525.Az

"Arzuladığım dünya da, ədəbiyyat da ümidlidir" - Ulucay Akif ilə müsahibə


 

"MƏNCƏ, ATAM ŞEİRLƏRİMİ DƏ, XARAKTERİMİ DƏ BƏYƏNƏRDİ"

"Arzuladığım dünya da, ədəbiyyat da ümidlidir" - <b style="color:red">Ulucay Akif ilə müsahibə </b>

Ən yeni nəsil şairlər arasında tanınan, oxunan imzalardandır Ulucay Akif. Zaman-zaman təkcə şeirləri deyil, işlədiyi "Ədalət" qəzetindəki yazıları, sosial şəbəkə statusları da rezonansa səbəb olur.

Bəziləri bunları gənc şairin diqqət çəkmək üsulları kimi qiymətləndirirlər. Ən doğrusunu isə onun özündən öyrənə bilərik. Buna görə də Ulucay Akiflə səmimi, dostyana söhbət etdik.

Gənc həmkarımla söhbətimizə oxucularımızı da qonaq edirik:
 

- Ulucay, müsahibə etmək qərarına gələndə ədəbiyyatdan çox danışmaq istəmədiyini dedin. Nə tez bezmisən ədəbiyyatdan?

- Məsələ ədəbiyyatdan bezməkdə deyil. Sadəcə ədəbiyyat haqqında danışmağa ehtiyac duymuram. Bu, mənə bir az qəribə gəlir. Mənim ədəbiyyat haqqında danışmağım kimə lazımdı axı? Özü də eyni söhbətləri, nə qədər eləmək olar? Bu, bilirsən bir az da nəyə bənzəyir? Elə bil diş həkiminlə ancaq dişlərdən, bərbərinlə ancaq saç kəsməkdən danışırsan. Nə qədər olar axı? Ədəbiyyat haqqında danışmaqdan çox, ədəbiyyat yaratmağa çalışmaq lazımdır. Üçcə kitabı düz-əməlli oxumayanda ədəbiyyatdan elə danışır ki, elə bil bunlar Uilyam Folknerdi, biz isə heç nədən başı çıxmayan biri.

- Belə başa düşdüm ki, problemin "intellektuallar"ladır?

- Hə, elədir. Özü də bu intellektual görünmə cəhdlərini ən çox bilirsən kimlər edirlər? Kitabla, ədəbiyyatla 20-25 yaşından sonra tanış olanlar. 20 yaşından sonra bir-iki kitabı alayarımçıq oxuyur, bir-iki də yazıçı adı əzbərləyir, başlayır hər fikrində kimdənsə sitat gətirməyə. Məsələn, soruşursan ki, necəsən, neyləyirsən? Cavab verir ki, Rene Dekart deyir "düşünürəm, demək, varam". İstəyirsən elə ağzının üstündən birini ilişdirəsən ki, sən Allah səsini kəs (gülürük).

İntellektual görünmə cəhdlərini daha çox natamamlıq kompleksindən əziyyət çəkənlər edir. Özünü yarımçıq hiss edir deyə, istəyir necəsə tamamlansın. Çox vaxt da bu intellektuallar heç Allahın kollecini də oxumamış olurlar. "Allahın kolleci" deyəndə mədrəsələri nəzərdə tutmuram ha (gülür). Sonra bir-iki dənə də "izm", mahiyyətini qavramadıqları ədəbi cərəyanlar, elmi terminlər öyrənib hər dəfə onlardan danışırlar. Ta deyə bilmirsən ki, ay qardaş, mən kitabla sənin kimi 20-25 yaşımdan sonra tanış olmamışam. Mən sənlə nəinki "izm"lərdən, hətta Karamzindən, Fonvizindən danışa bilərəm. Təbii ki, əgər onları tanıyırsansa. Ya da Kuprindən, Bunindən, Derjavindən, Qonçarovdan, lap istəsən, Belinskinin tənqidlərindən danışaq. Belə adamlar rus ədəbiyyatını Tolstoy və Dostoyevskidən, fransız ədəbiyyatını Hüqo və Floberdən, amerikan ədəbiyyatını da Heminquey və Mark Tvendən ibarət bilir. Elə bilir ki, Cek London Londonda doğulub deyə özünə bu cür təxəllüs götürüb. Yəni bu adamlar üçün əslində, Cek Londonla Orxan Lökbatanlı arasında da elə bir fərq yoxdur.

- Səncə, atan Akif Səməd bu gün Ulucay Akif adlı bir gənc şairin fəaliyyətini görsəydi, nə deyərdi, ona ən çox nəyi irad tutardı?

- Atamın şeirləri mənə getdikcə daha da doğmalaşır. Hiss edirəm ki, məndə də o şeirlərdən nəsə var. Akif Səmədin duyğularını özümdə aşkarlayıram. Ən çox da ümid hissi. Son zamanlar fərqinə varmışam, onun da, mənim də ən kədərli şeirimizdə belə ümid var. Görünür, bizi yazdıran əsas duyğu ümid hissidir. Ona görə də, məncə, atam mənim şeirlərimi də, xarakterimi də, çılğınlığımı da çox bəyənərdi. Çox istəyərdim ki, atam mənim şeirlərim haqda fikir bildirsin. Onunla fərqli mövzularda müzakirələr edək, amma qismət deyilmiş. Mən onun ruhunu həmişə yanımda hiss edirəm. Bu da mənə bəs edir.

- Son günlər elə paxıllardan gileylənirsən. Nəyə paxıllıq edirlər bu insanlar?

- Əslində, Feysbukdakı o paylaşımları çox vaxt zarafat xətrinə edirəm. İnsanlar çox qəribədilər. Ciddi paylaşımlara qeyri-ciddi, qeyri-ciddi paylaşımlara isə ciddi reaksiya verirlər. Əksər adamlar da əsəbi, gərgindir. Karantin də bir yandan gərginləşdirib elə bil. Heç nəyə aid fikir bildirmək olmur. Hamı əlində balta ilə gəzir.

Paxıllıq isə var, hə. Bilmirəm, bəlkə lap üç min il əvvəl də belə olub. İnsanlar arasında paxıllar çoxdur. İstedada paxıllıq edirlər, xoşbəxtliyə paxıllıq edirlər, sevgiyə paxıllıq edirlər, maddiyata paxıllıq edirlər. Allah haqqı, kiminsə yaxşı adam olmasına da paxıllıq edirlər. Niyə filankəs yaxşı adamdır, mən yox. Ay qardaş, filankəs heç kimə paxıllıq etmir deyə yaxşı adamdır. Səninsə içini qurdlar yeyir. Olmaz belə. İnsan gərək paxıllıq hissinə qalib gəlsin.

- Sənin haqqında ən çox eşitdiyim fikirlərdən biri budur ki, kənardan çox eqolu görünür. Şəxsi dostyana söhbətlərimizdə də demişəm bunu. Səncə, bu, insanlarda qıcıq yaratmır? Niyə belə görünürsən?

- Birincisi, özünə güvənən adamla lovğa, kibirli adamı ayırd edə bilmək lazımdır. Mən lovğa adam deyiləm. Dediyin kimi, məni şəxsən tanıyanlar bilir necə adamam. İkincisi, yazıçı eqolu olar da. Sən əgər yazırsansa, deməli, eqolusan. Deməli, özünü nədəsə üstün, bilgili sayırsan ki, insanlar üçün nələrsə yazırsan. Bizim adamlar, bizim hələ formalaşmamış cəmiyyətimiz elə bilir ki, yazıçı yazıq olmalıdır, fağır olmalıdı, kasıb olmalıdır, aclıqdan ölməlidir. Mən həmin adamların acığına beləyəm, belə də qalacam.

- Ən sevdiyin şəhərlərdən biri Sankt-Peterburqdur, deyəsən. Nəyini sevirsən oranın?

- Təzəlikcə fikir vermişəm, insan vaxt keçdikcə yaşadığı şəhərə bənzəyir. Məsələn, mən indi Bakı kimiyəm. Beynimin içində o qədər adam, o qədər hadisə və səs-küy var ki. Bilmirəm, kimi hardan götürüb hara qoyum. Bakı mənim gözümdə gənc bir oğlandır. Bu şəhərin küləkləri də o oğlanın yelbeyinliyinə işarədir. Peterburq isə tamam başqa idi. O şəhərdə olan sükunət, zadəganlıq, mədənilik heyrətamizdir. Bu şəhəri 1703-cü ildə Pyotr bataqlıqlar üzərində qurub. Yəni əslində, çox gənc sayıla biləcək şəhərdir, amma bu gəncliyinə baxmayaraq, o qədər tarixi bir şəhərdir ki... Mədəniyyət paytaxtıdır. Bəlkə də o şəhəri tam kəşf etmək üçün bir ömür də bəs etməz. Düşünürəm, orada olduğum iki həftə ərzində heç kimin küçədə filan yüksək səslə danışdığını xatırlamıram. Kassa qarşısında, avtobus dayancaqlarında, hər yerdə sıra mədəniyyəti var. İnsanlarının xarakterlərindən də bəlli olurdu ki, bu adamların içində hüzur var. Bəlkə də müharibədə qalib gəlməyin nəticəsidir bunlar.

- Türkiyədə isə işləmisən. Ora işləməyə getdiyin dövrdən danışaq. Dəyişiklik olsun deyə getmişdin, yoxsa burda iş yox idi?

- Magistraturanın birinci kursunu bitirəndən sonra yayı maraqlı keçirmək qərarına gəlmişdim. Dedim, elə gedim Antalyaya, həm işləyərəm, həm istirahət edərəm. Cibimə yolpulumu qoyub çıxdım. Düz dörd ay orada işlədim. Qabyuyan, ofisiant, barmen və sair işləri gördüm. Bunu pul üçün, ya da orada qalmaq üçün etməmişdim. Həyatıma rəng qatmaq, fərqli və maraqlı nələrsə yaşamaq eşqinə düşmüşdüm.

- Bəs niyə qayıtdın? Gələcəkdə Türkiyədə və ya başqa bir ölkədə yaşamaq fikrin var?

- Təhsilimi tamamlamaq üçün qayıtmalı oldum. Ora biryolluq getməmişdim. Başqa ölkədə yaşamaq fikrim isə var. Azərbaycanı çox sevirəm, amma bura məni sıxır. İnsanların düşüncə tərzindən tutmuş, ümumi vəziyyətə kimi, amma bir tərəfdən də niyəsə özümü burada yaşamağa məcbur kimi hiss edirəm. Elə bil öhdəliyim var. Yaşayıb görəcəyik nə olacağını.

- Təhsilini rusca almısan, gərək ki. Amma nitqində bu, heç vaxt hiss olunmur. Başqaları iki kəlmə bilən kimi istifadə edirlər ki, rusdilli görünsünlər...

- Elə şeyə ehtiyac duymuram. Öz dilimi çox sevirəm. Düzdür, dilimizin rus dilinə nisbətdə kasad olduğunu düşünürəm və bu, məni narahat da edir. Yalandan emosiyaya qapılıb boş danışdığımı deyə bilərsiniz, amma inanın ki, bu, belədir. Bunun fərqli səbəbləri ola bilər, lakin nəticə dəyişmir. Bir çox sözün qarşılığı dilimizdə ya yoxdur, ya da işlənmir deyə unudulub. Dilin kasadlığı da ədəbiyyatımıza ciddi təsir edir.

- Özündə sevmədiyin xüsusiyyət hansıdır və ya hansılardır?

- Bizim adamların bu suala şablon cavabı olur e. "Ən pis xasiyyətim sözü üzə deməyimdir" (gülürük). Guya bu, indi özünü pislədi də. Yəni demək istəyirlər ki, o qədər ideal adamam ki, ən pis xasiyyətim də əslində yaxşıdır.

Mənim pis xasiyyətlərim çoxdur. Tənbəllik və məsuliyyətsizliyim var. Düşünürəm, bunlar zamanla keçəcək. Məni narahat edən əsas məsələ xarakterimdəki paradoksallıq, ziddiyyətlərdir. Bəzən çox emosional oluram, özümü cilovlaya bilmirəm, hər şeyə emosional reaksiya verirəm, bəzən isə hər şeyə çox laqeyd yanaşıram.

- Xəyalındakı insanlığı, dünyanı və ədəbiyyatı təsvir edə bilərsənmi bizə?

- Arzuladığım insanlıq da, dünya da, ədəbiyyat da ümidlidir. İnsanda ümid olmalıdır, işıq olmalıdır. Həmçinin, dünya və ədəbiyyatda da. Gözəl olan hər şeyi sevirəm. Ən çox da gözəl qadınları (gülürük).

Şahanə MÜŞFİQ

 





15.07.2020    çap et  çap et