525.Az

Həsən bəy Zərdabinin ilk mətbu məqaləsi - Azərbaycan mətbuatı-145


 

Həsən bəy Zərdabinin ilk mətbu məqaləsi - <b style="color:red">Azərbaycan mətbuatı-145</b>

Milli mətbuatımızın banisi, görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin "Bakı salnaməsi. 26 fevral" başlığı ilə verilmiş bu məqaləsi "Əkinçi"dən üç il əvvəl rus dilində nəşr olunan "Bakinski listok" qəzetinin 26 fevral 1872-ci il tarixli (№9) nömrəsində çap edilib.

O dövrdə çar Rusiyasının ucqarı sayılan Azərbaycanda ilk qəzet olan, 1871-ci ildən başlayaraq həftədə bir dəfə rus dilində nəşr edilən "Bakinski listok"un naşiri və redaktoru H.Zərdabinin müəllim həmkarı, Bakı Realnı gimnaziyasının alman əsilli əməkdaşı Xristian Sink idi. Belə ehtimal etmək olar ki, "Əkinçi" ideyasında Zərdabinin X.Sink və onun qəzeti ilə sıx təması da müəyyən rol oynamışdı. Burada bir məqam da ondan ibarətdir ki, X.Sink qəzetində tatar (türk - Q.M.) dilində yazılar verilməsinə icazə alsa da, bir çox səbəblərdən, o cümlədən, qəzetin çap olunduğu  "Erməni insansevərlər cəmiyyəti"nin mətbəəsinin bu dildə material çapından imtina etməsi ucbatından öz məqsədinə nail ola bilməmişdi.

İlk nömrəsi 1871-ci il martın 6-da işıq üzü görmüş "Bakinski listok" oxuculara "ictimai-siyasi və ədəbi" nəşr kimi təqdim olunurdu. XIX əsrin 70-ci illərinin özünəməxsus salnaməsi sayılan qəzetin iki il ərzində 50 nömrəsi (1871-ci ildə 17, 1872-ci ildə 23) çapdan çıxıb. Birinci il dörd səhifə, ikinci il isə iki səhifə həcmində və A-3 formatında çap edilmişdi. Təəssüflər olsun ki, Bakıda çıxmış bu ilk dövri mətbuat nümunəsi Azərbaycanda saxlanılmayıb, amma elmi kitabxanalarda və biblioqrafik qeydlərdə qəzet haqqında ümumi bilgi verilib. Sovet dövründə mətbuat tariximizi araşdıran tədqiqatçıların bu qəzetin nüsxələrini əldə etmək cəhdi uğursuz olub. Ona görə də bizim alimlər uzun illər bu qəzetin fəaliyyəti və materialları haqqında yalnız ehtimallarla danışıblar.

Bir neçə il əvvəl "Bakinski listok"un izinə düşmüş BDU-nun jurnalistika fakültəsinin əməkdaşı, filologiya elmləri namizədi, tədqiqatçı Lalə Hacıyeva ciddi axtarışlar nəticəsində qəzetin nüsxələrini Rusiya Milli kitabxanasında (Sankt-Peterburq) aşkar edə bilmişdi. Bununla mətbuat tariximizin araşdırılması işinə ciddi töhfə vermiş Lalə xanım həm də fədakarlıq göstərərək qəzetin bütün nüsxələrini qısa izah və şərhlərlə birlikdə kitab şəklində ictimaiyyətə təqdim etmişdi. Yəni H.Zərdabinin sizə təqdim edilən ilk mətbu məqaləsinin üzə çıxması da L.Hacıyevanın bu xidməti sayəsində mümkün olub.

Azərbaycan milli mətbuatının banisinin 148 il əvvəl "Bakinski listok"da dərc olunmuş məqalənin tərcüməsini oxuculara təqdim edirəm.



***

Bakı salnaməsi. 26 fevral
 

Daha bir maskarad bu gün, bir rəqs gecəsi də sabah olacaq - bununla da bizim şənliklər zənciri qırılır və ictimai həyatımız özünün yeni mərhələsinə, böyük Pəhriz dövrünə qədəm qoyur. İlin yerdə qalan heç bir vaxtı, uzun sürən bu yeddi həftəlik müddət qədər özəllikləri ilə başqa zamanlardan belə kəskin şəkildə fərqlənə bilməz. Biz bu pəhriz dövrünün dini mahiyyətini bir kənara qoyub, onun mülki-ictimai həyatımızdakı əhəmiyyətinə toxunmaq istərdik. İndiyə kimi Pəhriz günləri Bakıda bəziləri üçün ancaq darıxdırıcı sıxıntı dövrü, bir başqaları üçün isə yalnız iş-güc ayı sayılırdı. Səviyyəcə yüksək olmayan həvəskar-artistlərin təşkil elədikləri 2-3 konsert çox süst keçirdi, Məclisdəki çay axşamları adama heç yapışmırdı, Nuh əyyamından qalmış gözübağlıca, siçan-pişik və s. kimi bəsit, uşaq səviyyəsində olan və çox uzun çəkən əyləncə oyunları gərginlikdən başqa bir şey deyiliydi. Amma indi Bakıda ildən-ilə həyat canlanır və ümid edirik ki, gələn Pəhriz dövrü bizə hələ görüb ləzzətini dadmadığımız çox yeni şeylər bəxş edəcəkdir. Bunu deyəndə mən, hər şeydən əvvəl, haqqında eşitdiyimiz ədəbi axşamları və kütləvi mühazirələri nəzərdə tuturam. Zira, bizim ümidlərimiz hələlik gümanlara və şayiələrə əsaslanır. Amma bununla yanaşı, biz xeyli tərəqqi etmiş ruc icmasının yetkinliyinə inanırıq, bu səbəbdən də  onun əvvəlki illərdə olduğu kimi, təkcə çay içib gözbağlayıcı oyunları ilə kifayətlənəcəyinə inanmırıq. Bundan başqa c-b Esterreyxin iltifat göstərib bizlərə iki-üç yaxşı konsert əta edəcəyinə də ümidimiz vardır. Bu konsertlərin böyük uğur qazanacağına da indidən inanırıq, o səbəbdən ki, əvvəla, bizim orkestr o cənabın səyləri sayəsində çox cilalanmışdır. İkinci bir tərəfdən də c-b Esterreyxin özü musiqi aləmində çox yaxşı tanınan, nüfuzu olan, haqlı şöhrətə sahiblənmiş bir zatdır. Bundan sonra isə bir də görəcəksiniz ki, hansısa Beranek və ya Bosko gəlib şəhərin o biri ucunda çadırlarını quracaq və əhalimizə yemək paylamağa başlayacaq. Allah xatirinə, xoş gəlirsiniz! Biz cəmaatımızın əyləncələrinə rəng qatacaq, onları boş vaxtlarında kart oynamaq və dedi-qodu ilə məşğul olmaq kimi bəd əməllərdən xilas edəcək hər şeyə şadıq, hətta  bunun üçün qəpik-quruşumuzu da əsirgəmərik.



Şəhərimizin müsəlman əhli Avropa sivilizasiyasının bizlərə fayda gətirən nəfini hələ də anlamayıb, o səbəbdəndir ki, Bakı Realnı gimnaziyasına gələn şagirdlərin arasında onların övladlarını barmaqla saymaq olar. Vilayətimizin İranla gediş-gəlişi, yaxın əlaqələri olmayan başqa şəhərlərində elm və maarifə tələbat hiss olunur, fəqət Gimnaziyanın oralardan uzaq olması və müsəlmanların həddən ziyadə kasıblığı şagirdlər arasında bu toplumun nümayəndələrinin faizini çox aşağı edir. İndi öz uşağını xəzinə hesabına Gimnaziyanın pansionuna göndərmək istəyənlərin sayı günbəgün artır, amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il gözləməlidirlər, növbələri çatanda isə artıq gec olur, onlar təlimsiz qalır, ötüb keçən yaşları isə Gimnaziyanın aşağı sinfinə daxil olmağa imkan vermir.



Bu vaqiəni nəzərə alaraq biz Bakı şəhərində müsəlman şagirdlərə yardım etmək məqsədi ilə bir Xeyriyyə cəmiyyəti təsis etməyi vacib sayırıq. İlk zamanlarda cəmiyyətin fəaliyyəti Bakıda mənzil tutmaqla məhdudlaşacaq ki, başqa şəhərlərdən gəlib oxumaq istəyində olan şagirdlər bu mənzillərdə sığınacaq tapıb gimnaziyaya rahat gedib-gələ bilsinlər.



Xeyriyyəçilik hər bəndəyə xas olan savab iş, Allaha xoş gedən vacib bir əməldir, bizim bu cəmiyyət yalnız xeyriyyəçiliklə məşğul olacaqdır. O səbəbdən də cinsindən, milliyətindən, dini mənsubiyyətindən asılı olmayaraq hər kəs bizim bu cəmiyyətə üzv ola bilər. Hazırda biz cəmiyyətin nizamnaməsini tərtib edirik və arzu olunandır ki, bu sahədə səriştəli və mötəbər insanlar öz məsləhətləri ilə bizləri tək qoymasınlar.

Həsən bəy Məlikov
"Bakinski listok", 26 fevral 1872

 





20.07.2020    çap et  çap et