525.Az

Barı dəysin... - Fidan Malik yazır


 

Barı dəysin... - <b style="color:red">Fidan Malik yazır </b>

Bir gün bir xəbər gələr və insan quş olub pərvazlanar. Yaşlıdırsa, cavanlaşar. Bir gün də xəbər gələr, bir balaca bir gündə böyüyər. Üzünün cizgiləri, baxışları dəyişər. Dil susar, gözlər səssizcə danışar. Gözlər danışarsa, fırtınalar qopar, dağlar ovulub çınqıl olar, qum olar. Dəryaların suyu quruyar.

Ürəklərə bir od düşər ki, söndürməyə nə dənizlər, nə çaylar bəs olar. O balaca insan, başını qaldırıb elə bir baxışla baxar ki, ona yuxarıdan aşağı baxan böyük insan, gözlərini ondan qaçırar. Qaçırar, çünki cürəti çatmaz o balacanın gözlərinin içinə baxmağa. Səssiz soruşulan sualların qarşısında aciz qalar. "Niyə mənim atam", deyər o baxışlar. "Biz hələ onunla gəzməyə gedəsiydik, oyunlar oynayasıydıq", deyər. "Biz hələ onunla dost olasıydıq", deyər. Hesab soruşurcasına baxar. Əmanətini geri istərcəsinə baxar.

Sonra uzadar o balaca əlini və bacısının gözünün yaşını silər. "Ağlama! O yoxdur, mən varam", deyər və bir anda özü də hiss etmədən o balaca çiyinlərinə atalıq yükünü alar...

Sonra bu balaca gül ətirlilər böyüklər kimi yaş tökmədən ağlamaq öyrənər. Niyə böyüklər kimi?.. Axı onlar artıq böyükdürlər. Bir gündə, bir xəbərlə böyüdülər. Böyüdüldülər. Balaca dodaqları şaqqanaq çəkib güləsi vaxtlarında dodaqlarını bərk-bərk sıxmağı öyrəndilər. Göz yaşı axıtmadan ağlamağı öyrəndilər. Çünki o gül dodaqlar açılarsa, fəryad qopar. Yeri-göyü yandırar, deyə böyüklərtəki dişləri ilə bərk-bərk sıxdılar...

Yox! Siz susmayın, gül balalar! Susmayın, analar! Susmayın ki, qopsun fırtınalar! Ağlayın! Hətta biz də sizinlə hönkür vurub ağlayaq. Ağlayaq ki, göz yaşlarımız sellər olsun. Yusun aparsın bu dünyanın çirkini, çirkabını. Ağlayaq ki, əmanətlərinizə sahib çıxa bilmədik. Ağlayaq ki, ana qucağınızı boş qoyduq. Bir igidin yerinə, uğruna canını fəda etdiyi torpağına bulaşmış qanlı paltarını verdik. "Bununla ovun!", dedik... "Ətrini, qoxusunu burdan al!", dedik. Ağlayaq! Hətta sizdən çox ağlayaq ki, unutmayaq! Unutdurmayaq! O yaraları qaysaq bağlamağa qoymayaq. Ta o günə kimi ki, dəysin! Bir balacanın tumar çəkən ata əlinin yerinə bayrağını öpməyinə dəysin! Qucağı boş qalan ata-ananın övladının yerinə qanlı köynəyini bağrına basmağına dəysin!  Barı dəysin! Barı dəysin!

Küləklər harda yatır görəsən?
Buludlar hardan yığır göz yaşını
hava ayaz olanda?
Çaylar harda dincəlir görəsən!
İldırımlar niyə belə tez sönür?
Ən uzaq ulduzlardan o yana nə var, kim var görəsən?
Harda yaşayır ölüm?
Götürüm gəncliyimi, axtarım tapım onu.
Öldürüm.

(Rəsul Rza)

 





17.07.2020    çap et  çap et