525.Az

Düşməndən də betər təxribatçılar... - İbrahim Cəfərov yazır


 

Düşməndən də betər təxribatçılar... - <b style="color:red">İbrahim Cəfərov yazır </b>

2016-cı ilin aprel ayında indiki kimi cəbhədə şiddətli döyüşlər gedirdi. Hücuma keçən düşmənin cavabını müzəffər ordumuz lazımi şəkildə verirdi. Eynən indiki kimi.

O zaman da ölkədə hər kəs bir olmuşdu. Cəmiyyətdə tutduğu mövqedən, maddi durumundan asılı olmayaraq əksəriyyət Ali Baş Komandandan döyüş əmrini gözləyirdi. Lakin indikindən fərqli olaraq o zaman koronavirus pandemiyasından əziyyət çəkmirdik. Futbol üzrə ölkə çempionatı da davam edirdi. Qol vuran futbolçular əsgər salamı verir, yaxud fərqlənən hansısa oyunçu köynəyini çıxarır, altdan geydiyi maykanın üzərində yazılmış "Şəhidlər ölməz, vətən bölünməz" şüarını nümayiş etdirirdi. Elə azarkeşlər də boş oturmurdular. Oyun boyu ordumuzun, vətənimizin şəninə səslənən şüarlar bir yana, aprelin 5-də xəbər yayıldı ki, sabah azarkeşlər ordumuza dəstək yürüşü həyata keçirəcəklər. Görüş yeri kimi Elmlər Akademiyası metrosunun girişi seçilmişdi.

6 aprel, saat 12:00-da idman jurnalisti kimi təyin olunan yerdə idim. Təxminən 500-ə yaxın azarkeş metro stansiyasının önünə toplaşmışdı. Daim stadionda rəqib olan fanatlar bu dəfə eyni məqsəd üçün bir araya gəlmişdilər: "Bakı"lısı da, "Neftçi"lisi də, "Xəzər Lənkəran"lısı da, "Qarabağ"lısı da, "Qəbələ"lisi də, "İnter"lisi də, "Kəpəz"lisi də. Fanatlar "Tribuna oyaqdı, əsgərlərə dayaqdı", "Azərbaycan əsgəri, vur, keç səngəri", "Azərbaycan bir olsun, istəməyən kor olsun", "Ən böyük əsgər, bizim əsgər", "Qarabağ bizimdi, bizim olacaq" və s. şüarlar səsləndirirdilər. Zaman keçdikcə aksiya iştirakçılarının sayı durmadan artırdı. Azərbaycan himninin oxunmasından sonra azarkeşlər Şəhidlər Xiyabanının yolunu tutmuşdular. Yolboyu müxtəlif şüarlar səsləndirən aksiya iştirakçılarının sayı Şəhidlər Xiyabanının qarşısında 5 minə çatmışdı. Xiyabanı ziyarət etdikdən sonra fanatlar Fəvvarələr meydanına üz tutdular. Artıq aksiya iştirakçılarının sayının çoxluğu mərkəzi küçələrdə nəqliyyatın hərəkətinə mane olurdu. Yolboyu kifayət qədər insanın qoşulduğu aksiya Fəvvarələr meydanında başa çatdı. 10 minə yaxın insan da polisin "hər şey gözəldi, amma artıq dağılışmaq zamanıdır" fikrini dəstəklədi. 4 il əvvəlki aksiya beləcə bir ömürlük xoş xatirə kimi yadda qaldı.

Dünən (srağagün - İ.C.) Azadlıq meydanına axışan insan selini gördükdə 4 il əvvəlki aksiya gözümün önünə gəldi. O zaman olduğu kimi, yenə də polislər insanların təhlükəsizliyi üçün əllərindən gələni edirdilər. Hətta deyilənə görə, polis əməkdaşları da bəzən aksiya iştirakçılarına qoşulur, "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndirirdilər. Hər kəsin bir olması xoş təsir bağışlayırdı.

Lakin sosial şəbəkələrdə yayılan görüntüləri izlədikcə daxilimdə bir narahatlıq var idi. Narahatlığım bir yandan koronavirusa görə idi. Axı, orduya dəstək nümayiş etdirənlər sosial məsafə qorumurdular. Başa düşürəm, söhbət mövzusu Vətəndirsə, insanın gözü başqa heç nə görmür, qulağı heç nə eşitmir. Amma o kütlənin arasında virus daşıyıcılarının olması da mümkündür, axı. Bu halda 2 həftə sonra bizi hansı faciənin gözlədiyini insan düşünmək belə istəmir. Operativ Qərargahdan açıqlanan gündəlik 500-600 yoluxma rəqəminə ağız büzürüksə, 2 həftə sonra 5000-6000 yoluxma olsa, nə edəcəyik? Bu halda hər hansı karantin rejimi də xalqa kömək edə bilməyəcək...

Digər narahatlığım isə kütlənin idarə olunmaması ilə bağlı idi. Ürəyimdə tez-tez "kaş aksiya vaxtında bitəydi" deyirdim. O qədər insanın bir yerə toplaşması və kimlərsə tərəfindən sözün yaxşı mənasında idarə olunmaması təhlükəli idi. Təəssüf ki, gümanımda yanılmadım. İlk baxışdan hər birimizin qürur duyduğu aksiyanın sonu heç də yaxşı bitmədi...

Artıq yaşananlardan məlumatlısınız: bir qrup insan Parlamentin binasına soxuldu, bir qrup isə hətta polis maşınlarını aşırmaqdan belə çəkinmədi. Həmin kadrlara baxdıqda adam deməyə söz tapmır. İnsan nə qədər düşüncəsiz olmalıdır ki, orduya dəstək aksiyasını bu cür sonlandırsın. Polisin humanistliyindən istifadə edən bir qrup təxribatçı xaincəsinə bütün ölkənin qürur duyduğu aksiyadan öz məqsədləri üçün istifadə etdi. Belələrini görəndə düşünürsən ki, bizə düşmən lazım deyil. Sapı özümüzdən olan baltalar hər zaman ölkədəki birliyi pozmağa cəhd edəcəklər. Ali Baş Komandandan deyil, hansısa xarici antiazərbaycan qüvvələrdən göstəriş alan belələrinə qarşı mütləq sərt tədbirlər  görülməlidir. Yaxşı ki hüquq-mühafizə orqanlarımız, güc strukturlarımız təxribatın qarşısını vaxtında ala bildilər. Yoxsa olacaqları düşünmək belə adamı vahiməyə salır. 15-20 təxribatçıya görə minlərlə insanın əziyyətinə heyif oldu. Aksiyanın ilk saatlarında yayılan görüntülərdən, yazılanlardan açıq-aşkar hiss olunurdu ki, ermənilər qorxuya düşüblər. Amma sonda nə baş verdi? 15-20 təxribatçıya görə hamımız məyus olduq.

Hazırda ölkəmiz üç düşmənə qarşı mübarizə aparır: ermənilər, koronavirus və daxilimizdəki düşmənlər. Təəssüf ki, sonuncu qrup daha təhlükəlidir. Çünki ölkə daxilindəki düşmənlər koronavirus kimi gözəgörünməz, erməni kimi xəyanətkardırlar.

Həmin təxribatçılara qarşı mütləq lazımi tədbirlər görülməlidir. Çünki daxilimizdəki düşmənlərdən qurtulmadıqca ölkə xaricindəki düşmənlərlə mübarizə aparmaq çətin olacaq.

 





16.07.2020    çap et  çap et