525.Az

Çempionlar Liqasının qalibi kim olacaq?


 

“BAVARİYA” DAHA ŞANSLI GÖRÜNÜR

Çempionlar Liqasının qalibi kim olacaq?<b style="color:red"></b>

Futbol üzrə Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında məcburi fasilə başa çatmaq üzrədi.

Hələ mart ayının 13-də UEFA koronavirus pandemiyasına görə, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin keçirilməmiş cavab qarşılaşmalarını və növbəti mərhələnin oyunlarını təxirə salmışdı. Bir müddət sonra UEFA hər iki turnirin avqustda keçiriləcəyi barədə qərarını açıqladı. Amma bir qədər fərqli formatda. Qurum vaxt azlığını və pandemiyanın davam etməsini nəzərə alaraq 1/4 final mərhələsindən başlayaraq, oyunların 1 məkanda - Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsi ilə bağlı qərar qəbul etdi. Əslində, bu mövsümün finalı İstanbulda keçirilməli idi. Vəziyyətlə əlaqədar, UEFA növbəti mövsümün final oyununu İstanbula təyin edib.  

İyulun 10-da futbol azarkeşlərinin həvəslə gözlədiyi Çempionlar Liqasında 1/4  final və yarımfinal mərhələsinin püşkü atıldı. 1/8 finalın qalan 4 oyunundan sonra Lissabona yollanacaq "8-lik" tam məlum olacaq. 1/4 finala vəsiqə qazanan komandaların 4-ü bəllidir. Bunlar "Leyptsiq" (Almaniya),"Atletiko" (Madrid, İspaniya), "Atalanta" (İtaliya) və PSJ-dir (Fransa). Maraqlıdır ki, püşkə görə bu komandalar "bir qolda" yer alıblar. Qalan 4 vəsiqəninin sahibi "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya) (ilk oyun - 2:1), "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) (3:0), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) (0:1) və "Yuventus" (İtaliya) - "Lion" (Fransa) (0:1) cütlərinin qaliblərinə qismət olacaq. Yeri gəlmişkən, bu oyunlar adları birinci çəkilən komandaların meydanında azarkeşsiz keçiriləcək.

Bu mövsüm turnirdə bəzi yeniliklər tətbiq olunacaq. Klubların 3 yeni transferini heyətə cəlb etməsinə icazə verilib. Həmçinin, oyunun protokoluna 23 futbolçunun adı salınacaq. Bu halda ehtiyat oyunçular skamyasında 12 futbolçu yer alacaq. Hər komanda əvvəlki kimi 3 deyil, 4 əvəzetmədən istifadə edə bilər. Nəhayət, 1/4 finaldan başlayaraq cütlüklərin qalibi 1 oyundan sonra müəyyənləşəcək.

Bəs, indiki durumda hansı komanda Çempionlar Liqasının qalibi adına ən real namizəddir? Turnirin son qalibi "Liverpul" və finalçı "Tottenhem"in 1/8 finalda yarışdan kənar qalması digər komandaların lehinə oldu. Belədə İngiltərənin turnirdə cəmi 2 təmsilçisi qaldı - "Mançester Siti" və "Çelsi". Elə "Siti"dən başlayaq. Premyer Liqada çempionluq əldən çıxıb. Belə bir vəziyyətdə ancaq Çempionlar Liqasına köklənən komanda daxili çempionatın son oyunlarında yaxşı təsir bağışlayır. Amma "Mançester Siti"nin əleyhinə olan amillər də var. Birincsi, Leroy Sane və David Silvanın komandadan ayrılması "Siti"yə böyük zərbədi. İkincisi, 1/8 finalda rəqibin "Real" olması. İlk oyunda 2:1 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi cavab qarşılaşmasında əlverişli nəticəni qorusa belə, 1/4 finalda "Yuventus", yarımfinalda isə "Barselona" və ya "Bavariya" kimi nəhənglərlə qarşılaşa bilər. "Real"dan söz düşmüşkən, eyni aqibət mərhələ adlasalar, madridliləri də gözləyir. Ronaldonun gedişindən sonra əvvəlki əzəmətini itirən  "Real" İspaniya çempionatında lider olsa da, indi o qədər də "qorxulu" görünmür. Komandanın ulduzlarından Luka Modriç və Qaret Beylin "əvvəlki" olmamaları da işləri korlayır. "Real"ın La Liqada çempionluq şansı yüksəkdir. Amma indiki vəziyyətdə bu sözləri Çempionlar Liqasına aid etmək olmaz.

"Yuventus" ilk oyunda "Lion"a minimal hesabla məğlub olmasına baxmayaraq, cavab görüşündə qeyri-adi nəsə baş verməsə, mərhələ adlayan tərəf olacaq. Turin təmsilçisi çempionatın son 2 oyununda xal itirməsinə baxmayaraq, əla formadadı. Həm də Ronaldo amili var. Ulduz futbolçu həmişə komandasını arxasınca aparmağı bacarıb. Püşkə görə Ronaldonun 1/4 finalda köhnə komandasına qarşı oynamaq ehtimalı böyükdür. Əgər "Yuve" 2 mərhələni adlasa, azarkeşlər yarımfinalda Messi-Ronaldo qarşıdurmasını da izləyə bilərlər. "Lion"a gəlincə, Fransada mövsümün pandemiyaya görə ləğvi komandanın ziyanına işlədi. Heyətin nisbətən zəif və oyun praktikasının yoxluğu fransızların ən yaxşı halda yarımfinala kimi irəliləyə biləcəyini deməyə əsas verir.

Messisiz "Barselona" Avropanın ortabablarından birinə bənzəyir. "Barselona"nın La Liqada işləri yolunda getmir, komanda əvvəlki kimi əzəmətli deyil. Buna görə ispanların "Napoli" səddini keçəcəyini əminliklə demək olmur. Bir tərəfdən də son zamanlar Messinin baş məşqçi Kike Setyen ilə yola getməməsi, tezliklə komandadan ayrılacağı ilə bağlı mətbuatda gedən xəbərlər komandanın vəziyyətin yaxşı olmadığı anlamına gəlir. "Barselona" - "Napoli" cütünün qalibinin finala kimi irəliləməsi də çətin görünür. Çünki finala gedən yolda "nəhənglər" var. Hər halda, Cennaro Qattuzonun rəhbərlik etdiyi komandanın son illər turnirdə öz sözünü deməsini də unutmayaq.

"Çelsi" ilə bağlı məsələ məlumdur. İlk oyunda evdə "Bavariya"ya 0:3 hesabı ilə məğlub olan komanda cavab qarşılaşmasında çətin ki, nəsə edə bilsin. "Bavariya"nın adı çəkilmişkən, irəli gedərək deyə bilərik ki, bu mövsüm Çempionlar Liqasının qalibi adına ən real namizəd Almaniya təmsilçisidi. Son 10 ildə 8 dəfə Bundesliqanın qalibi olan "Bavariya" bu müddətdə yalnız 1 dəfə Avropanın ən güclüsü olub və bunu 2 dəfə etməyə yaxındı. Komandanın ideal formada olması, Leroy Sanenin timsalında edilən transferlər bunu deməyə əsas verir.

1/4 finalın digər 4 iştirakçısına gəlincə, onlardan birinin finala yüksəlməsi real görünür. PSJ-nin şansı daha çoxdur. Digər liqalardan fərqli olaraq yalnız Fransa çempionatı ləğv olunub və PSJ ardıcıl 3-cü dəfə Fransa çempionu elan edilib. Liqanın başa çatması isə "Lion" kimi PSJ üçün də oyun praktikası baxımından mənfi amildir. Amma parislilərin əsas silahının - Neymar, Mbappe və Kavani üçlüyünün istənilən rəqibi yenməyə qadir olduğunu da unutmayaq.

Finallarda görməyə adət etdiyimiz "Atletiko"  əvvəlki formasından çox uzaqdı. "Leypsiq" ÇL-dan fərqli, daxili çempionatda son turlar qeyri-stabil oyun nümayiş etdirdi. "Atalanta"nın isə A Seriyasındakı uğurlu çıxışı komandanın finala yüksəlmək ehtimalının olduğunu deməyə əsas verir. İndiki vəziyyətdə azarkeşlərin bu il "Bavariya" - PSJ finalını izləməsi ehtimalı daha çoxdur. Amma bu, futboldur. Futbolda isə gözlənilməz hadisələr hər an baş verir.

1/8 final, cavab oyunları, 7-8 avqust

"Yuventus" - "Lion",

"Real" - "Mançester Siti",

"Barselona" - "Napoli",

"Bavariya" - "Çelsi" 

1/4 final, 12-15 avqust

1. "Mançester Siti" / "Real" - "Lion" / "Yuventus"

2. "Leypsiq" - "Atletiko"

3. "Barselona" / "Napoli" - "Bavariya" / "Çelsi"

4. "Atalanta" - PSJ 

Yarımfinal, 18-19 avqust

1-ci cütün qalibi - 3-cü cütün qalibi

2-ci cütün qalibi - 4-cü cütün qalibi

Turnirin finalı avqustun 23-də Lissabonda, "Eştadio da Luş" stadionunda keçiriləcək.

 





15.07.2020    çap et  çap et