525.Az

Bir erməninin Stalinə ada satmaq istəyi - Müsəllim Həsənovun qeydləri


 

Bir erməninin Stalinə ada satmaq istəyi - <b style="color:red">Müsəllim Həsənovun qeydləri </b>

Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir.

Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır.

Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində "Bilirdinizmi" başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.

Bu diqqət və marağa güvənərək həmin yazıları "525"in oxucuları ilə də bölüşmək qərarına gəldik. Niyyətimizi bildirəndə, sağ olsun, jurnalist dostumuz istəyimizi geri çevirmədi və razılaşdıq ki, bu yazılar vaxtaşırı qəzetimizdə dərc olunsun.

Buyurun, oxuyun.

"525"

***

Zivər bəy Əhmədbəyovun faciəli sonu: intihar...
 

Bilirdinizmi ki, ali təhsilli ilk azərbaycanlı memar Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib?

1925-ci ilin martında M.Ə.Rəsulzadə Ə.B.Topçubaşova yazdığı məktubda M.Y.Cəfərov və Z.B.Əhmədbəyovun Bakıda həbs olunduğu və özünə qəsd etdiyi barədə məlumat verir.

Bu faciə Topçubaşovun ciddi narahatlığına səbəb olur. Çünki Zivər bəyi istedadlı memar kimi yaxından tanıyırdı.  Ona görə də  Rəsulzadədən xahiş edir ki, Zivər bəyin özünə qəsd etməsinin səbəbini öyrənən kimi məlumat versin.

1925-ci il mayın 6-da M.Ə.Rəsulzadə Topçubaşova intiharın səbəbini yazır. Bildirir ki, o, son vaxtlar işsiz idi. Bolşeviklər onu sıxışdırır, tez-tez həbs edir, günlərlə istintaq aparırdılar.

Bütün bunlara dözməyən Zivər bəy özünü öldürüb.

M.Ə.Rəsulzadə məktubunda onu da bildirir ki, mərhumun Azərbaycan Siyasi İdarəsinin rəisi Baba Əliyevə və M.C.Bağırova ünvanladığı son məktubu da üzə çıxıb. Zivər bəy həmin məktubda yazıb: "Sevinin ki, daha bir ziyalı müsəlman da sıradan çıxdı..."

Zivər bəy Əhmədbəyov 1902-ci ildə Peterburqda Mülki Mühəndislər İnstitutunu bitirmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (hətta 1922-ci ilə qədər) Bakı şəhərinin baş memarı olmuşdu... 

O, ali təhsil almış ilk azərbaycanlı memar idi... 

Mirzə İbrahimov: Dövlət dili uğrunda mücadilə 

Bilirdinizmi ki, 1956-cı ildə Mirzə İbrahimovun fədakarlığı sayəsində Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib?

Onda tanınmış yazıçı Mirzə İbrahimov həm də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi.

Arxivdə M.İbrahimovun Azərbaycan KP MK-ya həmin il  iyulun 20-də yazdığı 01/85 nömrəli məktub saxlanılır. Məktub bu sözlərlə bitir: "Respublikanın dövlət dili haqqında Azərbaycan KP MK bürosunun qərar layihəsini müzakirənizə təqdim edirəm".

Azərbaycan KP MK bürosu bu təkliflə razılaşır.

Azərbaycan SSR Ali Sovetinin növbəti üçüncü sessiyası avqustun 21-də Konstitusiyaya yeni maddə əlavə edir:

"Maddə 151. Azərbaycan SSR-nin Dövlət dili Azərbaycan dilidir.

Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir".

Lakin bir il sonra Moskva bu maddənin "fəsadlarından" qorxuya düşərək, Mirzə İbrahimovun işdən azad olunması barədə göstəriş verir. 

1958-ci il yanvarın 22-də Ali Sovetin altıncı sessiyası çağırılır və orada M.İbrahimovun istefa ərizəsi oxunur...

Bundan sonra Mirzə İbrahimov məhz Azərbaycan dili məsələsini qabartdığına görə  Bakıda müxtəlif iclaslarda dəfələrlə RUS DİLİNDƏ tənqid edilir, hətta millətçilikdə ittiham olunur...

P.S. Ötən əsrin 80-ci illərinin sonunda isə... Tariximizdən bixəbər olan bir qrup gənc akademiyanın həyətində Mirzə İbrahimovu millilikdən uzaq olmaqda, partokratlıqda ittiham edir, onu xalq hərəkatına qoşulmamaqda günahlandırır və şlyapasını götürüb kolluğa atır...

İndi deputat olan həmin gəncliyin liderlərindən biri M.İbrahimova qarşı bu tarixi ədalətsizliyi və kobudluğu bu günlərdə dilinə gətirdi. Gec də olsa... 

Sumqayıt qiyamı. 1963-cü il...

Bilirdinizmi ki, 1963-cü il noyabrın 7-də Sumqayıtda keçirilən təntənəli nümayişdə kütləvi iğtişaş baş verib? 

Bu barədə rəsmi məlumat Azərbaycan SSR ictimai asayişi müdafiə naziri Xəlil Məmmədovun Azərbaycan KP MK-ya bir gün sonra - noyabrın 8-də yazdığı məxfi qrifli arayışda öz əksini tapıb. Bu arayış indi də arxivdə saxlanılır.

Məlum olduğu kimi, sovet dövründə 7 noyabr nümayişləri zamanı şəhərin zavod və fabriklərinin nümayəndələrindən ibarət dəstələr şəhər rəhbərliyinin dayandığı tribuna önündən keçirdilər.

Həmin gün, nümayişin başa çatması ərəfəsində - saat 10.30-da Sumqayıtdakı 1 nömrəli trestin kolonunda kütləvi iştişaş baş verir.

N.Xruşşovun idarəçiliyindən, şəhərdə yaranmış ərzaq qıtlığından narazı olan fəhlələr İosif Stalinin plakatlarını qaldırır, hökumətə etiraz edirlər.

Etiraz edən kütlə hadisə yerinə gələn şəhərin hərbi komissarı polkovnik Krola hücum edir, onu döyür.

Şəhər milis şöbəsinin rəis müavini D.Kldiaşvili, sahə müvəkkili və bir neçə drujinaçı da döyülür.

Kütləvi həbslər aparılır. Fəhlələr milis şöbəsinə hücum edirlər.

İğtişaşı ancaq günorta saat 14.30-da yatırmaq mümkün olur.

Sumqayıtda baş verən bu iğtişaşla bağlı tutulan fəhlələrdən iki nəfəri 6 il, başqa iki nəfəri isə 5 il həbs cəzası alır. Bir nəfər 4, başqa bir fəhlə isə 3 il həbs cəzasına məhkum olunur.

P.S. O vaxt həbs edilənlərdən bəziləri ilə təxminən 20 il əvvəl görüşüb söhbət etmişdim. Onlardan biri - Miriş Əlimirzəyev demişdi ki, "altı il iş aldım. Üç il altıncı kolonda yatdım. Orda mənə zarafatla "Stalin" deyirdilər. Çünki Stalinin plakatını qaldırmağa görə tutulmuşdum. Baxmayaraq ki, portreti mən yox, başqası qaldırmışdı..."  

Müharibə vaxtının "Artsax davası" 

Bilirdinizmi ki, 1942-ci ildə Bakıda nəşr edilmiş "IX əsrdə Artsaxın ərəb işğalçıları ilə mübarizəsi" adlı kitabça satışdan yığışdırılıb? 

1942-ci ilin martında Elmlər Akademiyasının Azərbaycan Filialı tərəfindən T.İ.Ter-Qriqoryanın belə bir broşurasının nəşr edilməsi barədə məlumat Azərbaycan K(b)P Mərkəzi Komitəsinə təxminən bir ay sonra çatır.

Məsələ Mərkəzi Komitənin 17 aprel tarixli büro iclasında müzakirə olunur.

Büro hesab edir ki, broşurada bir çox tarixi yanlışlıqlara yol verilib, Zaqafqaziya xalqlarının tarixi təhrif olunub.

Büroya təqdim edilmiş sənədlərdən görünür ki, müəllif ərəb işğalçılarına qarşı mübarizədə "Artsax" adlandırdığı bölgənin rolunu xüsusi şişirdib, eyni zamanda, Səhl ibn Sumbatı qəhrəman səviyyəsinə qaldırıb...

Bütün bunları təhlil edən Mərkəzi Komitənin bürosu qərara alır ki, tarixi faktların təhrif olunduğuna görə T.İ.Ter-Qriqoryanın  "IX əsrdə Artsaxın ərəb işğalçıları ilə mübarizəsi" adlı broşurası satışdan yığışdırılsın.

Elmlər Akademiyası Azərbaycan Filialı Tarix İnstitutunun direktoruna töhmət verilsin.

Filialın rəhbərliyinə xəbərdarlıq olunsun...

P.S. Maraqlıdır ki, alman faşizmi ilə müharibənin qızğın vaxtında niyə Artsax yada düşür? Niyə ərəb işğalçıları ilə mübarizə "aktual" olur?

Cavab sadədir. Ter-Qriqoryan belə bir kitabça buraxmağa məqam gözləyirmiş. Akademiya müharibə ilə əlaqədar "Müdafiə ədəbiyyatı" seriyasından kitablar buraxmağa başlayır və erməni bu fürsəti əldən vermir... 

Tofiq Abdinin "KQB" sərgüzəştləri 

Bilirdinizmi  ki, 1966-cı ildə "Vahid Azərbaycan yaratmaq" istəyən bir qrup gənc yazıçı "KQB"nin cəngindən necə qurtulub? 

Bu tarixçəni mənə vaxtilə mərhum şair-publisist dostum Tofiq Abdin özü danışmışdı.

O vaxt bir qrup gənc yazıçı (Sabir Rüstəmxanlı, İsa İsmayılzadə, Tofiq Abdin, Bəhlul Abdulla, Əsgər Məmmədov və b.) "Qaranquş" adlı "təşkilat" yaradır, vaxtaşırı toplaşaraq Cənubi Azərbaycanı Şimali Azərbaycanla "birləşdirmək" barədə "ideyalar" irəli sürür, ayrılıq mövzusunda şeirlər oxuyurlar...

DTK bunların izinə düşür, günün birində növbə Tofiq Abdinə çatır və onu idarəyə aparırlar.

Rəhmətlik T.Abdin həmin mənzərəni belə təsvir edirdi: "Uzun bir koridor, bu, ona təhvil verdi, o, buna təhvil verdi... Gördüm, içəridə yaraşıqlı bir adam oturub, hərbi formada. Rütbəsini də anlaya bilmədim. Məni içəri saldılar. Kağızları qoydular onun qabağına...

Bir azdan başını qaldırıb, - bugünkü kimi yadımdadır, dedi:

- Siz nə istəyirsiniz?

Yavaşca dedim ki, vallah, heç nə istəmirik.

Sənədlərə göz gəzdirib bir də dedi ki, axı siz nə istəyirsiniz?

Mən bu dəfə başımı bir az da aşağı sallayıb susdum...

Dedi ki, 1937-ci il olsaydı, sizin hamınızı güllələyərdilər. Ata-ananızın da sizi tələb etməyə haqqı olmazdı.

Bir də kağızları vərəqləyib dedi:

- Bala, get dərslərini oxu... Aparın..."

T.Abdin bu tarixçəyə belə yekun vurmuşdu: "Allaha and olsun, aradan neçə illər keçəndən sonra televizorda görəndə anladım ki, həmin adam Heydər Əliyev imiş. Bilmirəm, onda idarə rəisi olub, müavin olub... Onda bizi tuta bilərmişlər. Ən azından institutdan çıxara bilərmişlər. Bunları mən sonradan anlamışam. Bizi onda Heydər Əliyev xilas edib...

P.S. "Qaranquş" "təşkilat"ı barədə DTX-nin arxivində ayrıca qovluq var. Doğrudur, vaxtilə mənim bu qovluqla tanış olmağıma imkan vermədilər, amma "Qaranquş" haqqında qısa arayış verdilər... 

Bir erməninin Stalinə ada satmaq istəyi 

Bilirdinizmi ki, Amerikada yaşayan bir erməni 1946-cı ildə Şpitsbergen adasında yerləşən böyük bir ərazini SSRİ-yə satmaq istəyib?

Bu barədə Bağdaddakı sovet səfiri Zaytsev sentyabrın 26-da Stalinə göndərdiyi məktubda məlumat verib.

Səfir yazır ki, Bağdadda yaxşı tanıdığımız doktor Topalyanın oğlu Suren Topalyan hazırda Nyu-Yorkdə Amerika aviasiya firmalarından birində çalışır.

O, Şpitsbergen adasında torpağı olan bir norveçlidən etibarnamə alıb ki, ona məxsus olan ərazini satsın.

Haqqında söhbət gedən ərazi hərbi aerodrom üçün olduqca münasibdir, hətta hava və dəniz bazası kimi də istifadə etmək olar.

Səfir daha sonra yazır: "Suren Topalyanı SSRİ-nin dostu kimi tanıyırıq. O, SSRİ-yə yaxşılıq etmək istədiyini yazır və istəmir ki, bu ərazini amerikan işbazlar alıb SSRİ-yə qarşı hərbi bazaya çevirsinlər".

Suren Topalyan həmin ərazini Sovet ittifaqına satmaq istəyir...

Suren atasının vasitəsilə torpağın sənədlərini və xəritəsini səfirliyə təqdim edir.

Suren Topalyan Şpisbergen adasındakı torpaq sahəsini SSRİ-yə sata bilib, yoxsa yox - demək çətindir. Çünki arxivdə saxlanan bu qovluq ancaq səfirin müracətindən ibarətdir.

Sadəcə bu tarixçədə erməninin norveçliyə məxsus torpağı satmaq fərasəti maraq doğurur.

Həm də birbaşa potensial alıcıya - sovet rəhbərliyinə "çıxmaq" qabiliyyəti...

Və nəhayət, erməni elə Amerikada da ermənidir.

 

 





18.07.2020    çap et  çap et