525.Az

Bizi güclü edən düşmənlərimiz - Aytac Sahəd yazır


 

Bizi güclü edən düşmənlərimiz - <b style="color:red">Aytac Sahəd yazır </b>

İnsanı sevgi yaşadır. Sevgi dünyanı gözəlləşdirir. Sevgi insana güc verir. Sevgi insanın mayasındadır. Sevgisiz yaşamaq çətindir. Amma...

Amma insanı yaşadan təkcə sevgi deyil. Nifrət də var, qisas da var, kin də var. Bəli, sevgi ilə yaşamaq daha gözəldir, ancaq dünya gözəl yer deyil. Burada həm Habillər, həm Qabillər var, həm yaxşılar, həm pislər var. O pislər ki, onların pisliyinə sevgi ilə cavab vermək olmur həmişə. Acı da olsa, qəbul etməliyik. Həyat mübarizədir və bu mübarizədə sevgi qədər bəzən nifrətə də, dost qədər bəzən düşmənə də ehtiyacımız olur.

Niyə? Ona görə ki, bəzən bizi güclü olmağa düşmənimiz vadar edir. Bəzən həyatın ən çətin anında taqətdən düşüb yorulanda bizi yenidən ayağa qalxmağa vadar eləyən nifrətimiz olur.

Tanıdığıniz ən güclü xarakter sahibi insanları gözünüzün önünə gətirin. Əksəriyyətinin keçmişində çətin günlər və çoxlu düşmən görəcəksiniz. Düşmən deyəndə ağlınıza təkcə əlində avtomat dayanmış canlı gəlməsin.

Düşmən həm də səninlə ədavət aparan, çəkişən, düşmənçilik eləyəndir. Bu şəxs qonşundan tutmuş iş yoldaşına qədər kim desən, ola bilər. Mütləq ki hər kəsin həyatında bir istəməyəni, bir düşməni var. Düşmənçilik etmək də dostluq etmək qədər xarakter tələb edir. Söz var, gərək kişinin qoluna qandalı da kişi vursun. Əgər "kişi kimi" düşmənləriniz varsa, bəxtiniz gətirib. Onlardan çox şey öyrənə bilərsiniz. Ən əsası da savaşmağı. İnsanı həm də girdiyi savaşlar böyüdür, möhkəmləndirir. Düşmən dediyim yalnız qanlı-bıçaqlı olduğumuz adamlar deyil. Bu, bizim rəqiblərimiz də ola bilər. Bəlkə də, ən yaxşı qiyməti sinif yoldaşımız dərsə bizdən yaxşı cavab verdiyi gün almışıq. Ondan geri qalmayaq deyə. Bəlkə, ən yaxşı işi iş yoldaşımiz bizə baxıb gülməsin deyə görmüşük. Ya da düşmən görüb sevinməsin deyə göz yaşlarımızı gülüşlə əvəz etmişik. O gülüşlə də yenidən doğulmuşuq, yaşamışıq.

Yaşamaq demişkən, yəqin eşitmisiniz, deyir, ilan ulduz görməsə, ölməz. Əfsanəyə görə, ilanla ulduz əzəli düşmənlərdir. Biri göylərin, biri yerlərin hökmdarıdır. Deyilənə görə, bu yerlərin hökmdarını yalnız cismən yox, həm də ruhən öldürmək lazımdır. İlanı tikə-tikə etsən də, ilan ölməzmiş. Ta ki ulduzu, əzəli düşmənini göydə parıldayan görənə qədər. Onu yaşadan ulduza olan nifrəti imiş. Hə, nəticə etibarilə ölərmiş, ancaq cisminin ölümü ilə ruhunun ölümü arasında nifrət onu yaşadarmış. Bu, bir əfsanədir. Biz də ilan deyilik. Deməli, düşməni görmək bizi öldürə bilməz, amma düşmənə nifrət bizi yaşada bilər. İlanın son gücünü toplayıb yaşadığı kimi.

Mən nifrət adamı deyiləm. Mənim üçün dünyanın ən ali hissi sevgidir. Bu qısa ömrü sevgi ilə yaşamaq möhtəşəm olmalı. Amma olmur. Həyatın öz qanunları var. Bu qanunlar bizim alnımıza yazılıb. Ona görə də həyatı sevgisi, nifrəti, dostu, düşməni ilə doya-doya yaşamaq lazımdır. Biz buna məhkumuq.

 





18.07.2020    çap et  çap et