcili məlumat vermək lazım olduğunu, yoxsa qısa müddətdə Laçının da boşalacağını bildirdik. Bizimlə yarım saatlıq söhbəti lentə aldılar və tezliklə efirə veriləcəyini bildirdilər. Ancaq nə həmin gün, nə də səhəri gün həmin veriliş efirə verilmədi. Laçın da Şuşanın taleyini yaşadı. Söhbətlə qoşa imza ilə "Şuşa-Laçın xəyanəti" adlı silsilə məqalələrimiz "Xalq Ordusu"nda dərc edilsə də, artıq gec idi. Hər şey geridə qalmışdı, Vətənin yaralarına məlhəm ola biləcək (sadəlövhcəsinə belə fikirləşirdik) sözlərimiz, harayımız yalnız Şuşa-Laçın işğalı ilə bağlı xəyanət xronikasının araşdırıldığı istintaq zamanı gərək oldu. Əgər nəticə çıxara bilsəydik, buna da şükür edərdik.

Sonra Qubadlıda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Goranboyda ezamiyyələrdə olduq. Döyüşlər zamanı yaxınlığımızda mərmilər partladı, böyür-başımızdan güllələr keçdi. Ac, susuz qaldığımız, cəbhə xəttində harda gəldi gecələdiyimiz vaxtlar oldu. Ancaq şikayətlənmədik, yorulmadıq, dayandıq. Peşəsindən, yaşından asılı olmayaraq, yüzlər, minlər kimi torpaqlarımızı müdafiə edənlərə dəstək olaq, düşmənə vurulan zərbələrdə iştirakımız olsun, dedik.

Söhbət sonra "Azərbaycan" qəzetində müxtəlif vəzifələrdə, qısa müddət isə Lider televiziyasında işlədi. Ancaq həmişə sadə jurnalist kimi qaldı. Çünki onun keçdiyi məktəbin baniləri bir amal tanıyırdılar: "Qələmin müqəddəs vəzifəsi xalqa, Vətənə xidmətdir". Bu, sadəcə, həqiqi qələm sahiblərinin devizi deyil, özünə, sözünə hörmət edənlərin inandıqları və daim əməl etdikləri bir amaldır. Bu amal uğuruna yola çıxanlar böyük Həsən bəy Zərdabidən başlanan, Mirzə Cəlilə, Üzeyir Hacıbəyliyə... Tofiq Rüstəmova qədər davam edən müqəddəs yolda olduqlarını bir an belə unuda bilməzlər və unutmamalıdırlar. Necə ki, Söhbət unutmurdu. Yəqin mətbuatımızın bu mübarək yaşında canı-dildən xidmət etdikləri Vətən, dövlət də onun kimiləri unutmayacaq, onları da yada salacaq.

12 il əvvəl həyatdan vaxtsız gedən jurnalist dostumuzun məzarı dünyaya göz açdığı Füzuli rayonun Böyük Bəhmənli kəndindədir. Söhbət Quruçayın kənarındakı məzarlıqda ata-anasının, doğmalarının yanında uyuyur. Ancaq o sakit məkanda Söhbət Səfərlinin ruhu rahatlıq tapa bilməyib. 12 ildir ki, ailəsindən, dostlarından, ən başlıcası da işğal altındakı yurdlarımızdan narahatdır. Ancaq ümidini də üzməyib. Dostumuzun narahat ruhu hələ də cəbhə bölgəsi kimi qalan torpaqlarımızın harayına hamıdan tez çatmaq üçün o yurdda, səngərlərin bir addımlığında ümidlə gözləyir. Bir vaxtlar sözü ilə döyüşən Söhbət Səfərli indi ruhu ilə son vuruşlara qatılacağı günü gözləyir. Qəzan mübarək, Söhbət!

 





15.07.2020    çap et  çap et