525.Az

Gəncə naminə - Zakir Muradov yazır


 

RESPUBLİKAMIZIN İKİNCİ ŞƏHƏRİNİN HEYKƏLTƏRAŞLIQ TARİXİNDƏ İZ QOYMUŞ TANINMIŞ SƏNƏTKAR ŞƏRİF ŞƏRİFOVUN 75 YAŞI TAMAM OLDU

Gəncə naminə - <b style="color:red">Zakir Muradov yazır </b>

Gəncə - qədimliyin və müasirliyin qovuşduğu məkan, adı belə gözəl səslənən gözəlliklər diyarı, dahi Nizaminin ana yurdudur.
 
Bu amillərin təsirindəndir ki, burda doğulan, burda boya-başa çatan, burda çalışan hər bir kəs, xüsusilə də sənətlə bağlılığı olanlar, bu gözəlliklərin qorunmasını və artırılmasını özlərinə daim ilahidən gələn bir vəzifə, borc biliblər. Bizim haqqında söhbət açacağımız yaradıcı  insan da onlardan biridir. O, yarım əsrə yaxındır ki, Gəncəni, bu qədim şəhərin tariximiz, mədəniyyətimiz və mənəviyyatımızda tutduğu şərəfli mövqeyə layiq olan əsərləri ilə daha da gözəlləşdirməklə məşğuldur.

Şərif Hacı oğlu Şərifov 1945-ci ildə Gəncədə anadan olub. Əzim Əzimzadə adına Azərbaycan  Rəssamlıq Məktəbinin heykəltəraşlıq, sonra isə  S.Q.Stroqanov adına Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin memarlıq və dekorativ plastika fakültələrini bitirib.

SSRİ-nin paytaxındakı "Stroqanov məktəbi" həm klassik, həm də müasir təsviri və tətbiqi incəsənətin energetik mərkəzlərindən biri kimi, burada təhsil görmüş gənc yaradıcı istedadların zövq, üslub və texnikasının formalaşmaşdıran baza rolu oynayırdı. Elə gənc Şərif də  istər onlara dərs deyən görkəmli sənətkar-pedaqoqlardan, istər də  master-klaslar üçün məxsusən bu məktəbə dəvət olunan Renato Quttuzo, Rekuell Kent, Ernst Neizvestnı kimi dövrün güclü yaradıcı şəxsiyyətlər ilə təmaslardan çox şeylər əxz edir. Moskvada təhsilini bitirdikdən sonra   doğma yurda qayıdan Şərif Şərifov  sanki, böyük Nizaminin "Düyünləmişdi mənim yaxamı doğma Gəncə..." sözlərini özünün həyat amalı kimi qəbul edərək,  ömür və yaradıcılıq yolunu  bu qədim şəhərimizin şərəfi naminə işlərə həsr etməyə başlayır.

1972-ci ildən artıq SSRİ Rəssamlar İttifaqının üzvü olan Şərif Şərifov  Gəncədə həyata keçirdiyi  vətənpərvərlik mövzulu işlərinə görə 1978-ci ildə SSRİ Rəssamlıq Akademiyasının bir sıra diplom və mükafatlarına, 1980-ci ildə isə Respublika  Komsomolu Mükafatına layiq görülür. O, artıq əsələri ilə Gəncəni bəzəyən sənətkar kimi ad çıxarır.

Sonrakı onilliklərdə Şərif müəllim Gəncənin Baş Rəssamı, Baş Memarı vəzifələrini daşıyıb.

Azərbaycanın Əməkdar rəssamı, Prezident təqaüdçüsü Şərif Şərifov respublikamızın ikinci şəhərində, yüzlərlə abidə, kompleks, digər memarlıq və dekor nümunələrinin müəllifidir. Onun əsərlərinə ölkəmizin digər bölgələrində də rast gəlmək mümkündür. Respublikamızla yanaşı, Ş.Şərifovun Rusiya, ABŞ, Fransa, Türkiyə, Çexiya, Polşa, İsveçrə, Meksika kimi ölkələrin açıq məkan və incəsənət qalereyalarında sənət nümunələri saxlanılır.

Onların içərisində sənətkarın Türkiyənin Gəncəyə qardaş olan Qars şəhərindəki işlərini vurğulamaq yerinə düşər. Belə ki, Ş.Şərifov bu şəhərdə salınan Heydər Əliyev Parkının tərtibatını verib. Burada onun yaratdığı "Leyli və Məcnun", "Həmyerlilər", "Dülgər" abidələrini 2002-ci ildə Ulu öndər şəxsən açıb.

Rusiya sənət mühiti ilə isə Şərif müəllimi xüsusi tellər bağlayır desək, yanılmarıq. Bu ölkənin yaradıcı dairələri, dünya incəsənətində söz sahibi olan şəxsiyyətləri Ş.Şərifovun özünəməxsus dəst-xəttini yaxşı tanıyır və onu layiqincə qiymətləndirirlər. Şərif müəllim 2012-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.  Görkəmli ictimai xadim Nəriman Nərimanovun və Ulu öndər Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidələrinə görə isə 2017-ci ilin mayında sənətkarımız bu akademiyanın Qızıl Medalına layiq görülüb.

Medalı təqdim edərkən Rusiya Rəssamlıq Akademiyasının Prezidenti, adlı-sanlı heykəltəraş, Sosialist Əməyi Qəhrəmanı  Zurab Sereteli çıxışında Şərif Şərifovu Azərbaycan heykəltəraşlıq sənətinin ən parlaq nümayəndələrindən biri kimi xarakterizə edib: "Bu mükafata Şərif Şərifovun layiq görülməsi onun sənətinin Rusiya yaradıcı insanları tərəfindən də təsdiqi deməkdir. Biz rus rəssamları keçmiş SSRİ məkanından olan həmkarlarımızla əlaqələrimizi çox dəyərləndiririk. Dostumuz Şərif Şərifov gözəl sənətkar olmaqla yanaşı, öz ölkəsinin, yaşadığı doğma şəhərinin inkişafı naminə çalışan bir insandır".

Sənətkarın 2005-ci ildə Gəncədə Ümummilli lider Heydər Əliyevə ucaltdığı abidə sanki, respublikamızın ikinci şəhərinin inkişafının yeni, daha sürətli mərhələsi ilə səsləşmiş oldu.

"Gəncənin ümumi şəhərsalma mexanizminə, o cümlədən, onun əsas meydanına yeni baxış konsepsiyası məhz milli intibah ruhunda həll olunub. Həqiqətən də bura şəhərin iqtisadi, ictimai və mədəni həyatının güzgüsü halına gəlib. Bu meydan bir növ, həmin sahələrin inkişaf vektorlarının başlanğıc nöqtəsidir. Axı bütün yollar və niyyətlər burdan başlayır, bütün yollar da burda birləşir. Əlbəttə, meydanın apogeyi, onun mərkəzi enerji nöqtəsi Ulu öndər Heydər Əliyevin abidəsidir! Özünün möhtəşəm, əzəmətli duruşu, sanki gələcəyi də duyan diqqətli baxışı ilə Milli lider insanlarla, ətraf mühitlə, bütün Gəncə ilə kontaktdadır. Heykəlin konseptual ideyası məhz budur", - deyə Şərif Şərifov bildirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Şərif Şərifovun incəsənətimizdə tutduğu mövqeyi yüksək qiymətləndirir: "Mənim köhnə dostum Şərif Şərifov Azərbaycanın ən istedadlı heykəltəraşlarından biridir. Gəncədə onun müəllifi olduğu onlarla qiymətli sənət nümunələri var. Gəncədə Ulu öndər Heydər Əliyevin heykəlini ucaltmaq şərəfi də məhz ona nəsib olub. Bu abidə Heydər Əliyevin mənim gördüyüm heykəlləri arasında ən yaxşılarından biridir. Şərif həm də dahi Nizaminin "Xəmsə"sinin motivləri əsasında xeyli işlər yaradıb, onlar da Gəncənin yaraşığıdır. Bir şeyi də qeyd edim: ümumiyyətlə, bizim heykəltəraşlıqda adətən, atlı heykəlləri nəsə, uğurlu alınmır. Ancaq Şərifin Qusarda yaratdığı atlı heykəli bu yöndə çox yaxşı bir istisnadır - atın və süvarinin tənasübü çox dəqiq tapılıb, olduqca təsirli, emosional bir abidə alınıb".

Xalq şairi Nəriman Həsənzadə də Şərif müəllimin yaradıcılığını yaxından izləyən ziyalılarımızdandır: "Şərif Şərifovun əsərlərini izləməklə Gəncənin tarixini, Nizaminin dünyasını, Vətənimizin şərəfli keçmişini, işıqlı gələcəyini bir şəhər hüdudlarındaca bütün çalarları ilə duymaq mümkündür. Sənətkarın Gəncəyə verdiyi kolorit o qədər güclüdür ki, şəhər sanki dil açıb danışır. O, öz imzasını, avtoqrafını bu torpağa yazdı, bu torpaq da onu əbədi yaşadacaq. Biz yazıçılar imzamızı kağıza yazırıq, o, daşa-torpağa yazır. Şərt o deyil ki, dünyanı gəzəsən. Şərt odur ki, böyük bir dünyanı doğma elinə, doğma şəhərinə yerləşdirəsən. Şərif buna nail olub".

Mübaliğəsiz demək olar ki, Şərif Şərifov son illərin Gəncəsinin aurasını Nizami dühası və qəhrəmanlıq ruhuna kökləyən yaradıcı insanlardan biridir.

"Bizim xalqımızın bəxtinə Nizami kimi bir düha düşüb. Onun dünyasına üz tutanda özün də yüksəlirsən. Bu dahi mütəfəkkirimizin işıqlı obrazı bizim xalqı həmişə yüksək pillələrə qaldırır. Odur ki, Nizaminin doğma şəhərinin ilk görüşdəcə yaradacağı təəssürat onun dühasının bəşəri miqyasına uyğun olmalı idi, - deyə Şərif müəllim bildirir. 

Doğrudan da, qədim mədəniyyət məkanına qədəm qoymağınız elə şəhərin astanasındaca hiss olunacaq - dünyada elə bir şəhər varmı ki, öz qonağını bəşəriyyətin dahi ismlərindən biri olan övladının, Nizami Gəncəvinin həyata, yaradılışa, hətta kainata aid mətləblərin açarı olan beş kitabı ilə qarşılasın?

Şərq istiqamətindən avtomobil yolu ilə şəhərə gələnlərin qarşısına ilk növbədə hər birinin uzunluğu 21, hündürlüyü 15, eni 4, aralarındakı məsafə isə 40 metr olan iki möhtəşəm qala kompleksi çıxır.

Qalalardan Nizaminin məqbərəsinədək uzanan 2,5 kilometrlik yol zolağının sağ cinahında isə  dahi şairimizin əsərlərindən xəbər verən "Xəmsə" memarlıq abidələri kompleksi salınıb. Abidə Nizaminin 5 böyük kitabını özündə əks etdirir. Möhtəşəm kitabların hər birinin uzunluğu 12, eni 9, qalınlığı 2 metrdir. Onlar arasındakı məsafə isə 400 metrdir. Maraqlıdır ki, hər bir kitabın rəngi dahi Nizaminin bu əsərlərinin fəlsəfi mahiyyətinə uyğun olaraq seçilib.

"Biz beş əsərin hər birinin "Kitab" abidəsini ayrı-ayrı rənglərdə vermişik: "Sirlər xəzinəsi" - sirr saxlayan qara, "Xosrov və Şirin" - taxt-tac nişanəsi olan qızılı, "Leyli və Məcnun" - pak məhəbbətə işarə olan ağ, "Yeddi gözəl" - şərqin şah rəngi olan firuzəyi, nəhayət, "İsgəndərnamə" - qələbə simvolu olan qırmızı rəngdədirlər. Daim Gəncənin adı Nizaminin adı ilə qoşa çəkilb. Nizamini nə qədər tanıyırlarsa, Gəncəni də o qədər tanıyırlar. Mən də istər "Qala Qapıları", istər də "Xəmsə" abidələr kompleksinin müəllifi kimi, bu amilləri maksimal dərəcədə nəzərə almağa çalışdım", - deyə Əməkdar rəssam bildirir. Şərif müəllim "Xəmsə" ilə "Qala Qapıları" abidələrinin vəhdət təşkil etdiyinə toxunaraq, bunların Gəncənin tarixini və mədəni mühitini özündə ehtiva edən simvollar halına gətirildiyini də qeyd edir.

Şərif müəllimin möhkəm inamına görə, sənətkar onun taleyinə, qismətinə  düşən yaradıcılıq məkanının böyük və ya kiçikliyindən asılı olmayaraq, ürəyindəki bütün sevgini, özünün maksimal potensialını ortaya qoymalı, bu işə ilahi tərəfindən qoyulan missiya kimi baxmalıdır: "Yetkin sənətkar üçün paytaxtda deyil, tutalım, ikinci, üçüncü şəhərdə, yaxud daha kiçik məntəqədə yaşamaq ilk növbədə təbiətə yaxın olmaq deməkdir. Bu, təbiəti olduğu kimi, boyasız, əlavə manerasız görməyə imkan verir. Yəni paytaxtdan qıraqda yaşamağın özünün mütərəqqi cəhətləri var. Böyük rəssamlardan, məsələn, Pikasso çox vaxt kiçik şəhərlərdə yaşayıb, böyük yazıçı Mixail Şoloxov Don ətrafında yaşayıb... Onlar həyata daha yaxın olublar.  Digər tərəfdən, sən burda sənətin bir növ, qanunvericisisən, sənətdə öz sözünü deyirsən. Deyirsən və onu da təsdiq edirsən! Sənə imkan verilir ki, burda birinci olasan. Bunun özü isə olduqca  məsuliyyətlidir".

Həqiqətən də, "Heydər Əliyev", "Nəriman Nərimanov", "Mir Cəlal Paşayev", "Mirzə Şəfi Vazeh və müasirləri", "Leyli və Məcnun", "Xəmsə" qəhrəmanları", "Şir və Günəş", "Gəncə gerbi" və sənətkarın yaradıcılıq enerjisinin məhsulu olan digər onlarla dəyərli əsərlər müasir Gəncənin heykəltəraşlıq simasını xarakterizə edir.

Amma Gəncə özünəməxsus tarixi-urbanik xüsusiyyətlərə malik olmaqla yanaşı, həm də Göy gölü, Hacıkəndi olan bir təbiət  məkandır axı. Sənətkarın Gəncə kimi hüdudsuz bir yaradıcı məkan sarıdan bəxti gətirdiyi kimi, elə Gəncənin də öz sənətkar övladı - Şərif Şərifov sarıdan bəxti gətirib. Əks halda, bu qədim şəhər 50 ilə çatan bir müddət ərzində onun əsərlərinə öz sinəsində bu qədər yer verməzdi.

Gəncə

 





15.07.2020    çap et  çap et