525.Az

Qəlbimiz indi Tovuzda döyünür - Şahanə Müşfiqin yazısı


 

Qəlbimiz indi Tovuzda döyünür - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Bu günlər damarında gerçək azərbaycanlı qanı axan, Azərbaycanı sevən, vətənin, torpağın aliliyini, müqəddəsliyini anlayan hər kəsin fikri-zikri, ürəyi Tovuz rayonundadır.

Hazırda Tovuzu Azərbaycanın duyğu mərkəzi də adlandıra bilərik. Hələlik bu məsuliyyətli və çətin mövqeyi Qarabağdan müvəqqəti alan Tovuz mənfur düşmənlə üz-üzə mərd-mərdanə dayanıb. Ordumuz cəbhədə erməni işğalçılarının layiqli cavabını verdiyindən təlaşa qapılan, Azərbaycana hər nə yolla da olsa zərər verməyə çalışan düşmən həmişə olduğu kimi, bu dəfə də mülki əhalini hədəf alır. Tovuzun əsasən Ağdam, Əlibəyli və Dondar Quşçu kəndləri düşmənin hədəfindədir.

Döyüşlər başlayandan dəfələrlə həmin kəndlərin, hətta Tovuz rayonunun boşaldılması ilə bağlı yalan məlumatlar eşidirik. Bunun əksini - həqiqəti isə Müdafiə Nazirliyimiz, Tovuzda qaynar nöqtədə xidmət edən jurnalistlərimiz və rayon camaatının özləri çatdırırlar.

Nə gizlədim, ölkəmdə bu qədər böyük və təhlükə kəsb edən bir hadisə baş verdiyi halda mənim içimdə qəribə bir rahatlıq, ümid və inam var. Əksinə, atdığı səhv addım ucbatından bu gün cəbhədə çabalayan, qorxudan postları qoyub qaçan düşmən haqqında onları layiqincə alçaldan xəbərlər aldıqca ürəyim dağa dönür, sevinirəm. Neçə gündür, bu ruh yüksəkliyimin səbəbini düşünürəm. Əslində, elə də çətin deyil bunu cavablamaq. Bunun iki səbəbi var.

Birincisi, güclü bir ölkədə yaşadığımı, cəsarətli və əzmkar xalqın nümayəndəsi olduğumu yaxşı bilirəm. Bu xalq hələ 1990-cı illərdə qanı-canı bahasına müstəqilliyini qazanan, neçə himayəçisi olan düşmənə qarşı Qarabağ müharibəsində könüllü şəkildə, adi ov tüfəngiylə, əli silaha çatmayanın da bellə-kürəklə torpağını qoruduğu bir xalqdır. Bu xalq vətən sevdasından, Qarabağ tələbindən bircə an belə vaz keçməyib, bu ağrısını, həsrətini 30 ildə bir dəfə də unutmayıb ki... Düşmənlə üz-üzə gəlmək, Qarabağa bir addım da yaxınlaşmaq fürsətinin hamısını dəyərləndirib, həmişə əzəli torpağına doğru can atıb.

Qarabağ həsrətiylə yaşıdam. Onu ancaq uşaqlıqdan dinlədiyim valideynlərimin, şahidlərin, məndən öncəki nəslin söhbətlərindən, arxiv kadrlarından, ədəbiyyatdan, tarixdən tanıyıram. Amma ilk dəfə Qarabağa 18 yaşımda- universitetin ilk kursunda çox yaxınlaşdığımı hiss etmişəm. Birinci kursun sonunda "Şifahi xalq ədəbiyyatı" fənninin təcrübə işində vəzifəmiz Azərbaycan folklor nümunələrini, adət-ənənələrini toplamaq idi. Qarabağlı olmasam da, bölgə olaraq Qarabağı seçmişdim. Üç ay boyunca Bakıda və digər bölgələrdə yaşayan qarabağlılarla görüşdüm, müxtəlif yataqxanalarda məskunlaşan məcburi köçkünlərlə daha sıx təmasda oldum. Mən onda anladım bu xalqın böyüklüyünü, mən onda gördüm onların cəsarətini. Müsahiblərim arasında 80 yaşlı baba da vardı, 30 yaşlı gənc qadın da, 5 yaşlı uşaq da... Hamısı Qarabağdan elə böyük eşqlə danışır, ordan ən son ana qədər çıxmadıqlarını, düşmənə qarşı əllərindən gələn qədər müqavimət göstərdiklərini elə böyük coşğunluqla danışırdılar ki, bu sevgiyə, bu əzmə heyrət etməmək olmurdu. Onlar Bakıda doğulan, burda böyüyən uşaqlarını da qarabağlı ruhunda, vətənə böyük məhəbbətlə yetişdirirdilər. Bunu "mən böyüyəndə əsgər olacam, Qarabağı ermənidən alacam" - deyən 5 yaşlı oğlanın titrəyən səsində, parıldayan gözlərində hiss etmişdim. Onda demişdim, nə olur olsun, bu xalq yenilməz, bu xalq Qarabağı düşməndə qoymaz!

İkincisi, bu gün düşmənlə üz-üzə dayanan tovuzluların yüksək əhval-ruhiyyəsi, cəsarətidir ki, mənə də təsir göstərir. Üç gün öncə düşmənin hədəf aldığı Dondar Quşçu kəndindən olan tanışlarımızla, Tovuzun başqa yerlərində yaşayan əziz insanlarımızla mütəmadi əlaqədəyik. "Qızğın döyüşlər gedir" xəbərindən qorxa-qorxa, təlaşla zəng edir, mesaj yazırıq. Telefonun o başından eşitdiyimiz gümrah səs, xoş cavab isə ürəyimizi dağa döndərir.

Bakıda yaşayan tanışlarımız var ki, təxminən 10-15 gün öncə yayı keçirmək üçün Tovuza - ata evinə gediblər. Onlarla danışırıq. Deyirlər ki, kəndləri boşaltmaq nədir? Bakıdan olanlar belə geriyə qayıtmırlar. Qadınlar "bir addım belə evimizdən tərpənmərik, əlimizdən bir şey gəlməsə də, kişilərə çay-çörək hazırlayar, paltarlarını yuyarıq" - deyirlər. Kişilər, gənc oğlanlar axın-axın könüllü cəbhəyə getmək üçün müraciət edirlər. Hələ ki, əsgərlərimizin, zabitlərimizin düşmən qarşısında mərdliklə dayandığını və əlavə köməyə ehtiyacları olmadığını eşidənlər isə bizim də bir dəstəyimiz olsun fikriylə, əsgərlər üçün ərzaq, siqaret, ehtiyacları olacaq nələrsə alıb göndərməyə çalışır, "xalq yanınızdadır" deyirlər. Şahidlərin sözlərinə görə, çətinliklə də olsa əlaqə saxlaya bildikləri zabitlərimiz, əsgərlərimiz "xalqın dayağını, bizə olan güvənini çox yaxşı hiss edirik, buna görə də döyüşə toy-bayrama gedər kimi gedirik" - söyləyirlər.

Dünən səhər Tovuzdakı tanışımın səsli mesajına oyandım: "Gecədən döyüş başlayıb. Yenə də atışmadır. Hər şey yaxşıdır. Nəzarət tamamilə ordumuzun əlindədir. Biz burdayıq, Tovuz yerindədir, vəziyyət superdir". Döyüş xəbərini bu cür sevinclə, qürurla verən bir xalq mütləq ki, qalib tərəf olacaqdır.

Sonda bir nüansı da xüsusi vurğulamalıyıq. İyulun 12-dən, Tovuzla sərhəddə vəziyyət gərginləşən andan ən qaynar nöqtələrdə insanların yanında olan, ictimaiyyəti durmadan məlumatlandıran Qənirə Paşayeva və Arzu Nağıyevin -o bölgənin millət vəkillərinin bu ruh yüksəkliyindəki payları danılmazdır. Xalq seçdiyi vəkilinin ən çətin məqamda onlarla birgə olduğunu, çətinlikdən, döyüşdən, təhlükədən qorxmadan, ən öndə dayandığını görür və bu da onun dövlətinə, əsgərinə, özünə inamı daha da artır.

Bu inam, bu əzm və bu ruh yüksəkliyi heç bitməsin. Tezliklə Qarabağdan qələbə müjdəsi ucalsın!

 





17.07.2020    çap et  çap et