525.Az

Media rəhbərlərindən əlifba dəyişikliyinə etiraz


 

Media rəhbərlərindən əlifba dəyişikliyinə etiraz

Son günlər Azərbaycan əlifbasının dəyişdirilməsiylə bağlı müzakirələr aparılır.

Bəzi dilçilər “ə” hərifini lazımsız sayaraq onun əlifbadan çıxarılmasını təklif edir. Digər tərəf isə bu təklifə qarşı çıxaraq Azərbaycan əlifbasına ediləcək hər hansı dəyişikliyin əleyhinə olduqlarını bəyan edirlər.

525.az saytının müxbiri məsələylə bağlı bir neçə media rəhbərlərinin fikirlərini öyrənib.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay əlifbada ediləcək hər hansı dəyişikliyin əleyhinə olduğunu deyib: “Fikrimcə, bu, millətin üstündə eksperiment aparmaqdır. Bilirsiniz, bu necə baha başa gələ bilər? Əslində, çox qorxulu bir təklifdir. Heç vaxt millət üçün lazımlı olan qərar vermirlər. Yəqin, yeni dərsliklər çap edib pul qazanmaq fikrindədirlər”.

APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı da əlifbanın dəyişdirilməsinə qarşıdır:

“Bu təklif ortaq türk əlifbası baxımından yanaşanda müsbətdir. Bildiyiniz kimi, Türkiyə əlifbasında da “ə” hərfi yoxdur. Amma hərf səsin işarəsidir. Dilimizdə “ə” səsi varsa, onu ehtiva edən hərf də olmalıdır. Biz bu hərfi yığışdırmaqla “k” hərfi variantında bir yığcamlıqla qarşılaşacağıq. Məsələn, “katibə” və “kolxoz” sözləri buna misal ola bilər. Konkret səsi göstərən hərfin əlifbada olması dəqiqliyə və rahatlığa xidmət edir. Məncə, dildə, elmdə daha ciddi problemlər var. Bu müzakirələrin də nəticəsi kimi, əlifbanın dəyişdiriləcəyinə inanmıram”.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli isə yalnız ortaq türk əlifbası naminə  əlifba dəyişikliyinin tərəfdarı olduğunu deyib:

“İndiki müzakirələrə isə ehtiyac yoxdur. Çünki bu əlifbaynan kitablar çap olunub, təhsil verilib. Hazırda latın qrafikalı Azərbaycan əlifbasından istifadə etdiyimiz üçün bu dəyişiklik bir müddət sonra müzakirə oluna bilər. Hazırki dövrdə informasiya vasitələrində, texnologiyalarında bu əlifbadan istifadə olunur. Demək olar ki, dünyanın heç bir ölkəsinin əlifbasında “ə” hərfi yoxdur. Yalnız bəzi türk xalqlarının əlifbasında bu hərfə rast gəlmək olur.  Bizim əlifbamızda isə bu hərf çox istifadə olunur. Bu hərf çıxarılsa “el” və “əl” nümunəsi olaraq bəzi sözlər anlaşılmayacaq, onları ayırmaq çətin olacaq. Ola bilərdi ki, əlifbamız qəbul olunanda “ə” hərfini başqa formada qəbul edərdik. Elə məsələlər var ki, onların üzərində tez-tez dəyişikliklər etmək olmaz. Onlardan da ən vacibi, bəlkə də, məhz əlifbadır”.

A.Qaraçənli qeyd edib ki, “ə” hərfinin başqa hərflə əvəz olunmasını bəlkə də qəbul etmək mümkündür: “Amma ümumiyyətlə həmin hərfin çıxarılmasının qəti əleyhinəyəm. Ola bilsin 50-100 il sonra türk dövlətlərinin tarixində elə bir şey baş verə bilər ki, onun üçün əlifbanın dəyişdirilməsi vacib olar. Yalnız bu kontekstə əlifba dəyişikliyi mümkündür”.

PƏRVİZ

 





04.09.2012    çap et  çap et