525.Az

"Bəzi hallarda səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar"


 

"Bəzi hallarda səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar"<b style="color:red"></b>

Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar.

Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir".

 





16.07.2020    çap et  çap et