525.Az

"Anam niyə gəlmədi?" - Zemfira Məhərrəmlinin hekayəsi


 

"Anam niyə gəlmədi?" - <b style="color:red">Zemfira Məhərrəmlinin hekayəsi </b>

Başını əlləri arasına alıb bərk-bərk sıxmaq istəyirdi. Bununla ağrılarını azaltmağı, azca da olsa yüngülləşməyi, beynindəki qarmaqarışıq fikirləri bir kənara atmağı düşünürdü.

Deyəsən, iş saatı bitmişdi axı...Yoxsa burda-bütün gün ərzində qaynayıb-daşan klinikanın indi əl-ayaq çəkilmiş soyunub-geyinmə otağında öz narahatlığı, əndişəsi ilə baş-başa qalmazdı. Konfulyajını indicə çıxarmış, bir qədər rahatlanmışdı.Yer üzünü və bütün həyatımızı çulğalamış virus təhlükəsi gündən-günə artmaqdaydı, neçə-neçə insanın həyatına son qoymuşdu. Xəstələrin sayı yenə çoxalmışdı, həkim çatışmırdı. Bu üzdən evə gedə bilməzdi, bir azdan gecə növbəsinə başlayacaqdı.

Zehnini məşğul edən fikirlər isə dolaşıq düşmüş kələfə bənzəyirdi. Ha əlləşib-vuruşub açmaq istəsə də, heç cür alınmırdı. Bu mərəzə yoluxmuş insanlar, sanki ucu itmiş kələfin  hər tərəfindən ölüm-zülüm boylanıb imdad diləyirdi. Bu anlar gözünün önündən çəkilmirdı. Müalicə etdiyi xəstələrlə bu gün palatada görüşərkən qırx beş yaşlı qadının göz yaşları axıtdığını, heç cür aram olmadığını görmüşdü. Səbəbini soruşduqda aldığı cavabdan çox mütəəssir olmuşdu. Gülnar adlı həmin  qadının həyat yoldaşının üç gün öncə başqa bir klinikada bu xəstəlikdən vəfat etdiyini, özünün də koronavirusun qurbanı olduğunu, ailə qurduqları vaxtdan düz  iyirmi  beş il sonra dünyaya gələn yeganə övladının  ata-ana  üzünə  həsrət qaldığını eşidəndə  çox təsirlənmişdi.

İstər-istəməz öz balası yadına düşdü. Anasının ümidinə qoyduğu yeddi yaşlı qızını xatırladı. Birdən nə fikirləşdisə, qarşısındakı masanın siyirtməsındən qələm və  bir vərəq götürüb yazmağa başladı:

"Əziz qızım Lalə! Necəsən?

İndi sənə yazdıqlarımın mənasını, inaniram ki, bir qədər böyüyəndən sonra daha yaxşı anlayacaqsan...

Xeyli müddətdir səni görmürəm. Çox istərdim ki, indi yanımda olasan, buradakı vəziyyəti görəsən. Ağxalatlı həkimlərdən, cəfakeş insanlardan nümunə götürəsən. Dünən xəstəxanamıza taclı virusa yoluxmuş iki xəstə  gətirmişdilər. Gecə-gündüz işləyən çörək zavodunun fəhlələri idi. Onlardan birini-vəziyyəti kəskin şəkildə pisləşən daha yaşlısını sağaltmaq mümkün olmadı, dünyasını dəyişdi... Bəlkə də sonunu bilsəydilər...Yox, onlar hər şeyi bilirdilər və gözə almışdılar. Bilirdilər ki, insanlara, millətimizə xidmət  edirlər, öhdələrinə düşən işi vicdanla görmüşdülər.

Sonra isə fövqəladə vəziyyətdə çalışan xüsusi riskli qrupun bir  üzvünü  burada yerləşdirdilər.  Göydələnin on yeddinci mərtəbəsində qapısı içəridən bağlanmış mənzildə tək qalan uşağı çıxarıb valideynlərinə verəndən sonra  gecə növbəsində olarkən özündə  halsızlıq hiss etmişdi.

Ölənlərin sayı çoxalanda burda  elə ağrı-acılı anlar yaşanır ki... Bəlkə də bütün olanlar barədə sənə nahaq yerə yazıram. Sənin kiçik yumruğun boyda olan ürəyin bu üzüntülərə tab gətirməz. Kövrəlsəm də, bu məktubu göz yaşları içində  yazsam da, özümü qınayıram. Belə həssas dönəmdə ruh yüksəkliyini, həyat eşqini gərək itirməyək.

Çiyni poqonlu atan cəbhə xəttindədir, silahdaşları ilə çiyin-çiyinə Vətənimizi mənfur düşməndən qoruyur. Biz həm özümüz, həm də doğmalarımız, çevrəmizdəki insanlar  üçün çalışırıq.   Hamımız  əl-ələ verib  bu amansız virus bəlasından qurtulmalıyıq.

Daim iş başında olmağım dözüləndir və bu, məni əsla darıxdırmır. Bəlaya düşən insanlara tibbi yardım göstərmək üçün burdayam, peşə borcumu yerinə yetirirəm.  Qırılan insan taleləri isə ürəyimi göyüm-göyüm göynədir.

Mənim ağıllı balam, yəqin karantin rejiminin qaydalarına uyğun olaraq onlayn dərslərinə davam  edirsən. Ağsaçlı nənənin sözünə bax. O, müəllimdir, sənin kimi neçə şagird yetişdirib. Sənə də dərslərində kömək edəcək. Həm də nənə elə ana kimidir, əziz qızım, onu incitmə, nəsihətinə qulaq as. Ölüm-itim bitincə evimizə, sənin yanına dönəcəyəm. Mütləq dönəcəyəm. İnanıram ki,  bu canüzücü virus Yer üzündən tezliklə  silinəcək!

Səni dünyalarca  sevən anan".

Axırıncı cümləni yazıb bitirmişdi ki, şəfqət bacısı qapını taqqıldadıb hövlnak açdı  və  ucadan:

- Ləman xanım, sizi baş həkimin otağına toplantıya çağırırlar. Təcilidir, doktor, - dedi.

- İndi gəlirəm, - deyib ayağa qalxdı,  iti  addımlarla  otaqdan çıxdı.

Bütün tibb heyəti  baş həkimin otağına toplaşmışdı. Həkimlərin "pyatiminutka" adlandırdığı beş dəqiqəlik yığıncaqda ölkənin qorxunc panidemiyanın pik dövrünü yaşadığı, yoluxanların sayının kəskin şəkildə  artdığı, gün ərzində beş yüz nəfəri ötdüyü, bunun isə artıq ağır və arzuolunmaz mənzərəni  ifadə etdiyi  bildirildi. Bu vəziyyəti  tibbi qaydaları, sosial məsafəni  gözləməyənlərin yaratdığını söyləyən  baş  həkim əhalinin bu yöndə maariflənməsində həkimlərin də iştirakını vacib saydı, vəziyyəti ağır olan, həmçinin, sağalıb evə buraxılan pasiyentlər barədə məlumat verdi. O, klinikanın iki həkiminin də Covid-19 virusuna yoluxduğunu təəssüflə bildirdi, tibb personalına  yeni tövsiyələri çatdırdı. "Hamı iş başına!"  komandası ilə dağılışdılar.

Konfulyajı  geyinib-soyunmaq elə  asan olmasa da, artıq adət eləmişdi Ləman. Çox vaxt bu işdə şəfqət bacısı Saranın köməyinə bel bağlayırdı. Eyni növbədə   çalışdığı, otuz ildən çox tibb təcrübəsi olan  qadınla  birgə  xəstələrin yanına gəldi. Klinikanın  bu ən iri  palatasında  neçə xəstə  qorxunc  virusla  çarpışır, həkimlər onlara zəruri tibbi yardım göstərirdi.

Yenicə gətirilmiş, təngnəfəslikdən və boğucu öskürəkdən əziyyət çəkən  qadının vəziyyəti çox ağır idi. Onun həyat hekayəsini eşidənlər isə sarsılmışdılar. Koronavirusa yoluxduğu təsdiqlənmiş pasiyenti  digər xəstəxanada ginekoloq və virusoloqlar  konsilium etmişdilər. Gənc ananın və körpənin taleyi  narahatlıq doğururdu. Ciddi müayinələrdən sonra həkimlərin qərarı belə idi: doğuş təcili olaraq Qeysəriyyə üsulu ilə aparılmalıdır.

Beləliklə, körpəni xilas etmək mümkün olmuşdu. Reanimasiyaya yerləşdirilən ananın vəziyyəti isə ürəkaçan deyildi, gündən-günə  ağırlaşırdı. Amansız virus gənc qadının ağ ciyərinı  sıradan çıxarmışdı. O, qırıq-qırıq danışır, yenicə dünyaya gələn körpəsini soruşur, həkimlərdən imdad diləyirdi. Heyhat! Virusun pəncəsindən qurtula bilmədi...

Hər gün daha ağır xəbərlər eşidirdi. Koronavirus heç kəsə fərq qoymadan, canlar ala-ala yayılır, artıq əsəbləri tarıma çəkən, stress yaradan mərəzin nüfuz dairəsi genişlənirdi.  Məşhurların, tanınmış ziyalıların da bu xəstəlikdən dünyasını dəyişməsinin şahidiydi.  Aralarında  incəsənət xadimləri, alimlər, yazıçılar, şairlər, jurnalistlər vardı.

Birdən bədənindən bir gizilti keçdi. Sanki üstünə od-qızdırma tökülmüşdü. Aşağı ətraflarında kəskin ağrılar vardı. Ayaqları sözünə baxmırdı. "Daim xəstələrin yanında, ayaq üstəyəm, yəqin bu üzdən ağrıyıram", deyə düşündü. Hərarətinin artması və axşama doğru getdikcə yüksəlməsi ona artıq başqa mətləbləri  diktə edirdi. Deyəsən axı, özü də yoluxmuşdu... Xəstələrlə  mütəmadi ünsiyyətdən virusa yaxalanmışdı. Artıq gecə saatlarında boğazında quruluq, ağrı, şişkinlik hiss eləyirdi. İybilmə və dadbilmə duyğusunu da itirmişdi. Ertəsi gün isə bu simptomlara öskürək də əlavə olunmuşdu.

Növbədə olan həmkarları ilə məsləhətləşmək istədi. Öncə test  yoxlamasından, sonra isə  kompyuter tomoqrafiyasından keçdi. Nəticələr heç də  ürəkaçan deyildi. Virusa yoluxması və  ağ ciyərlərində "buzlu şüşə" görüntüsü təsdiqlənmişdi. Vəziyyəti pisləşdiyindən  Ləmanı öz xəstələri ilə eyni palatada  yerləşdirmişdilər. Vena və  əzələ daxilinə  güclü antibiotiklər, vitaminlər, qlükoza vurulurdu, quru öskürək ara verməyəndə  inhalyasiya kara gəlirdi.

Ləmana ən pis təsir edən o idi ki, doğma ana qədər sevdiyi, birgə çalışdığı şəfqət bacısı Sara xala da koronavirusa mübtəla  olmuşdu və xəstəliyi ağır keçirirdi. Bu ahıl qadın uzun illərin şəkər xəstəsi idi, insulinlə yaşayırdı,  mədəaltı vəzində də problemlər vardı. Deyirdilər vəziyyəti kritikdir. Ləman az qala öz dərd-sərini unutmuşdu, Uca Yaradana üz  tutub bütün xəstələrə, istəkli Sara xalaya da şəfa diləyirdi. Başqa xəstəxanada yatdığından ondan tez-tez xəbər tuta bilmirdi.

Ən çox yadına düşən isə qoca anasının ümidinə qoyduğu əziz balası idi. Qızcığaz bir an xəyalından çıxmırdı. Üç-dörd ay idi ki, balaca Lalənin üzünü görmürdü  Axı, ona söz vermiş, tezliklə görüşəcəklərini yazmış, amma məlum səbəbdən  vədini tuta  bilməmişdi. Düz on iki gündən sonra həmkarlarının tibbi  yardımı ilə sağalıb xəstəxanadan evə yazılan günün  sevincini yaşamaq istəyirdi ki, eşitdiyi  xəbərdən sarsıldı: "Sara xala da koronavirusun qurbanı oldu!"

Öz-özünə pıçıldadı: "Bu mənhus xəstəliyi Yer üzündən silmək üçün hələ çox çalışmalı, əl-ələ verməliyik". Bir qədər toparlanıb evə zəng elədi. Anası qızının gələcəyini eşidəndə üzü gülürdü, qəlbən bir rahatlıq tapmışdı. Sevincək, dil boğaza qoymadan deyirdi ki,  "indi Lalə balam gündə yüz dəfə verdiyi bu suala bəlkə birdəfəlik cavab ala: "Anam niyə gəlmədi?"

 





18.07.2020    çap et  çap et