525.Az

Erməni təcavüzünü körükləyən "qaz" - Şərh


 

Erməni təcavüzünü körükləyən "qaz" - <b style="color:red">Şərh</b>

Bütün dünya ölkələri kimi Azərbaycan və Ermənistanın da koronavirus pandemiyasının yaratdığı çətinliklərlə üzləşdiyi bir zamanda ermənilərin Tovuz rayonu istiqamətindəki təcavüzkarlıq aktı səbəbsiz ola bilməz. Bu aktın gerçək səbəbinə bəlkə gələcəkdə tam aydınlıq gələcək, hələlik isə biz öz ehtimallarımızı əsaslandırmağa çalışaq.

Koronavirus pandemiyasının yaratdığı ağır iqtisadi böhran şəraitində Ermənistanın irimiqyaslı hərbi münaqişədə maraqlı olması inandırıcı görünmür. Normal məntiq ciddi iqtisadi problemlər məngənəsində çırpınan Ermənistanın irimiqyaslı hərbi münaqişədə maraqlı olmasını istisna edir.

Digər tərəfdən, Baş nazir Nikol Paşinyan rəqiblərinin siyasi və iqtisadi dayaqlarını sarsıtmağa yönəlik tədbirlər həyata keçirir. Belə bir zamanda irimiqyaslı hərbi münaqişə bu tədbirləri gündəmdən çıxara bilər.

Bəs, Ermənistan hakimiyyətinin də maraqlı olmadığı bir hərbi əməliyyat necə baş tuta bilər?

Ermənistanın Rusiyanın Cənubi Qafqazdakı forpostu olduğu, müstəqil erməni ordusunun olmadığı haqqında çox ciddi fikirlər mövcuddur. Hətta Ermənistandakı hərbi qüvvələrin İrəvandan daha çox Moskvadan idarə edilməsi haqqında rusiyalı şərhçilərin çoxsaylı fikirləri məlumdur.

Bundan başqa, nüfuzlu təhlilçilər hesab edirlər ki, İran və Venesuelanın dünya neft bazarlarından kənarlaşdırılmasının da arxasında Rusiyanın incə siyasəti dayanır. Bu fikrə görə, Rusiya İran və Venesuelaya "qaz" verərək onları ABŞ-la nəticəsi əvvəlcədən proqnozlaşdırıla bilən bir qarşıdurmaya sürüklədi. Vaşinqton Moskvanın incə siyasətinin fərqinə varmadan İran və Venesuelaya sərt iqtisadi sanksiyalar tətbiq etməklə onları faktiki olaraq dünya neft bazarından kənarlaşdırdı. Neft ehtiyyatlarına görə ən zəngin beş ölkədən ikisi beləcə neft bazarlarından kənarlaşdırıldı.

Liviyada vətəndaş müharibəsinin tərəflərindən birinə verdiyi dəstəklə Rusiya bu öləkənin də neft və qaz bazarlarına qayıtmasının qarşısını çox incəliklə alır. Əgər İran, Venesuela və Liviyanın neft sənayesi tam gücü ilə işləsəydi, dünya neft-qaz bazarlarında yarana biləcək vəziyyəti təsəvvür etmək çətin olmazdı. Belə bir şəraitdə Rusiya neft sənayesinin çox cüzi hissəsinin rəqabətə davamlı olduğunu nəzərə alsaq, büdcə gəlirləri neftin qiymətindən asılı olan Rusiyanın çox incə siyasət sayəsində hansı fəlakətli vəziyyətdən yan keçdiyini təsəvvür etmək çətin deyil. 

Neft bazarında nisbi sabitliyin yaranmasına baxmayaraq, Moskvanı çox ciddi şəkildə narahat edən başqa bir məsələ təbii qazın qiymətinin kəskin aşağı düşməsi və Rusiyanın qaz nəhəngi "Qazprom"un müştərilərini sürətlə itirməsidir. Son bir ay ərzində Rusiya mətbuatının monitorinqi aparılsa, ən çox "Qazprom"un üzləşdiyi vəziyyətlə bağlı məsələlərə toxunulduğu üzə çıxar. Elə gün olmur ki, Rusiyanın aparıcı nəşrləri dünya qaz bazarında yaranmış durum və "Qazprom"un düşdüyü vəziyyəti müzakirə edən analitik yazı ilə çıxış etməsinlər. Bu, həm də bütövlükdə Rusiya cəmiyyətinin "Qazprom"un üzləşdiyi vəziyyətdən ciddi narahatlığını göstərir. Bu narahatlıq isə əbəs deyil.

Qərb ölkələrinin dövlət başçılarından fərqli olaraq Rusiya prezidenti Vladimir Putinin iqtisadi siyasəti kiçik və orta biznesin inkişafı üzərində deyil, iri dövlət şirkətlərinin yaradılması və dövlətin iqtisadi siyasətinin onların vasitəsilə həyata keçirilməsi üzərində qurulub. Neft və qazın qiymətləri baha olanda bu siyasət uğurlu idi. Ötən il Rusiya Mərkəzi Bankının açıqladığı bir məlumatda deyilirdi ki, 2000-2018-ci illər arasında Rusiya 4 trilyon dollarlıq neft, qaz və daş kömür satıb. Bu ticarət isə inhisarçı dövlət şirkətləri vasitəsilə həyata keçirildiyi üçün bütün neqativ hallara baxmayaraq, dövlət büdcəsini böyük gəlirlərlə təmin edirdi.

Neft bazarında OPEK+ formatında əldə olunan razılaşma bu gün üçün müəyyən sabitləşmə yaratsa da, dünya qaz bazarları tənzimləyən beynəlxalq qurum olmadığı üçün bu sahədə kim güclüdür məntiqi hökm sürür. Son illər ən böyük neft və qaz idxalatçısından ixracatçısına çevrilən ABŞ Rusiyanı dünyanın ən zəngin bazarından - Avropadan sıxışdırıb çıxarmağa çalışır. Rusiyanın Almaniyaya Baltik dənizinin dibi ilə çəkdiyi "Şimal axını-2" layihəsini son anda, kəmərin sonuncu hissələrinin çəkilməsi nöqtəsində dayandıra bilən ABŞ eyni zamanda, Avropa dövlətlərini qaz ticarətinin ünvanın, dəyişməyə təhrik edir. Bu zaman heç xüsusi tutarlı dəlillər gətirmək də lazım gəlmir. Qiymətin daha aşağı olması Avropa ölkələrini ard-arda Rusiyadan üz çevirib, qaz ticarətini ABŞ-la aparmağa həvəsləndirir.

Bütün bunların nəticəsidə "Qazprom"un gəlirləri son 18 ildə ən aşağı həddə düşüb. Rusiya mediası Almaniyadan sonra Rusiya qazının ikinci ən böyük alıcısı olan Türkiyəni "Qazprom"un üzləşdiyi problemin əsas baiskarı olaraq göstərir.

Rusiyadan Türkiyəyə ixrac edilən qazın həcmi 2018-ci illə müqayisədə 14 dəfə aşağı düşdüyü üçün "Qazprom" "Mavi axın" kəmərinin fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. "Qazprom"un 7 milyard dollar xərclədiyi "Türk axını" qaz kəməri yararsız dəmir yığınına çevrilmək təhlükəsi qarşısındadır. Üstəlik, Türkiyə tərəfi "Qazprom"a borclu olduğu 2 milyard dolları ödəməkdən imtina etir və Rusiyanın qaz nəhəngini məhkəmə çəkişməsi ilə hədələyir. Eyni motivli məhkəmə proseslərini Ukrayna və Polşaya uduzan "Qazprom"un Ankara ilə məhkəmə çəkişməsindən qalib çıxması mümkün deyil. Buna görə "Qazprom" Türkiyənin 2 milyard dolları ödəməkdən imtinası qarşısında səssiz qalmağa üstünlük verir.

Moskvada hesab edirlər ki, Türkiyənin rus qazından üz çevirməsinin əsas "günahkar"larından biri Azərbaycandır. Burada Rusiya mediasının ifrata vardığını sübut etmək çətin deyil. Türkiyə son zamanlar ABŞ və Qətərdən aldığı sıxılmış qazın həcmini kəskin artırdığı üçün "Qazprom" ənənəvi bazarını itirmək təhlükəsi il üzləşib. Doğrudur, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın da həcmini artırması ilə bağlı məlumatlar var. Lakin bu, "Qazprom"u Türkiyə bazarlarından çıxaracaq səviyyədə deyil.

ABŞ-ın "Qazprom"un bazarını ələ keçirməsinə qarşı heç nə edə bilməyən Rusiya zəifləri Türkiyə bazarından çıxarmağa çalışacaq. Bəşər Əsədi hakimiyyətdə saxlamaqla Qətər qazının Suriya üzərindən Türkiyəyə və oradan da Avropaya çıxışını təmin edəcək qaz kəmərinin çəkilişinin qarşısını alan Rusiya indi bu ölkəni sıxılmış qazını Türkiyəyə ixrac etməsinin qarşısında aciz qalıb.

Bütün bunlar Azərbaycanın neft-qaz kəmərlərinin keçdiyi ərazilərinin arasında ən həssas bölgə hesab olunan Tovuz rayonuna Ermənistanın hərbi müdaxiləsinin arxasında Rusiyanın "Qazprom"u xilas etmək niyyətinin dayandığını düşünməyə imkan verir. "Qazprom" müflis olmaq ərəfəsindədir və borc faizlərini ödəmək üçün əlavə borc tapmaq məcburiyyətində qalıb. Rusiya dövlətinin özünün də taleyi müəyyən mənada "Qazprom"un taleyindən asılı olduğu üçün Moskva nəyin bahasına olursa-olsun bu şirkəti xilas etməyə çalışır.

Azərbaycanın dünya qaz bazarını tərk etməsi "Qazprom" üçün nəfəslik kimi görünə bilər. Ermənistanın son təcavüzkar aktının artıq dünya bazarlarında neftin qiymətinin bahalaşmasına səbəb olduğunu da nəzərə alanda, Rusiyanı şirnikdirə biləcək məqam çox aydın görünür.

Azərbaycanın qaz ixracını dayandırması üçün ən əlverişli, yaxşı variant Etmənistanı yeni işğalçılığa vadar etməkdir. Ermənistan ərazisindəki hərbi qüvvənin əslində, rus-erməni birliyi olduğunun, İrəvandan daha çox Moskvadan idarə edildiyinin isə sübuta ehtiyacı yoxdur. İkincisi, Rusiya ilə Ermənistan eyni hərbi ittifaqda təmsil olunur və bu ittifaqın əsasnaməsinə görə tərəflərdən biri hərbi münaqişəyə cəlb olunacağı təqdirdə ittifaq üzvüləri ona yardım etməlidir. Qarabağ Azərbaycan torpağı olduğu üçün Rusiya bu regionda baş verə biləcək hərbi münaqişə zamanı rəsmi şəkildə Ermənistanın tərəfindən çıxış edə bilmir. Ancaq Ermnistanın Azərbaycanla sərhəddində hərbi münaqişə Rusiyanın birbaşa müdaxiləsinə əsas verər. Xüsusilə də üçüncü bir dövlətin, Türkiyənin Azərbaycana yardım etməsi görüntüsü yaradılsa belə, bu, Rusiyanı bölgəyə hərbi qüvvə yeritməyə vadar edə bilər. Ona görə də Türkiyədən səslənən dəstək bəyanatları nə qədər qürurverici olsa da, siyasi baxımından faydalı deyil. Eyni zamanda, bu məsələnin beynəlxalq hüquq müstəvisindən çıxaraq tamamilə başqa müstəviyə, dinlərarası mübarizə müstəvisinə keçməsinə səbəb olar. Müsəlman Türkiyədən fərqli olaraq xristian Ukraynanın beynəlxalq hüquqa istinad edərək Azərbaycanı dəstəkləməsinin siyasi-diplomatik faydası daha çoxdur. Ermənilərin Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı verdiyi açıqlamaya kəskin reaksiyası da bununla izah oluna bilər. Məlum olduğu kimi, Ukraynanın İəvandakı səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağrılıb, bir qrup erməni isə Ukrayna səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Əgər Rusiyanın ABŞ-ı Əfqanıstandan çıxarmağa vadar etmək üçün Talibanla gizli işbirliyi qurması haqqında tutarlı məlumatları nəzərə alsaq, Moskvanın öz niyyətini Cənubi Qafqazdakı forpostu olan Ermənistan vasitəsilə həyata keçirməyə cəhd etməsi inanılmaz görünməməlidir. Üstəlik, Rusiyanın bununla Azərbaycanı özünün yeni SSRİ-2 layihəsində yer almağa vadar etməyi hədəfləməsi də gözardı edilə bilməz. Bütün bunlar isə Ermənistanın son təcavüzkar aktının "qaz"ını haradan aldığını aydın göstərir.

 





20.07.2020    çap et  çap et