525.Az

"Uğurlarım təkcə sosial media ilə məhdudlaşmayacaq" - 7 yaşlı Mətləb Əhmədzadə ilə müsahibə


 

MƏTLƏB ƏHMƏDZADƏ: "YAŞIDLARIM OYUNCAQ MAŞINLARLA OYNAYANDA MƏN QAZANLARI BİR-BİRİNƏ VURUB RİTM TUTMAĞI ÖYRƏNİRMİŞƏM"

"Uğurlarım təkcə sosial media ilə məhdudlaşmayacaq" - <b style="color:red">7 yaşlı Mətləb Əhmədzadə ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı 7 yaşlı Mətləb Əhmədzadədir. O da sosial şəbəkələrin cəmiyyətə tanıtdığı istedadlardandır. 3 yaşından musiqiyə maraq göstərən Mətləb bu sahədə bir sıra uğurlara da imza atıb. "Azərbaycanın səsi" televiziya yarışmasında iştirakından sonra bir çox televiziya verilişlərinə də dəvət edilib.

Şirin səsli, nurlu simalı balaca müsahibimizlə söhbətimiz çox səmimi alındı. Mətləb gələcəkdə  karyerasını elə musiqi ilə bağlı qurmağı planlaşdırır, dediyi kimi, özünü incəsənətdən başqa bir sahədə təsəvvür etmir.

Qalanını Mətləbin öz dilindən eşidək... 

- Mətləb, sosial şəbəkələrlə tanışlığın necə başladı?

- Sosial şəbəkələrlə ilk tanışlığım "Azərbaycanın səsi" yarışmasından sonra başladı. Əvvəlcə ailəmin köməyilə şəxsi İnstaqram səhifəsi açdım. Şəkillərimi və ifa etdiyim mahnıları İnstaqram üzərindən izləyicilərlə paylaşmağa başladım. Paylaşımlarda əsas üstünlüyü ifalarıma verməyə çalışırıq.

- Hansı ifandan sonra məşhurlaşdın?

- Əvvəlcədən oxuduğum ifalar da dinləyicilər tərəfindən bəyənilirdi. Amma son dəfə ifa etdiyim, türkiyəli müğənni Harun Rojun mahnısı daha çox izlənildi. Elə bununla da məşhurlaşmağa başladım. Bir gün maşında gedərkən çox sevdiyim üçün bu mahnını ifa edirdim. Qardaşım da ifamı lentə alıb İnstaqram səhifəmdə yerləşdirdi. Ondan sonra izləyicilərimdən bir neçəsi həmin videonu musiqi səhifələrində paylaşdı və bu auditoriya getdikcə daha da genişlənməyə başladı.



"Qısa müddətdə bu qədər məşhur olacağımı düşünmürdüm" 

- Həm Azərbaycan, həm də Türkiyədə ifanın bu qədər rəğbətlə qarşılanacağını düşünürdünmü?

- Açığı, heç ağlıma da gəlməzdi ki, ifam hər iki ölkədə bu qədər seviləcək və böyük marağa səbəb olacaq. Qısa müddətə bu qədər məşhur olacağımı düşünmürdüm.

- İfanın sosial şəbəkələrdə xeyli maraq görməsinə baxmayaraq, bu platformalarda mütəmadi çıxış etmirsən. Niyə aktivliyini daha çox artırmağa çalışmırsan?

- Mən düşünmürdüm ki, sosial media vasitəsilə məşhur olacağam. Amma yenə də bacardığım qədər ailəmin də köməyilə bu məkanlar üzərindən paylaşımlar etməyə çalışıram. Ona da inanıram ki, uğurlarım təkcə sosial media ilə məhdudlaşmayacaq. Mənim əsas nailiyyətlərim hələ qarşıdadır.

- Hansısa musiqi məktəbində təhsil alırsan?

- Hazırda İncəsənət Gimnaziyasında təhsil alıram. Musiqi təhsilimi gələcəkdə də davam etdirməyi, Azərbaycan Milli Konservatoriyasında oxumağı planlaşdırıram. 

"Bu günə qədər əldə etdiyim uğurlarda anamın rolu böyükdür" 

- Ailən incəsənətlə məşğul olmağına necə münasibət göstərir, sənə dəstək olurlarmı?

- Anamın dediyinə görə, 3-4 yaşlarımdan dinlədiyim mahnıları zümzümə edirmişəm. Elə bu vaxtlardan məndə musiqi duyumunun olduğunu hiss ediblər. Beş yaşımdan başlayaraq İncəsənət Gimnaziyasında fortepiano və xor dərsləri almışam. Düzdür, ailə üzvlərimin hər birinin üzərimdə çox əməyi var. Amma bu günə qədər əldə etdiyim uğurlarda anamın rolu və əziyyəti daha böyükdür.

- Ailədə səndən başqa musiqi istedadı olan varmı?

- Böyük bacımın da musiqi istedadı var. Amma deyəsən, o, bu sahədə irəliləməyi seçməyəcək.





- Səsindəki bu xüsusi ahəngi, yanğını köklərinlə bağlı olduğun Qarabağ torpağı ilə əlaqələndirmək olar, məncə...

- Atam əslən laçınlıdır. Ailə köklərimiz  Qarabağa dayanır. Böyüklərdən eşitdiyim qədərilə Qarabağda doğulanların xüsusi səs tembri olur. Yəqin mən də o şanslı insanlardan biriyəm.

"Gələcəkdə özümü musiqidən başqa heç bir sahədə görmürəm" 

- Mətləb, özündə musiqi istedadının olduğunu necə kəşf etdin?

- İstedadımı ən birinci anam kəşf edib. Dediklərinə görə yaşıdlarım oyuncaq maşınlarla oynayanda mən qazanları bir-birinə vurub ritm tutmağı öyrənirmişəm (gülür).

- Gələcək haqqında hansı planların var?

- Gələcəkdə özümü musiqidən başqa heç bir sahədə görmürəm. Elə insanlar var ki, onlar bütünlüklə incəsənət üçün yaranırlar. Düşünürəm ki, mən də o şəxslərdən biriyəm.

Günel ABBAS

 





15.07.2020    çap et  çap et