525.Az

Yunus Oğuzun romanları: tariximizin bədii salnaməsi


 

Yunus Oğuzun romanları: <b style="color:red">tariximizin bədii salnaməsi </b>

Yunus Oğuz siyasətçi, jurnalist, tarixçi, türkoloq-alim olmaqla yanaşı, müstəqillik dövrü Azərbaycan ədəbiyyatının sayılıb-seçilən tarixi roman ustalarından biri kimi imzası yetərincə tanınan və oxunan müəlliflərdəndir.

O, "Qadın ulduzu" (1996) povestinin, "Nadir şah" (2008),"Təhmasib şah" (2009), "Əmir Teymur-zirvəyə doğru" (2011), "Əmir Teymur-dünyanın hakimi" (2012), "Şah arvadı və cadugər" (2013), "Sultan Alp Arslan" (2015), "Atabəy Eldəniz" (2017), "Ovçu" (2018), "Səfəvi Şeyxi" (2019) romanlarının, "Attila", "Nadir şah", "Altun dəftər" pyeslərinin müəllifidir.  

"Nadir şah" romanında, sələflərindən fərqli olaraq, Yunus Oğuz Nadir şahı böyük strateq və sərkərdə kimi təsvir edir, onun Səfəvi xanədanına son qoyaraq özünü şah elan etməsini, hakimiyyətə gəlməsini millətin və vətənin birləşdirilməsi uğrunda atılmış önəmli tarixi addım kimi vurğulayır. Zəifləyərək öz missiyasını yerinə yetirə bilməyən Səfəvi dövlətinin yadlar əlində oyuncağa çevrilməsi qorxusunu anlayan Nadir şah bu hərəkəti ilə Azərbaycanın bütövlüyünü, milli varlığını da məhv olmaqdan qurtarmağa cəhd edir.

Yunus Oğuzun tarixi romanlarının səciyyəvi cəhəti - tarixi həqiqətə sadiqlik bu romanda da özünü göstərir. Nadir şahın amalı böyükdür, o, güclü sərkərdə və strateqdir. Lakin siyasi arenada uğurla çıxış edə bilmir, daxili vəziyyəti düzgün qiymətləndirməyi bacarmır və nəticədə hiyləgər saray mühiti, ixtilafları onun məhvinə səbəb olur. Qeyd etməliyik ki, Yunus Oğuz Nadir şahın obrazını yaradarkən tarixi dövrün, mühitin incəliklərinə də xüsusi diqqət yetirib, milli-etnoqrafik məqamlarla zəngin bir roman yaratmağa nail olub.

"Təhmasib şah" romanı Şah İsmayıl Xətainin can üstə olması xəbərinin Təbriz əhli arasında yayılması və əhalinin bu xəbərdən sarsılaraq sarayın önünə öz sədaqətlərini göstərmək üçün toplaşması səhnəsi ilə başlayır. Yazıçı xalqın kədərini təbiətin də sanki bu ölümə üsyanı etməsi ilə paralelləşdirərək oxucuda güclü assosiasiya yaratmağa nail olur. Əsərdə Şah İsmayıl Xətainin obrazı yalnız ilk səhifələrdə oxucu qarşısına çıxsa da, obrazın ekspressivliyi sayəsində oxucu roman boyunca Şah Təhmasibin hər hərəkətində onun nəfəsini, əsasını qoyduğu yolun önəmini, Azərbaycanın tam birləşdirilməsi arzusunun təcəssümünü görür. Romanda Şah Təhmasib atası İsmayıl kimi kiçik yaşlarından taxta oturmalı olur. Lakin elə ilk səhifələrdən onda liderlik keyfiyyətləri hiss olunur, gələcəyin şahının cizgiləri oxucunun gözləri önündə formalaşaraq dolğunlaşır. Romanda Səfəviyyə təriqətinin dərvişləri daim Şah Təhmasibi qoruyur və onun missiyasının yerinə yetirilməsində mühüm rol oynayırlar. Əsərdə dərvişlik ordeni ilə bağlı dini-mistik məqamlara da yer verilir, yazıçı Səfəvilərin Savalan dağındakı mağarası, göy qaşlı üzük və Göy tanrıya inamla bağlı hissələrlə oxucuda dərvişliyin əslində qədim türk birliyi olması, türklərin varlığının və vətənlərinin qorunub saxlanması üçün uzaq tarixlərdən bəri mövcud olması qənaətini yaradır.

Yunus Oğuzun "Atabəy Eldəniz" romanı şəxsiyyətin tarixdəki roluna həsr edilib. Atabəy Eldəniz obrazında qılınc və qələm birləşir. Əks düşərgə ilə mübarizə sadəcə qılınc deyil, həm də zəka, elm və diplomatiya savaşıdır. Mömünə Xatunla Eldənizin ittifaqı bu səbəbdən xaşxaşiləri narahat edir, dəfələrlə bu iki ağıllı insanı ayırmağa, öldürməyə cəhd edirlər. Tarixi şəxsiyyəti digərlərindən fərqləndirən əsas cəhət məqsədə çatmaq inadı və seçim cəsarətidir. Şəmsəddin Eldənizin obrazında bu cəhət parlaq şəkildə öz təcəssümünü tapmışdır. Əsərdəki Baş Dədə obrazı vasitəsilə müdrik qoca arxetipi ön plana çəkilir. Zamanın özünü əks etdirən bu arxetipik obraz vasitəsilə tarix süzgəcdən keçirilir, keçmiş vərəqlənir. Zamandan və məkandan kənar qavranılan Baş Dədə obrazı milli ruhun və genetik yaddaşın təcəssümüdür. Bu səbəbdən əsərin sonunda onun ölümü yox, qeybə çəkilməsinin göstərilməsi simvolik çalar kəsb edir. "Atabəy Eldəniz" romanında azərbaycançılıq, türkçülük motivləri çox güclüdür.

Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı yazıçının yaradıcılığında fərqli bir etapın başlanğıcı kimi diqqəti cəlb edir. Belə ki, Yunus Oğuzun indiyədək qələmə aldığı romanların baş qəhrəmanı ya sərkərdə, ya da hökmdar kimi oxucu qarşısına çıxırdı. "Şeyx Səfəvi" romanında isə biz ideoloq obrazı ilə qarşılaşırıq. Fikrimizcə, bu, təsadüfi deyil. Ən böyük tarixi qələbələrin, möhtəşəm imperiyaların əsasında həmişə parlaq bir ideya dayanıb. Bu romanın timsalında biz ideyanın, sözün qüdrəti ilə böyük bir səltənətin bünövrəsinin qoyulmasının şahidi oluruq. Məqsəd isə parçalanmış vətəni birləşdirməkdir: "Mərkəzləşmiş hakimiyyət olmasa, tayfalar arasında toqquşmalar bizi məhv edəcək". Romanda mifik mistik elementlərdən, numerologiyadan, peyğəmbər yuxusu - öncəgörməsindən - presmologiyadan istifadə romanın bədii effektini artırmaqla yanaşı, yazıçı məramının reallaşmasında mühüm rol oynayır. Bir ideoloq kimi oxucunu heyran edən Şeyx Cüneydin sırf insani duyğuları da cox incəliklə verilib. Romanda diqqət cəlb edən obrazlardan biri Baş Dədə obrazıdır. Düzdür, bu romanda Baş Dədə oxucu ilə birbaşa görüşmür. Ondan bir müqəddəs şəxs, mediator kimi bəhs edilir.

Yunus Oğuzun "Ovçu" əsəri çağdaş ədəbiyyatımızda 2016-cı ilin aprel döyüşlərinə həsr edilmiş ilk romandır. Tarixi romanlar müəllifi kimi tanınan Yunus Oğuz bu dəfə tarixi keçmişə deyil, müasiri olduğumuz tarixi hadisələrə diqqət yetirərək çağdaş qəhrəmanlıq dastanını qələmə alıb. 2016-cı ilin aprel döyüşləri xalqımızın, dövlətimizin gücünü, qüdrətini, ali baş komandanın torpaqlarımızı düşməndən təmizləmək əzmini bütün dünyaya nümayiş etdirdi. Romanın məhz belə yaxın və şanlı tarixi hadisəyə həsr edilməsi onun ideoloji təsirini və önəmini artırır. Yunus Oğuzun "Ovçu" romanında tarix və müasirliyin vəhdətindən bəhs edərkən ilk diqqəti cəlb edən cəhət müəllifin tariximizin həlledici məqamlarına toxunmasıdır. Yazıçı Alp Arslan, Nadir şah dövründəki Azərbaycanı çağdaş tariximizlə yanaşı qoyaraq hər üç bölümü xalqın və hökmdarın qələbəsi ilə tamamlayır. Bildiyimiz kimi, "ovçu" Muradın ləqəbi, kod adıdır. Lakin əsərdə başqa əlahiddə ovçu obrazı da var. Sözün əsl mənasında ovçu olan bu şəxs qaçmış dovşanın arxasınca getmir. Onun artıq boz qurdun şikarı olduğunu qəbul edir. Bu səhnə əslində, tarixin, zamanın özünün türkə, onun möhtəşəmliyinə, qüdrətinə olan münasibətinin, heyranlığının simvoludur. Türk boz qurd kimi irəli atıldıqda, öz haqqını tələb etdikdə Zaman-Zərvan da onun yolundan çəkilir, Əhrimənin məğlubiyyətini, Hörmüzün qələbəsini alqışlayır. Əsərdə gördüyümüz, tarixin müxtəlif həlledici məqamlarında mühüm rol oynayan Murad obrazının timsalında yazıçı Azərbaycan nəsrində az işlənən reinkarnasiya metodunu uğurla tətbiq edib. Ruhun yenidən başqa tarixi zaman və məkanda doğulması - reinkarnasiya yolu ilə Yunus Oğuz oxucunu Muradın ruhunun sələfləri ilə tanış edir və bu qəhrəmanın ruhi gücünün mənbəyini aşkarlayır. Müasirimiz Murad tarixin səhifələrində iz salmış özündən öncəki Muradların hələlik ən sonuncusu və ən mükəmməl variantıdır. İşıq zərrələrin toplusu olduğu kimi, kəşfiyyatçı, döyüşçü, "ovçu" Murad da özündən öncəki qəhrəmanların bütün spesifik və güclü tərəflərini özündə cəmləyərək ədalət savaşının kəsərli silahına, bayrağına çevrilmişdir. Reinkarnasiya zamanı ruh yalnız fərqli zamanda deyil, fərqli məkanda da doğulma şansına malikdir. Lakin Yunus Oğuzun qəhrəmanı Muradın ruhu tarix boyu həmişə eyni məkanda - öz torpağında zühur edir. Çünki onun bu məkanda missiyası başa çatmamışdır. Nə qədər ki vətən torpağına göz dikən yadellilər var xalqın qəhrəmanlarının ruhu rahatlıq tapmayacaq, yeni Muradların cismində geri qayıdaraq öz yurdunun keşiyində duracaq.

Yunus Oğuzun iki hissədən ibarət "Əmir Teymur" romanında əksər bədii əsərlərdə "işğalçı hökmdar" obrazında təsvir olunan Əmir Teymur ümumtürk xaqanı kimi təqdim edilir. Romanın proloqunun sonundakı incə bir nüans - Əmir Teymurun qulağına gələn qurd səsi ilə reallıqda eşitdiyi azan səsinin paralelləşdirilməsi də onun türk-islam dünyasının böyük fatehi olduğuna işarədir. Əmir Teymur islam dininə mənsub olmaqla yanaşı, öz türk kökünü də yaddan çıxarmır. Hökmdar dini inanclardan həm də ordunu qələbəyə ruhlandırmaq, öz fateh obrazına əsgərlərdə şüuraltı, psixoloji inam yaratmaq üçün məharətlə istifadə edir. Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazının əsas cizgilərindən biri hökmdarın şəyird məqamında təsviridir. Romanda biz yalnız hökmdar Teymurla deyil, həm də Seyid Bərkənin istedadlı şəyirdi Teymurla tanış oluruq. Məhz bu nüansla müəllif ustada hörmətin önəmini göstərir, ustadının nəsihətlərini hər şeydən üstün tutan Əmir Teymurun hakimiyyətinin, qələbələrinin əsasında məhz elmin, biliyin dayandığını, qılıncla qələmin vəhdətinin qələbənin təminatçısı olduğunu vurğulayır. Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazı yalnız hökmdar kimi deyil, insan kimi də oxucuda özünə qarşı rəğbət hissi oyadır. Əsərdə Əmir Teymurun ədalət prinsiplərinə sadiqliyi və qanunun aliliyinə xalqda inam yaratmaq üçün atdığı addımlar onun hakimiyyətinin əsasını, gücünün mənbəyini təşkil edir. Səmərqənd bazarının darğasının edamı zamanı bu, özünü aşkar şəkildə göstərir. Oxucu eyni ədaləti Teymurun oğlu Miranşaha münasibətində də görür. Miranşahın Azərbaycanda törətdiyi əməllərdən, əhalinin zülmə məruz qalmasından xəbər tutan Əmir Teymur oğlunu cəzalandırmaq üçün Azərbaycana gəlir. Hökmdar deyilənlər sübuta yetirildikdən sonra Miranşahı - doğma oğlunu edam etmək qərarına gəlir. Ata ürəyi ağrıyır, ancaq hökmdar qəlbi ədalətsizliyi qəbul edə bilmir. Onu bu sərt qərardan yalnız Miranşahın ağlının yerində olmaması ilə bağlı həkim rəyi döndərir. Yunus Oğuz romançılığının xarakterik xüsusiyyətlərindən biri yazıçının tarixi həqiqətə, tarixi faktlara sadiq qalmaqla yanaşı, ilk öncə oxucunu diqqətdə saxlamasıdır. Belə ki, Yunus Oğuz tarixi romanda ilk növbədə ideya faktorunu əsas götürür. Əsas məqsəd tarixi və tarixi hadisənin oxucuya çatdırmalı olduğu ideyanı düzgün ifadə etməkdir. Yazıçı tarixin mesajını müasir oxucuya aydın çatdırmaq üçün əsəri tarixi interyerin, leksikanın ekzotikası ilə yükləmir.

Y.Oğuz romançılığının əsas uğuru müəllifin qəhrəmanlarını olduqca canlı, koloritli yaratması ilə bağlıdır və onun romanları oxuculara, xüsusilə gənc nəslə tarixi hadisələri bədii güzgüdə göstərməklə milli türk genefondunun, mənəvi dəyərlərin qorunub saxlanmasına xidmət edir.

 





15.07.2020    çap et  çap et