525.Az

Tədrisə kreativ yanaşma - Şəhla Aslanın yazısı


 

Tədrisə kreativ yanaşma - <b style="color:red">Şəhla Aslanın yazısı </b>

Haqlı olaraq müəllimlik peşəsini pilotçuluğa bənzədirlər. Pilot təyyarəni bir hava limanından digər hava limanına endirənə qədər havada qarşılaşdığı bütün problemləri həll etməyi bacarır. Müəllim də məktəbə gələn andan axşama qədər, bəzən axşam vaxtı da təlim-tədris prosesinin aktiv müəyyənedicisi rolunu oynayır. Müəllim təhsil alanların təhsil və davranış problemlərini həll edərək onları cəmiyyətə hazırlayır, onların cəmiyyətin sağlam və uğurlu üzvü olmasını təmin edir.

Təhsillə bağlı qəbul edilmiş ümumi mövzular təyin olunsa da, hər sinifdə təhsil alanlar fərqli xüsusiyyətlərə malik olurlar. Bu mərhələdə müəllim təşəbbüs göstərərək tədris vəziyyətini sinfin və təhsil alanın fərdi xüsusiyyətinə uyğun olaraq müəyyənləşdirməyi bacarmalıdır. Tədris prosesində tədris metodlarını, avadanlıqları və resursları situasiyaya görə təyin etmək də müəllimin öhtəsinə düşür. Buna görə də, sinif daxilində müəllim müstəqil qərar vermək səlahiyyətinə malik olmalıdır. Müəllim sinifdaxili prosesdə sərbəst və müstəqil olmadıqda, yaradıcı zəkasından istifadə edə bilmədiyi üçün tədrisdə fərqlilik də edə bilmir. Bu da təhsil prosesini təməl səviyyədə saxlayır, nəticədə orta səviyyəli müvəffəqiyyət əldə olunur.

Müəllimin sinifdəki işi müəyyən olunmuş tədris planına əlavələr etməklə başlayır. Bu məqsədlə, müəllim təhsil alanların yaşadığı mühitin sosial, mədəni və iqtisadi xüsusiyyətlərinə görə tədris proqramında kreativ dəyişikliklər etməkdə maraqlı olmalıdır. Məsələn, sinifdə Lənkəranda çay, boranı, Sabirabadda qarpız, Səlyanda üzüm, Göyçayda nar, Gədəbəydə kartof və eləcə də mənəviyyat, etika, adət-ənənə, dəyərlər, günlük yaşam və s. mövzularında söhbətlər açıla bilər. Bununla da müəllim proqramda olmayan mövzuları fürsətdən yararlanaraq, sinfə "daşıya", şagirdləri əhatəli məlumatlarla təmin edə bilər. Gündəmə dair, məsələn, sərhəd bölgəsində baş verənlər, COVİD-19 virusunun yoluxma formaları, onun nəticələri barədə məlumat verilə bilər. Çəyirtkə hücumu, yağış və ya parazitlərin kənd təsərrüfat sahələrinə təsiri, bu vəziyyətin yaratdığı sosial və iqtisadi ziyan tədrisdə əks oluna bilər. Məktəbin yaxınlığında baş verən zorakılıq,  oğurluq, cəmiyyətdə baş verən ictimai proseslər dərs planından kənar sinifdə müzakirə edilə bilər.

Müəllim öyrədəcəyi mövzularda zəngin bilgiyə sahib olmalıdır. Şagirdlərinə öyrədəcəklərindən daha çox şey bilməlidir. Bu gün öyrənmək üçün çox sayda mənbələr var. Müəllim bu mənbələr vasitəsilə biliyini daim zənginləşdirməlidir.  Eyni zamanda, şagirdlər və tələbələr də belə mənbələrdən bəhrələndikləri üçün bəzən çox maraq doğuran mövzularda dərin biliklərə sahiblənərək, müəllimlərini verdikləri suallarla təəccübləndirə bilərlər. Müəllim dərinliyi və bilik zənginliyi ilə təhsil alanları həyəcanlandıra və öyrənməyə maraqlandıra bilmədiyi təqdirdə  həmin sinifdə keyfiyyətli tədris mühitinin yaranacağı mümkün deyil.

Tədrisdə sinif daxilində müəllimin müstəqilliyi anlayışından bəhs edildikdə, cavabdeh olma anlayışı da qüvvəyə minir. Dövlət və ya özəl sektorda görülən hər bir hərəkətin azadlıq tərəfi olduğu kimi, məsuliyyət və cavabdehlik tərəfinin də olduğu unudulmamaldır. Mən müəlliməm, sinifdə müstəqil olmaq istəyirəm, amma hərəkətlərin cavabdehlik və məsuliyyət daşıma tərəfini qəbul etmirəm, - desəniz,  sizin müstəqillik hüququndan istifadə haqqınız əlinizdən alınacaq. Çünki hüquqlar, azadlıqlar və vəzifələr demokratiyanın və hüquqi dövlət olmağın bir tələbidir. Başqa bir misala baxaq. Məsələn, yaşadığınız şəhərin meri dövlətin ayırdığı büdcəni deyək ki, "quş qonmaz, karvan keçməz" bir ərazidə bahalı bir körpü çəkilməyə xərcləyir. Tutaq ki, bu şəxsin heç bir məsuliyyəti və cavabdehliyi yoxdur. Vəzifə müddəti bitdikdən sonra da çıxıb gedir. O zaman vətəndaş olaraq, etirazınız olarsa, nəticə verməz. Çünki hesabat verəcək insan vəzifədə deyil. Bu səbəbdən də tədrisdə müəllimin müstəqilliyi  məsuliyyət və cavabdehlik anlayışlarıyla düz mütənasibdir.

Digər tərəfdən, müəllimin unikal modellər hazırlayaraq yalnız bir dərsdə (sinifdə) tətbiq etməsi o sinfin müvəffəqiyyətlərini artırmağa təsir göstərərsə, bu, təhsil müəssisəsinin ümumi fəaliyyət prinsipinə uyğun olmaya bilər. Bu mənada müəllim bildiyi və inkişaf etdirdiyi bir öyrətmə modelini digər müəllimlərdən gizlətməklə dərs vermək əvəzinə, modeli məktəbdəki digər müəllimlərlə də bölüşməlidir. Belə olan tədqirdə orijinal tədris modelləri və yanaşmalar yarana bilər ki, bu da məktəbin ümumi inkişafına səbəb olar.

Müəllimin tədrisdə müstəqilliyi ilə birbaşa əlaqəli olan anlayışlar, təhsil müəssisəsinin müstəqilliyi və müəssisənin rəhbərinin müstəqilliyi anlayışlarıdır. Təhsil öcağında bu iki müstəqilliyi yaratmadan müəllimin müstəqilliyini həyata keçirmək mümkün deyil. Bu səbəbdən təhsil sahəsində həyata keçiriləcək islahatlara hərtərəfli baxmaq və təşkilati quruluşu düzgün təhlil etmək lazımdır.

Güvənsizlyin hökm sürdüyü cəmiyyətlərdə tədris zamanı müəllimlərə müstəqillik verilmir. Belə ölkələrdə standart tədris planı, proqram, standart dərsliklər və standart testlər mövcud olur. Müəllimlər  tədris zamanı standart tətbiqlərlə məşğul olurlar. Bu müddətdə standart quruluşla mübarizə aparan müəllimlər üçün az da olsa, müstəqillik vəziyyəti yaradılırsa belə, müəllimin bu imkandan istifadə etməyə vaxtı qalmır. Gərgin dərs yükü, lazımsız qaydalar müəllimin vaxtını aparır, bu da müəllimlərin yorulmalarına və diqqətlərini daha çox tədris planına yönəltmələrinə səbəb olur. Eyni zamanda, belə ölkələrdə tədris planı mərkəzləşdirilmiş qaydada hazırlanır və həyata keçirilməsi üçün məktəblərə göndərilir. Müdaxilə etmək mümkün olmur. Hansı ki tədris planı hazırlanarkən, müəllimə müstəqillik vermək onun özünüinkişafına, akademik fəaliyyətinə də müsbət təsir göstərə bilər.

Nəticə olaraq, özünüzü minalanmış sahədən keçməli olan bir insan kimi düşünün. Minalanmış yerə addım atmadan qarşıdakı əraziyə çatdıqda müstəqil olacağınızı düşünün. Bu şəraitdə mina sahəsində sərbəst gəzə bilərsinizmi? Cavabınız yəqin ki, "yox" olacaq. Çünki basdığınız zaman partlayacaq mina beynin bir hissəsini işə salacaq və yaranan qorxu səbəbindən məhdud məkanda çətinliklə hərəkət etməli olacaqsınız. Hətta ayaqlarınızla tez-tez yeri yoxlayacaq, qeyri-müəyyən çizgilər çəkərək yerimək məcburiyyətində qalacaqsınız. Ancaq minalanmış bir sahədən keçmək şəxs üçün hərəkət azadlığını təmin edəcək. Bu halda insan tez-tez ziqzaq hərəkətlər edəcək, bəzən  tullanacaq və bəzən də yerə oturacaq. Bəlkə də bir ağac kölgəsində quşların civiltisinə qulaq asacaq. Bu vəziyyətə görə, müəllimə nə qədər minalı ərazi və müstəqillik versəniz də, müstəqilliyin ekvivalenti yoxdur. Bu səbəbdən, ilk növbədə tədrisdə etimad mədəniyyəti ilə başlayan və hərəkət azadlığını təmin edən bir quruluş yaratmaq lazımdır. Sonra müstəqillik verməklə giriş səviyyəsinə nəzarət etmək, eyni zamanda, məsuliyyət və cavabdehlik anlayışlarıni işə salmaq olar. İnsan beyni sərbəst, təhlükəsiz və hərəkət azadlığına sahib olduqda yaradıcı zəkasından səmərəli istifadə edə bilər. Əks təqdirdə, insan beyni öz gücündən istifadə etməkdən də uzaqlaşacaq.

 





16.07.2020    çap et  çap et